- Mehriban xanım, siz hələ tələbəlik illərindən Elçin müəllimin "Ömrün son səhəri" adlı hekayəsini səhnəyə qoymusunuz. Bundan sonra "Poçt şöbəsində xəyal" və "Qatil" tamaşaları üzərində də işləmisiniz. Elçin müəllimin əsərlərində sizi cəlb edən nə oldu?
- Elçin ədəbi yaradıcılığa 60-cılar adından gəlib. Yəni, onların ədəbiyyata gəlişi yeni bir gerçəklik gətirmişdi. 60-cılar o illərdə artıq forma və məzmunca şablona çevrilmiş ədəbi mühitin içinə yeni düşüncə tərzini gətirənlər idilər. Bu tərz təbii ki, Elçinin romanlarında, hekayələrində özünü bariz şəkildə göstərirdi. Pyeslərində isə Elçin müəllim unikal bir yenilik gətirdi. Elçin müəllimin dramaturgiyasında mənə ən maraqlı gələn bugünkü günlə keçmiş, ayıqlıqla yuxu, gerçəkliklə xəyal arasında müəllifin yaratdığı körpü idi. Onun absurda qədər yüksələn, neorealizm gətirən, sürrealizm elementləri olan izmlərlə dolu əsərlərində yeni qəhrəman yaratması mənim üçün çox maraqlı idi. Baxmayaraq ki, elə ilk adını çəkdiyiniz "Ömrün son səhəri" hekayəsi ilə yanaşı başqa əsərlərində də bekketsayağı ümidsizliyə qapanan qəhrəmanın olmazlarını göstərən müəllif kimi Elçin məni özünə cəlb etdi.
"Poçt şöbəsində xəyal" pyesi, ümumiyyətlə, bizim adət etdiyimiz dramaturgiyadan fərqli düşüncələrə malik əsər idi. Biz içimizdə düşündüklərimizi əslində reallıqla uyğunlaşdıra bilmirik, onları səsləndirməkdən qorxuruq. Onun qəhrəmanları isə qorxmurlar.
Əslində isə Elçinin yaradıcılığında müasir dialoqlara uyğun gəlməyən dialoqlar var. Amma bu üsul absurd üslüba gəlib çıxır. Və yaxud da Ədilə obrazı sürrealizm cərəyanını özündə ehtiva edən obraz idi.
Elçinin həmişə zamanla bir problemi vardı. Onun olmuşlarla olacaqlarda körpü rolunu oynaya bilməsi məni cəlb etmişdi. Ən çox cəlb edən bunlar idi. Və mən bu sadaladıqlarımı başqa müəlliflərdə görməmişəm. Onun qəhrəmanlarının düşündükləri dünya ilə yaşadıqları dünya arasındakı çarpıntılarını heç bir obrazlarda görmürdüm. Bunları iş prosesində həll eləmək də "sözün düzü" çətindir. Elçinin əsərləri hərdən mənə uzun görünəndə onları ixtisar etmək istərkən iflasa uğradığımı görürəm. Çünki mən onun özünəməxsusluğunu əlindən alıram. O, isə özünəməxsusluğu ilə gözəldir.
- Elçin müəllimin əsərlərində ən çox bəyəndiyiniz nələrdir?
- Onun romanlarında, hekayələrində ən çox bəyəndiyim bizim indiyə kimi gördüyümüz, adət elədiyimiz, yaşadığımız dünyada fikir vermədiyimiz yerlərə işıq salmasıdır. O, gündə otuz dəfə qarşısından keçdiyimiz, amma görmədiyimiz detalı qabardır və bizim həyatımızın bir hissəsi olduğunu bizə göstərməyi bacarır.
Elçin müəllimin əsərlərini oxuyanda çox rahat oluram. Misal üçün, onun teatrdan bəhs edən "Günlərin bir günü" hekayəsi var. Biz hər gün teatra gəlib gedirik. Amma teatr fədaisi olan insanların düşüncələrini hiss edə bilmirik. Həmin hekayə məhz o alt qatda olan düşüncələrin təzahüründən bəhs edir. Elçin uçuruma gedən, nakəsə çevrilən bir insanın içindən işıq tapmağa çalışır.
