Qaranlıqda ümid axtarışı... - Xatirə NURGÜL

 

Rus avanqard rəssamı Kazimir Maleviçin 1915-ci ildə yaratdığı "Qara kvadrat" adlı rəsm əsəri var. Rəsmdə sözün birbaşa mənasında qara rəngli düzbucaqlı təsvir olunub. İncəsənət araşdırmaçıları əsərə müxtəlif təfsirlər verməyə çalışarkən rəsmə sadəcə olaraq qara düzbucaqlı kimi yanaşan tamaşaçıda da müxtəlif versiyalar yaratmağa müvəffəq olmuşlar. Onların bəziləri bunun, sadəcə, "qara kub" olduğunu iddia etdiyi halda, digərləri əsərin uğursuz alındığı qənaətindədir. "Kvadrat"ı incəsənətdə iğtişaş yaratmaq cəhdi adlandıran digər qrup isə rəsmdə abstraktlıq, ən azından, anarxist cizgilər tapmağa cəhd göstərmişdir. Rəsmi dinlə əlaqələndirən, hətta şarlatanlıq adlandıranlar, siyasi don geyindirənlər də var. Bir qrup fikir sahibi isə əsəri incəsənətdə böhran adlandırır (fikrimcə, böhran ifadəsinin bu əsərin ideyası ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur).

Müasir rus yazıçısı Yuri Polyakovun "Süddə çəpiş" adlı romanının ideyası da təxminən Maleviçin kvadratı ilə eyniyyət təşkil edir. Əsərin əsas qəhrəmanı olan yazıçı qəribə bir eksperiment etmək qərarına gəlir; bunun üçün o, ədəbi mühitə yeni yazar daxil etmək və həmin "yazar"ın əsərləri ilə mühitdə çaşqınlıq yaratmağa çalışır. Və buna müvəffəq olur. Gənc yazarın əsəri təkcə öz çevrəsində deyil, hətta yuxarı ədəbi orqanlarda da səs-küyə səbəb olur, haqqında uzun-uzadı məqalələr, tənqidlər, təriflər yazılır. Kitabın çapı üçün naşirlər bəhsə girir, ağlagəlməz məbləğdə qonorarlar təklif olunur. Gənc yazarın mətbuat katibi rolunu oynayan yazıçı isə gözləmədiyi hadisələrin fonunda o qədər çarəsiz vəziyyətə düşür ki, az qala özü də yaratdığı obrazın "istedad"ına inanmaq həddinə çatır. Nəhayət, bəhs edilən romanın sadəcə olaraq qalınüzlü qovluq və ağ vərəqlərdən (!) ibarət olduğu məlum olur və bununla da oxucu əsərin sonuna yetişdiyini düşünür. Amma əksi baş verir, irəlidə həmin ağ vərəqlərin kitab halında çap edildiyini görürük. Tənqidçilər kitabı ədəbiyyatda "yenilik" kimi təqdim edirlər, hər kəs onu əldə etməyə çalışır, müxtəlif təyinatlarda istifadə edirlər (məsələn, evdar qadınlar "kitab"ın səhifələrinə yemək reseptləri yazır və s.).

Qəribədir, deyilmi? Yoxluğun varlıq kimi təqdimatı və bunun qarşı tərəfdən də qənaətbəxş hesab olunması. Sanki dumanlıqda günəşin işartılarını, səhrada bulaqdan axan suyun səsini axtarmaq kimi.

Tanrının insana dərketmə qabiliyyəti verməsi, təkcə gözlə gördüyünü deyil, görmədiyini də qəbul etməsinə rəvac vermişdir. Ateistlərlə dindarların polemikalarında rast gəlinən, birincilərin "adi gözlə görmədiyinə inam gətirmək olmaz" iddiası önündə "vicdan, sevgi, qorxu, nifrəti də adi gözlə görmürsən, bu onların yoxluğunamı işarədir?" tutarlı cavabı fikir sahiblərinin əksəriyyətinə tanışdır. Həqiqətən də, maddi varlıqlar kimi mənəvi aləm anlayışını da qəbul ediriksə, əlimizin toxunmaq iqtidarında olmadığı nəsnələri niyə tanımazdan gələk ki?

Lap elə Maleviçin "Qara kvadrat" əsərini götürək. Fikrimcə, rəsmdə adi gözlə görə bildiyimiz qara kvadrat həm də gözlə görmək iqtidarında olmadığımız axirətə qapı rolunu oynayır. Əlbəttə ki, rəssamın inanclı və ya əksinə, inancsız biri olması bu qənaətimə təsirsiz ötüşmür. Amma bütün hallarda tamaşaçı öz fikrini əsas götürəcəkdir. İslama görə insan ölümün ardınca Məad mərhələsini keçməli, Bərzəx aləminin sakini olmalı, cənnət və ya cəhənnəmdə məskunlaşana, yəni, qiyamətə qədər ərafda qalmalıdır (Həm monoteist, həm də politeist dinlərdə bu inamın fərqli variantları öz əksini tapır. Məsələn, xristianlıqda insanın öldükdən sonra təmizləyici məqamına, yəni ruhun təmizlənmə mərhələsinə qədəm qoyduğu qeyd edilir. Əraf əvəzinə orada Purqatorium termini işlənir ki, bu da günahkar insanların ölümdən sonra ruhlarının qalıq günahlardan təmizləndiyi yer mənasını ifadə edir). Lakin yaşayan insanın həmin aləmlər haqqında bilgisi qapısı bağlı, içərisi isə qaranlıq olan otaq kimidir. Eynən Kazimir Maleviçin kvadratı kimi. Bir sözlə, bütün hallarda, bütün mümkün variantlardan yararlanmağa çalışsaq belə, yekun nəticəyə gəlmək mümkün olmayacaqdır.

Müqəddəs kitablarda deyilir ki, Tanrı insanı yoxdan yaratdı. "Yox" özü də qaranlıqdır. Başqa sözlə desək, "qara" rəngə boyanmış ərazidir. Burada hansısa enerjinin, kodların olması isə mütləqdir ki, bu da gözlə görünməsinin mümkünsüz olduğu, amma görünmədiyi halda "yoxdur" deməyin heç də uğurlu fikir olmadığı haqqında aksiomdur. Maddi varlıqlarda kodların toplanması elmin müəyyən sahələrinin sırf məşğul olduğu sahədir. Əslində, insanın özü də - bütövlükdə götürsək, kodlaşmış enerji yığınıdır. Onun hələ ana bətnində qazandığı xəstəliklər, hətta vərdişlər də vardır ki, cismini ömrü boyu tərk etmir.

***

Bütün vəziyyətlərdə qaranlıq gizli, sirli məqamları özündə saxlayan, gizlədən ərazidir. Onun arxasında günəşli bahar sabahı da ola bilər, səhra tənhalığı da. Orada bizi sülh də gözləyə bilər, savaş da. Amma hər bir halda ən yaxşısına ümid etməliyik. Axı qaranlıqdan qurtulmaq üçün bizə xırdaca kibrit çöpü də kifayət edər. Yetər ki, həmin çöpü saxlayan barmaqlarımız titrəməsin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!