İki ilə yaxın davam edən "Dördüncü divar" layihəsi ilə bağlı görüşdüyüm kino, teatr, sənət adamlarının demək olar ki, hər birindən Elçin Əfəndiyevin yaradıcılığı, şəxsiyyətilə bağlı xoş və maraqlı fikirlər eşitmişəm. Eşitdiklərim mənim onun yaradıcılığı ilə bağlı müxtəlif qənaətə gəlməyimə də səbəb oldu. Bu qənaətdən sonra, doğrusu, Elçin müəllimin yaradıcılığından "Ölüm hökmü" və "Baş" romanlarını oxumaqla kifayətləndiyim üçün xeyli təəssüf hissi yaşadığımı da etiraf edirəm.
"Dördüncü divar" layihəsinin Elçin müəllimin yetmiş beş illiyinə həsr olunan xüsusi buraxılışını hazırlayarkən də onun haqqında görkəmli sənətkarlarımızdan gözəl sözlər eşitməyim, təbrikləri dinləməyim mənim bu təəssüfümü daha da artırdı. Sənət aləmində sözlərini demiş, möhürlərini vurmuş insanların bu qədər sadə, dəbdəbədən uzaq, ürəkdən gələn xoş sözləri əlbəttə ki, əbəs deyildir. Bunu onların səsindəki səmimiyyətdən, üzlərindəki təbəssümdən də hiss etmək olurdu.
Yaradıcılığı ilə yanaşı istər ədəbiyyatda, istərsə də sənət aləmində mütəvazi nüfuz sahibi olan Elçin müəllimə cansağlığı, könül rahatlığı arzulayaraq "Dördüncü divar" layihəsinin bugünkü qonaqlarının ona ünvanlanan təbriklərini diqqətinə çatdırırıq.
Azər Paşa Nemətov
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru
Elçin müəllim mənim yaxın dostumdur. Mən onun xətrini çox istəyirəm. Elçin müəllim romanları, pyesləri, esseləri ilə çox böyük yazıçıdır. Tənqidi yazıları ilə isə o, həm də çox yaxşı tənqidçi və ədəbiyyatşünasdır. Və nəhayət ki, ədəbiyyatın zirvəsi hesab olunan dramaturgiyadır ki, Elçin müəllim orda da özünü çox yüksək səviyyədə göstərməyi bacarıb. Mən onun "Ah, Paris, Paris", "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" əsərlərini səhnələşdirmişəm. Sonuncu dəfə isə "Cəhənnəm sakinləri" əsərini teatr üçün hazırladım. Bu əsər bizim teatrımızda çox böyük uğurla nümayiş olunur. Elə dünən gecə biz Türkiyənin Konya şəhərində keçirilən maraqlı teatr festivalından qayıtdıq. Bizim teatr da daxil olmaqla, on bir ölkənin teatrı orda iştirak edirdi. Və ən yüksək qiymət alan tamaşa bizim Elçinin "Cəhənnəm sakinləri" əsəri oldu. "Cəhənnəm sakinlər"i ordan çox böyük uğurla qayıtdı.
Böyük xoşbəxtlikdir ki, bizim qədim Azərbaycanımızda qədim xalqımızın böyük yazıçıları, ədəbiyyatşünasları olub. Nizami Gəncəvidən, Məhəmməd Fizulidən, İmadəddin Nəsimidən üzü bəri gəlsək, bizim böyük mütəfəkkirlərimiz, söz adamlarımız olub. Elçin müəllim də onların davamçısı kimi çox ləyaqətli yazıçı və insandır. Hesab edirəm ki, onun ad günü xalqımız üçün də sevimli gündür. Mən şəxsən öz adımdan, ailəm adından, bizim Milli Akakdemik Dram Teatrı adından və Azərbaycan Teatr Xadimləri İttifaqı adından Elçini ürəkdən təbrik edirəm. Ona firəvan, gözəl həyat arzu edirəm. Bizi yeni-yeni əsərləri ilə həmişə sevindirsin.
