“İzmlər” sonucda gəlib irfanda birləşir - Aydın Talıbzadə və Nəriman Qasımoğlu ilə söhbət

ADMİU-nun teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə və ilahiyyatçı, şair Nəriman Qasımoğlu ilə söhbət

Azər Turan: - Qloballaşan dünya təsəvvüflə postmodernizmi üz-üzə gətirə bildisə də, onları iç-içə gətirə bilmədi. Bəzən ədəbiyyatda qaynayıb-qarışsalar da, yenə də doğmalaşa bilmədilər. İrfan insanın və insanlığın təmkin halına, postmodernizm isə yeni dəyərlər sisteminin rəngdən-rəngə düşən məqamlarına və məqamına, yəni təlvin halına bənzəyir. Dünya Əhməd Yəsəvinin işıq, sükut və zikr dolu çiləxanasından Nitsşenin Tanrını öldürən insanına qədər uzun bir yol qət elədi...

Orta çağda “Şam çarşılarında Şəms alındı Mevlanadan, əvəzində Məsnəvi verildi”. Bəs yeni çağın insanına nə verildi? Qeyri-səlis məntiqmi?

Nəriman Qasımoğlu: - Postmodernizm haqqında bəzi Qərb lüğətlərində belə tərif keçir ki, bu, nəliyinin müəyyənləşə bilinmədiyi adi həqiqətdir. Və bu məfhum daha çox nələri rədd və inkar etdiyi məqamlara görə müəyyyənləşir. Məsələn, mütləq həqiqəti inkar edir, hamıya aid edilə biləcək vahid etiqadi sistemi qəbul etmir. Yəni hansı yerdə, fikirdə, hadisədə, təzahürdə, məzmunda, süjetdə maddi mənada izlənə biləcək mütləqlik varsa və bu, maddiyyat qaynaqlı sırf rasional düşüncə üzərində köklənirsə, postmodern məntiq çalışır bunu özünə yaxın buraxmasın. Söhbət irfan kontekstində postmodernizmdən, yaxud postmodernizm kontekstində irfandan gedirsə, istərdim öncə postmodernizm və din münasibətlərinə ötəri də olsa nəzər salaq, çünki bu, elə bizim söhbətimizə birbaşa dəxli olan məsələdir. Ənənəvi islamda dominant düşüncə tərzi postmodernist düşüncəyə ziddir. Postmodernizmin yaradıcı xüsusiyyəti isə bu yeniliyi də ortaya qoyur ki, hazırda postmodernist ilahiyyatçılar yetişir. Və bu sonuncular mövcud ənənəvi şəriət dəyərlərinin mütləqliyini qəbul etmirlər, Quranın şərhlərində fikir plüralizmini önə çəkirlər. Bəzən bu və ya digər dini müddəanı mətndə ifadə olunan tərzdəki kimi qəbul etmir və bunun hansı kontekstdə üzə çıxdığı məsələyə daha çox diqqət ayırırlar. Məsələn, Harvard Universitetində çalışdığım zaman tanınmış ilahiyyatçılardan biri öz araşdırmasında mənə maraqlı bir məsələni açdı. O, peyğəmbər dövründən etibarən, yəni 7-ci əsrdən başlayaraq 9-cu əsrədək yazılan mətnlərin başlıqlarının monitorinqini keçirib və müəyyən edib ki, bu başlıqlarda islam sözünün sayı zaman keçdikcə artmağa başlayır, başlıqlarda Allah, iman sözləri isə azalır. Gəlinən nəticə və tarixən də təsdiqlənən həqiqət ortaya çıxarmış olur ki, İslam xüsusi bir dini adı deyilmiş, Quran informasiyasına görə kitab əhli də - yəhudilər, xristianlar faktiki olaraq ümumilikdə tərcümədə təslimolma deyilən bu dinin içindədirlər və s. İslamın qəliblərə salınaraq fərqli din anlamına gələrək mütləq həqiqətlərə iddiaçı bir sistemə çevrilib üstün mahiyyətdə təqdim edilməsi isə tarixi-siyasi səbəblər üzündən baş veribmiş və s. Demək istədiyim odur ki, qəlibləri dağıdan cərəyan kimi təqdim edilən postmodernizm əslində xeyli yaradıcı mahiyyətdə olan kəşfləri də ortaya qoyur. İrfanda isə bu yaradıcı mahiyyətdən danışmaq olmur. İrfan mütəfəkkirlərinin heç biri hansısa bir elmi dəyər istehsal etməyib. İbn Sina kimiləri ifranda olmayan dahilərdir. Onun kimilərindən sonra biz kimləri görürük? Əslində İbn Sina təfəkkürü indiki postmodern məntiqin qəbul etmədiyi ifrat rasionallıqdan kənardadır. Onda maddiyyata dayalı rasional düşüncə ilə intuitiv qavram birləşir, bu intuisiya məsələsi onun yazılarında ilahi ilhamla da, yəni mistisizm əlavəsi olan bir nəsnə ilə də birləşir. O, əqli dərklə hissi qavramları eyni məcraya yönəldən böyük şəxsiyyətlərdən idi ki, bu günün postmodernizminin də belə insanları yetirəcəyinə inanıram. Ondan fərqli olaraq Biruni isə birmənalı şəkildə deyirdi ki, rasional düşüncə əsasdır. İşləri “korlayan” Qəzali oldu, islam dünyasında elmi təfəkkürlə