Məhəmməd İqbalın "Cavidnamə" əsərində Eşq - Bəsirə ƏZİZƏLİ

M.İqbal Allaha yaxınlaşmağın üç mərhələsindən bəhs edir, şair bunu özünəməxsus şəkildə Mövlananın sözləriylə üç şahid kimi təqdim edir. M.İqbala görə, ilk şahid insanın öz şüurudur, insan öz nuru ilə, ilk növbədə, özünü dərk etməlidir. İkinci şahid, başqasının şüuru, başqasının nuru ilə özünü görməkdir. Üçüncü şahid isə zati-Haqqın şüurudur, insanın öz mənliyini Haqq nuruyla tanıması, dərk etməsidir. M.İqbal belə hesab edir ki, həyatın məqsədi, məhz, bu sonuncu Mənlik məqamına yetişməkdir

"Eşq ruhuma görmə zövqü, dilimə danışmaq cəsarəti verdi" deyən Pakistanın görkəmli şair və filosofu, islam alimi Məhəmməd İqbalın yaradıcılığı bir sıra mühüm cəhətləri ilə səciyyəvi olmuşdur. Şərq və Qərb mədəniyyətini dərindən bilən M.İqbalın dünyagörüşündə islam dini, eşq fəlsəfəsi, kamil insan və mən konsepsiyası, həyatın praktik qavramı vəhdətdə ifadə edilmişdir. M.İqbal XX əsrdə müsəlmanların maddi-mənəvi inkişafı, Şərq və Qərb arasındakı münasibətlərin sülh və tolerant dəyərlər əsasında qurulmasının tərəfdarı kimi çıxış edirdi. M.İqbalın eşq fəlsəfsi, Şərq və Qərb mədəniyyətinə səslənişi, Şərqin inkişafı, müsəlman dünyasının tərəqqisi, islam dininin ucalığını göstərən əsərləri arasında "Cavidnamə" əsəri xüsusi yer tutur. Filosof şairin 1929-1932-ci illər arasında yazdığı "Cavidnamə" mənzuməsi XIII-XIV əsrlərdə yaşamış məşhur italyan şairi Aligyeri Dantenin "İlahi komediya" əsərinə nəzirə və oğlu Cavidə müraciətlə yazılmışdır.

Əsərin quruluşu, qəhrəmanları, M.İqbalın istinad etdiyi mənbələr, fəlsəfəsi Pakistan şairinin bədii konsepsiyasındakı ilahi eşq və bəşəri dəyərlərdən xəbər verir. Oğlu Cavidin simasında gənc nəslə müraciətlə yazılan əsərin irəli sürdüyü ideyaların önəmli bir tarixi mərhələdə yazılmasına baxmayaraq, gələcək üçün də aktual olacağı əsərin adından da bəlli olur. Çünki "Cavid" sözü "əbədi, daimi, qalıcı, ölümsüz" mənalarını ifadə etməkdədir. 86 il sonra əsəri oxuduğumuzda bu fikirlərin doğru olduğunun bir daha şahidi oluruq. M.İqbal özü də əsərdə yazır:

 

Qədim pirlərdən ümudini kəsən mən

Bir az bəhs edəcəyəm gələcək günlərdən.

 

Çağdaşı olduğu zamanın çərçivəsi ilə məhdudlaşmayıb gələcəyə səslənən şairlərin millətlərin tarixində mühüm rol oynadığını yazan M.İqbal onları peyğəmbərlərin varisləri hesab edir:

 

Şairin amacı əgər insan yaratmaqdırsa,

Şairlər də varisidir peyğəmbərlərin.

 

M.İqbal da cəmiyyətin inkişafı, müsəlman millətlərinin oyanışı, Şərq və Qərb arasındakı münasibətlərin düzgün qurulmasında şair-filosof kimi yaxından iştirak etmiş, şairi olmayan milləti "torpaq yığını" adlandıraraq, şairlərin daim axtarışda olduğunu göstərmiş, Haqqın "göz, könül və söz" verdiyi şairlərin varlığın sirli pərdəsinin qaldırılmasındakı rolundan bəhs etmişdir.

Əsərdə peyğəmbərin meracı məsələsinin önəmli yer tutması, böyük türk və islam şairi Mövlana Cəlaləddin Ruminin əsərdə əsas qəhrəman kimi seçilməsi, italyan şairi Dante və alman şairi Hötenin təsiri, İqbalın əsərdəki adının - Zinderudun İsfahandakı məşhur bir irmağın adını daşıması, Şərq və Qərb dünyasının məşhur simalarının ruhları ilə söhbətlərin verilməsi böyük məna kəsb edir. Bu M.İqbalın zəngin dünyagörüşü, tolerant düşüncəsi, sevgi, barış və sülh arzularından irəli gəlirdi.