Xalq artisti Fəxrəddin Manafov
Bu gün müasir Azərbaycan ədəbiyyatına nəzər salsaq tam məsuliyyətimlə deyə bilərəm ki, teatr üçün dram əsərlərinin, həmçinin, kino ssenarilərinin müəllifi kimi Elçin müəllim ən öndə dayanan dramaturqlardan birincisidir. Əlbəttə ki, hal-hazırda teatrlarımız üçün əsərlər yazan başqa dramaturqlarımız da vardır. Amma Elçin müəllimin yazdığı əsərlər Azərbaycan teatr məkanında, xüsusən də paytaxtda olan Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına Rus Dram Teatrında, eləcə də Gəncədə, Lənkəranda, Naxçıvanda və başqa bölgələrimizdə fəaliyyət göstərən teatrlarımızda da səhnəyə qoyulub, dəfələrlə izlənilib, sevilib. Hətta, mən bildiyimə görə, 2013-cü ildə Elçin müəllimin "Mənim sevimli dəlim" pyesi Londonun "Tristan Bates" Teatrında səhnə təcəssümünü tapmışdır.
Təəssüf hissi ilə deyə bilərəm ki, teatrda işlədiyim dövrlərdə Elçin müəllimin hansısa əsərində iştirakım olmayıbdır. Amma kino sahəsində bəxtim gətirib. Bu gün böyük məmnuniyyətlə yada salıram ki, Elçin müəllimin iki möhtəşəm ssenarisi əsasında çəkilmiş filmlərdə iştirak etmişəm. Bunlardan biri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş "Hökmdarın taleyi" filmidir. Həmin filmdə İbrahim xan obrazını canlandırmaq mənə nəsib olub. Əsərin çəkilişləri çox maraqlı keçdi. Filmin operatoru Dilşad Fatxulin Moskvadan dəvət olunmuşdur. Çünki ssenari kino texnikasının tələbi ilə o qədər dəqiqliklə yazılmışdı ki, orada operator işi çox vacib idi. Bu filmdən sonra mən Elçin müəllimin ssenarisi ilə ekranlaşdırılan "Mahmud və Məryəm" filmində Ziyad xan obrazını canlandırdım. Bu film isə Türkiyə və Azərbaycanın birgə layihəsi idi. Və mənim üçün çox gözəl, ürəkaçıcı layihə idi. Həmçinin, aktyorluq sənəti baxımından da mənim üçün çox cəlbedici idi. Çünki iki fərqli teatr və kino məktəbinin nümayəndələrinin Elçin müəllimin ssenarisində görüşməsi, iş birliyi böyük maraq doğururdu. Türk sənətçiləri ilə bir araya gələndə onların işə münasibətlərində çox maraqlı fikirlər gördüm, kinoyla baglı müxtəlif texniki tərəflərinə fikir verdim.
Mən, ümumiyyətlə, Elçin müəllimin bütün əsərlərini mütaliə etmişəm və zaman-zaman həmin əsərlərə qayıdıb yenidən vərəqləmişəm. Mənim üçün fəxrdir ki, onun ssenarilərinə çəkilən filmlərdə işləmişəm.
Çox istərdim ki, Elçin müəllim teatr üçün yeni əsərlər yazsın. Mən də həmin əsərlərdə iştirak edim. Əgər bu iştirakım baş tutarsa, bu, mənə yalnız şərəf və məmnunluq hissi bəxş edəcək.
Elçin müəllimə cansağlığı arzu edirəm. Arzu edirəm ki, onun yaradıcılıq enerjisi heç zaman tükənməsin. Həmişə yeni əsərlər yazsın, biz də imkanımız olduqca onun əsərlərində iştirak edək.
