Axşam evə getməyə pulumuz olmurdu, amma həmin sözlərlə özümüzü milyonçu hesab edirdik...
"Dördüncü divar" layihəsinin bugünkü qonağı görkəmli sənətkar, maraqlı həmsöhbət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlıdır.
- Nurəddin müəllim, qırx illik sənət həyatını artıq arxada qoymusunuz. İki igidin ömrünü təhvil vermək, yəqin, asan başa gəlmədi...
- Bu sənətdə hər şey təcrübə ilə qazanılır. Çünki insan öz təcrübəsinə əsasən zəhmət çəkəndə səhvlər yaşayır, həmin səhvləri düzəltməyə çalışır, müəyyən mərhələlərdən keçir və elə bir mərtəbəyə gəlib çatır ki, artıq qarşısındakı adam danışanda onun saxtalığını, səmimiliyini, istiliyini dərhal bilir.
Biz institutda oxuyanda Adil müəllimin (Adil İsgəndərov - S.Ə.) dərslərində tamaşalardan məşqlər edirdik. O, gözlərini yumurdu, bəzən yatırdı da. Bir dəfə "Fərhad və Şirin" tamaşasını məşq edirdik. Şəfəq Əliyeva Şirin, mən isə Fərhad idim. Məşq vaxtı baxdıq ki, Adil müəllim yatıb, biz tamaşanın bir hissəsini ötürdük. O, bunu dərhal hiss edib bizdən ötürdüyümüz yerlərin mizanlarını təkrar etməyimizi tələb etdi. Biz o vaxtı məəttəl qalmışdıq ki, axı, bu adam yatılı ola-ola bunu necə hiss edib. Sonralar özü bunu bizə izah edib deyirdi: "Baxarkən vizual görüntülər, rənglər, kostyum, aktyorun üz cizgiləri, aktrisanın saçları diqqəti müəyyən mənada yayındırır və falşı görmək olmur. Aktyorun ifasındakı falşı görmək üçün gözlər yumulu ona qulaq asmaq lazımdır. Elə olanda adamı heç nə aldada bilmir və o, falşı görür."
Əvvəllər də bizim sənətimizə "dedim dedi" sənəti kimi baxıblar. Amma inanın, dərinə getdikcə, öyrəndikcə görürsən ki, aktyorluq sənəti həddindən artıq çətin sənətdir. Və tələb etdiyi o qədər şey olur ki, bunu vermək hər insanın gücü deyil.
- Aktyorluq həm də insandan daha çox alır...
- Əlbəttə, alır. İslam aləmində təkkə anlayışı var ki, hansısa mərtəbəyə çatmaqdan ötrü müəyyən mərhələlərdən keçməlisən. Aktyor sənətinin də buna bənzər mərhələləri var. İndi əvvəlki kimi kamil sənətçilər yoxdur. Çünki indikilər həmin mərhələləri keçmirlər, öyrənmək istəmirlər və nəhayət, çətinliklərə dözə bilmirlər. Hər şeyi tez əldə etmək istəyirlər, amma bu zamanla olan bir şeydir.
Aktyor, mən dediyi anda artıq bitir. Aktyor öz-özünü yonmağı, didməyi bacarmalıdır. Bacarmasa, bitib-tükənəcək. Daim qəhrəman rolları oynamaq istəyəndə nəticə ştapma aparıb çıxarır. Sınmağı, dəyişməyi bacarmaq lazımdır. Mən "Lənkəran xanın vəziri" tamaşasında Xan rolunu ləzzətlə ifa edirdim. Çünki fərqli bir rol idi. Eləcə də "Xəcalət", "Oliqarx", "Yaşlı xanımın gəlişi" tamaşalarındakı rollarımı həvəslə ifa etmişəm. Çünki özümü sındırmağı bacarmışam. Və inanın, bunun aktyor üçün faydası çox olur. Eləcə də "Ölülər" tamaşasında statik, monumental obraz ifa edə bilərdim. Amma mən o obrazı istədiyim kimi ifa etmək istədim. Çünki mənə elə maraqlı idi. Şeyx Nəsrullah mələk libasında gəlir, amma gətirdiyi qaranlıq və zülmət olur. Yəni müxtəlif səpkili obrazlar aktyora imkan verir ki, içindəki çirkdən, əl-ayağına dolaşan zəncirlərdən xilas olsun. Allah Firəngiz Mütəllimovaya yüz il ömür versin. O, ömrünün sonuna qədər səhnədə olacaq. Çünki o, bu gün "Almaz" tamaşasında Fatmanisəni ifa edir. Aktrisa dəyişməyi bacarmalıdır.
