Yaşım az olsaydı, itirdiklərim məni bu qədər sarsıtmazdı
Onunla görüşməyi çoxdan arzulayırdım. İfa etdiyi muğamlara, musiqilərə qatdığı gözəllik, ruhu dincəldən həlimlik bu arzumu həmişə təzə saxlayırdı. Amma layihəmizin formatı teatrla bağlı olduğundan məndə bu arzunun mümkünsüzlüyü qənaəti yaratmışdı. Bir gün qəfildən, lapdan ağlıma gəldi ki, axı dəfələrələ onun adının qarşısında Opera və Balet Teatrının solisti sözlərini eşitmişəm. Kiçik bir araşdırma bəs etdi ki, Opera və Balet Teatrının əvəzolunmaz solistini, Məcnununu, Aşıq Qəribini, Kərəmini, Xanəndəsini "Dördüncü divar"a doğru çəkim. Beləliklə, bugünkü qonağımız respublikanın əməkdar artisti İlkin Əhmədovdur.
- İlkin bəy, sizin musiqiyə gəlişinizin maraqlı tarixçəsi var. Səhv etmirəmsə, Bakıda xanəndəlik üzrə təhsil alan qardaşınıza həyan olmaq üçün gəlsəniz də, iş elə gətirib ki, qardaşınız yox, siz xanəndə olmusunuz. Bu, sizcə, istedad idi, ya tale, alın yazısı?
- Məncə, elə tale idi. Qardaşım Rüfət Əhmədzadə məndən altı yaş balaca idi. İncəsənət Gimnaziyasında oxuyurdu. O vaxtı 23 nisan uşaq yarışmasına qatılmış, Türkiyədən qızıl medalla qayıtmışdı. Füsunkar bir səsi vardı. Mən hələ indiyənə qədər kimdəsə elə səs tutmamışam. Elə oldu ki, o, Bakıda tək qalmasın deyə atam məsləhət gördü ki, ona həyan kimi paytaxta gəlim. Yataqxanada bizə bir otaq verdilər. Yaşayışımız da elə siz deyən yaxşı deyildi. Sonra qardaşımın səsində keçid dövrü başlandı. Özü də bir az tez başlandı. On iki, on üç yaşı olanda onun səsi oturdu. Elə onun səsi oturan kimi mənim səsim açılmağa başladı.
- Bəs konkret olaraq necə oldu ki, xanəndəliyi seçdiniz?
- On birinci sinfdə oxuyanda mən indiki Azərbaycan İqdisad Universitetinə hazırlaşırdım. Elə hazırlıq ərəfəsində təsadüfən Rüfətin dərsinə getmişdim. Əlibaba Məmmədov da Rüfətin müəllimi idi. Əlibaba müəllim məni görəndə dedi ki, "eşitmişəm sənin də gözəl səsin var. Bir-iki ağız oxu görüm." Mən oxuyandan sonra dedi: "Sənin nə gözəl səsin var. Sən indi hara gedəcəksən?" O, Milli Konservatoriyanın və Asəf Zeynallı adına musiqi kollecinin adlarını çəkdi. Mən də kənddən təzəcə gəlmiş uşaq idim. Elə bilməzə-görməzə qayıtdım ki, "yox, Əlibaba müəllim, mən İqtisad Universitetinə hazırlaşıram. İqtisadçı olacam." Baxdı mənə, dedi "ay oğul, dəli olma, sənin gül kimi səsin var. İqtisadiyyat nədir? Atan-anan varmı? Varsa, get, onlara de, səni musiqi sahəsinə, xanəndəliyə yönləndirsinlər."
