"Qəm pəncərəsi"ndən boylanan "uşkol" - "Dördüncü divar" qarşısında

"İnsanlarda məhəbbətin gücünü və gözəlliyini görəndə çox sevinirəm..."

“Dördüncü divar” layihəsinin  qonağı Akademik Milli Dram Teatrının rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovdur.

Biz hamımız onu "Qəm pəncərəsi" filmindən tanıdığımız "uşkol" kimi tanıyıb sevmişik. Amma o, bu gün də müəllimlik edir. Daha böyük maştabda və peşəkarlıqla. Hazırladığı çox saylı tamaşaların uzun illər yaddaşlarda qalması və uğur qazanması da bunun ən bariz nümunəsidir.

- Mərahim müəllim, bir millətin sosial, siyasi və mədəni inkişafında digər sənət növləri ilə yanaşı teatrın rolu da danılmazdı. Ötən əsrin əvvəllərinə də nəzər salanda bunun bariz nümunələrini görə bilərik. Sizcə, müstəqillik dövründən üzü bəri teatrlarımız bu inkişafa nə dərəcədə xidmət edə bildilər?

- Cəfər Cabbarlı deyirdi: Teatr bir məktəbdi. Bu elə-belə adi fikir kimi səslənsə də, teatr həqiqətən də məktəbdir. Canlı ünsiyyət vasitəsi kimi teatr insanları sevgiyə, təmizliyə, mərhəmətli olmağa səsləyib. Elə bir xalq yoxdur ki, onun teatrı olmasın. Dünyanın hər yerində, hətta ən kiçik dövlətlərdə belə teatrlar mövcuddur.

Bu baxımdan incəsənət xalqa məxsusdur və xalq özü də bunu inkişaf etdirməlidir. Necə? Təbii ki, davamlı olaraq teatra gəlməklə. İnsanlar özlərində teatra gəlmə vərdişini formalaşdırmalıdır. Avropada, elə qonşu Rusiyada bu vərdiş artıq çoxdan var. Yəni orada yaşayan bir ailə ay ərzində özü üçün müəyyənləşdirir ki, hansı teatr və tamaşalara gedəcək. Onlar bunu ona görə edirlər ki, artıq teatrda sevgini, mərhəməti, nifrəti görərək öz həyatlarında da müəyyən təmizlənmələr aparırlar.

Teatr həm də həqiqətən sehrli aləmdir. Bura gələn insan gülür, ağlayır, kədərlənir. Nəhayətdə o, gözəl  və mənəvi dəyərlər qazanaraq teatrdan ayrılır. Məhz bu zaman tamaşa öz ünvanını taparaq uğur əldə edir.

Yaxın müstəqillik dövründən sonra teatrların cəmiyyətdəki roluna gəldikdə isə təbii ki, bu dövrdən sonra teatrlarımız inkişafa doğru hərəkət etdilər, qol-qanad açaraq istədikləri əsərlərə müraciət etməyə başladılar. Müstəqillikdən sonra artıq sosializmdən qalan "qlalit" deyilən məhfum, idarə yox idi ki, hər bir sözə, əsərə qadağa qoysun. Yəni bizim müstəqilliyimiz ədəbiyyatda da, teatrda da azadlıq əldə etməyimizə səbəb oldu.

Ancaq azadlıq dövründə yazılan əsərlər sosializm dövründə yazılan əsərlərdən fərqlənirlər. Çünki o dövrdə olan böyük yazıçıların daxilində bir müxaliflik olurdu. Buna misal kimi dünya ədəbiyyatından çox adlar çəkə bilərik. Amma türk olaraq bizə yaxın yazıçı olan üçün Çingiz Aytmatovun adını qeyd edə bilərəm. O,  "Gün var əsrə bərabər" əsərində sovet quruluşunun  dağılmasına böyük işarələr vurmuşdu. Başqa əsərləri ilə də o azadlığa gedən yolun vacibliyini vurğulamışdı. Bizdə isə bu yolu daxilən sosializmə müxalif olan yazıçı, dramaturq İlyas Əfəndiyev davam etdirmişdi. Çünki onun əsərlərində deyilən fikirləri sovet dövrünün hər yazıçısı deyə bilmirdi. Misal üçün 80-ci ildə hazırlanan "Xurşidbanu Natəvan" tamaşasında Natəvanın son monolqunda səslənirdi: "Bu əzablı yolların sonunda bizi azad Azərbaycan gözləyir." O vaxtı Heydər Əliyev də həmin tamaşanı izləmişdi. Tamaşadan sonra bizi təbrik edərkən o, bu kimi fikirləri duyaraq demişdi: "Bu tamaşada çox gözəl fikirlər var. Əsər məhz belə yazılmalıdır. Natəvan haqqında dolaşan şayiələrə də siz bu tamaşa vasitəsilə son qoymusunuz".