Xalq artisti İranə Tağızadə
Mən çox xoşbəxtəm ki, mənim yaradıcılıq bioqrafiyamda Uilyam Şekspir, Fyodor Dostoyevski, Tennessi Uilyams, Jan Kokto ilə yanaşı Azərbaycan ədəbiyyatının gözəl ismi, xalq yazıçımız Elçinin də əsərləri yer alır. Və bu əsərlərin mənim yaradıcılığımda xüsusi yeri vardır. Elçin müəllimlə birlikdə biz iki tamaşa üzərində işləmişik. Mən onun iki tamaşasına quruluş vermişəm. Bunlardan biri "Teleskop" tamaşasıdır, hansı ki, Rus Dram Teatrının səhnəsində həyata keçirilib. Bu, bizim Elçin müəllimlə yaradıcılıq tandemimizin başlanğıcı olub. İkinci işimiz isə, əlbəttə ki, teatr ictimaiyyətində çox böyük rezonans doğuran "Sənətkarın taleyi" tamaşasıdır. Bu tamaşa, məlum olduğu kimi, dahi Hüseyn Ərəblinskiyə həsr olunub. Elçin bu əsərində Ərəblinskini yenidən səhnəyə qaytararaq ona həyat verdi, onun ölməzliyini bir daha sübut elədi. Elçin müəllim bu əsərini Ərəblinskinin timsalında o çətin illərdə Azərbaycan peşəkar teatrının yaradılmasında, inkişafında, teatrın yeni mərhələyə keçməsində zəhməti olan bütün teatr fədailərinə həsr etmişdir. Akademik Milli Dram Teatrında bu tamaşa böyük müvəffəqiyyətlə səhnəyə qoyuldu. İki il sonra Elçin müəllimin istəyi və təşəbbüsü ilə mən bu əsəri işlədiyim Rus Dram Teatrında da səhnəyə qoydum. Eyni müvəffəqiyyət və uğurla bu tamaşa bu gün də teatrın repertuarını bəzəyir. Elçin müəllim böyük intellektual, dünya və rus ədəbiyyatını incəliklərinə qədər sevən, bilən insandır. Mən hər şeydən əvvəl Elçin müəllimin insanlığına, dünyagörüşünə, daxili mədəniyyətinə vurulmuşam. Elçin müəllim öz yaradıcılığı ilə bu gün də Azərbaycan müasir ədəbiyyatının klassikidir. Onun əsərlərinə dünyanın bir çox ölkələrində müraciət olunur, teatrlarında səhnəyə qoyulur.
Elçin müəllimə uğurlar və cansağlığı arzulayıram. Arzu edirəm ki, o, bundan sonra da gözəl əsərlər yazıb-yaratsın. Və öz mükəmməl əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirsin.
Xalq artisti Lyudmila Duxovnaya
Bizim böyük yazıçı-dramaturq Elçinin yaradıcılığı ilə mənim tanışlığım hələ onun pyeslərində oynamamışdan öncə olub. Həmişə böyük zövq ala-ala məni öz aktuallığı ilə cəlb edən komediyalarını, hekayələrini, pyeslərini oxumuşam. Onun personajları çox canlı və müasirdir... Elçini müasir dövrümüzün Cəlil Məmmədquluzadəsi hesab edirəm. Mənə Elçinin pyeslərində rol ifa etmək də nəsib olub. 1995-ci ildə Səməd Vurğun adına Rus Dram Teatrında "Salam, mən sizin dayınızam" tamaşasında Silvana teatrın primadonnası olub. Nəinki daxili plastika, həm də xarici görüntü üçün dəqiq kostyumlar tələb edən çox maraqlı iş idi. Təsadüfi deyil ki, sonralar mənim qəhrəmanımın geyimi Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinə verildi. Akademik Milli Dram Teatrında 1997-ci ildə səhnələşdirilmiş "Ah, Paris, Paris" əsrindəki rolum mənə "tanış" bir iş idi. Bu, Azərbaycan teatr tarixində ilk quruluş idi ki, həm rus, həm də Azərbaycan dillərində idi. Biz ölkəmizin bir çox rayonlarında olduq və bizi gözəl qarşıladılar. Xüsusən, teatrı sevən ulu öndər Heydər Əliyev bizi yüksək qiymətləndirirdi. Elçin, öz əsərləri kimi - çox xoş, sadə və ünsiyyət üçün açıq insandır! Bütün qəlbimlə onu yubileyi münasibətiylə təbrik edir, can sağlığı, ilham, sönməyən enerji, yaradıcılıq uğurları arzulayıram.