intuitiv qavramı rədd edən, bunun əvəzində isə təsəvvüfün yayılma arealını xeyli genişlədən Qəzali ki, öz zamanında xristianlıqda mistisizminin təşəkkülündə də böyük rol oynayıb. Mənə görə, irfan postmodern düşüncə ilə bir araya sığmayan nəsnədir, perspektivi və məhsulu olmayan nəsnə. Posmodern düşüncəylə irfanı inkar da etmək olar - onun mütləqliyinə görə. Təsəvvüf mütləq mənada deyir ki, rasional düşüncə qəbuledilməzdir. İrfan - arif adam, daxilən nurlanmalıdır. Allahın lütfü olmasa mərifət mərhələsinə yetişmək də mümkün olmaz. Yəni irfanın ən yaxşı halda cəmiyyətə verə biləcəyi məhsul sənət nümunələri və əxlaqi dəyərlərin təbliği ola bilər. Bundan o yana irfan nəyə iddia edə bilər ki? Bu gün Quranın sirlərini irfan əhlimi açır, yoxsa bu müqəddəs kitabın təhlilini ciddi linqvistik, fəlsəfi və s. müstəviyə tabe tutan alimlər? Əlbəttə, ikincilər. Məsələn, bir araşdırma aparıb gördüm ki, Tanrı qatında zamansızlığın qrammatik izahları - Məhəmməd peyğəmbərin həm öz zamanında, həm də əski zamanlarda təsviri, Allahın cənnət əhlinə feilin həm indiki, həm gələcək, həm keçmiş zamanda xitablarına dair nümunələr və s. var Quranda... İrfanı ancaq belə bir bağlamda qəbul etmək olur ki, o əxlaqi dəyərlərlə çərçivələnir və sənətin müxtəlif növlərinə də müəyyən töhfələr verir. Postmodernizm düşüncəni bəzən xaosa sürükləmək mənasında başa düşürlər. Bayaq dedim ki, bu düşüncə tərzi yaradıcı mahiyyətdədir, bu yerdə söhbət qəliblərin dağılması ilə müşayiət olunan bir yaradıcılıq prosesindən gedə bilər. Quran mətnində ifadə olunan İslam dininin özünün çox maraqlı bir postmodernist enerjisi var. Təsəvvür edin, biz Tanrıya iman məsələsindən danışırıq, amma Quran mətni etiqad azadlığına imkan tanıyır və bunu təşviq edir. Quran mətni küfrə də azadlıq tanıyır Kafirlər surəsində, yaxud o ayədə ki, dində məcburiyyət yoxdur fikrini vurğulayır. Quran mətni postmodernist məntiqilə yaradılışda mütləqliyi sadəcə inkar edir və bir qadından, bir kişidən yaranan insanların fərqli xalqlara çevrilməsini və qarşılıqlı zənginləşməyə gətirən bu müxtəlifliyi, bu plüralizmi ona görə vurğulayır ki, inkişafın yolu qapanmasın. İrfani düşüncə əqli dərkə materialist anlamda qiymət verib onu kənar qoyursa, hansı inkişafdan danışmaq olar? Yeri gəlmişkən, bəzən postmodern ədəbiyyatdan söhbət gedəndə indi yaranan bədii nümunələri bu cərəyana aid edərkən mətnlərdə ənənəvi vahid süjet xəttinin qırılması, əski mətnlərin dekonstruksiyası əsasında yeni məzmunlu təhkiyənin ortaya çıxmasını, müəyyən mistisizm əhvalının nəql edilənlərə sirayətini postmodernizmin əlamətləri sayırlar. Maraqlıdır ki, bütün bunlar heç də yeni bir şey deyil, Quran mətnində də var. Məsələn, serb yazıçısı Milorad Paviç “Xəzər sözlüyü” əsəri üçün təxminən belə deyir ki, bu əsəri istənilən səhifəsindən açıb oxumaq olar və oxucu heç də çaş-baş qalmaz, rahatlıqla süjet axınına qoşula bilər. Bu məziyyətlərin hamısı Quran mətnində də var. Quranı da istədiyin səhifədən açıb oxumaq mümkündür. Quranda da əski Bibliya süjetlərinin yenidən işlənməsi kimi dəyərləndirilə bilən mətnlər var, süjet xəttinin qəfildən qırılaraq oxucunu başqa aləmə aparması var və s. Rusların tanınmış yazıçılarından olan Mixail Uspenskinin bu yaxınlarda bir müsahibəsini oxudum. Postmodernizmin termin kimi əleyhinə çıxaraq deyir ki, bütün yaxşı əsərləri postmodern nümunələr saymaq olar, çünki bunlarda bu və digər şəkildə mətn oyunları, mistik qatlar var. Amma sonra qəribədir ki, deyir Bibliya postmodern deyil, Quran isə postmodern mətndir. Bizim ədəbiyyatda da postmodern ədəbiyyata aid edilə biləcək gözəl nümunələr var. İsa Hüseynovun “İdeal” romanı, Kamal Abdullanın dünyada xeyli şöhrət qazanmış “Yarımçıq əlyazma” romanı, yaxud Anarın bu yaxınlarda dərc olunmuş, zövqlə oxuduğum “Göz muncuğu” povesti və s. əsərlər də bu sırada yer alır. O ki, qaldı irfana, bunu postmodernizmlə əlaqələndirməyə “doğrusu” çətinlik çəkirəm.