Yəni demək istədiyim odur ki, indi teatrlarda azadlıqdır. Nə 37-ci ilin, nə ondan sonrakı dövrlərin qadağaları artıq yoxdur. Azad teatrın özünü inkişafı isə cəmiyyətin inkişafına da təsir göstərir.

- Bu gün Dram teatrının repertuarına nəzər salanda görürük ki, klassik pyeslərə müraciət daha çoxdur. Müasir dramaturqlarımızın əsərləri  siz qane edirmi?

- Siz bilirsiniz ki, ədəbiyyatın ən çətin janrı dramaturgiyadı. Yazıçı romanda, hekayədə təsvirə geniş yer verə bilir. Amma dramaturgiyada təsvir yoxdur. Dram əsərlərində dialoqlar yazıçı və dramarurq tərəfindən zərgər dəqiqiliyi ilə yazılmalıdır. Bu səbəbdən də müəyyən tamaşalarda tamaşaçı yorulur, uzunçuluqdan şikayət edir. Çünki bir səhnədə iki, uç dialoqla yazıçı əsərdəki fikrini ifadə edirsə, ondan sonra gələn iyirmi, otuz dialoq artıq tamaşaçını yorur. Dramaturgiyanın da dahisi hesab olunan Çexov bu baxımdan öz əsərlərini sanki riyazi hesablamalar əsasında yazıb. Onun əsərlərində bir dəfə də olsun artıq dialoqa rast gəlmək olmur. Mən bunu ilahi qüvvə hesab edirəm və zənnimcə, dram yazmaq üçün çox böyük yazıçı olmalısan. Yeri gəlmişkən elə Çexov özü deyirdi ki "dramaturgiya dar ağacına aparan yoldu".

Bu gün təəssüf ki, cavan və yaşlı yazıçılarımız dram janrına, pyesə çox sadə formada yanaşırlar. Demək olar ki, hər ay bizim teatra beş-altı pyes təqdim olunur. Teatrın bədii rəhbərinə göndərilən pyeslər daha sonra ədəbi hissə müdirimiz Çingiz Ələsgərliyə təqdim olunur. Çingizlə həm kollega, həm də yaxın dost olduğumuzdan hər dəfə həmin əsərlərin necəliyini xəbər alanda, deyir ki, yaxşı deyil. Artıq hardasa üç-dörd il olar ki, mən Çingiz müəllimdən yaxşı deyil cavabını eşidirəm.

Amma yazanlar çoxdur. Bu da ondan qaynaqlanır ki, bayaq dediyim kimi, janrın özünə yüngül yanaşırlar. Elə bilirlər ki, sözləri yazsalar, bu dramaturgiya hesab olunacaq. Sözçülüyə daha çox yer verirlər. Onda elə Platonla Sokratın dialoqlarını götürüb səhnələşdirək, tamaşaçılar da gəlib dinləsinlər. Olmaz!

Ona görə də hal-hazırda İlyas Əfəndiyevin davamçısı olan Elçin Əfəndiyevin əsərləri uğur qazanır. Çünki onun əsərləri bu gün həm də cəmiyyətdə baş verənləri ayna kimi səhnədə əks elətdirir. Yazıçı Kamal Abdullanın da özünə məxsus yaradıcılıığı və yolu var. Onun dramaturgiyası heç kimə bənzəmir. Bizim teatrımızda da onun əsərlərinə müraciət olunur.