- Müsahibələrinizdən birində deyirsiniz ki, təzə-təzə teatra gələndə "Mahnı dağlarda qaldı" tamaşasındakı otuz qaçaqdan biri, "Dəli yığıncağı"nda isə kəcavə tutan olmusunuz. Əgər bir gənc istedadlıdırsa, o, niyə teatra gələrkən kəcavə tutan yox, kəcavədə əyləşən olmasın?
- Məsələ burasındadır ki, istedad hələ hər şey demək deyil. İstedad insanı bir yerə qədər aparır, sonra isə ayağı yalın, başı açıq qoyub qaçır. Çünki istedaddan əlavə aktyor intellektli olmalı, peşəsinin sirlərini bilməli, yaşadığı zamanı doğru-düzgün dərk etməli və dərk etdiklərini özündən keçirməlidir. Ola bilər ki, aktyor yüksək istedada sahib olsun və gəlsin, "Romeo və Culyetta" tamaşasında Romeonu ifa etsin. Amma sabah ondan Otello obrazı tələb olunanda aktyor bayaq saydığım proseslərdən doğru-dürüst keçməyibsə, Otello obrazının tələblərinə cavab verə bilməyəcək.
Hər bir sənət insanın özünüifadə vasitəsi olmaqla yanaşı, həm də ətrafa öz kimliyini göstərməkdir. Bunu da yüksək səviyyədə edə bilməkdən, özünü göstərməkdən ötrü hazırlıqlı olmalısan.
Bugünkü teatr 50, 60, 70 il bundan əvvəlki, suflyor teatrı deyil. O zamanın əyləncə məkanları çox az idi. Teatr, açıq konsert zalları, radio və çox az evlərdə televizor vardı. Ona görə də insanların teatr məkanına ehtiyacı böyük idi. Amma indiki kompyüter dövründə aktyor da, ədəbiyyat adamı da o qədər dolu olmalıdır ki, qarşısındakı müasir insan üçün maraqlı ola bilsin. Əgər mən oxuduğum əsərdən yeni heç nə götürə bilmirəmsə, o əsər mənim nəyimə lazımdır? Və yaxud da aktyor səhnəyə çıxanda müəyyən məqamlarda tamaşaçıdan üstün deyilsə, onun həmin hündür yerə, səhnəyə gəlib çıxmağa ixtiyarı yoxdu.
Aktyor tamaşaçının əyləşdiyi yerdən bir qədər hündür olan səhnəyə çıxmaq haqqını qazanmalıdır. O haqqı qazanmayan aktyor səhnəyə çıxanda gülünc duruma düşür.
Zalda əyləşən hər bir tamaşaçının öz taleyi, öz həyat tərzi var. Onların qəlbinə xitab edə bilmək üçün aktyor üçün istedadlı olmaq azdır. İllərlə zəhmət çəkə-çəkə irəliləyəndə bir gün kəcavə dartan, sabahı günü kəcavə başçısı olursan, o biri gün isə siz dediyiniz kimi kəcavədə əyləşən.
- Yəni istedadlı insanların hamısı üçün bu illərlə çəkilən zəhmət vacibdir, ya parlaq istedadı olanlar üçün istisnalar olur?