Mövlana Abdussalam Nadavi əsərin yazılmasından bəhs edərkən önəmli bir məqamı qeyd edirdi: "Dr. İqbal uzun zamandır ki, Hz. Peyğəmbərin sirr və gerçəkləri ilə bağlı bir kitab yazmağa hazırlaşırdı və yeni "Gülşəni-Raz"da olduğu kimi müasir elmlərin işığında Meracın şərhini vermək, bir növ Yeni Meracnamə qələmə almaq istəyirdi. Lakin o ərəfədə ünlü italyan şairi Dantenin "İlahi komediya"sı haqqında Avropada yayılan fikirlərdən, əsərin içindəki hadisələrin Hz. Məhəmmədin Meracına dayandığı, ya da sonrakı ədib və mütəsəvviflərin əsərlərindən alındığı kimi önəmli fikirlər ortaya çıxdıqdan sonra İqbal onları nəzərə alaraq "Cavidnamə"ni yazmışdır". Bu baxımdan da əsər bir nəzirə kimi meydana çıxsa da, M.İqbalın orijinal fikirlərini əks etdirməkdədir.

İslam düşüncəsinə sahib, Qərb elmini və dünyasını yaxından bilən M.İqbal "əvvəlki dövrlərin fitnə dönəmində Mövlana vardı, son çağın fitnə dönəmində mən varam" deyərək "Cavidnamə" əsərində Mövlananın izi ilə göyə qalxır, Allahın hüzuruna çıxır və təcəllisini görür.  İqbal Mövlananın bələdçiliyi ilə Ay və ulduzlardan keçərək Tevasin vadisinə gəlir, sonra Merkuri, Venera, Mars, Yupiter və Saturn planetlərini gəzir, bir çox məşhur simaların ruhları ilə rastlaşır və söhbət edir.  Bu əsərdə M.İqbalın eşq fəlsəfəsi və Şərq-Qərb münasibətlərinə baxışı ön plandadır. M.İqbal əsərin ilahi dünya ilə bağlı olduğunu belə ifadə etmişdir:

 

Sözlərim gəlir başqa bir aləmdən

Bu kitab gəlir başqa bir göy üzündən.

Əsərin "Yalvarış" hissəsində M.İqbal eşqdən məhrum olan "ağıllı dünyanın" fəlakətlərindən qorunmaq üçün eşqə dönüşü, insanın mənəvi başlanğıcına sadiqliyini arzu edir. "Ağıl müasir çağ üçün bir ayaq bağıdır" deyən İqbal elm və eşqi müqayisə edir:

 

Elm cəhd ilə məqamına yetişir

Eşqin köşkü yuxusuz könül olur.

Elm eşqdən nəsibini almayınca

Düşüncəyə səhnə olmaqdan

                        başqa məqsədi nədir?

 

M.İqbalın eşq konsepsiyasının mərkəzində Allah sevgisi dayanır, şair və filosof belə hesab edir ki, Allahı sevən hər kəs bütün insanlığı da, varlıqları da sevər:

 

Haqqın camalına sevdalanan hər kişi

Bütün varlıqların əfəndisi olar, şübhəsiz.

 

M.İqbal Allaha yaxınlaşmağın üç mərhələsindən bəhs edir, şair bunu özünəməxsus şəkildə Mövlananın sözləriylə üç şahid kimi təqdim edir. M.İqbala görə, ilk şahid insanın öz şüurudur, insan öz nuru ilə, ilk növbədə, özünü dərk etməlidir. İkinci şahid, başqasının şüuru, başqasının nuru ilə özünü görməkdir. Üçüncü şahid isə zati-Haqqın şüurudur, insanın öz mənliyini Haqq nuruyla tanıması, dərk etməsidir. M.İqbal belə hesab edir ki, həyatın məqsədi, məhz, bu sonuncu Mənlik məqamına yetişməkdir:

 

Mənlik məqamına yetişməkdir həyat

Haqq zatını pərdəsiz görməkdir həyat.

Mömün sifətlərə bağlanıb qalıb

Mustafa razı olmadı qeyrisinə.

Nədir merac? Şahid olmaq arzusu.

Şahidlə üz-üzə bir imtahan faktı.

"Cavidnamə" əsərində M.İqbal Mənlik məqamına qovuşmaq üçün meraca yüksəlməyi, üç şahid mərhələsindən keçməyi vacib sayır. Əsərdə birinci şahid Zinderud adı ilə təqdim edilən müəllif, ikinci şahid Mövlana Rumi, üçüncü şahid isə Haqqdır.

Rumi M.İqbalın mənəvi mürşidi olmuşdur. Əslində üç şahid fikrinin ideya mənbəyi həm də Mövlananın digər sözləridir. Hələ əsərin əvvəlində "Mövlana" bölümü təqdim olunarkən M.İqbal dahi şairin sözlərindən nümunə ilə başlayır:

 

İnsan gözdür, gerisi dəri,

Göz dediyin dostu görməli.

Görmə bacarığında ərit bütün bədənini

Görməyi bil, görməyi bil, görməyi".

