- Yavər müəllim, sizinlə söhbəti "İlahi məxluq" filmi üzərində başlamaq istərdim. Bu filmdə bir neçə ciddi mövzu paralel olaraq işlənib. Öncə "ata-oğul" münasibətinin təqdim olunduğu müstəvidən başlayaq. Əksər Şərq dastanlarında atalar oğulları öldürür. Qərbdə isə əksinə, Edip atasını öldürür. Pamuk Şərqdə ataların oğullar üzərindəki qələbəsini ənənənin yeniliyi məhv etməsi kimi qələmə verir. "İlahi məxluq" filmində də atanın mütləq hakimiyyəti və gücü hiss olunur. Düzdür, onun da çırağı sönür, amma filmin sonunda oğulun əlində atasının çomağı var və o da atası kimi canavarın digər tayını öldürür. Hətta atasının zorladığı, qaçırdığı həmin qızın da eynisini özünə arvad edir. Filminizdə atanın qalibiyyətini qəbul edirsinizmi.
- Bəli. Xristianlıqda insan anlayışı sadəcə ətdən-qandan ibarət canlıdır, amma İslamda insan ideyadır. Ona görə də ideya uğrunda ata oğlunu öldürə bilər. Mən düşünürəm ki, Qərb sivilizasiyası nicat yolu deyil. Filmdə Qərb sivilizasiyasına aid əsərlərin yandırılması da buna xidmət edir. Bu gedişatın öz dövrünü başa vurduğunu düşünürəm. Şpenqler "Qərbin qürubu"nda deyirdi ki, hər sivilizasiyanın ömrü 2000 il olur. Bu nöqteyi-nəzərdən baxdıqda da, artıq Qərb sivilizasiyası qocalıb, müddəti bitib. Təbii ki, o təbiətin bu nəhəng çarxına qurban gedəcəkdi, gedir də. Filmdə həm də bunu demək istəmişəm.
- Məsələyə sırf ənənə və yenilik müstəvilərindən baxsaq, siz ənənənin yeniliyə qalib gəlməsini qəbul edirsiz? Bəlkə ata məğlub olsaydı, bu yeni sivilizasiyanın yaranmasına səbəb olardı.
- Axı o yenilik deyildi. Filmə kənardan gələn ideya yeni deyil. Yenisi kənarda qalıb. Yenisi İslamdı. Niyə bu sivilizasiyanın normal gedişatına imkan verilmir? Axı Qərb yetərincə danışdı, Nitsşe sözünü dedi, Dali təsviri incəsənətdə bütün imkanları səfərbər etdi, sərhədləri dağıtdı. Coys romanı öldürdü. Daha nə olmalıdır? Mən düşünürəm ki, bizi - İslam dünyasını güclü reformalar gözləyir. İran və Səudiyyə Ərəbistanı ilə normal dil tapa bilsə, düşünürəm ki, Türkiyə bu reformanı bacarar. Yaxın 10-15 ildə bunun baş verəcəyini düşünürəm. Və tezliklə İslam dünyasına Türkiyənin rəhbərlik edəcəyi fikirdəyəm. Və mənə elə gəlir ki, bunu etməlidir. Bu idarəçilik ərəblərdə, farslarda deyil, türklərdə olmalıdır. Çünki intelllektual, dünyaya açıq, müasir dünya ilə səsləşə biləcək İslam modelini Türkiyə təqdim edə bilər. Ona görə mən yenə də deyirəm ki, "İlahi məxluq"dakı rəssam qız yenilik yox, xristian mədəniyyəti idi. Və onun orada yeri yox idi. Bu vəhdətə yapışa bilməyəcəkdi. Yapışmadı da.
- Demək ata orada oğlu ilə deyil, oğlunu sapındırmaqda olan yad mədəniyyətlə mübarizə aparırdı. Axırda da onu elə oğlunun gözü qarşısında zorladı.
- Əslində, mən düşünürəm ki, Avropanın İslamla bağlı tərəddüdləri yalnız bu mədəniyyətdəki tənqidə münasibətdəki mühafizəkarlıqla bağlıdır. Yəni bizdə tənqidə yer yoxdur. Tənqid yoxdur. Bu Qərb mədəniyyətinə xas bir şeydir. Sofokldan, Freyddən, Dostoyevskidən və digərlərindən təşəkkül tapmış bir anlayışdır. Bizdə tənqidin olması yaxşıdır, pisdir, bunu deməyim yerinə düşməz.Avropada isə tənqid artıq genetikdir, onlar üçün tənqid olunmayacaq heç nə yoxdur. Bizdə isə Allah, dini müstəvidə ümumiyyətlə, tənqid qadağandır. Ümumiyyətlə, deyim ki, məncə, belə də olmalıdır. İslam püxtələşib. Sadəcə, bu mədəniyyətə düşünülmüş, yanlış müdaxilələr var. Amma əminəm ki, artıq İslam başa düşülməyə başlayacaq.
- Yavər müəllim, "İlahi məxluq" filminizin nüfuzlu Qərb festivallarına ayaq açmamasının səbəbi də onların bu ideyanı qəbul etməmələri ola bilərmi?
- Təbii ki! Mən bunu bilirdim. Onlar bizdən başqa filmlər gözləyirlər. İrandan da istədiklərini alırlar, Türkiyədən də. Mənə də zəng ediləndə başqa mövzular istəyirlər; müharibə, sosial və s.