- İstər dünya teatrı, istərsə də Azərbaycan teatrında olub ki, parlaq istedadlı aktyor bir rolu ilə səhnədə, sözün əsl mənasında, partlayış edib. Ancaq o aktyorun ikinci rolu artıq birinci kimi olmur, üçüncü daha sönük olur. Yəni insan at sürməyi öyrənmirsə, bir gün üzərində əyləşdiyi at onu yıxacaq. Rol da belədir. Əsər yazmaq da. Birinci əsər uğurlu ola bilər, amma ikinci, üçüncü əsərlər zəif alınacaq. Çünki insan zəhmətlə qazandığı şeylərin dəyərini daha yaxşı bilir, rahatlıqla qazandıqlarının isə yox. Mən bu cür fikirləşirəm, bəlkə başqaları belə düşünmür. Ancaq 62 yaşım var və Azərbaycan teatr, kino məkanınında elə rejissor olmayıb ki, onunla işləməyim. Qastrollarda olmuşam, dünyanı görmüşəm, xarici rejissorlarla iş birliyim olub və belə qənaətə gəlmişəm ki, insan öz imzasının qalıcı olmasını istəyirsə, ondan tələb olunanları artıqlaması ilə yerinə yetirməlidir. Mütləq deyil ki, sənin imzan qızıl hərflərlə yazılsın, amma imzalar içərisində əyri-üyrü də olsa, görünmək də asanlıqla başa gəlmir. O adamlar inandıra bilirlər ki, onlar yaşayırlar. Teatrlar da o zaman uğur qazanırlar ki, onlar zamanın verəcəyi sualların cavabına hazır olurlar. Əgər tamaşaçılar zalda gəlib əyləşəndə səhnədən ona təqdim olunan, beş, on il əvvəl yazılan əsərin elə o dövrdəki kimi təqdimatını görürsə, tamaşa onlar üçün maraqsız olacaq. Amma misal üçün rejissor bu gün "Kral Lir" tamaşasını səhnəyə qoyur və bugünümüzü, sabahımızı bizə göstərirsə daha maraqlı və mənalıdır.
- Həm də klassik bünövrələrin üzərindən göstərə bilmək bacarığı...
- Dəyişməz şeylər var. Klassik əsərlər daima müasirdilər. On, on beş ildən sonra heç kim kolxoz, sovxozun nə olduğunu bilməyəcək. Amma Cəfər Cabbarlının "Almaz" əsəri daima yaşayacaq. Eləcə də Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri. Çünki bəşəriyyəti aldatmaq və idarə etmək istəyən milyonlarca insanlar həmişə olublar, olacaqlar da. Ölüləri diriltmək çox böyük və dərin mövzudur. Amma dünya tarixində nə fiziki, nə də mənəvi mənada ölmüşləri heç vaxt diriltməyiblər. Yüzlərlə əsərlər yazıla, səhnəyə qoyula bilər. Amma Cəfər Cabbarlı "1905-il" pyesində yazdığı "Atan kazaklardır" cümləsi ilə baş verən bütün proseslərin, hadisələrin izahını verib. Böyüklük budur.
- "Ölülər" əsəri ötən əsrdə bir neçə dəfə Dram Teatrının səhnəsində təqdim olunub. Sonuncu səhnə quruluşu rəhmətlik Tofiq Kazımov tərəfindən verilib. Bu gün XXI əsrdə "Ölülər" əsərinin Akademik Milli Dram Teatrının səhnəsinə qayıtması hansı ehtiyacdan yarandı?
- Bu gün dünyanın hər yerində yenidən Şeyx Nəsrullahlar meydan sulayırlar. Və xüsusən Şərq aləmində Orta əsrlərə qayıtmağa başlayıblar. Ətrafımızda o qədər Şeyx Nəsrullahlar, aldatmaqla səadəti qazanmaq, yaşayışlarını təmin etmək istəyənlər və bundan zövq alan o qədər insanlar var. Aldatmaq isə insanı həmişə fəlakətə aparıb çıxarır.
Mən dinin əleyhinə deyiləm, olmaram da. Amma baxın din adı altında nə qədər yalançılar, qorxaq Şeyx Nəsrullahlar var. Şeyx Nəsrullah İsfahandan gələn bir fırıldaqçı deyil, o, bizim ətrafımzdadır. Biz onu və onun kimilərini görürük amma qorxumuzdan deyə bilmirik ki, sən ölü dirildə bilməzsən.
"Ölülər" əsəri müxtəlif tarixlərdə zamana uyğun traktovka olunub. Amma biz bu əsərə bir az fərqli yanaşdıq. Şeyx Nəsrullahı böyük anlamda din üləması kimi təqdim etmək səhvdir. O, böyük bir fırıldaqçı, dələduzdur. İnsanları aldada-aldada gəlir, planını həyata keçirib gedir. Cəlil Məmmədquluzadə həm də onu deyir ki, hər yetəni müqəddəs, böyük insan bilib əlini öpmək olmaz.
- Nurəddin müəllim, vaxtilə teatrı irəli aparan həm də çox yaxşı teatrşünaslarımız, tənqidçilərimiz vardı...
