Cənab Kamyunun “Kənar adam”ı çapdan çıxan kimi böyük rəğbətlə qarşılandı. Deyirlər ki, “bu, barışıqdan sonra ən yaxşı kitabdır”. O zamanın ədəbi mühitində bu kitab ögey roman kimi sayılırdı. O, bizə sərhədi aşaraq dənizin o tayından gəlmişdi. Kitab adamdan dözümlü səbir tələb edən soyuq yaz sazağında bizə günəş haqqında ekzotik möcüzələr danışmırdı, günəşdən uzun illər feyz alan yorğun asudə adam kimi danışırdı. Köhnə rejimi bir daha öz əllərilə dəfn etmək və ya dəyərsizliyini anlatmaq onun vəzifəsinə daxil deyildi. Romanı oxuyarkən xatırlayırsan ki, bir zamanlar yüksək qiymətləndirilən və nəyisə isbat etmək istəyindən uzaq əsərlər yaranıbmış. Amma, bütün bu təmənnasızlığa rəğmən, roman yenə də ikili mənada qəbul olunmaqda davam edirdi. Romanın personajı anasının ölümündən bir gün sonra “çimməyə yollanır, təsadüfi tanışlıq yaradır, komediya filminə baxıb ucadan qəhqəhə çəkir”, “günəşin ucbatından” ərəbi öldürür, edam ərəfəsində isə inandırmağa çalışır ki, “xoşbəxt idi və indiyə qədər də xoşbəxtdir”. O arzulayır ki, edam kürsüsü ətrafına çoxlu insan toplansın və “o nifrət dolu çağırışlarla qarşılansın”. Bu obrazı necə anlamaq olar? Bəziləri “o gicbəsər və miskin adamdır”, digərləri isə “o günahsızdır” - deyirlər. Lakin bu günahsızlığın hələ mənasını anlamaq lazımdır.
Bundan bir neçə ay sonra işıq üzü görən “Sizif haqqında əfsanə” essesində cənab Kamyu öz əsərinin çox dəqiq təhlilini verir. Onun qəhrəmanı nə mərhəmətli, nə də qəddardır, nə əxlaqlı, nə də mənəviyyatsız deyil. Ona bu kateqoriyalarla yanaşmaq olmaz. O xüsusi bir zümrəyə məxsusdur. Müəllif onu “absurd” sözü ilə ifadə edir. Lakin cənab Kamyunun qələminin məhsulu olan bu ifadə iki müxtəlif məna daşıyır: absurd - “belə də olmalıydı”- deyə bəzi insanlar tərəfindən eyni zamanda aydın şəkildə qəbul edilir. “Absurd” insan odur ki, hərəkətinin aqibəti ona məlum olsa da, nəticə çıxarmadan və tərəddüd etmədən onu davam etdirməkdə qərarlıdır. Nəticə etibarilə adi şey kimi, absurd nə deməkdir? O, insanın həyata olan münasibətindən başqa bir şey deyil. İlkin absurdluq- hər şeydən əvvəl insanın daxilən həyatla yovuşması tarazlığının pozulması, idrakla təbiətin qarşısıalınmaz dualizmi arasında insanın əbədiyyətə can atması, “rahatsızlığının” əsas mahiyyətini təşkil edən amillə onun bütün fəaliyyətinin mənasız olmasıdır. Ölüm - insan yaranışının mahiyyətindəki aradan qaldırılması mümkün olmayan müxtəlif çalarlı mövcudluqdur.