- Əgər tənqidə açıq bir sivilizasiyadırsa, bəs sizin ideyanızı niyə qəbul etmirlər? Axı tənqid, demokratiya həm də qarşındakının fikrini müzakirəyə çıxarmaq, alternativləri də qəbul etmək məcburiyyətidir.
- Bəli. Eləməyəcəklər. Elə deyil axı. Bu, onların konsepsiyası, siyasətidir. Hər şey göründüyü qədər sivil, demokratik deyil.Kiarostəminin Fransada çəkdiyi son filmlərindən birinin qəhrəmanı ziyalı, fəlsəfi düşünən sənətşünas idi. Çox gözəl bir mövzunu çəkmişdi. Heç bir Qərb festivalı bu filmi qəbul etmədi. Halbuki onun digər mövzularını çox yüksək qiymətləndirirdilər. Niyə Şərqin ziyalısını, yüksək dəyərləri düşünən qəhrəmanını filmlərdə görmək istəmirlər? Amma bu axarı saxlaya bilməyəcəklər. Bu yol inkişaf edəcək. Dünyəvi İslamı tezliklə görəcəyik. Sadəcə, mollalar, alimlər, ideya adamları bir yerdə olmalıdır. İranın elmi potensialı, türkün ideoloji yönü, əsgəri, ərəbin iqtisadiyyatı, pulu birlikdə gözəl bir nəticə yarada bilər.
- Yavər müəllim, indi belə çıxır ki, biz Avropa festivallarında öz filmlərimizlə, daha doğrusu, sizin dediyiniz ideyalarla çıxış edə bilmək üçün, onlara özümüzü qəbul etdirmək üçün festival münsiflərini aldatmalıyıqmı? Yəni, ideyaları nə qədər dərinlikdə gizlətmək lazımdır ki, kino dili ilə onlara bu konunu qəbul etdirəsən? Bu mümkündürmü? Yoxsa bu filmləri başqa festivallara göndərmək lazımdır?
- Yox. Mənə artıq onlardan zəng edib soruşanda ki, "başqa mövzularla gələ bilərsizmi?" - hər şeyi bir daha başa düşdüm. Mən artıq festival məsələsini türk qardaşımla düşünməliyəm. Biz bir festival konsepsiyasını da hazırlamışıq. Artıq fəlsəfi konsepsiya hazırdı. Biz bir-birimizi dəstəkləməliyik.
- "İlahi məxluq"a qayıdaq; atanın qarda büdrəmiş atı öldürməsi, Yılmaz Güneyin "Yol" filmində də var. Eyni şərait, qar, çovğun, at ölüm ayağındadır və qəhrəman onun başına güllə sıxmaq məcburiyyətində qalır. Bir addım arxada isə Nitsşe sahibinin bir atı döyməsini gördükdə dözə bilmir, atı onun əlindən alır və boynunu qucaqlayıb ağlayır... sonra başına hava gəlir.
- Doğrusu, "Yol" filmində belə bir səhnənin olduğunu bilmirəm. Nitsşenin atla bağlı tarixçəsi də çox maraqlıdır. Amma mən düşünürəm ki, "İlahi məxluq"dakı səhnədə atı sevən hər kəs onu öldürməli idi. Atı o vəziyyətdə saxlamaq olmazdı. Bu ölüm xilas idi.
- İstərdim sonda "Avanqard müstəvi"dən enək; yazıb-oxuma bacarığına görə dünya liderləri ilə bir sırada olan ölkədə sənətə əsərlərinin diqqətdən kənar qalmasını necə izah etmək olar. Türkiyə ilə müqayisədə belə sənətə münasibətdə geri qalırıq. Halbuki bu durum XX əsrin sonlarına qədər fərqli idi.
- Bu, çox ciddi, geniş mövzudur. Mən bu situasiyanın yaranmasına səbəb olan amillərdən birini deyə bilərəm. Halbuki səbəblər çoxdur. Düşünürəm ki, bizim sovet sistemindən qırıldığımızdan sonra yaranan boşluq çox şeyə təsir etdi. Sovet uzun müddət üzərimizdə hakimlik elədi, hər şeyin axarını dəyişdi. Sonra hər şeyin başını buraxdılar. Sovet bizi dünyadan qoparmışdı. Sonra sovetdən də qopduq. İndi hər şey yenidən yaranır və bu proses zaman istəyir. Bizim əksər ziyalılarımız dünyanın Rusiya - daha doğrusu, sovetin qapısından çıxıb. Rusca oxuyurlar, rus mədəniyyəti onlara doğma olaraq qalıb. Tolstoyu, Dostoyevskini oxuyub, doyublar. Artıq dünya ilə tanışlığa ehtiyyac görmürlər. Tomas Mann, Herman Hesse, başqaları kənarda qalıb. Dünyaya açılmaqda çətinlikləri var əksər ziyalılarımızın. Bu gün Tolstoyla öyünəndə, onu misilsiz sayanda mən onun qarşısına Tomas Mannı qoyuram. Heç də Tolstoydan geridə qalmayan yazıçıdır. Ona görə də dediyiniz problemin yaranmasında əsas problem əksər ziyalılarımızın sovet-rus mədəniyyətində qalmaqlarıdır.
Söhbətləşdi:
Sərdar Amin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!