“Səhnəyə reallıq çıxmalıdır, başqa yol yoxdur” - "Dördüncü divar" layihəsinin qonağı Gənc Tamaşaçılar Teatrının aktyoru Manaf Dadaşovdur

Məni təəccübləndirmək bir az çətin olduğundan bir neçə dəfə kitabı yarımçıq saxlamışam, oxumamışam. İndi daha çox yapon ədəbiyyatı məni cəlb edir. Bu yaxınlarda Aqutaqava Rünoskenin kitabını oxudum. Müəllif oxucu kimi məni öz ardınca aparırdı. Teatrda, film də belədir. Sənət gərək tamaşaçını öz ardınca aparsın.

 

Bugünkü "Dördüncü divar"

layihəsinin qonağı

Gənc Tamaşaçılar Teatrının aktyoru

Manaf Dadaşovdur.

 

- Manaf bəy, rejissorluq fakültəsini bitirmisiniz. Nə üçün idarə etməyi yox, idarə olunmağı seçdiniz?

- Zənnimcə, rejissorluq səbir tələb edən peşədir. Mən də təbiətən səbirsiz adam olduğumdan rejissorluq peşəsi üçün uyğun xarakterə malik deyiləm. Həm də rejissor dostlarımın necə zəhmətlər çəkdiyini görürəm. Buna görə də rejissorluq işində onlara dost kimi, aktyor kimi kömək olmağa çalışıram. Amma sırf rejissor olmaq mənim aləmimdə insandan böyük ürək tələb edir.

- Siz həm də teatrda aktyor kimi işləyəndən sonra universitetə qəbul olmusunuz...

- Bəli. İlk dəfə Ramiz Məmmədov mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi. Elə teatrda işləyə-işləyə də universitetə qəbul olundum. Bəxtimdən sənət müəllimlərim də savadlı və gözəl insanlar oldular. Əvvəl Hafiz Quliyevdən, daha sonra isə Qəmər Məmmədovadan dərs aldım. Onların hər ikisinin mənim üzərimdə böyük zəhmətləri olub.

O vaxt düşünürdüm ki, nəhayətdə rejissorluq da teatr və kino sənətinin bir sahəsidir. Həm də gənc idim. Fikirləşirdim ki, ikinci, üçüncü kursda fakültəmi dəyişərəm. Amma sonralar aktyorluq həyatım o qədər qaynar ötüb-keçdi ki, buna, sözün açığı, macal tapmadım. Teatrda ard-arda oynadığım tamaşalar, qastrol səfərləri xeyli zamanımı alırdı. Bu gün isə təbii ki, aktyoruq fakültəsi üzrə təhsil almamağın təəssüfünü müəyyən mənada yaşayıram. 

- Çoxsaylı tamaşalarda rollarınız var. Filmlərdə, seriallarda da iştirak edirsiniz. Olurmu ki, ifa etdiyiniz obrazları özünüzlə evə gətirəsiniz?

- Ümumiyyətlə, rollarımı ifa edərkən maksimum obrazlarımla özüm arasında olan məsafəni qorumağa çalışıram. Ancaq "Bir ailəm var" serialının çəkilişləri ərəfəsində belə hal yaşamışdım. Orda Kamil adlı mənfi obrazı canlandırırdım. Hiss edirdim ki, məndə Kamilləşmə gedir. Obraza həddindən artıq qapılmışdım, bir yandan da küçədə tamaşaçılar məni Kamil kimi çağırırdılar. Bugünə qədər tamaşaçı məni Kamil kimi qəbul edib, tanıyır. Sonra anam məni bu vəziyyətdən çıxardı. O, həmin serialı izləyirdi. Hiss etmişdi ki, mən Kamildən uzaqlaşa bilmirəm.

- Öz rollarınıza sonradan tamaşa edirsiniz?

- Xeyr, xoşlamıram. Mən hətta iştirak etdiyim toy şənliklərinin belə video yazısına baxa bilmirəm. Teatr və televiziya ilə bağlı isə, ümumiyyətlə, heç bir obrazımı ekrandan izləməyi sevmirəm. Etiraf edim ki, bu barədə kompleksim var. Çox nadir hallarda ötəri baxıb keçə bilərəm. Bu da sırf tipajı yadda saxlamaqdan ötrüdür ki, başqa rollarımda yenidən həmin obraza müraciət edə bilim.