- Elədir. İndi teatr tənqidi də zəifdir. Və yaxud da tamaşadan sonra pyesin müəllifinin şəninə şanlı sözlər deyirlər. Amma anlamırlar ki, pyes dramaturqun, tamaşa isə rejissorun məhsuludur. Tənqidçi tamaşanı, yəni yozumu, tərtibatı, rejissor işini, aktyor oyununu müzakirə etməlidir. Bizim dövrümüzdə teatr tənqidçiləri, teatrşünaslar çox aktiv və qərəzsiz fəaliyyət göstərirdilər. Ədilə Əliyeva, İlham Rəhimli kimi teatrşünaslarımız teatra gələnədə biz ciddi narahatlıq keçirirdik. İlham Rəhimlinin o zaman kəsdiyi başa sorğu yox idi. Çünki peşəsini də yüksək səviyyədə bilir, ensklopedik yaddaşa malikdir. Onda hər tamaşa haqqında dörd, beş teatrşünas, tənqidçi yazılar yazırdı, tamaşanı təhlil edirdi. Onda rejissor da məsuliyyət hiss edirdi.
- İndi sanki hamı tərif gözləyir. Bir balaca tənqid artıq müəlliflə rejissorun, aktyorların hətta teatrın düşmən olmasına bəs edir...
- Beyni, düşüncəsi sağlam olan adam onun əskiyini deyən adamı dostu bilməyi bacarmalıdır. Normal istedad sahibi, peşəsinə, sənətinə hörmət edən adam bu cür düşünməlidir. Bilirsiniz, bunlar həm də tənqid, təhlil olmadığı üçün ərköyünləşiblər. Özlərini kənardan görə bilmirlər. Nə edirlərsə, düz etdiklərini düşünürlər. Halbuki, belə deyil. Keçmişdəkilər ona görə böyük sənətkar olurdular ki, onlar yazılanları oxuyurdular, əyər-əskiklərini düzəldirdilər.
Təsəvvür edin ki, Tofiq Kazımov "Hamlet" tamaşasını hazırlayıb. Tamaşanın bəstəkarı Qara Qarayev, rəssamı Tahir Salahov, rejissor isə qeyd etdiyim kimi Tofiq Kazımov və nəhayət baş rolda Həsənağa Turabov idi. Amma tənqidçilər tamaşanı darmadağın eləmişdilər. Ona görə də məsuliyyət vardı. İndi də yazanlarımız var. Amma indi sektalara bölünmüşük. Peşə əxlaqında isə bu öz-özünə xəyanətdir.
- Yetmişinci illərin sonuna doğru siz və sizinlə birgə bir çox istedadlı tələbələr Bəsti Cəfərova, Ramiz Novruz, Səidə Quliyeva, Firəngiz Mütəllimova, Zenfira Nərimanova teatra gəldilər. Və həmin tələbələrin gəlişi teatra yeni nəfəs, ab-hava gətirmişdi. Əvvəllər xeyli tamaşalarda sizin nəslin nümayəndələri maraqlı tandemlər edirdilər. Amma son illər biz bunun şahidi olmadıq...
- Bizim nəsildən teatra ilk dəfə təyinatla 1978-ci ildə Səidə Quliyeva ilə mən gəlmişəm. Bizim ardımızca isə Ramiz Novruz, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Məlahət Abbasova, Zenfira Nərimanova, İlham Əsgərov, Abbas Qəhrəmanov və başqaları gəldilər. O zaman da bizim böyük sənətkarlarımız səhnədə idilər, tamaşalarda da iştirak edirdilər. Amma hardasa müəyyən akademik durğunluq da nəzərə çarpırdı. O vaxtı qoyulan tamaşaların hamısında biz gənclər iştirak edirdik. Qəzetlər bizdən yazırdı, haqqımızda bəhs olunurdu. Belə olanda həmin akademik durğunluq yaşayan sənətkarlarımız da bizi qəbul etdilər və biz onlarla tamaşalarda qarşılıqlı rollar ifa etməyə başladıq. Doğrudan da teatra yeni nəfəs gəlmişdi. Biz heç bir qarşılıq gösləmədən özümüzü sənətə fəda etmək üçün teatra gəlmişdik. Təsəvvür edin ki, səhər saat səkkizdə Ramiz Novruzla teatra gəlib səhnədə qılınc döyüşü keçirirdik. Hökümə Qurbanova isə zalda əyləşib bizi alqışlayırdı. Biz onların yanında durmağa, onlara layiq olub rəğbətini qazanmağa çalışırdıq. Onlar bizim tamaşamıza baxandan sonra pis deyil deyirdilərsə həmin günü özümüzə yer tapmırdıq. Bu iki kəlmə həm də sən dahisən demək idi. Axşam evə getməyə pulumuz olmurdu, amma həmin sözlərlə biz özümüzü milyonçu hesab edirdik. Bəzən elə olurdu ki, biz məşq etmək üçün gecəni də teatrda qalırdıq.