Elçin müəllimin çox yüksək Qərb zövqü var. Şərqli insanın şərqliliyini danmadan qərbli kimi düşünməsi gözəldir. Deməli, sabah onun yaratdığı hansısa pyesin içərisində də izmlərlə yanaşı həmin düşüncələr də yer alacaq. Bu da bizim ədəbiyyata neorealizm üslubu ilə yanaşı, neorealist qəhrəmanlar da gətirir. Bizim gördüyümüz dünyanı sivirib altından başqa rənglər çıxarır.
Elçinin qəhrəmanlarında dadaist bir ruh da var. Mən də buna meyilliyəm. Mübaliğəni, şişirtməni bir kənara qoyaraq deyə bilərəm ki, Elçin həmişə mənim üçün maraqlı olub.
- Siz bir rejissor kimi Elçin müəllimin komediyalarında yoxsunuz...
- Bu yaxınlarda Elçinin "Şekspir" əsərini yenidən oxudum. Allah qoysa, gələcəkdə həmin əsərə quruluş verməyi düşünürəm. Çünki "Qatil"dən sonra məni bu qədər özünə bağlayan, dönə-dönə özünə qaytaran ikinci əsər olmayıb. Artıq təcrübələr, yeni imkanlar, sürrealist, absurd əsərlər bolluğumuz var. Amma bütün bunların hamısının içərisində bunları özündə ehtiva edən və mənimki olan "Şekspir" mənə dəhşətli dərəcədə maraqlı gəlir.
Mirzə Cəlil dəlilik dünyasını komik-tragik, dramatik və fəci yükünü ən mükəmməl tərzdə həll edən müəllifdir. Mirzə Cəlildən sonra dəlilik mövzusuna əl atmaq böyük cəsarət idi. Elçinin komediyalarının hamısı dəlilkdən bəhs edir. O, dəli bildiyi qəhrəmanın içində bugünkü müasir dünyanın nakəsə, lümpenə çevirdiyi insanın yaşadığı prosesləri açıb göstərir. İnsan və cəmiyyət problemini həll edir. Həm də bunu çexovsayağı edir. Bu isə çox böyük cəsarətdir. Bəlkə də quruluş cəhətdən həmin komediyaları hazırlamağa biz rejissorların gücü çatmır. Amma mən daha çox onun absurd, dramatik, sürreal üslübda yazdığı əsərlərə meyilliyəm.
- Elçin müəllimin əsərlərində qadın dramı, qadın özü nə dərəcədə mərkəzdədir?
- Bədii estetik cəhətdənmi, sətiraltı mənalar baxımındanmı və yaxud da şüuraltı baxımındanmı deyim mən hətta hərdən Elçinin qadını bu qədər dərindən hiss etməsinə təəccüblənirəm. Çünki elə şeylər var ki, onlar axı təbiət etibarı ilə verilmir. Nə qədər iti müşahidə, şüuraltına enmə bacarığı olmalıdır ki, qadını bu qədər dərindən dərk etməyi bacarasan. Mən qadın olaraq Elçinin yazdıqılarında özümü tam formada tapa bilirəm. Və sizə deyim ki, bu, hər əsərlə alınmır. Əlli əsərdən birində bu proses alına da bilər, alınmaya da. Elçin də bu güclüdür. Ən çox da "Qatil" və "Poçt şöbəsində xəyal" pyesində. Və yəqin ki, elə məni ən çox cəlb edən səbəblərdən biri də məhz budur.
Qadın başqa məxluqdur. Qadın bu dünyadan alacağını və verəcəyini ancaq özü bilə bilir. Elçin isə bunu gözəl hiss edir. "Qatil" pyesində bu sadaladıqlarım heyrətamiz şəkildə özünü büruzə vermişdi. Elçinin "Qatil"ə qədər və ondan sonrakı yaradıcılığını mən tamam ayırıram. Mübaliğəsiz olaraq deyirəm ki, "Qatil" dünya dramaturgiyasına girə biləcək bir əsərdir.