Xalq artisti Məbud Məhərrəmov
Moskvada dərc olunan "Yunost" ədəbiyyat jurnalı vardı. Orada Elçin müəllimin "Gümüşü furqon" əsəri dərc olunmuşdu. İlk dəfə həmin əsəri oxumuşdum. Bu əsərdən sonra onun əsərlərinə marağım daha da artmışdı. Bundan başqa, Elçin müəllimin atası bizim İlyas Əfəndiyev mənim atamla dost olublar. Sonralar Elçin müəllim mənə dedi ki, mənim atamla İlyas müəllim Şəkidə bir məktəbdə dərs deyiblər.
Sonralar teatrda Elçin müəllimin pyesi əsasında işlənmiş "Salam, mən sizin dayınızam" tamaşasında Əhməd dayı rolunu ifa edirdim. İlyas müəllim həmin tamaşanın premyerasında iştirak edirdi.
Mən Elçinin teatrda səhnələşdirilən əsərlərində yaxından iştirak etmişəm. "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", "Poçt qutusunda xəyal" tamaşaları üzərində onunla işləmişik. Ən sonda isə "Üns" Yaradıcılıq səhnəsində Bəhram Osmanovun quruluşunda hazırlanmış "Şekspir" tamaşasında baş həkim rolunu ifa etdim. Ümumiyyətlə, qəribə bir təsadüf var ki, Elçin müəllimin əsərlərində mən ya ər rolunu, ya da həkim rolunu ifa etmişəm.
Arzu edirəm ki, Elçin müəllim yeni əsərlər yazsın, nə qədər imkan var, mən də onun əsərlərində məmnuniyyətlə iştirak etməyə hazıram. Ona cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Xalq artisti Ayan Mirqasımova
Elçin müəllimin "Mənim ərim dəlidir" əsərində Qız rolunu canlandırmışam. Tragikomediya janrnda əsərdi. O tamaşadan sonra baxırdım ki, tamaşaçılar məndən avtoqraf alırlar. Eyni tamşaçılar ikinci, üçüncü dəfə bizi izləməyə gəlirdilər. Tamaşaçılar onun pyesləri əsasında hazırlanmış tamaşalara gəlirlər, baxırlar və bəyənirlər. Çünki Elçin müəllim bu gün müasir dünyada nələr baş verdiyini çox gözəl müşahidə etməyi bacarır. Onun əsərlərini tamaşaçılar çox bəyənirlər.. Aktyorlar da çalışırlar ki, Elçin müəllimin əsərlərində iştirak etsinlər. Bilirlər ki, həmin rollar onlar üçün parlaq olacaq. Elçin müəllimi yubileyi münasibətilə təbrik edirəm. Ona sağlam can və yaradıcılıq uğurları arzulayıram.
Əməkdar artist Firdovsi Atakişiyev
Sovet dövründəki darıxdırıcı ideoloji ədəbiyyat fonunda Elçin müəllimin yazdığı əsərlər həmişə özünəməxsusluğu, romantizmi ilə seçilib. Yaxşı yadımdadır, məktəb illərində ədəbiyyat müəllimim həmişə mənə deyirdi ki, sənin danışığın yazıçı Elçinin danışığına bənzəyir. Onun sözlərindən sonra mən Elçin müəllimin televiziyadakı bütün çıxışlarını dinləməyə başladım. Mənə çox maraqlı gəlirdi ki, onunla mənim səsimdə hansı oxşarlıq ola bilər... Və mən ədəbi dilin, səmimi danışığın təcəssümünü Elçin müəllimin səsində, danışığında, diksiyasında anlayıb, dərk etmişəm.