 

Burada üç dəfə təkrar olunan "görməyi bil" sözünün ifadə etdiyi mənanı M.İqbal "Cavidnamə" əsərində üç şahid kimi təqdim etmişdir. Ona görə də İqbal "Göz bəsirətli isə hər şey görülməyə dəyər, Göz tərəzisində dartılmağa dəyər, Rumi haraya aparsa, get, bir müddət ondan başqasını unut - deyir". Əsərdə İqbal "Ariflərin dini nədir" sualına da "Görməkdir" deyə cavab verir.

Eşq M.İqbal fəlsəfəsinin əsasında dayanır. M.İqbal "eşq kamilləşəndə insan belə yarada bilər" düşüncəsinə sahib filosof şairdir. Eşq, İqbala görə, həm dünyanın dərki, həm Allaha gedən yol, həm də həyat tərzidir. İslam alimi və mütəsəvvif olaraq M.İqbal ilahi eşqi uca tutduğu kimi, çağdaşı olduğu zamanın həyat tərzində də eşqin, sevginin rolunu yüksək qiymətləndirir. Mütəfəkkir şairə görə, eşq qərblinin fikrində yaşam sistemi, şərqlinin nəzərində isə kainatın sirridir. Şair eşq və ağılın vəhdətini qəbul edir, ona görə ağıl, məhz, eşq sayəsində Haqqı tanıyır, eşq ağılla birlikdə olarsa, yeni bir aləm yaradar. Şair qəlbi eşqlə zəngin insanların öz təsirini gücləndirmək üçün bir ağıl gücünə də ehtiyacı olduğunu irəli sürür. Ona görə də M.İqbalın düşüncəsində Şərq və Qərbin yüksək dəyərləri sintezdə təqdim olunur. İnsanın ucalığını ifadə edərkən də İqbal eşqə sahib insanı yüksək məqamdan dəyərləndirir:

Dünya insanoğlunun içinə sığar amma

İnsanoğlu sığmaz bu dünyaya.

 

Burada dahi Azərbaycan şairi Nəsiminin təsiri aydın şəkildə duyulur:

 

Məndə sığar iki cahan,

                        mən bu cahanə sığmazam,

Gövhəri laməkan mənəm,

                        kövnü məkanə sığmazam.

 

Görünür ki, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri kimi Azərbaycan şairlərinin əsərlərindən bəhrələnən M.İqbal Nəsimi yaradıcılığına da bələd olmuşdur.

M.İqbala görə, eşq dindir, şair çağdaşı olduğu dövrün dinsiz, eşqsiz təhsilini qəbul etmir və söyləyir:

 

Həyatın qanunu, adəti eşq

Din mədəniyyətinin əslidir və dindir eşq.

 

Eşq və elm məsələsi "Cavidnamə" əsərində mühüm yer tutur. M.İqbala görə, eşq və elm yaşamın məqamlarıdır. Elm araşdırmalardan əldə edir zövqü, eşq isə yaratmaqla ləzzət alır. Şair belə hesab edir ki, araşdırmaçı etdiklərini göstərməyi, eşq isə xəlvətə çəkilməyi sevir. M.İqbal "Quran"a istina edərək elm kəsb etməyin çox vacib olduğunu söyləyir, eyni zamanda, insan qəlbini Haqqa bağlayan ən önəmli vasitə olan eşqsiz elmin faydasızlığını ön plana çəkir:

 

Qəlb Haqqa bağlanırsa, peyğəmbərlik

Haqqdan uzaq qalırsa kafirlik olar.

Qəlb atəşindən uzaq elm, şeir

İşığı, dəniz və qurunu qaranlıq edər.

 

M.İqbal elmin gücü ilə yaradılmış bombaların Avropanın əli ilə törətdiyi qırğınları, fəlakətləri, elm və texnikanın nailiyyətlərini millətləri istismar etməyə yönəltmiş müstəmləkəçiləri nümunə göstərərək, elmin eşq ilə iblisdən uzaqlaşacağını, Haqqın ədalətinə qovuşa biləcəyini dönə-dönə söyləyir:

 

Elmdə eşq olmazsa, batil bir elm olur

Eşq varsa elmdə illahi kimliyə qovuşur.

Ağıl bir ox, yolunu itirmiş

Aç korun gözünə göstər Haqq camalını.

 

M.İqbal yeni dünyanın şərtlərini, eşq konsepsiyasını, Şərq və Qərb arasındakı münasibətləri "Quran"a dönməkdə, özünü dərk edən insanın öz mənəvi dünyasında Allahın təcəllisini görməkdə görür. "Cavidnamə" əsərində Osmanlı sədrəzəmi Said Halim paşanın dilindən söyləyir:

 

Müsəlmanlar kimi qəlbin varsa,

Öz içinə bax və bir də Qurana.

Onun ayətlərində yüzlərcə yeni dünya

Əsrlər dolanmış onun hər anına!

Onun bir dünyası çağımıza bədəl

Göksündə duyan könül varsa gəl!

 

M.İqbalın düşüncələrinin mərkəzində eşq ilə kamilləşən insan dayanır. Şair insanlıq məqamının göylərdən uca olduğunu, insana hörmətin mədəniyyətin əsasında dayandığını dönə-dönə qeyd edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!