Bu səbəbdən də çox istərdim ki, yaxşı dramaturqlar yetişsin, əsərlər yaransın. Ancaq bu məsələdə mən çox nikbinəm. Yazı prosesi çox incə məsələdi. Ola bilər ki, indi də hardasa, kimsə yazır. Və bu yazdıqlarını sandığın bir küncünə qoyur. Həmin əsər də öz zamanını gözləyir. Amma bu ehtimaldır. Fakt olan odur ki, istər Çingiz müəllimə, istərsə də mənə təqdim olunan əsərləri oxuyandan sonra çox vaxt təəssüf hissi keçirməli oluruq. Bilirsiniz, bəzən tamam başqa sahənin adamı da pyes yazır. Ola bilər, heç kimə qadağan etmək olmaz ki, əsər yazmaq üçün hansısa quruma üzv olsun və yaxud da onlarla kitabı çıxsın. Sadəcə, ola bilər ki, yazıçını yüz kitabı çıxsın, amma bir pərdəli pyez yaza bilməsin. Dram əsərləri daha çox cəmiyyətin tələblərinə cavab verməli, orada gedən prosesləri bədii yolla tamaşaçıya çatdırmalıdı.

Teatr çox böyük təbliğat maşını olduğundan hər əsərdə burada səhnələşdirilə bilməz. Əgər Milli Dram Teatrında bir əsər səhnəyə qoyulursa, bu həm də millətin, dövlətin mövqeyini, siyasətini əks elətdirir. Baş qaldıran fikirlər yaxşı mənada üst-üstə düşməli, səhnə və zal arasında bir vəhdət təşkil etməlidi.

Çox yaxşı olardı ki, bizim Mədəniyyət kanalımız istər Dram teatrının, istər bölgələrimizdə fəaliyyət göstərən teatrlarımızın o dövrlərdə çəkilən tamaşalarını lap elə yaxın illərdə də səhnəyə qoyulan əsərləri ekranlara çıxarsınlar. İndi filmlərə daha çox yer verirlər. Romanların kino versiyalarını önə çıxarırlar. Olsun, heç bir etiraz etmirəm. Amma yaxşı olardı ki, o dövrlərdə çəkilən tamaşalarımızı da heç olmasa hər həftə iki, üç dəfə yayımlasınlar. Çünki qızıl fondda həddindən artıq tamaşalarımız var. Onlar bu günün tamaşaçısına təqdim olunmalıdı. Çünki həmin tamaşanı yaradan insanların çoxu artıq həyatda yoxdur. Amma onların ekranda göstərilməsi həm cəmiyyətin, həm də sənət adamlarının inkişafında mühim rol oynayar.

Bayaqkı söhbətimizə qayıtsaq, yenə də qeyd edirəm ki, bizim yaxşı dramaturqlarımız yetişəcək. Nə qədər ki, cəmiyyət, teatr, insan faktoru var, mütləq dramaturgiya da olacaq, yaxşı əsərlər yaranacaq.

- Siz Sankt Peterburqda Dövlət Teatr, Musiqi Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmisiniz. Beş il Georgi Tovstonoqov kimi sənətkarın tələbəsi olmusunuz. Amma niyəsə sizin rejissorluq fəaliyyətinizdə rus nəsrinin, rus təhsilinin, mühitinin ab-havası, ruhu çox az hiss olunub. Bu nə ilə bağlıdır?

- Çox gözəl sualdı. Siz elə bil ki, mənim ürəyimdən xəbər verdiniz. Mən vurğuladığınız kimi, institutu bitirəndən sənra təyinatla Qroznıya göndərildim. Və orada Lermontov adına Rus Dram Teatrında işləməyə başladım. Cavan rejissor olduğum üçün ilk dövrlər nağıllar səhnələşdirirdim. Daha sonra böyük əsərlərə də müraciət etdim. Misal üçün Tennessi Uilyamsın "Arzu tramvayı", Jan Batist Molyerin "Tartüf" komediyası, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesi, Alla Sokolovanın "Faryatevin fantaziyası" kimi əsərləri səhnələşdirdim. Daha sonra mən Sumqayıt Dram Teatrına gəldim və orada uzun müddət tərcümə əsərləri hazırladım. Çünki mənim artıq müəyyən təcrübələrim vardı. Bəsit dram əsəri ilə yaxşı əsəri ayırd edə bilirdim. Bu səbəbdən də elə institut illərindən çox sevdiyim Lermontovun "Maskarad" əsərinə elə həmin teatrda işləyəndə quruluş verdim. Həmin əsər masştab, fikir və poeziya etibarı ilə çox güclü əsər idi. Həm də "Maskarad" əsərini bizim dilə Rəsul Rza yaxşı mənada sərbəst tərcümə etmişdi. O vaxtı SSSR-dən gəlib həmin tamaşaya baxıb, bəyənmişdilər. Onlar üçün çox maraqlı gəlmişdi Sumqayıtda belə bir əsərin səhnələşdirilməsi... Mən də öz növbəmdə fərqli yozumlar vermişdim. Misal üçün həmin əsərdəki Şprix obrazı əsərin bütün bəd qüvvələrini idarə edirdi. Mən onu öz səhnə yozumumda altı nəfərə böldüm. Hər qəhrəmanın ardınca bir naməlum adam düşürdü. Bununla da o dövrdə mən həm də bizi izləməyin, güdməyin, fikir azadlığının boğulmasının mesajını o dövr üçün ötürmüşdüm. Yəni bütün bunları ona görə misal gətirirəm ki, rus klassikası bu gün Azərbaycan teatrında yox dərəcəsindədir. Sevinirəm ki, Qoqolun əsərinə bizim teatrda müraciət olundu. Amma yaxşı olardı ki, ara-sıra Çexovun, Tolstoyun, Turgenevin, Qorkinin eləcə də Rusiyada yaşayan müəlliflərin əsərlərinə müraciət olunsun.