Rus Dram Teatrına gəldiyim ilk gündən Elçin müəllimin bir çox əsərlərində maraqlı obrazlar ifa etmişəm. Yaradıclığımın şah əsəri isə əlbəttə ki, "Sənətkarın taleyi" əsərindəki Hüseyn Ərəblinski obrazıdır. Həmin əsər sanki məhz mənim taleyimə yazılmış əsərdir. Çünki bu əsərdə mən taleyin izni ilə Milli Akademik Dram Teatrının səhnəsində Azərbaycan dilində, ondan bir neçə il sonra isə Rus Dram Teatrının səhnəsində rus dilində iştirak etmişəm. "Sənətkarın taleyi" mənim bütün dünyaya, sənətə olan baxışımı dəyişdi. Elçin müəllim bu əsərini Ərəblinskinin timsalında öz həyatını, öz qəlbini teatra həsr etmiş insanlara aid edib. Əlbəttə ki, bu əsərin səhnə təcəssümü həm teatrsevərlər üçün, həm də teatr ictimaiyyəti üçün böyük bir hadisə oldu. Mən həmişə demişəm bu sözü, yenə də demək istəyirəm ki, Elçin müəllim "Sənətkarın taleyi" əsərini yazarkən təkcə pyes yazmayıb, həm də simfonik musiqi yazıb.
Müəllif bu əsəri elə həssaslıqla, ürəklə və incəliklə yaradıb ki, istər azərbaycandilli, istərsə də rus dilli həssas tamaşaçılar bu tamaşaya göz yaşı axıtmadan baxa bilmirlər. Doğrudan da bu, insan taleyi, şəxsiyyət faciəsidir.
Elçin müəllim barəsində çox danışa bilərəm, ürəyim də doludur. O insanı sevirəm. Elçin müəllim çox sağ olun, "Sənətkarın taleyi" üçün, çox sağ olun Ərəblinski üçün, çox sağ olun mənim belə uğurlu yaradıcılığım üçün. Çünki mənim yaradıcılığımı bəzəyən sizin əsərlərinizdir.
Rejissor Kamran Şahmərdan
May ayının 10-da Elçin müəllimin "Absurd" pyesini Səməd Vurğun adına Rus Dram Teatrında səhnələşdirəcəm. Bu mənim Elçin müəllimlə beşinci iş birliyimdir. Elçin mənim sevimli dramaturqumdur. Onunla, demək olar ki, səkkizinci ildir ki, birlikdə tamaşalar üzərində iş birliyimiz olur. Bundan başqa, Elçin müəllimin eyniadlı pyesi əsasında mən ötən il Gürcüstanda "Qatil" adlı film lentə aldım. Bugünə qədər də həmin film Gürcüstanda böyük maraqla izlənilir. Bizdə də ötən ilin əvvəlində Nizami kinoteatrında həmin filmin premyerası oldu. Sankt-Peterburq şəhərində isə Elçin müəllimin yenə də həmin əsərini səhnəyə qoydum. Bugünə qədər həmin tamaşa teatrın repertuarındadır.
Elçin müəllim Azərbaycanın ən sevimli, ən hörmətli yazıçılarından biridir.
Onun ad günü, mənə belə gəlir ki, bütün azərbaycanlılar üçün çox böyük bayramdır. Mən Elçin müəllimi ürəkdən təbrik edirəm.
Əməkdar artist Fizuli Hüseynov
Bu ailə ilə ilk tanışlığım İncəsənət Universitetində oxuduğum illərdə bizim fakültənin dekanı Timuçin Əfəndiyevlə olub. Mən o zaman tələbə olsam da, Timuçin müəllimin maraqlı insan olması bizim aramızda dostluq münasibəti yaratmışdı. Universitetdən sonra isə teatr həyatım başlayıb. İndi xatirimə gələnlərdən deyə bilərəm ki, İlyas müəllimin üç əsərində iştirak etmişəm; "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" əsərlərində rollarım olub. Adını çəkdiyim son iki əsərlə biz sovetlər dönəminin axırlarında Türkiyəyə səfər də etmişdik. İndiki kimi yadımdadır ki, hər iki tamaşa İstanbul Atatürk Kültür mərkəzində çox böyük uğur əldə etmişdi. İki min beş yüzlük yer olmasına baxmayaraq o zaman orada beş minə yaxın insan vardı. Ayaq üstə olan izləyicilərin sayı əyləşənlərdən çox idi desəm səhv etmərəm.
