Samirə Əşrəf - Oğlunun qatilini evində gizlədən ana...

Sənət, mədəniyyət əsrlərdir, istedadlı, həmçinin də təmənnasız insanların zəhmətləri sayəsində bərqərar olub, işıq saçıb. Biz bu baxımdan bəxti gətirmiş xalqıq ki, məmləkətimizdə istedadlı və vicdanlı, əqidəsini heç nəyə satmayan, mübariz insanlar hər zaman mövcud olub.  Onlar öz ardıcıllarını yetişdirməyi bacarıblar. Belə olmasaydı ötən əsrin əvvəllərində istər maarifçilikdə, istər ədəbiyyatda teatr, musiqi sahəsində möcüzəvi sənətkarlar yetişməzdi. Dramaturgiyamızın ən parlaq isimləri də məhz həmin çətin dövrlərdə təcəlli ediblər.

Uzun zamandır ki, teatrlarımız Hüseyn Cavid yaradıcılığına müraciət etmirdilər. Sonuncu dəfə Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluşu ilə səhnələşdirilmiş "Afət" tamaşası dramaturqun yaradıcılığına ən ciddi münasibət idi.

Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının səhnəsində Hüseyn Cavidin "Ana" mənzum dramının premyerası olacağını eşitdim. Ana rolunu isə uzun illərdir gözdən, könüldən uzaq düşmüş əməkdar artist Nübar Novruzova ifa edəcəkdi.

Sözün doğrusu, Gənc Tamaşaçılar Teatrından sonuncu dəfə üç, dörd il əvvəl çıxmışam. Adını çəkmək istəmədiyim tamaşa məşhur rejissor tərəfindən hazırlansa da xeyli ciddi qüsurlarla məni həmin teatrdan təcrid etmişdi. Baxmayaraq ki, baş rolun ifaçısı öz rolunu şövqlə ifa etmişdi.

"Ana" tamaşası gözlədiyimin əksinə çox yaxşı səhnə mizanları ilə hazırlanmışdı. Tamaşanın rejissoru Bəhram Osmanov, əsas rolların ifaçıları Nübar Növruzova, İradə Rəşidova, Manaf Dadaşov, Elnur Kərimov, Ramiq Nəsirov, Vahid Orucoğlu həqiqətən də sənətə ehtiva edən aktyorluq nümayiş etdirdilər. Nübar Novruzovanın ana obrazı qətiyyətli, emossional, koloritli idi. Aktrisa öz obrazının xarakterik xüsusiyyətlərini daxili həyəcanları ilə birgə möhtəşəm formada tamaşaçıya ötürməyi bacarırdı. Nübar Novruzova böyük aktyorluq məktəbi keçmiş, bu gün teatr sütunlarının var olmasına səbəb olmuş sənətkarlardandır. Biz özümüzü tanıyandan belə aktyorların rolları ilə formalaşıb, böyüdük. Xasiyyətimizdə olan müsbət, humanist keyfiyyətlərə görə həm də bu cür sənət adamlarının yaratdıqları rollara da borcluyuq. Çünki onlar nə keçmişdə, nə də indi falş, qeyri peşəkar obrazlarla çıxış etməyiblər. Biz bu gün də geri çevrilib baxanda, nostalji hisslərin ağuşuna atılanda Nübar Novruzova və onun kimi digər sənətkarları hörmət və ehtiramla xatırlayırıq. Onlar həm də bizim uşaqlığımız, gəncliyimiz və bu günümüzdür.

Tamaşada qatil rolunun ifaçısı Elnur Kərimovun yaratdığı qatil obrazı son dərəcədə gözəl idi. Təxminən üç, dörd dəqiqə aktyorun kim olduğunu kəsdirə bilməmişdim. Halbuki o, tanış səs tembrinə və səhnə məşhurluğuna malik aktyordu. Onun qatilində istər milli dramaturgiyanın, istərsə də xarici dramaturgiyanın izləri mövcud idi. Elnur Kərimov "Ana" tamaşasında qatili canlandırdığı qədər də əminəm ki Dostoyevskinin "Cinayət və cəza" əsərindəki Roskolnikovu da yaratmağı bacarar. Onun yaratdığı obrazın düşmən əlindən qaçışı, anaya sığınması, özünü ananın əllərinə təslim etməsi və dərhal da qorxuya düşüb hiyləgərcə xilas olmaq cəhdlərini aktyor böyük məharətlə öz obrazında əks etdirirdi.

Aktyor Manaf Dadaşovun yaratdığı Orxan obrazı da koloriti ilə yaddaqalan idi. Əsl bəy, çərkəz qiyafəsi ilə səhnəyə atılan aktyor obrazının bütün xüsusiyyətlərini tamaşada açmağı bacardı. Gah sinəsi sevgi atəşi ilə qovrulan aşiq, gah da fitnəkar, nəfsi, şəhvəti uğrunda qatilliyə qədər etdiyi amansızlıqlar aktyorluq texnikası baxımından ustalıqla idarə olunurdu. Çərkəzi geyim, buxara papaqla o, sanki "Hekayəti Xırsi-Quldurbasan", "Dəli Kür", "Geriyə baxma, qoca" əsərlərinin içərisindən çıxıb gəlmişdi. Teatr və aktyorluq sənətinin sirri, sehri də məhz bu gəlişlərlə tamaşaçını ovsunlayıb öz möcüzəsini göstərməkdədir. Manaf Dadaşovu bir neçə serialda ötəri görsəm də, obrazlarına o qədər də diqqət etməmişəm, açığı. Amma səhnədəki sərhədsiz ifası, tamaşaçını cəlb etmək qabiliyyəti alqışlanasıdır. Sözün doğrusu, bu cür istedadlı aktyoru gec kəşf etdiyim üçün xeyli pəjmürdə olmuşdum.

Amma bu pəjmürdəlikdə özümü o qədər də günahkar bilmirəm. Neyçün ki, əvvəldə də qeyd etdiyim kimi sənət hər zaman istedadlı və təmənnasız insanların vasitəsilə təbliğ olunub, yayılır.

Hüseyn Cavid dramaturgiyasına olan müraciətə, uğurlu tamaşanı ərsəyə gətirənlərə təşəkkür edərək ürəyinin yağını sənət naminə əridən hər kəsə uğurlar arzulayıram.

 

İyun 2018

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!