- Mərahim müəllim, bəzən səhnəyə qoyulan tamaşalarda rejissor işindən tutmuş aktyor ifasına qədər hər şey yerli-yerində olsa da, tamaşanın təqdim olunmasında çatışmazlıqlar olduğundan nümayiş sönük alınır. Sizcə, rejissor nə etməlidir ki, onun, aktyor heyətinin zəhməti məşqlərdə ilişib qalmasın?

- Bilirsinizimi, teatr həm də sintezdir. Tamaşa tək rejissor işindən ibarət deyil. Burada birinci iş sözdən, dramaturgiyadan, ikincisi aktyordan, üçüncü isə rejissordan ibarətdir. Çünki rejissor sənəti cavan sənətdir. Misal üçün iki min il bundan əvvəl Esxil, Evripid, Plaft əsərləri özləri səhnələşdiriblər.

Bu səbəbdən dramaturgiya və aktyor işi yaxşı olanda rejissor da öz həmfikirlərini toplayıb əsəri ədəbiyyatdan incəsənətə çevirir. Bir də əsərin, tamaşanın mütləq şəkildə ünvanı, əsas fikri olmalıdır Əsas fikri də təbii ki, aktyorlar çatdırırlar. Aktyorlar istedadlı olmalı, dedikləri fikri bilməli və rejissorun fikir yükünü daşımağı bacarmalıdı. Əgər aktyor rejissorun yükünü daşıya bilmirsə, tamaşada müəyyən deformasiyalar gedəcək. Nə qədər böyük rejissor olur-olsun əgər aktyor istedadsız və zəifdirsə, tamaşa uğrusuz alınacaq. Ola bilər ki, aktyor beş-altı müəllifin əsərlərindəki fikirləri, sözləri əzbərləsin. Amma tək əzbərlə iş bitmir axı. Həmin əsərin yükünü, ağırlığını hiss etmək lazımdır. Tamaşanın öz ünvanını tapması üçün rejissor həmfikirlərinin, yaradıcı qrupunun olması vacib şərtdi. Bəzən buna qruplaşma da deyilir. Amma bu çox təbii haldır. Kinoda və Avropa teatrlarında rejissorların uzun müddət eyni aktyorlarla işləməsi artıq qayda halını alıb. Elə mənim müəllimim Tovstonoqovun özünün çox güclü truppası vardı hansı ki, sovet dövrünün və bizim öz məşhur aktyorlarımızın yetişməsində mühim rol oynayıb.

- Siz özünüz bir aktyordan gözlədiyiniz ifanı ala biləcəyinizi necə hiss edirsiniz?

- Rejissor zalda əyləşib səhnəni quran zaman aktyor onu inandırmağı bacarırsa, deməli həmin aktyora inanmağa dəyər. Bəzən tamaşalar hazırlayan zaman elə səhnələr olub ki, ona quruluş verən zaman mən özüm kövrəlmişəm. Çünki aktyor rolu elə yerli-yerində ifa edir ki, kövrəlməmək, kədərlənməmək mümkün olmur. Misal üçün bir müddət əvvəl teatrda "Boy çiçəyi" tamaşasının məşqləri gedirdi. Həsənzadə obrazını isə Ramiz Novruz ifa edirdi. Həsənzadə ilə Nargilənin ayrılıq zamanı mən gördüm ki, tamaşanın rejissoru Azər Paşa Nemətov ağlayır. Mən onu həmin an çox gözəl başa düşdüm. Çünki o, həmin səhnəyə o qədər inanıb ki, aktyorların da onun bu inamını doğrultması bir rejissor kimi onu təsirləndirib. Əgər rejissor öz qurduğu səhnələrə inanırsa, ondan təsirlənirsə, tamaşaçı on qat inanacaq.