Düzdür, əvvəllər "Ölüm hökmü", "Mahmud və Məryəm" romanlarından böyük əsərlər oxuyacağımı düşünmürdüm. Amma Elçin hər dəfə təəccübləndirməyi bacarır.
- İlyas Əfəndiyev və Elçinin yaradıcılığı arasında nə kimi fərqlər vardı?
- İlyas Əfəndiyev qadının daha çox bəraətini verməyə cəhd edirdi. Amma Elçin qədər qadın ruhunun dərinliklərinə enərək, fərqli düşünmələrlə birlikdə sətiraltı mənanı üzə çıxarmırdı. O, qadını sanki idealizə edirdi. Və yaxud da cəmiyyətdə hamının hədəfə aldığı bir qadını müdafiə etməyə, ideallaşdırmağa meyilli idi. İlyas müəllim qadına daha romantik yanaşırdı. Elçində isə romantik yanaşma yoxdu. O, ifrat reallığa qədər gedir.
Elçinin İlyas müəllimin yaradıcılığından nə qədər bəhrələnib-bəhrələnmdiyini deyə bilmərəm. Amma İlyas müəllim qadını həmişə önə çəkirdi. Elçin üçün isə qadın-kişi fərqi yoxdur. Təbii ki, mən "Qatil" pyesindən danışıram. Həm də onu qeyd edim ki, Elçin müəllim "Qatil" pyesini rejissor olaraq sırf məni nəzərdə tutub yazmışdı. Və mən həmin əsəri iki dəfə tamam başqa quruluşda səhnəlşdirmişəm.
- Nə idi həmin başqalıq?
- Birində bağışlanma ehtiyacı doğurmuşdu, o birində isə qatil olmamaq mütləqliyi gətirmişdi. Fərqə diqqət edirsinizmi? Bir quruluşda bağışlanmağını tələb edən, katarsis prosesinə keçən, sevgisi önündə aciz, ümidsiz qalan bir insandır. O birisində isə artıq məsələni həll etmək, qatil olmamaq mümkün olmadığı halda ədalət və düzən gətirmək, qisas almaq düşüncəsində olan tamam başqa qəhrəman idi. Cəmiyyət həmin o qəhrəmanını aradan keçən on ildə tamam başqa cür yetişdirmişdi. Dramaturgiya olduğu kimi qaldı. Amma zaman qəhrəmanını dəyişib başqa bir formaya saldı. Əsər isə yenə də yaşadı.
- "Qatil" pyesinin səhnə quruluşunda ikinci dəfə hər hansısa dəyişiklik oldu?
- Bəli. Mən hiss etdim ki, əsər özü artıq məni dəyişir. Özü də Elçin müəllim bu dəyişikliyə o qədər həvəsli deyildi. Çünki birinci quruluşu çox bəyənmişdi, ikinci quruluşa getməyimi o qədər rahat şəkildə qəbul etmirdi. Düzdür, sonradan ikinci qurluşu birincidən daha çox bəyəndi. Amma hər halda, böyük istəklə buna getmədi. Mən bunu etdim. Əsərdə heç bir dəyişiklik təbii ki, olmadı. Amma tamaşanın quruluşu dəyişdi. Çünki aradan on il vaxt keçmişdi. Bayaq dediyim kimi, Elçin özü zaman arasında bir körpü missiyasını daşıyan dramaturqdur. Mən gördüm ki, on ildə biz də dəyişdik. Dünən bağışlaya bilirdik, hansı ki, bir üzümüzə vururdular, o biri üzümüzü çevirirdik. Artıq on ildən sonra gördük biz həmin qəhrəman deyilik. Zaman bizi artıq qatil olmağa belə yönəldir. Artıq yorulduq, bezdik, ümidsizliyə çarə axtarmaq yox, onu vurub dağıtmaq lazım gəldi. Zaman yeni qəhrəman yetişdirdi, yeni gerçəklik gətirdi.