Aydın Talıbzadə: - Bu düşüncələr mənə bir konsepsiya kimi görünür, bitkin, tamamlanmış bir konsepsiya kimi. Faktiki olaraq Nəriman müəllim bunları deyib də gedə bilər. Çünki mən onun dediklərini nəzəri baxımdan tam qəbul eləyirəm. Mən də bunun müqabilində nələrisə konseptual şəkildə söyləyib bir kənara çəkilərəm. Onda bu söhbət olmadı ki! Biz bura Nəriman Qasımoğlunun konsepsiyasını yox, müasir dünyamızda irfan və postmodernizm arasında mümkün səsləşmələri, ya da hər ikisinin müstəsnalığını müzakirə etməyə gəlmişik...

Nəriman Qasımoğlu: - Amma bu barədə sizin deyəcəkləriniz, lap elə iradlarınız da mənə çox maraqlıdı…

Aydın Talıbzadə: - İrad bildirmək üçün yetərincə bilgi olmalıdı. Siz Quran bilicisisiniz, Quranı tərcümə etmisiniz, ərəbcə gözəl danışırsınız. Həqiqətən, indi özümü çətin bir durumda hiss eləyirəm.. Ona görə də mən daha çox irfan məsələləri üzərində dayanmağı, bir qədər bu məsələni izah etməyi üstün tuturam.

Nəriman Qasımoğlu: - Bilirsiniz, bayaq söhbətimizdə bu məsələnin üstündə dayanmadım, elə birbaşa mətləbə keçdim…

Aydın Talıbzadə: - Əvvəlcə aydınlaşdıraq ki, irfan nədir?

Nəriman Qasımoğlu: - O məsələdə mən bir az tələsdim…

Aydın Talıbzadə: - Ancaq madam ki, müzakirə edirik, bu, çox mühüm bir məqamdı…  

Nəriman Qasımoğlu: - Təsəvvüfün o pillələri ki, gəlib irfana çatır, bu pillələrin başlanğıcı şəriətdir, burada əqli dərk inkar edilmir, oxuyub öyrənmək də tələb olunur. Amma bu da var ki, indi Quran məntiqilə ənənəvi şəriəti istənilən qədər tənqid etmək mümkündür.