Elçin müəllim böyük yazıçı olmaqla yanaşı, həm də çox rahat, demokratik və əlçatan bir insandır. Mənim ona, ilk növbədə, bir insan kimi böyük hörmətim var. Həmçinin, Elçin müəllim qiymətli nasirdi. Yadıma gəlir ki, tələbə vaxt səhnə danışığı dərslərində biz onun hekayələrinə tez-tez müraciət edirdik. Bizim dövrümüzdə ən çox oxunan müəlliflərdən biri Elçin müəllim idi. Onun əsərləri - "Baladadaşın ilk məhəbbəti", "Poçt şöbəsində xəyal" xüsusən də "Mahmud və Məryəm" romanı əllərdə gəzirdi. Biz həvəslə həmin əsərləri oxuyub bir-birimizə ötürərdik. Sonra isə onların müzakirəsini edərdik.
Biz onunla son olaraq, "Teleskop" əsərində görüşdük. Elçin müəllimin "Cəhənnəm sakinləri" əsəri nə qədər mistik əsərdisə, "Teleskop" bir o qədər müasirdi. O, bizim bugünkü müasir, real klassikimizdir.
Elçin müəllimin duruşunda həmişə bir məğrurluq olub. Ona bu məğrurluğu itirməməsini, möhkəm cansağlığı arzu edirəm.
Əməkdar artist Münəvvər Əliyeva
Elçin müəllim barədə ürək sözlərim çoxdur. O, bir yazıçı kimi qadın hisslərini duymağı çox gözəl bacarır. Mən həmişə demişəm ki, Azərbaycanda qadın dramlarını önə çəkən filmlərimiz çox nadir hallarda olub. Amma teatrda məhz Elçin müəllimin sayəsində qadın ağrılarını üzə çıxarmaq sənət baxımından mümkün olub.
Elə həmin ağrılı əsərlərdən biri olan "Qatil" pyesindəki qadını canlandırmışam. Elçin müəllimin əsəri əsasında hazırlanmış "Qatil" tamaşası teatr tarixində çox böyük bir iz qoydu. Tamaşaçılar bu günə qədər həmin tamaşanın sorağındadır.
Elçin müəllimə arzu edirəm ki, daima yaratsın. Biz onun əsərlərinin, özünün yolunu daima teatrda gözləyirik.
Xalq artisti Firəngiz Mütəllimova
Mən İlyas Əfəndiyevin səkkiz əsərinin tamaşasında iştirak etmişəm. Sonradan isə Elçin müəllimin "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Arılar adasında" əsərlərində iştirak etmişəm. İlyas Əfəndiyev və Elçin müəllim tamam fərqli dramaturqlardı. İlyas müəllimin əsərlərində ən çox vətən həsrəti, Elçin müəllimin əsərlərində isə daha çox sosial problemlər qabarıqdı. Elçin müəllimin əsərlərini oxuduqca daha da dərinliyə gedirsən. Onun "Şekspir", "Mənim ərim dəlidir" pyeslərini universitetdə tələbələrimlə birgə hazırlamışıq. Elçin müəllim mənim üçün qatı açılmayan sirli bir dramaturqdu. Onun hər dəfə oxuduqca daha da valeh oluram, hər dəfə yeni nələrsə kəşf edirəm. Elçin müəllimin "Arılar adasında"kı rolum tamam fərqli rol idi. Həmin əsərlə mən Türkiyənin yarısında qastrol səfərində olmuşam.
Çox arzu edirəm ki, o, həmişə bizim teatrımız üçün yeni əsərlər yazsın. Bizdə böyük sevgi ilə həmin əsərlərdə iştirak edək.
Xalq artisti Bəsti Cəfərova
Məlumdur ki, mən teatra gəldiyim ilk günlərdən İlyas Əfəndiyevin əsərlərində daima iştirak edən, böyüyən aktrisa olmuşam. Onun bir çox əsərlərində oynamışam. İlyas müəllimlə gözəl ünsiyyətimiz yaranıb. Mənim yadımdadır ki, o vaxtı mən "Büllur sarayda" tamaşasında oynayanda İlyas müəllimin nəvələri hələ çox kiçik idi. O vaxt İlyas müəllim onları pərdə arxasına gətirib məni öz nəvələrinə təqdim edib deyirdi ki, bu bizim gələcəyin böyük aktrisasıdır.