- Cümhuriyyətlə bağlı çəkilən "Sonuncu iclas" filmində iştirak edən aktyorların böyük əksəriyyəti sizin teatrın aktyorları və belə deyək də, sizin nəsildaşlarınızdır. Mehribançılıq nə yerdədir?

- Mən teatrları bölmək, ayırmaq istəmirəm. Xoşlamıram belə şeyləri. Amma həqiqətən də bu gün bizim teatrda mənimlə birgə işləyən aktyorlar, dostlarım bir-birilə çox mehriban, həqiqi sənət atmosferində işləyən insanlardılar. Çox az teatrlarımızda belə ab-hava var.

- İlk rolunuz Nicat Kazımovun tamaşasından başlanıb...

- Nicat Kazımovun mənim aktyorluq həyatımda xüsusi yeri var. İstedadlı və qiymətli insandır. İlk dəfə onun quruluşunda "Ələddinin sehrli çırağı"nda Carçı rolunu ifa etmişəm. Düzdür, ilk dəfə o, məni bəyənməmişdi. Amma sonralar mən elə onun tamaşaları ilə tanındım. "Pəri-cadu", "Leyli və Məcnun", "Qoca Kloun" kimi uğurlu tamaşalarımız olub. Tamaşaçı məni həmin rollarımla sevib. Hal-hazırda Nicatın ən sevimli aktyorlarından biriyəm. Onunla ən uğurlu işlərimizdən biri də Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Kölgə" tamaşası olub. Orada mən Maliyyə naziri rolunu ifa etmişdim. Həmin obraz da o zaman yaxşı mənada səs-küy yaratmışdı. Elə maliyyə naziri obrazı ilə də mənim Akademik Milli Dram Teatrında işləmək imkanım vardı. Amma getmədim.

- Ümumiyyətlə, başqa teatrlardan rəsmi dəvət gəlsə, gedərsiniz?

- Ancaq Akademik Milli Dram Teatrından dəvət olsa, məmnuniyyətlə razılaşaram və bunu özüm üçün fəxr hesab edərəm.

- "Bir cənub şəhəri" filmində Həsən obrazı ilə məşhurlaşan atanız - aktyor Məcid Dadaşov da bir müddət Dram Teatrında işləyib.

- Atam həmin filmə çəkildi. Sonra bir neçə filmdə də epizodik rolları oldu. Onu da deyim ki, "Bir cənub şəhəri" filmindəki məhlə qədeşlərini canlandıran aktyorlar demək olar ki, özlərini oynayıblar.

Atam bir müddət teatrda işlədi. Sonra isə ümumiyyətlə, sənətdən getdi. Müxtəlif vəzifələrdə çalışdı.

Bilirsiniz, teatrda işləmək hər xarakter üçün uyğun deyil. Atam bəzi məsələlər vardı ki, onlarla razılaşmadı, onları qəbul etmədi.  Mən də onun oğluyam. Mənim kimi xasiyyəti olan adamlar, ümumiyyətlə, sənətdə olmalı deyillər. Xasiyyətim tünddür, müəyyən şeylər var ki, onları qəbul etmirəm. Amma bütün bunlara baxmayaraq mən atam kimi sənəti atmadım.

- Atanızın sizin aktyorluq seçiminizə hansısa təsiri oldu?

- Nəslimizdə Afaq Bəşirqızı, Atabala Səfərov, Ramiz Məmmədov kimi məşhur aktyorlar olduğundan, atamdan qanımda aktyorluq vardı. Məktəb vaxtı dərnəklərdə çox iştirak edirdim. Sonralar isə dostum Anar Heybətov məni aktyorluğa həvəsləndirdi. Amma o, mənə təxminən belə demişdi ki, hansı sənəti seçirsənsə, uğur olsun. Ancaq aktyor olmaq istəsən, bil ki, bu sahədə qazanc yoxdur. O, mənə işin, belə deyək də, əsas tərəfini demişdi. Mənim üçün isə işlədiyin, əziyyət çəkdiyin peşədən pul qazana bilməmək ağlasığmaz idi. Amma sonralar, elə indi də görürəm ki, atam haqlı imiş.