Ondan sonra evimizə gələndə rəhmətlik atama Əlibaba müəllimin sözlərini dedim, bu fikir atamın ağlına batdı. Məsləhət gördü ki, musiqi sahəsinə istiqamətlənim. Başqaları yuz balı güclə yığdığı halda mən test imtahanında iki yüz səskən bal topladım. Əvvəl İncəsənət Gimnaziyasına daxil oldum. Oranı bitirəndən sonra isə Milli Konsrvatoriyaya sənədlərimi verdim. 2006-cı ildə oranı da bitirdim. Sonra başım işə, qastrol səfərlərinə qarışdı. Magistraturaya vaxt qalmadı. Nəhayət 2010-cu ildə Milli Konservartoriyanın rəhbəri Siyavuş Kəriminin də dəstəyi ilə magistraturaya qəbul oldum və oranı qırmızı diplomla bitirdim.
- Hər bir sənətdə olduğu kimi, xanəndəlikdə də bir ustad şagird söhbəti var...
- Bəli. Əlibaba müəllim mənim bu sənəti seçməyimdə bir növ, belə deyək də, səbəbkar olub. Allah rəhmət eləsin, Ağaxan Abdullayev İncəsənət gimnaziyasında iki il müəllimim olub. Amma mən professional səhnəyə, sənətə gəlişimi, muğamın dərinliklərinə yiyələnməyə Arif Babayevin sinfindən başlamışam. Əsl sənət yaradıcılığına Arif müəllimin xeyir-duası, köməyi və istiqaməti ilə gəlmişəm.
- Bizdə muğam əsasən üç məktəb üzrə inkişaf edib. Qarabağ, Bakı və Şirvan məktəbinin nümayəndələri daha qabaqcıl olublar. Ümumiyyətlə, regionun, xüsusilə, də təbiətin xanəndənin səsində nə dərəcədə rolu var?
- Sadəcə olaraq şivə və ləhcə dəyişkənliyi rol oynayır. İfaçılıqda və səs məsələsində şivədən başqa heç bir dəyişkənlik yoxdur. Eyni yol, eyni muğam və onun şöbələridir. İstər Bakı, istər Şirvan, istərsə də Qarabağ ifaçıları olsun, hamımız eyni muğamı oxuyuruq. Adlar müxtəlif ola bilər, amma muğam eynidir.
- Axı fərqli mühitlərdə inkişaf amili də var...
- Heç bir fərqli mühiti qəbul etmirəm. Yenə də deyirəm bircə şivə məsələsini çıxsaq, eyni muğamdır, eyni şöbələrdi. Muğamın istiqaməti eynidir. Muğam sevənlər də məhz həmin istiqaməti sevirlər, sadəcə ola bilər ki, Şirvan, Qarabağ və başqa ləhcələrdə sevirlər. Bu sadaladığımız məktəb nüansına başqa mənfi yanaşmalar olur. Çoxları elə bu məqamı tutaraq parçalanma salırlar. Bu isə doğru deyil. Hələ lap bineyi-qədimdən Qarabağda bizim güclü səsə malik xanəndələrimiz olub. Onlar Bakı toylarında, Abşeron kəndlərindəki toylarda püxtələşiblər. Eləcə də Şirvan ifaçıları da Bakı kəndlərinin toylarında püxtələşiblər. Bakı kənd toyları bizim üçün muğamın məktəbi, akademiyasıdır. Şəxsən mənim üçün də elə olub. Birdən elə olurdu ki, bir toyda dörd dəsgah ifa edirdim. Belə olanda da nəfəs yenilənir, yeni fikirlər və improvizələr yaranırdı. İndi xeyli vaxtdır ki, işlərimin çoxluğu ilə əlaqədar olaraq mən o toylarda iştirak edə bilmirəm. Hiss edirəm ki, muğamın müxtəlif şöbələrini yaddan çıxarıram. Bu mənada Abşeron kəndləri mənim üçün məktəbdir. Bakı insanları həm çörəkli olurlar, həm də sənətə, sənətkara qiymət verməyi, diqqətli olmağı gözəl bacarırlar. Eləcə də Şirvan əhli və s. Bilirsiniz, muğamı yaxşı ifa edə bilmək üçün yerindən, məkanından, bölgəsindən asılı olmayaraq ürək qoyaraq, xaric səs olmadan peşəkarca ifa etmək lazımdır.