Düzünü desək, bu mövzu ədəbiyyatda heç də yeni deyil və cənab Kamyu belə bir iddiada da olmayıb. Bu XVII əsrin əvvəllərində aydın, hər şeylə maraqlanan, lakonik fransız düşüncəsinin məhsuludur. O, ümumilikdə, klassik epoxanın pessimist düşüncəsinə xidmət edirdi. Məgər, “əzəldən bizim taleyimizin fəlakətli, kövrək, insanın ölümə məhkum olduğunu” israr edən Paskalın özü deyildimi? Bəli, idraka öz yerini göstərən Paskal idi. Məgər o, cənab Kamyunun “Dünya heç də (tam) dərkedilməz və heç də sona qədər dərk ediləsi deyil” ifadəsini təsdiq etməzdimi? Cənab Kamyu “Sizif haqqında əfsanə” adlı buz kimi soyuq üsluba və mövzuya malik essesi ilə, Andlerin düzgün olaraq “Nitsenin ardıcılları” adlandırdığı fransız moralistlərinin böyük ideyalarının davamçısı kimi çıxış edir. Bizim idrakımızın imkanlarına onun tərəddüdlə yanaşması məsələsinə gəldikdə isə, bu çox qədim fransız epistemologiya (məktublaşma tərc.) ənənələri ilə bağlıdır. Əgər Puankerin, Dügemin, Meyersonun elmi nominalizmini xatırlamalı olsaq, müəllifin müasir elmə qarşı irəli sürdüyü məzəmmət və qınaqlar bizə aydın olar.
Əslində, cənab Kamyu müəyyən mənada bütün bunlarla razılaşır. Onun orijinallığı bundan ibarətdir ki, o, pessimist aforizmlərin kataloqunu tərtib etmir, öz fikrini məntiqi sonluğa çatdırır. Əlbəttə, ayrı-ayrılıqda götürdükdə, nə insan, nə də dünyanın özü absurd deyil, lakin insanın əsas xüsusiyyətini onun “varlığa” olan münasibəti təyin edir. Məhz, bundan qidalanaraq, nəticədə absurdluq onun taleyinin ayrılmaz hissəsinə çevrilir.
“...Biz ölümə məhkum olduğumuz üçün sabahımız yoxdur”. “...Əgər mən ağac kimi yaransaydım, təbiətin bir hissəsini təşkil etmiş olardım və həyatımın mənası olardı. O zaman mən bu dünya ilə barışar və idrakımla ona qarşı çıxmazdım”. Beləliklə, romanın məqsədi aydınlaşır: bu “kənar adam” dünyaya qarşı dayanıb. Kənar adam insanlar arasında da yaddır. Nəhayət, kənar adam kimi mən özüm də özümə yadam, başqa sözlə, bu təbii varlıq öz idrakı ilə savaşdadır: “Kənar adam odur ki, ani olaraq bizə güzgüdə görünür”.
Lakin məsələ təkcə bunda deyil: absurdun özündə hansısa cəzbedici qüvvə var. Absurd adam həyatını intiharla bitirmir, o inandığı həqiqətdən bir an belə ayrılmadan yaşamaq istəyir. O, həyatla barışmayaraq, gələcəyi olmayan, ümidsiz adam kimi yaşayır. Absurd insan özünü dünyaya qarşı üsyan anında təsdiq etmiş olur. O, ölümün üzünə ehtirasla baxır və bundan yaranan heyranlıq içində özünü azad hiss edir. Hər bir hərəkətinə bəraət qazandırır. Sonda bu qənaətə gəlir ki, artıq o, ölüm üzərində qələbə çalıb: “...Əgər Allah yoxdursa və insan ölümə məhkumdursa, demək o, nə istəyirsə edə bilər. Absurd insanın idealı budur: İndiki anda, zamanın bu axarında ruhun yeganə bir istəyi var: həmişə oyaq olan ağılın tələb etdiyini yerinə yetir. Vəssalam!”.
