Cənab De Balzak dahilər arasında ən birinci, seçilənlər arasında ən yaxşısı idi.
Cənablar! İndicə məzara qoyduğumuz bu insan o kəslərdəndir ki, onu son mənzilə bütün xalq yola salır. Bizim dövrdə xəyali böyüklük yoxdur. İndi nəzərlər hökmdarlıq edənlərə yox, düşünənlərə dikilmişdir, mütəfəkkirlərdən kimsə bizi tərk edəndə onun ölümü, itkisi bütün ölkəni həyəcanlandırır, sarsıdır. Bizim günlərimizdə istedadlı adamın itkisi cəmiyyətin geniş dairələrini kədərləndirir, dahinin itkisi bütün milləti kədərləndirir. Balzakın adı açıq şüa ilə işığın elə zolağına axır ki, onu bizim era özündən sonraya saxlayır.
Cənab De Balzakla Napoleondan sonra XIX əsrin parlaq ideyaları meydana gəldi, sanki sivilizasiyanın inkişafında belə qanun var ki, qılınc gücü ilə hökmranlıq edənləri mənəviyyatın gücü ilə idarə edənlər əvəz edir.
Cənab De Balzak dahilər arasında ən birinci, seçilənlər arasında ən yaxşısı idi. Burada onun nə ilə qüdrətli, nə ilə parlaq olduğunu söyləməyin. Onun bütün əsərləri açıq, dərin, dolğun həyat dolu bir vahid kitab təşkil edir. Orada bizim müasir sivilizasiya hərəkət edir, irəli gedir, bu sivilizasiya tam real, amma təlaş və dəhşətlər içində olan sürətlərlə təmsil olunur... Bütün üsulları və formaları özündə birləşdirən kitab Tassitin üstünə kölgə salır. Svetoniyanın gücünə gəlib çatır, yetişir. Bomarşe ilə səs-səsə verir və Rable ilə müqayisə oluna bilir. Fantaziyadan və müşahidələrdən yaranmış kitab burada bütün məzlumluq, meşşanlıq, alçaqlıq, bayağılıq, səxavət və düzgünlüklə göstərilmişdir. Bəzən qəflətən real hadisələrin qırıq-sökük pərdəsi altından ən qaranlıq, tutqun, ən faciəvi ideyalar çıxış edir.
Onun özünə məlum deyil, o bunu istəyirdi, ya yox, bununla razılaşırdı, ya yox. Bu gözəl və möhtəşəm yaradıcılıq məhsulunun müəllifi qüdrətli inqilabçı-yazıçılar mənşəsinə mənsubdur. Balzak birbaşa məqsədinə doğru gedir, o müasir cəmiyyətlə əlbəyaxa döyüşə girir. Hərədən bir şey qoparır, o çatışmamazlıqları öyrənir, ehtirasları dağıdır. O, insanların daxilində eşələnir, qəlbləri, ürəyi, beyni, dərinliyi insanın özündə gəzdirdiyi hər bir şeyi tədqiq edir. Ancaq özünün gücünə və güclü xasiyyətinə minnətdar olaraq, Balzak sakit, açıq təbəssümü bu qorxunc tədqiqatlardan sonraya saxlaya bilir, halbuki buna görə Molyeri bədbinliyə, Russonu mizantropiyaya düçar etdilər. Balzak isə bunun üçün gözləri ilə inqilabı görmüş müasirlərinin ağlına, şüuruna, insanların həyatdakı rolunu açıq-aşkar anlamalarına, hər şeyi qabaqcadan gözəl duymalarına minnətdar olmalıdır.
Bax, bizim aramızda yaşayaraq o, bunları etmişdi. Onun bizə qoyub getdiyi əsər yüksək və əbədi, qüdrətli heykəlin əsası olan üst-üstə yığılmış qranit qaya - bu gündən zirvəsi şöhrət saçan yaradıcılığıdır. Böyük adamlar özlərinə pyedestal qoyurlar: heykəli isə gələcək ucaldır.
Onun ölümü ildırım kimi, göy gurultusu kimi Parisi sarsıtdı. Bir neçə ay əvvəl o, Fransaya qayıtmışdı.
***
Sonunun yaxınlaşdığını hiss edərək, o yenə də vətəni görmək istəmişdi: belə ki, uzaq səfər ərəfəsində ana ilə vidalaşmağa gəlirlər.
Onun həyatı qısa oldu, amma dolğun oldu, onun gecəsi gündüzündən çox olub. Çox təəssüf! Bu yorulmaz fədai, filosof, mütəfəkkir, şair, daha böyük insanların hamısının sürdüyü ömür kimi bizim aramızda tufan, döyüş, mübarizə dolu bir həyat yaşamışdı. İndi o sakitliyə qovuşub. O, nifrət və çəkişmələrdən xilas olub getdi. Günlərin birində onun üçün məzar qazıldı və şan-şöhrət saçılmağa başladı. Bu gündən onun adı bizim başımız üstündən asılmış buludlardan da yüksəkdə vətənimizin ulduzları arasında parlayacaq.
Siz, burada toplaşanlar, məgər ona həsəd aparmırsınızmı?
Cənablar, bizim bu itki nə qədər dərin olsa da, biz bu faciə ilə barışmalıyıq. Kədəri və sərt olan hər şeyi itaətlə qəbul edək. Bizim dövrdə ola bilər xeyirdir, ola bilər lazımdır - günü-gündən böyük insanın ölümü şüurlarda dini silkələnmə doğurur, şəkk-şübhəni aşıran bir silkələnmə. Əvvəlcədən duyma insanları ali sirlərlə üz-üzə qoyur, onları ölüm haqqında fikirləşməyə məcbur edir, o ölüm ki, hamını birləşdirir və hamıya azadlıq gətirir.
***
...Məhz sərt və ciddi fikirlər hamının ürəyinə damır, onda uca fikir böyükcəsinə başqa dünyaya köçür, onda camaatın, insanların başı üzərində dahinin gözə görünən qanadları üstündə göylərdə gəzən varlıqlardan biri qəflətən gözə görünməyən qanadlara çevrilir və naməlum görünməz nöqtəyə çəkilir.
Yox, bunu qaranlıq, gözəgörünməz adlandırmaq olmaz! Yox, mən artıq bunu hüznlə dedim və yorulmadan təkrar edəcəyəm - o qaranlıq zülmət yox, işıqdır! Bu son deyil, başlanğıcdır! Bu yoxluq deyil - əbədiyyətdir. İndi siz deyin, ey məni eşidənlər, belə məşhur insanların tabutu qarşısında, ağıllı varlığın ilahi taleyini daha aydın dərk edirsən, dərk edirsən ki, o əzab çəkərək, dolaşan insandır. Onda öz-özünə deyirsən: Sağlığında dahi olanların, ölümündən sonra ölməz olmaları ağlasığmazdır.
Fransız dilindən tərcümə edən: Əsgər Zeynalov
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!