- Opera və Balet Teatrının solistisiniz. "Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm", "Xanəndənin taleyi" tamaşalarının baş qəhrəmanısınız. Xüsuslilə "Leyli və Məcnun" tamaşasında həm qiraət, həm canlı muğam ifa edirdiniz. Bunlarla yanaşı bir də teatrın estetikasna uyğuna olaraq səhnə mizanları üzərindən aktyorluq ifasını yerinə yetirirsiniz. Üçü bir arada yəqin ki, xeyli çətin idi?
- Allah mənə bu xoşbəxtliyi qismət edib ki, mən Opera və Balet Teatrına baş rolların ifaçısı kimi gəlmişəm və hal-hazırda da elə davam edirəm. Sonuncu "Xanəndənin taleyi" tamaşasında baş rolu ifa etmək üçün bizim teatrımızın direktoru, gözəl insan Akif Məlikov məni məsləhət bildi.
Bildiyiniz kimi "Leyli və Məcnun" tamaşasının rejissoru bizim teatrımızın baş rejissoru, əməkdar incəsənət xadimi çox nəcib və dəyərli insan olan Hafiz Quliyevdir.
Artıq səkkiz ildir ki, opera səhnəsində fəaliyyət göstərirəm. Sözünüzün qüvvəti "Leyli və Məcnun" tamaşası mənim üçün çox çətin və məsuliyyətli tamaşa olub. Çünki muğam ifaçısı kimi səhnəyə çıxanda ansamblın müşayiəti ilə qavalla musiqini ifa edib gedirsən. Vəssalam. Bununla da bir xanəndə kimi mənim işim bitir. Amma tamaşada vəziyyət başqa cürdür. Böyük bir orkestrin müşayiəti ilə oxumalı, danışmalı və aktyor kimi mizanlara uyğun hərəkətləri yerinə yetirməlisən. Bütün bunları edə bilmək üçün mən on səkkiz, hətta iyirmi ay məşq etmişəm. Bu qədər məşqə rəğmən hələ də müəyyən qüsurlarım var ki, məni özümdən narazı salır.
Bu tamaşanın qüdrətli olmasına səbəb əlbəttə ki, Füzulinin türk dilində yazdığı "Leyli və Məcnun" əsəridi. İkinci səbəb isə şərqdə ilk operanın təmələini qoyan Üzeyir Hacıbəyovun musiqiləridir. Bu operada Üzeyir Hacıbəyov yeddi muğamımızın hamısından istifadə edib. Və yerli-yerində, zərgər dəqiqliyilə elə bölgülər edib ki, heç bir janr digərini basdalamır. Əgər bu operanın hansısa hissəsində dəyişiklik olsa, tamaşa bütünlüklə məhv ola bilər. Burada siz qeyd etdiyiniz kimi xanəndə üç amili əsas götürərək böyük şöhrət qazana bilər. Səs, musiqi və mizanlar. Bu baxımdan çox məsuliyyətli tamaşadır.
- Əslində, hər bir xanəndənin taleyində opera çox uğurlu mərhələ olmalıdır...
- Əlbəttə, Opera və Balet Teatrının səhnəsində çıxış etmək həm şərəfdir, həm də ki, çətindir. O qədər teatra gəlib qayıdanlar, qaçanlar olub ki. Yerdə, döşəmədə sürünməyi özünə rəva bilməyən, məşqlərdə mütəmadi iştirak etməyi bacarmayanlar da çox olub. Amma mən onların hamısına dözmüşəm. Çünki bu sənəti sevmişəm. Və sizi inandırıram ki, sevgi olmasa çətin və məsuliyyətli şərtləri yerinə yetirmək mümkün deyil.