- Özünüzü aktyor kimi realizə edə bilirsinizmi?

- İndi yox, neçə illər əvvəl mən özümü təsdiq edə bilmişəm. Mən varam və on beş il ərzində Azərbaycan incəsənətində seçilən insanlardan biriyəm. Yəni, oxucular bunu qeyri-təvazökarlıq kimi anlamasınlar. Amma istənilən yaradıcı atmosferdə özümə qarşı olan diqqətin, hörmətin, fərqli münasibətin olmasını hiss edirəm. Və bu həqiqətən də məni fərəhləndirir. İnanın, heç bir vaxt öz mənimi mərkəzə qoymağa çalışmamışam. Sənətə dair yüksək iddialarım olmayıb. Bizdə elə aktyorlar var ki, onların səhnədəki on beş yaşlı əzmlərinə, məşqlərdəki amansız həvəs və iddialarına məəttəl qalıram. Mən elə deyiləm. Rolumu təhvil alanda bir fikrim olur: Ümumi işin içərisində yaxşı iş görüm və elə həmin ümumi işin içərisində mənim də adım çəkilsin, xoş söz deyilsin. Mən də bundan həzz alım.

- Elə rollarınız olubmu ki, aktyor kimi sizi sözün əsl mənasında çətinə salıb?

- Hər bir rolumda həmin mərhələ olub ki, öz-özümə düşünmüşəm - İlahi, görəsən necə olacaq? Elə götürək "Ana" tamaşasındakı Orxan obrazını. Mən özüm çevrilib Orxan olmuşdum. Qəribə burasıdır ki, bir insan kimi, Manaf Dadaşov kimi mənim yaddaşım çox zəifdir. Amma şeiriyyatla bağlı sözlər yaddaşıma necə həkk olmuşdusa, mən özüm də məəttəl qalmışdım. Bu bir az da mənim səhnədə həyəcanlanmağımla, rolun məsuliyyətini dərindən hiss etməyimlə bağlıdır. İndi sizinlə belə nizamlı, əhatəli danışmağıma baxmayın, səhnəyə çıxanda həyəcanlanıram. Bəzən də səhhətimizlə bağlı problemlər yarananda özümüzdən asılı olmayan situasiyalar yaranır. Misal üçün, "Romeo və Culyetta" tamaşasında çox pis öskürürdüm. Rolun hərəkətinə uyğun vəziyyətlər tapıb öskürürdüm. Başqa çıxış yolum qalmırdı.

- Teatr, məşhurluq, sənət və sənət adamları ilə əhatə olunmuş mühit... Bütün bu müsbətlərlə yanaşı, aktyorluq sənətinin şəxsi həyatla bağlı yəqin ki, mənfi tərəfləri də var.

- İnsanın həyatına təsir edəcək tərəfləri təbii ki, var. Otuz yeddi yaşım var, hələ də ailə qurmamışam. Eləcə də, yaşı irəliləyən aktrisalarımız da var ki, ailə qurmayıblar. Ailəli aktyorlarımız da var. Amma onlar da çox azdırlar. Mənim ailə qurmamağımın əsas səbəbi isə xasiyyətimlə bağlıdır. Həm də fikrimcə, indi daha keçmiş zamanlar deyil. İnsanlar müasirdilər və haqlı olaraq zamanla ayaqlaşmaq istəyirlər. Ailə də elə ittifaqdır ki, orada çatışmazlıqlar olmamalıdır. Xasiyyətim də bir az elədir ki, ürəyim istəyən işi mütləq edirəm. Bəzən elə olur ki, gecə saat beşdə ürəyim istəyir ki, Xızıya gedim. Əgər getmək istəyirəmsə, mütləq gedəcəm. Arzumun qarşısına heç nə keçə bilməz.

- Masanızın üzərində kitablar var. Mütaliəyə həvəs və vaxtınız olur?