Bu kimi etik normalar qarşısında bütün dəyərlər məhv edilir. Dünyaya atılmış üsyankar, məsuliyyətsiz, “heç bir bəraətə ehtiyacı olmayan”- absurd insanın mahiyyəti bundan ibarətdir. O günahsızdır. S.Moemanın vəhşiləri kimi günahsızdır absurd adam. Ta o vaxta kimi, rahib gəlib onlara Xeyirlə Şəri tanıdan zamana qədər. Nəyi olar, nəyi olmazı qandırana qədər. Bax, burada biz cənab Kamyunu anlamağa başlayırıq. Onun təsvir etmək istədiyi kənar adam elə sadəlövhlərdəndir ki, o, cəmiyyəti qıcıqlandırır, onlarda qorxu yaradır, çünki cəmiyyətin oyun qaydalarına riayət etmir. O, elə bir kənar adamların əhatəsində yaşayır ki, onun özü də həmin cəmiyyət üçün kənar adamdır. Məhz bu xüsusiyyətə görə bəzi adamlar onu oynaşı Marini sevən kimi sevirlər. Çünki, o da qəribə adam idi. Digərləri isə ona nifrət edəcək. O, bunu məhkəmə heyəti qərar verəndə hiss edəcək. Elə bizim özümüz də kitabı açan kimi absurd hissin mahiyyətini bilmədən, onunla sona qədər tanış olmadan, vərdiş etdiyimiz kimi, Mersonu mühakimə etməyə çalışırıq. Bizim üçün o da kənar adamdır.
“Sizif haqqında əfsanə” bizə müəllifin romanını necə anlamağı başa saldı. Biz doğrudan da orada absurd romanın nəzəriyyəsini tapırıq. Cənab Kamyu yazır: “Bu kitab olmaya da bilərdi, necə ki, bu daş, bu çay, bu simalar olmaya bilər. Lakin, bu varlıqlar mövcud olduğu üçün bu kitab da yazılmalıydı. Mən onu yazmaya bilməzdim. Mənə ondan xilas olmaq lazım idi”.
Biz yenidən sürrealist terrorizm mövzusu ilə qarşılaşırıq: hər cür incəsənət əsəri kiminsə həyatından qopan bir vərəqdir. Əlbəttə, o, bunu ifadə edə də bilər, etməyə də bilər. Bu o deməkdir ki, cənab Kamyu “həyatını incəsənətə həsr etmiş yazıçılar” kimi, əsərinə qarşı həddindən artıq diqqətli olmağı oxucudan tələb etmir. “Kənar adam” onun həyatından qopan bir vərəqdir. Əslində, incəsənət- gərəksiz səxavətdir. Odur ki, cənab Kamyunun paradokslarından qorxmaq lazım deyil. Burada Kantın gözəlliklə bağlı dediyi müdrik bir ifadəni işlətməyin yeridir: “Gözəllik- heç bir məqsəd daşımayan məqsədyönlükdür”. Biz də Kamyunu heç bir məqsəd güdmədən, gözlənilmədən iki insanın- müəlliflə oxucunun təsadüfi görüşünə bais olan bir vasitə kimi qəbul etməliyik.
Əgər cənab Kamyu istəsəydi ki, ənənəvi roman yazsın, orada öz ailəsi içərisində hökmran olan və qəflətən absurd vəziyyətə düşən bir məmurun obrazını yaratsın, bu onun üçün heç də çətin iş deyildi. Lakin o, bu ənənəvi yolla getmədi, hətta absurdun nəzəriyyəsi ilə tanış olan oxucunu belə, “Kənar adam”ın qəhrəmanı olan Merso ilə dilemma qarşısında qoydu.
Bütün bunlarla yanaşı, elə fikir yaranmasın ki, cənab Kamyunun “Kənar adam”ı hər hansı yaradıcı niyyətdən uzaqdır. Romanı diqqətlə oxuduqda yazıçının niyyəti açıq-aydın görünür. Yazıçı absurd hisslə absurdluq anlayışını kəskin şəkildə fərqləndirir. Bu barədə o yazır: “Dahi əsərlər kimi, dərin hisslər də bilavasitə ifadə olunduğundan daha böyük məna daşıyır... Bu hisslər ya özündə geniş bir aləm daşıyır və ya da heç bir əhəmiyyət kəsb etmir”. Bir qədər sonra qeyd edir: “Ona görə də absurd hisslə absurdluq anlayışı bir-birindən fərqlidir. Hiss anlayışın əsasını təşkil edir, vəssalam”.
Demək olar ki, “Sizif haqqında əfsanə” essesinin məqsədi absurd haqqında anlayışı bizə izah etməkdən ibarətdir və “Kənar adam” da bizə bunu izah edir.
Tərcümə edən: Zakir ABBAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!