- Tamaşada belə deyək də tamaşanın bütün yükü sizin, yəni Məcnunun çiyinlərində idi. Böyük partiyaların demək olar ki, hamısında iştirak edirdiniz. Əsəri daha dərindən hiss etmək üçün klassik ədəbiyyat nümunələrinə müraciət etdiniz?
- Xeyr, heç bir əlavə mənbəyə ehtiyac hiss etmədim. Rejissor nəyi necə deyirdisə onları yerinə yetirirdim, onun fikirlərinə kökləndim. Çünki rejissorun mizanları çox güclü idi. Musiqi baxımından da mənim istər səs duymum, istərsə də intonasiyam da yaxşı səviyyədədir. Əgər aktyor diqqətli olsa, əsər özü hər bir məlumatı verir və təxəyyülün də inkişaf etməsinə kömək edir.
Misal üçün: "Yandı canım hicr ilə vəsli ruxi-yar istərəm, Dərdiməndi-firqətəm, dərmani-didar istərəm." Və yaxud da: "Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!" Burda anlaşılmaz nə var ki? İnsan Allaha yalvarır ki, eşqin bəlasından onu azad etməsin, əksinə eşqi onun canında daha da çoxaltsın ki, bütün bədəni, cismi məhv olsun. Yəni əsərin mənasını, sözlərini başa düşəndən sonra hissləri çatdırmaq, hətta göz yaşları axıtmaq da mümkündür.
- "Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və nəhayət "Xanəndənin taleyi". Dörd əsərdə baş qəhrəmansınız. Bu qəhrəmanlardan və əsərlərdən sizə ən doğması hansıdır?
- Bu sirr deyil ki, bizim muğam operalarımızn şah əsəri "Leyli və Məcnun"dur. Bu böyük əsəri heç nə ilə əvəz etmək mümkün deyil. Birincisi burada çox böyük məhəbbət dramı var, digər tərəfdən də bayaq qeyd etdiyim kimi yeddi muğamın hər biri bu operada istifadə olunub. Bundan başqa da bir çox nüanslar var ki, "Leyli və Məcnun"u bütün operalardan yüksəyə qaldırır. Həm də bu faktı tək Azərbaycana yox bütün Şərqə aid etmək olar. Ona görə də bu əsəri başqa bir əsərlə müqayisə etmək doğru deyil.
- İlkin bəy, səhv etmirəmsə sizinlə birgə teatrda Məcnun rolunu ifa edən digər xanəndələr də var...
- Mən teatra təzə gələndə xalq artisti Mənsum İbrahimov idi, daha sonra uzun illərdir teatrda fəaliyyət göstərən əməkdar artist Səbuhi İbayevdir. Məndən bir müddət sonra isə Elnur Zeynalov gəldi. Hal-hazırda teatrda belə deyək də dörd Məcnun var. Amma saysız-hesabsız Leylilərimiz var (gülür). İnşallah da, davamı olacaq.
- Amma teatrda Leyli obrazının uzun illərdən bəri bənzərsiz ifaçısı hesab olunan Nəzakət Teymurova artıq teatrdan uzaqlaşıb...
- Bəli. Nəzakət xanım, hardasa bir il olar ki, teatrdan gedib. Və onu da sizə deyim ki, Nəzakət Teymurovanın Leyli obrazından yoxdur. Onun Leylisi həqiqətən də şedevrdi.
- Biz sizinlə müsahibədən əvvəl söhbət edəndə bir neçə dəfə sizə müəllim deyə müraciət etmişdim. Sonra araşdıranda məlum oldu ki, dörd il pedaqoji fəaliyyətiniz olub. Ümumiyyətlə, müəllimlik üçün müəyyən yaş, təcrübə vacibdir, ya insanın özünü müəllim kimi hiss etməsi kifayət edir?