- Kitablarımın çoxunu yığışdırmışam. Mənim anam ədəbiyyat müəlliməsi olub. Ona görə də həvəs həmişə var. Vaxtaşırı da oxumağa çalışıram. Mütaliə yaradıcı bazanın azalmasının, yoxa çıxmasının qarşısını alır. İştirak etdiyim tamaşalarda da əgər müəllifi tanımıramsa, onun haqqında, əsərləri barədə mütləq araşdırma edirəm.

Məni təəccübləndirmək bir az çətin olduğundan bir neçə dəfə kitabı yarımçıq saxlamışam, oxumamışam. İndi daha çox yapon ədəbiyyatı məni cəlb edir. Bu yaxınlarda Aqutaqava Rünoskenin kitabını oxudum. Müəllif oxucu kimi məni öz ardınca aparırdı. Teatrda, film də belədir. Sənət gərək tamaşaçını öz ardınca aparsın. Teatrın, sənətin dili yoxdur. Olmamalıdır.

- Hansı aktyor texnikası ilə işləyirsiniz?

- Stanislavski texnikası ilə işləyirəm. Səhnədə yaşantı və bu yaşantının tamaşaçıya çatdırılması vacibdir. Aktyorun əsas vəzifəsi ifa edəcəyi xarakteri tapmaqdır. Həmin xarakter zala, tamaşaçıya sözü, hərəkəti ilə nəsə çatdırmalıdı. Bu çatdırılma da mütləq yaşantı vasitəsilə olmalıdı. Yaşantı isə müəyyən vaxtdan sonra texnikaya çevrilir. Səhnəyə reallıq çıxmalıdı, başqa yol yoxdur. Teatrda hər bir tamaşa məşqdir. Bir dəfə xəstə halda tamaşada iştirak etdim. Sonra dostlarım dedilər ki, onsuz da məşq edirdik də. Yəni, bizim üçün hər bir tamaşa həm də məşq deməkdir.

- Sizin obrazlarınızda bir az iblisanəlik də var...

- Hər bir hadisənin başlanğıcında bir mənfi, bir də müsbət tərəf olur. "Ana" tamaşasındakı hadisələrin əzəlində də şeytanilik vardı. Daha doğrusu, hər şeyin başlanğıcı Orxan idi.

- Faciəni yaradan əslində Orxandır...

- Əlbəttə. Orxanın siz deyən iblisanə arzusunun ucbatından neçə insan bədbəxt olur. O, öz sevgisi uğrunda mübarizə aparır, ona qovuşmaq istəyir. Bu sadə bir insan arzusudur. Amma digər tərəfdən o, qadağan olunan arzuya meyl edir. Və sonu da bədbəxtliklə nəticələnir.

- Olubmu ki, ən çətin anınızda səhnəyə çıxmağa məcbur olasınız?

- Mən, sözün düzü, belə hal yaşamamışam. Amma atam dünyasını dəyişəndə onun ölümündən xəbərsiz səhnədə olmuşam. Beynəlxalq layihələrdən olan "Xortdanın cəhənnəmdən məktubları" tamaşasına gələndə atamın vəziyyəti ağır idi. Tamaşada iştirak etdim. Antrakt zamanı baxdım ki, hansı aktyorlar ki, evə getməlidirlər, onlar nədənsə getməyiblər. Və mənimlə birgə ardımca otağa gəlib-gedirlər. Əvvəlcə ağlıma heç nə gəlmədi. Hərdənbir zarafat da edərək, "niyə evinizə çıxıb getmirsiniz" deyirdim. Sən demə onlar artıq atamın rəhmətə getdiyini bilirmişlər. Tamaşa davam etdiyindən mənə deyə bilməyiblər. Tamaşa bitəndən sonra evdən zəng gələndə mən artıq anladım ki, o, dünyasını dəyişib. Yəni, tamaşa vaxtı həmin hadisənin şiddətini yaşamadığımdan bu barədə hansısa təəssüratım da yoxdu.

- Atanız sənətdən getməyinin xiffətini çəkirdi?

- Yox. Hər halda, mən hiss etməmişdim. Çünki teatrdan sonra onun bəxti gətirdi və müxtəlif vəzifələrə getdi. Onun əhatəsi də geniş olduğundan, məncə, o qədər də ciddi təəssüf hissi yaşamayıb.

 

Söhbətləşdi: Samirə Əşrəf

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!