Dediyiniz tandemin alınmaması isə sırf teatrın repertuarından asılı olan məsələdir.
- Sizdəki bu qədər güclü sənət eşqi hardan qaynaqlanırdı, necə yaranırdı?
- Bizim çox yaxşı müəllimlərimiz olmuşdu. Mən əslində tamamilə başqa sahəyə gedəcək adam idim. İnstituta da qəbul olandan sonra fikirləşdim ki, bir müddət sonra uzaqlaşaram. Ancaq mənə dərs deyən o, böyük insanların şəxsiyyətlərinə vuruldum. Adil İsgəndərovun şəxsiyyəti məni bu sənətə bağladı. Onun dilə, millətə, sənətə münasibəti, bütün bunlar haqda danışdıqları mənə bu sənəti sevdirdi. Adil İsgəndərov bizə həm müəllimlik edirdi, həm də atalıq. Bizim qrupda iki, üç nəfəri çıxsaq, qalanları rayon, əyalət uşaqları idik. O, həmişə tələbə təqaüdümüzü almağa dörd, beş gün qalmış tələbələrdən kiminsə kefi olmayanda yanına çığırıb hal-əhval tutardı. Sonra ona on manat pul verib köşkə qəzet almağa göndərirdi. Qəzetin qiyməti isə iki qəpik idi. Qəzeti alıb gətirəndən sonra Adil müəllim yerdə qalan xırdanı götürmürdü, deyirdi qoyun cibinizə məvacibinizi alanda verərsiniz. O, bilirdi ki, tələbənin əhvalı ancaq pulsuzluqdan olmaya bilər. Ona görə də o, tələbənin şəxsiyyətinə toxunmadan ona pul verirdi ki, ehtiyaclarını qarşılaya bilsin. Mikayıl Mirzə bir də görürdün ki, hansısa tələbəni saxlayıb ondan qalstukunu istəyirdi, həmin qalstukdan xoşu gəldiyini deyirdi. Səhərisi günü tələbədən aldığı qalstukun yerinə təzəsini alıb gətirib ona verərdi. O, görürdü ki, tələbə həmin qalstuku iki ildir ki, taxır və artıq yenilənməsinə ehtiyac var. Bunun üçün də məhz bu cür üsulla tələbəyə köməklik edirdi. Və yaxud da televiziyada Mikayıl müəllimə poemaları canlı demək üçün 100-150 manat pul verilirdi. O, məni, rəhmətlik İlham Əsgərovu çağırıb deyirdi ki. uşaqlar mən bunu tək deyə bilmərəm gəlin iki yerə, üç yerə bölək. Biz həmin hissələri əzbərləryib deyirdik. Və o, aldığı pulu bizim aramızda bölürdü. Baxın, bizim belə müəllimlərimiz olub.
- Tələbə vaxtı qaldığınız yataqxanada cəmi biR il qala bilmisiniz. Sonra ora sığışmadığınızı deyib başqa məkanlara köç etmisiniz. Aradan keçən bu qədər illər ərzində Nurəddin Mehdixanlı daha haralara sığışa bilmədi və yaxud da daha haralara sığışdı?
- İndi sizinlə söhbət etdiyimiz eni iki, uzunluğu isə dörd metr olan bir otağa sığışa bilmişəm. Mənim üçün fiziki mənada ölçülər əhəmiyyətli deyil. Məsələ ruhun, düşüncənin, ürəyin genişliyindədir. Mən bu balaca otaqda oturub bütün dünyanı bura sığışdırmaq gücündəyəm. Mənim üçün ölçü vahidləri artıq əhəmiyyət kəsb etmir. Bundan da kiçik yerdə olsam, yenə yazımı yazacam, kitabımı oxuyacam, rolumu hazırlayacam. Bir sözlə arzularımla yaşayacam. Məsələ fiziki genişlikdə yox, ruhun genişliyindədir.
Söhbətləşdi: Samirə Əşrəf
© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!