- Bir tamaşanın hazırlanmasına təbii ki, müəyyən qədər vaxt sərf olunur. Həmin vaxt ərzində tamaşanın yaradıcılıq atmosferini necə qoruyub saxlayırsınız? Bunun üçün hansısa rejissor fəndləriniz var, ya hər şey prosesin gedişatından asılı olur?

- Sözün açığı, indi yığılan truppanı saxlamaq, onlarla davamlı eyni ruhda işləmək bir az çətindir. Mən 80-ci ildə teatra gələndə o dövrün aktyorları çox böyük arzuyla o zamanın böyük rejissorları ilə işləmək arzusunda olurdular. Mehdi Məmmədov, Tofiq Kazımov, Ələsgər Şərifov, Əşrəf Quliyev tamaşa hazırlayanda aktyorlar çox böyük həyəcan və təlaşla əmri görməyə can atırdılar ki, görsünlər onların adı rol bölgüsündə varmı. Amma indi vəziyyət elədir ki, bu gün zamanın öz hökmü var. O zaman kino vardı, indi isə seriallar çoxluq təşkil edir. Və həmin seriallara da təbii ki, aktyorlar çəkilməlidirlər. Bu səbəbdən də tamaşadan çıxıb başqa çəkilişə getmək və ya ordan çıxıb tamaşaya gəlmək istər-istəməz dağınıqlıq yaradır. Təbii ki, istedadlı aktyorla istənilən iş alınır, amma bir az gec əmələ gəlir. Bu səbəbdən teatr üçün də rejissor üçün truppanı öz səviyyəsində saxlamaq indi bir az çətindi.

- Mərahim müəllim, hansı aktyorlarla işləmək sizin üçün rahatdır?

- Mənim taleyim elə gətirib ki, bütün aktyorlarla işləmək mənə nəsib olub. Amma əsasən Amaliya Pənahova ilə işləmişəm. Amaliya xanımdan sonra isə Bəsti Cəfərova ilə iş birliyimiz çox olub. Bəsti xanımda mənim ən çox xoşuma gələn odur ki, o, komediyanı da, faciəni də ayrı-ayrılıqda apara bilir və çox böyük sənətkarlıqla ifa edir. Burdan belə nəticəyə gəlmək olur ki, bu aktrisanın ampulası yoxdur. Bu da aktyor üçün çox nadir keyfiyyətdir.

- Mən çox sevinirəm ki, Bəsti xanımda bu keyfiyyətlər var. Xüsusilə mən onunla Jan Rassinin "Fedra" tamaşası üzərində işləyəndən sonra Bəsti Cəfərovanın daha da mürəkkəb obrazlar yarada biləcəyinə inamım artdı.

- Bizin bu söhbətimiz qəzetdə çap olunanda bizim teatrda Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı əsasında Çingiz Ələsgərlinin ssenarisi və mənim quruluşumla hazırlanan "Qətibə inancı" adlı yeni tamaşamızın məşqləri gedəcək. Burada Qətibənin yaşlı və sürgün dövrləri təsvir olunduğundan həmin obraz Bəsti Cəfərovaya həvalə olunub. Və mən inanıram ki, Fedra qədər faciəvi obrazı o cür mükəmməl səviyyədə ifa edən Bəsti xanım Qətibə rolunun öhdəsindən də məharətlə gələcək. Çünki artıq bu aktrisanın imkanlarına bələdəm. 

- Mərahim müəllim, bu gün yaşınızın bu müdrik çağında sizi uşaq kimi həyəcanlandıran nələrsə var?

- Bu gün gözəl bir ailə görəndə, gözəl bir filmə baxanda, insanlarda məhəbbətin gücün görəndə çox sevinirəm. İnsanların öz hərəkətlərində gözəlliyi, sevgini ifadə etməsi də məni sevindirən, həyəcanlandıran səbəblərdi. Dostoyevski gözəllik dünyanı xilas edəcək deyərkən heç də qadını nəzərədə tutmayıb. Bunun fəlsəfi anlamı başqadır. Gözəllik inam, ali məqsəd və məhəbbətdir.

Samirə ƏŞRƏF

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!