Aydın Talıbzadə: - Tamam. Nəriman müəllim, Siz özünüz də bilirsiniz ki, ərəbcə irfan və ya ürfan “ürəfa” sözündən törəmədir. Ürəfa ariflər deməkdir, yəni, “arif” sözünün cəmidi. Buradan isə biz rahatca gedib çıxırıq “hərf”, “rəf” kəlmələrinə..

Nəriman Qasımoğlu: - “Hərf” sözünün ürəfa kəlməsi ilə bağlantısı yoxdur.

Aydın Talıbzadə: - Düzdür. Amma gəlin razılaşaq ki, “hərf” kəlməsində “ra” və “fə” samitlərinin partlayışı çox güclüdür və bu söz “ürfan”ın semantikası içrə doğmalaşır. Olsun ki, mənim bu dediyim linqvistik bir araşdırma üçün təkan nöqtəsi olsun. Sadə, bəsit anlayışlar müstəvisində mən elə düşünürəm ki, ürəfa, yəni ariflər hərfi bilənlərdir, rəflərində kitab olanlardır. Bayaq siz bir söz dediniz, mətləbi ora gətirirəm: yəni irfan üçün bilgi, qnozis mütləqdir. Arifin bu bazası, dayağı olmasa, sonrakı ruhsal inkişaf mümkünsüzdür. Nurlanmaya gedən yol qnozisdən keçir. Ancaq arif nurlanmaya yaxınlaşa-yaxınlaşa kitabdan, bilgidən imtina edir. Çünki bu bilgi artıq onun varlığında şifrələnir və dərk etmək irfan əhli üçün öz aktuallığını itirir. İndi “arif kimdir?” sualının cavabını aydınlatmaq istəyirəm. Bektaşilikdə insanlar dörd qrupa bölünür: abidlər, zahidlər, mühiblər, ariflər. Bektaşilər deyirlər ki, abidlərin əsli havadandır (izahını vermirəm ki, söhbət çox uzanmasın), zahidlərin əsli - oddan, mühiblərin, yəni sevənlərin əsli torpaqdandır. Fikir verin, məncə, çox maraqlı bir məqam: Hacı Bektaş Vəli söyləyir ki, ariflərin əsli sudandır və onlar mərifət əhlidirlər. Su təmizdir, safdır, pakdır. Eyni zamanda həm də təmizləyicidir. Qayıdıram sizin bayaq dediyiniz dəyər istehsal etmək məsələsinə: arifin dəyəri elə insanın ruhunu saflaşdırmaqdır, cəmiyyəti təmizləməkdir, bir başqası kamilləşdirməkdir. İrfanın gözəlliyi budur. İrfanın mahiyyəti buradadır. Və çox maraqlı bir fikir var; Arif deyir ki, mənim üç dostum var. Mən öləndə biri evdə qalır, biri yolda qalır, biri də mənimlə gedir. Evdə qalan mənim malımdır, yolda qalan ailəmdir, qohum-əqrəbamdır, mənimlə gedən yaxşılıqlarım və əməllərimdi. İrfanın mahiyyəti budur.

Nəriman Qasımoğlu: - Bu da əxlaq elminə dair məsələlərdir.