- Elçin müəllimin əsərlərini sonradan təkrar mütaliə etmisiniz?
- Yaxşı sual verdiniz. Məsələ burasındadır ki, onun əsərlərini təkrar mütaliə edəndə əsər oxucunu eyni cığıra aparb çıxarmır. Bir yerdə bir işığı göstərib, bir həqiqəti izah edir. Daha sonra isə başqa həqiqətləri göstərir. Nərgiz xanım Paşayevanın Elçin haqqında belə bir fikri var: Elçin ədəbiyyata analoqu olmayan bədi estetik üslub gətirir. Bu doğrudan da belədir. Mən adını çəkdiyim əsərlər barədə deyə bilrəm ki, orada onun yaratdığı istər bədii, istər estetik, istərsə də hansısa ədəbi cərəyanların hamısını birləşdirərək ədəbi qəhrəman yaradır. Onun üslubunu konkrekt hansısa üsluba bənzətmək mümkün deyil. Çünki Bekketi tərcümə edən adam absurdun nə olduğunu və içində anladığı, qəbul elədiyi tərəf də olmalıdır. Biz oxucu kimi nəyisə oxuya bilərik, amma qəbul etmərik. Tərcmə edən adam həm də tərcümə etdiyi əsəri qəbul etməlidir.
Bu gün yeni pyes müəllifləri olan yazıçıların hamısını oxumamışam. Amma bizə bəlli olan yazıçılar içərisində müasir dramaturgiyada bütün cərəyanları, bədii estetik cəhətləri, izmləri özündə birləşdirən Elçin hal-hazırda tamam başqa boy göstərməkdədir.
- Dünya dramaturgiyasına nəzər salanda Elçin müəllimi kiminlə yanaşı qoyardınız?
- Son zamanlar çox qəribədir ki, Bekketlə daha çox əlaqələndirirəm. Düzdür, Bekket tamam başqa üsluba məxsus, absurd teatr yaradıcılarından biridir. "Poçt şöbəsində xəyal" ilə "Düyün"ü hardasa müqayisə edərdim.
Müqayisə bütün hallarada qüsurludur. Amma Mirzə Cəlilin yaradıcılığındakı dəliliyin hansısa estetik prinsipi, bədii komik və tragik həlli var. Elçinin əsərlərində də komik və tragik həll vardır. Yanaşmalar təbii ki, müxtəlifdir. Amma estetik cərəyan kimi, mövzu olaraq baxış bucaqları həlli vardır. Elçin eynilə Mirzə Cəlilin yolunu davam edə bilərdi. Amma eləmədi. Dəyəri qəbul etdi. Amma yaradıcılığında bunu özünəməxsus formada həyata keçirdi.
- Elçin müəllimin əsərlərini hazırladığınız zaman özü bu əsərlərin səhnələşməsi ilə nə dərəcədə maraqlanırdı?
- O, əsərləri ilə çox maraqlanan müəllifdir. Amma bununla yanaşı, mənə də inanırdı. Düzdür, Elçin müəllim öz sözlərinə qısqanclıqla yanaşır. Lakin inandırıb sübut qarşısında qoyanda ki, bunu belə etmək olar, o, ağılla, məntiqlə, yaxşı mənada böyüklüklə buna gedir.
Elçin müəllim heç vaxt məşqlərə gəlib nəyisə tətbiq etməyə çalışmayıb. Heç bir halda bu baş verməyib. Elçin müəllimdən rejissor kimi heç bir vaxt özümə qarşı basqı hiss etməmişəm. Mənə onun qədər rahat, etibarlı yanaşan müəllif olmayıb.
- Bəlkə elə həmin etibar da inamdan yaranır?
Məncə də. Çünki o, mənim əsərə olan münasibətimi hiss edir. Bilir ki, mən müasibətim olmayan əsəri heç vaxt götürmürəm. Çünki məndə məcburiyyət yoxdur. Əsəri özüm istəməliyəm ki, üzərində ürəklə də işləyə bilim.
Söhbətləşdi: Samirə Əşrəf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!