- Təcrübə, bilik hökmən lazımdır. Amma insanın özündə də ziyalılıq olmalıdır. Mənim sənət dostum Təyyar Bayramov da artıq yeddi, səkkiz ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Tələbələrindən "Qran-pri" mükafatı qazananlar olub. Mənim özümün tələbəm Taleh Hüseynov başqa sahədə təhsil alsa da, televiziya muğam müsabiqəsində onluğa düşdü. Sonra bəzi məsuliyyətsizlikləri onu geri saldı. İndi yenidən intizamla dərslərə başlayıb. Mən onun üzərində çox zəhmət çəkib, çalışdım. İstiqamətini yönləndirə-yönləndirə axır ki, onu xanəndə elədim. Tələbəni xanəndəyə çevirə bilməkdən ötrü gərək müəllimin özündə də olsun. Misal üçün, mən Arif müəllimin tələbəsi olanda gəlib muğamı ifa edirdim, nəsə xoşuna gəlməyəndə saxlayırdı izah edirdi. Vəssalam, bu mənə bəs edirdi. Növbəti dərsdə mənim dəsgahım artıq hazır olurdu. Yəni müəllimin aurasından da çox şey asılıdır. Elə müəllim də var ki, nə qədər oxusan da, çalışsan da hazır ola bilmirsən. Yəni pedaqoji fəaliyyət də bir sənətkarlıqdır. Həm də çətindir. Onu da gərək Allah insana istedad kimi bəxş etsin. Və mənə belə gəlir ki, hər bir xanəndənin pedaqoji fəaliyyəti, irsi, davamçıları olmalıdır.
- Sizi son dövrlər heyrətləndirən səs olub?
- Elə siz deyən kimi heyrətimə səbəb olacaq, özüm də daxil olmaqla, heyrətamiz səs eşitməmişəm. Amma xoş təsir bağışlayan, ruhumu oxşayan, mənə rahatlıq gətirən səslərimiz çoxdur.
- Danışıq tərziniz, fikirlərinizi ifadə etmək qabiliyyətiniz çox səlistdir. Etiraf edək ki, hər xanəndədə bu qədər ədəbi dil qabiliyyəti yoxdur. Ədəbiyyata münasibətiniz maraqlıdır...
- Mənim atam müəllim olub. Klassik ədəbiyyatımıza da çox böyük sevgisi olub. Bu sevgi ondan mənə də keçib. Hələ uşaqlıqdan nağıllarla, dastanlarla böyümüşdüm. Atam "Leyli və Məcnun" əsərini, "Koroğlu" dastanını beş barmağı kimi əzbər bilirdi. Bizə də o qədər nəql etmişdi ki, onları oxumağa ehtiyacımız qalmırdı. Amma orta məktəb dövründən mən klassik ədəbiyyatımızdan Nizami Gəncəvinin, Məhəmməd Fizulinin, Nəsiminin əsərlərini oxumuşam. Sonrakı dövrlərdə Cəfər Cabbarlının əsərlərini çox oxumuşam. Lap yetkinlik yaşlarımda isə ən çox sevdiyim yazıçılardan biri İsmayıl Şıxılı olub. Onun yaradıcılığına çox böyük sevgi bəsləmişəm. "Dəli Kür" romanını, yalan olmasın, ən azı beş dəfə oxumuşdum. Xarici ədəbiyyatdan Daniel Defonun "Robinzon Kruzo" romanı marağıma səbəb olmuşdu. Mən dizlərimi yerə atıb həmin əsəri oxuyur və yaşayırdım. Özümü kimsəsiz adada təsəvvür edirdim.
Sonralar hiss etdim ki, bədii ədəbiyyata maraq mənim inkişafıma, söz bazamın çoxalmasına, danışıq qabiliyyətimin formalaşmasına çox yüksək səviyyədə kömək edirmiş. İndi də ifa etdiyim muğamlardakı şeirlər, qəzəllər hamısı əzbərimdədir. Yuxulu-yuxulu da oyatsalar, hamısını əzbər deyə bilərəm.