Aydın Talıbzadə: - Yox, bu, ruh məsələsidi və ruh əxlaqdan daha yüksəkdədi. Nəriman müəllim, mən sizdən qəni-qəni üzr istəyirəm, indi mövləvi qardaşlığının gizli bir parolunu ərəbcə deyəcəyəm, qüsura baxmayın: bunu ərəbcə söyləməkdə bir məqsədim var. Onlar deyirlər: “UDRUB ƏL-KƏLBƏ VA YATA’ƏDDƏBU ƏL-FAHDU”. Tərcümədə mənası budur: “Köpəyi vuranda aslan ədəb öyrənir”. Amma bu cümlə “Köpəyi vuranda aslan ədəb öyrənir” mövləvilərin fəlsəfi paradiqmasında başqa bir mənanı da özündə şifrələmək plastikasına malikdir. Ərəbcə “kəlbun” it, köpək deməkdir, “fahdun” - aslan. Lakin “kəlbun” sözünü “qaf”la yazanda “qalbun” kimi oxunur və “köpək” dönüb “qəlb, ürək” olur... “Fahdun” sözünü isə “fahidun” şəklində təqdim edəndə “aslan”ı yox, diqqətsizi, səhlənkarı bildirir. Bu zaman cümlənin mənası bütövlükdə dəyişir: “Qəlbi vuranda (“qəlbi vurmaq” sufi təmrinidir) diqqətsiz ədəb öyrənir”. Əgər qəlb vurulursa, çırpılırsa, döyülürsə, bu, nəyə görə, kimə görə baş verir? Diqqətsiz kimdir, yoxsa nədir? Qəlbi (ürəyi) də vurmaq olarmı? Diqqətsiz idrakdır, diqqətsiz həm də “mən”dir: çünki görüntülərə aldanıb, özü ilə aşırı məşğul olub mahiyyətə varmaya bilir. Qəlb köpək kimi qaçır, işləyir, şüur isə yuxarıda dayanıb bir aslan qismində hər şeyi izləyir, müşahidə eləyir, hər şeyə göz qoyur: amma olur ki, hərdən diqqəti yayınır, mürgüləyə bilir. Bax, onda qəlbi vururlar ki, əqli ayıltsınlar. Fikrimi ona gətirirəm ki, qnozis, bilgi irfan əhli üçün son dərəcə önəmlidir və təkcə vəhyə güvənib arif olmaq olmaz.

Nəriman Qasımoğlu: - Hər halda irfanın iddia etdiyi bilgilərin yaşadığımız fiziki aləmə, görülən şəhadət aləminə nə dəxli olduğu mənim üçün, etraf edim ki, qaranlıq qalır. İrfanı postmodernizmlə mənə görə yalnız bu müstəvidə əlaqələndirmək olar ki, mərifət sahiblərini ayrı-ayrılıqda postmodernizmin fərqli subyektləri kimi nəzərdən keçirmək olar. O subyektlər ki, hər biri öz-özlüyündə bir aləmdir və etiqadi mütləqliyin aurasını pozur.

Aydın Talıbzadə: - Əgər irfan və postmodernizmi bir məramnamə qismində mənim qarşıma qoyub desəydilər ki, seçim elə, mən irfanı seçərdim. Öncə onu xatırladım ki, bu məsələləri qarşılaşdırmaq heç ədəbdən deyil, bəlkə əcəbdəndir. İrfan həmişəlikdir, postmodernizm - ötəri. Artıq postmodernizm ötüşdü-keçdi-getdi. İrfan isə ruhun ümmanıdır. Zatən, bütün “izmlər” sonucda gəlib irfanda birləşir. Yaradıcılıq “izm” tanımır. Yaradıcılıq ruhu tanıyır. Yazıçı, şair, sənətçi hara gedirlərsə, ruhun ardınca düşüb gedirlər, “izm”in yox. “İzm”in ardınca düşüb gedənlər heç yerə gedib çıxmırlar. “İzm” elmi təsnifatı asanlaşdırmaqdan ötrüdür, fəlsəfənin qapılarını bir-birindən ayırmaq üçündür. Postmodernizm də fəlsəfədir; elə bir fəlsəfə ki, burada dünya mətn kimi açılır; metanarrativlər dağılır, yəni bayaq Sizin dediyiniz kimi, mütləq heç nə yoxdur; Mütləq heç nə yoxdursa, hər şey mümkündür: bir halda ki, Allah da, Subyekt də, Müəllif də ölüb. Elə postmodernizmdə xaos konsepsiyasını bu, diktə eləyir. Postmodernizm Kafkanın ümidsizlik qapısının üstündəki yazıdır. Postmodernizm küncə qısılmış və ya bilgisayar monitorunun önündə ömür yaşamağa məhkum edilmiş birisinin məhkum azadlığıdır. İrfansız olanda axırı belə olur. Dağıdılmış strukturlardan insan əvəzinə buqələmun boylanır. Və ən ağrılısı odur ki, bu buqələmunu postmodernizm yox, gerçəkliyin özü yaradır. Postmodernizmin ədəbiyyatı da postmodernist fəlsəfənin bədii narrativliyidir: ciddi və dayanaqlı heç nə yoxdur; hər şey anidir və axıb gedir: duyğular və yaşantılar da, ünsiyyət də birdəfəlik qablar kimidir; hər şey monitora yazılıb və həməncə də silinir. Tarix də yoxdur, əbədiyyət də. Baxın, postmodernist ədəbiyyatın əsas priyomları nəmənədir: intertekstuallıq (mərkəzsiz kainat ideyası), pəstiş (kəsib yapışdırmaq, quraşdırmaq), ironiya, qara yumor, metaproza, dildə və yaddaşda təsəvvürlə gerçəkliyin qarışdırılması və sair min cür hoqqa. Bu “hoqqa”ların hamısı ona görədir ki, axından heç olmasa, bircə nəfərin diqqətini cəlb edəsən və o, vaxt tapıb, imkan tapıb heç olmasa, bir göz qırpımında səni, sənin əsərini görə bilsin. Və o səni görəndə sən biləsən ki, sən varsan.