Elə oldu ki, biz İlyas müəllimlə uzun müddət işlədik. Onunla o qədər doğmalaşmışdıq ki, tez-tez ürəyimdən keçirirdim, kaş İlyas müəllim elə bir əsər yazsın ki, mənə çox yaxın əsər olsun. Çünki İlyas müəllim məni bir insan, bir şəxsiyyət və aktrisa kimi çox bəyənirdi. Ancaq mən bu arzumu dilə gətirə bilmədim. Çünki o, 1996-cı ildə dünyasını dəyişdi.
Mənim bu arzum bir də 2000-ci ildə reallaşdı. Həmin ildə rejissor Mehriban Ələkbərzadə mənə bir əsər təqdim etdi. Bu, "Poçt şöbəsində xəyal" pyesi idi. Məlum oldu ki, əsərdəki baş qəhrəmanı canlandırmağım həm müəllifin, yəni Elçin müəllimin, həm də rejissorun arzusu olub.
Onu da qeyd edim ki, həmin əsər 1968-ci ildə yazılıb və sırf Bəsti Cəfərova üçün nəzərdə tutulmayıb. Deməli, hər bir insanın qismət payı var. Həmin ildə mənim 9 yaşım olub. Amma qismət mənim imiş ki, 2000-ci ildə bu pyes mənə təqdim olundu. Bu, məhz həmin arzuladığım əsər idi. Bir-iki nüansı çıxsaq, "Poçt şöbəsində xəyal"dakı Ədilə məni xasiyyətimlə uyuşurdu.
Mən böyük dramaturqumuz Elçin müəllimin cəmi bir əsərində iştirak etmişəm. Amma sözün əsl mənasında, rolumu oynamışam. Bu gün də üstündən çox illər keçməsinə baxmayaraq tamaşaçılar həmin tamaşadan sözləri, monolqu mənim yadıma salırlar.
Sözün düzü, mən öz yaradıcılığım boyu çox obrazları canlandırmışam. Amma Ədilə obrazı yaradıcılıq bioqrafiyamda xüsusi bir yer tutur. Çünki mənim qəhrəmanım Ədilənin çox dərin fəlsəfəsi vardı. Məşqlərdə isə həmin dərinliyə endikcə zövq alırdım. Təkcə Ədilə obrazımla mənim hansı səviyyədə aktyor olmağımı müəyyən etmək olar. Həmin tamaşa bizim teatrın repertuarında yeddi ilə yaxın getdi. Amma yenə də həmin tamaşadan doymadım.
2014-cü ildə isə öz kursumda diplom tamaşası kimi həmin əsəri götürdüm. Burda həm də mənim bir məqsədim vardı ki, bu da həmin əsərin içərisində olmaq istəyimdən ibarət idi.
Ümumiyyətlə, Əfəndiyevlər ailəsi mənim üçün doğma bir ailədir. Hətta onu da deyim ki, İlyas müəllimin tanımazdan əvvəl Timuçin Əfəndiyev universitetdə dekanım olub. Amma biz İlyas müəllimin bir çox anım mərasimlərində bir yerdə oluruq, görüşürük. Bir dəfə Elçin müəllim danışırdı ki, İlyas müəllim aktyorlar haqqında evdə o qədər söhbət edirdi ki, hərdən bizə elə gəlirdi, bütün aktyorlar bizim qohum-əqrəbamızdılar.
Elçin müəllim bizim teatra çox doğma bir insandır. Bu yubiley münasibətilə onu təbrik edirəm. Deyirəm ki, yüz yaşasın. Sonda mən də bir aktrisa olaraq istərdim ki, Elçin müəllim elə bir əsər qələmə alsın ki, 2000-ci ildə "Poçt şöbəsində xəyal" tamaşasından aldığım böyük sənət zövqünü yenidən yaşayım. Cansağlığı arzu edirəm Elçin müəllimə. Biz aktyorlar onu çox-çox sevirik.
Hazırladı: Samirə ƏŞRƏF
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!