Sizə deyim ki, mən nə orta məktəbə, nə də Konservatoriyaya elə belə, necə gəldi getməmişəm. Çox məsuliyyətli şagird olmuşam. Verilən tapşırığı yerinə yetirməyəndə özümü mənasız, maraqsız adam kimi hiss edirdim.
- Sizin məktəb illəriniz həm də müharibə, qaçqınlıq dövrü ilə üst-üstə düşüb...
- Doğrudur. Amma inanın ki, qaçqınlıqdan sonra daha da məsuliyyətli olmuşdum. O ağrı-acılar məni daha da mübariz və prinsipial etmişdi. Düşünrüdüm ki, mən hökmən yaxşı oxuyub bir tərəfə çıxmalıyam.
- Dediyiniz o ağrı-acılar, müharibə illərinin çətinlikləri sizin istər sənətkar, istərsə də insan kimi formalaşmanızda yəqin ki, müəyyən rol oynadı...
- Həmin çətin, məşəqqətli günləri görən, ağrıları yaşayan bir insan kimi mənim həyat təcrübəmdə, inkişafımda çox şeylərə təsir etdi, dəyişdi. Amma bir şeyi çox dərindən dərk etdim ki, insanın doğulduğu torpaq, ilk dəfə göz açdığı ocaq, ev əvəzsizdir. Sən istər yaşadığın ölkənin, istərsə də dünyanın harasına getsən də oranı, doğulduğun məkanı hər zaman arzulayacaqsan. Bəlkə də rayonumuz işğal olunanda mənim dünyanı dərk etmək yaşım az olsaydı, baş verənlər, itirdiklərim məni bu qədər dərindən sarsıtmazdı. Amma rayondan çıxanda mənim səkkiz yaşım vardı. Doğulduğum, səkkiz il yaşadığım, yaddaşıma hər anını yazdığım o yerləri mən necə unuda bilərəm?! Heç cür. Və bir şeyi də zaman keçdikcə dərindən dərk etdim ki, bizim torpaqlarımız, gözəlmiş, zənginliklərlə doluymuş...
Azərbaycanın bütün bölgələri gözəldir. Amma niyə bu gün Cəbrayılın çinarlı, qozlu meşələri, gurhagurla axan kəhrizləri, yeraltı dəryalardan aralanıb nazik damar kimi sızan buzlu bulaqları olmasın? Bütün bu olmayanlar məni sıxan, içimdə daim qövr edən bir yaraya, ağrıya çevrilib. Həmin yaralar ancaq o torpaqların qayıtması ilə qapanıb, sağala bilər.
Biz tez-tez dostlarla Fizuliyə, Cəbrayılın bizdə olan kəndlərinə səfər edirik. Cocuq Mərcanlının aşağısındakı post sonuncu postumuz idi. Gedirdik ordan, sıxıla-sıxıla, həsrətlə rayona baxırdıq. Cəbrayıldakı telestudiyanın qülləsi açıq-aydın görsənirdi. Görün, bu mənzərə adamı nə qədər dağlayır, necə duyğulandırır. Və həmin məqamlarda insanın əli həyatdan tamam üzülür. İnsan fikirləşir ki, axı nəyə görə yaşayır, yaşamalıdır? İki saatlıq məsafəsi olan torpağa əlin uzalı qalır, gedə bilmirsən. Amma mənim içimdə belə bir inam var ki, bizim torpaqlarımız hansı yolla olur olsun tezliklə azad olunacaq. Bizim Ali Baş Komandanımız torpaqlarımızı hər vasitə ilə geri qaytara bilər. Hərb lazım olsa, bununla da edə bilərik. Aprel döyüşləri də bunu sübut etdi. Amma bizim itkilərimiz, şəhidlərimiz çox olub. Minlərlə ana, bacı gözü yaşlı qalıb. Buna görə də inanıram ki, torpaqlarımız sülh yolu ilə geri qayıdacaq.
Söhbətləşdi:
Samirə ƏŞRƏF
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!