Nəriman Qasımoğlu: - Yenə də deyim ki, postmodernizm xaos yaratmır ki, ümidsizliyə qapılasan. Kosmik xaosun özü də Rəbbimizin kainat idarəçiliyində qoyduğu qanunlarla idarə edilir. Yəni bizə xaos kimi görünən başqa bir aləmin içində də bir nizam yaşayır. Elə, məsələn, yenə də deyim, Quran mətninin ayələri kimi. Postmodernizmin yaratdığı texnologiyalar da elə postmodern düçüncənin məhsulu olub. Vaxtilə Lütfizadənin riyazi postulatlarına Qərbdə “folk-art”, yəni xalq yaradıcılığı, nağıl və s. deyirdilər. Amma nəticə bu oldu ki, qeyri-səlis məntiq kimi bir fəlsəfi anlayıışın yaranmasına səbəb oldu...

Aydın Talıbzadə: - İnsanlığın bütün cəhdləri birgəyaşayış konsensusunu tapmaq deyilmi? İrfan artıq bunu on üçüncü yüzildə tapmışdı. İndi Ruminin bir şerini söyləyəcəyəm:

“Gəl, gəl, yenə gəl,
Kim olursan ol, yenə gəl,
istər kafir ol, istər məcusi, istərsə də bütpərəst -
yenə gəl.
Bizim qapımız ümidsizlik qapısı deyil,
yüz kərə tövbəni pozmuş olsan da,
yenə gəl”.

Olsun ki, nəyisə düz deməyim, amma şerin ruhunu düz ifadə elədim burada. Mövlanənin bu şerini oxumuş birisi ona yazır ki “sən” necə müsəlmansan, hamıya deyirsən, gəl, tövbəni yüz kərə pozmuş olana da deyirsən yenə “gəl”. Belə müsəlmanlıq olar? Görün, Mövlanə nə cavab göndərir ona: “Dur, sən də gəl”. Tolerantlıq, multikültürəlizm bu demək deyil də, bəs nədir? Aha, deməli, irfan müasirlikdən çox-çox öndə olub. Mövlanənin söylədiyi birgəyaşayış konsensusunun adı irfandır.

Nəriman Qasımoğlu: - Mövlanədən gətirdiyiniz sitatda postmodernizmlə əlaqəni görməmək mümkün deyil, o mənada kı, “gəl” sözünü hamıya ünvanlayır, xitab plüralizmə, çoxmədəniyyətliliyədir. Amma bu da var ki, mövlanələr cəmiyyət xeyrinə texnologiya istehsal etmir...

Aydın Talıbzadə: - Bilirsiz, bu texnologiyaları İrfansız adamlar yaradanda və işlədəndə Suriya, Əfqanıstan, Qəzza, Ukrayna əmələ gəlir və bunun sonu görünmür. Vanqanın öncəgörmələrindən biri də bu idi ki, miladdan sonra dördüncü minillikdə robot-insanlar yaradılacaq və onlar əbədi olacaqlar. Yəni, texnologiya təbiəti və insanı “yeyib” Tanrı olur. İrfan qurtardığı vaxt insanlıq qurtaracaq. Ona görə irfan yolunun tutub gedin. Allah amanında! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!