Samirə Əşrəfin təqdimatında
Bu gün "Dördüncü divar" layihəsinin qonağı heç bir bərbəzəkli sözə, cümləyə ehtiyacı olmayan, çox maraqlı insan, istedadlı qələm sahibi, peşəkar kinoşünas Aygün Aslanlıdır.
- Böyük anlamda kino bazarının, kinonun inkişaf etmədiyi ölkədə kino tənqidçisi olmaq necə bir hissdir?
- Bilmirəm, mənim öz peşəmdən, işimdən xoşum gəlir. Yəni daha dəqiq desəm, yazırıq, öz işimizi görürük. Sevda (Sevda Sultanova. S.Ə.) bilirsiniz ki, istər yerli, istərsə də xarici filmlər haqqında təhlil yazıları yazır. Mən xoşuma gələn, yazmaq istədiyim filmlər olanda, təbim gələndə yazıram (gülür). Məncə biz öz işimizi görürük. Ola bilsin ki, daha yüksək səviyyədə etmək, araşdırmalar aparmaq da lazımdır. Çünki bütün dünya kinosunda, yəni kinonun vətəni olan Fransa, İtaliya kimi ölkələrdə yaranan yeni dalğalar, cərəyanlar hamısı kino tənqidindən başlayıb. Onların rüşeymlərini kino tənqidi atıb. Hətta İran, Türkiyə kimi ölkələrdə də bugünkü kinonun rüşeymləri 60-cı illərdə, kino tənqidinin aktivləşməsi, sistemləşməsi ilə atılıb. Sadəcə, indi bizdə mühit elədir ki, yazmaq üçün o qədər də həvəs yaranmır.
Fikir verin, istər Tarkovski olsun, istərsə də digərləri, onların filmlərinə baxanda bir xətti, tendensiyanı, yeni ideyaları tuta bilirsən. Onlar bir mövzunu götürərək filmdən-filmə onu genişləndirib, dərinləşdiriblər. Ona görə də onların filmlərini ardıcıl izləmək elmi iş oxumaq, araşdırmaq kimidir. Hansı ki, başqa rejissorlar da Tarkovskidən ilhamlanıblar, öyrəniblər. Elə Tarkovskinin özü Robert Bressondan, rus rejissorlarından ilhamlanıb və xətt davam edib. Amma bizdə hər şey qarışıqdı. Çox az-az rejissorun filmlərində bir xətt tapa bilirsən. Bu da ki, onların günahı deyil. Rejissor daim film çəkməlidir ki, öz mövzusunu, onu maraqlandıran problemi tapa bilsin. Rejissor öz mövzusunu tapandan sonra onu çatdırma vasitələrini də tapacaq. Bunun üçün də o, daima işləməlidir. Amma necə işləməlidir? Böyük metrajlı film çəkmək üçün lazım olan vəsait bir ünvandadır. Ya da ki, həmin rejissorlar o qədər aktiv olmalıdılar ki... İmam Həsənov, Elvin Adıgözəl kimi xarici dil öyrənməli, bütün festivallara yazmalı, xarici prodüser tapmalı, filmlərini çəkib yollamalıdılar. Ki, bunu da edənlər var. Nəticəsi də özünü göstərir. Amma gec əldə olunan nəticədir. Bizim rejissorlar isə çoxu xarici dil bilmir, yalnız bir istiqamətə qədər davam edəcəyini bilir, ya da öz istedadına güvənmir. Elə yapışır Mədəniyyət və Turizm Nazirliyinin ətəyindən ki, lazım olan maliyyəni əldə etsinlər. Alana qədər də ideya artıq köhnəlir, gözdən düşür.
- Amma bütün hallarda fikir verirsinizsə, söhbət yenə də fərdi istedad və peşəkarlığa gedib çıxır.
- Bəli, istedad məsələsidir. Dahi rejissorların hamısı yəqin ki, öz istedadlarına əmin idilər. Əzm, iradə də ola bilsin onların yaradıcılığında rol oynayıb, qarşılarına məqsəd qoyublar ki, nə olur-olsun tutduqları yolu axıra qədər getsinlər. Misal üçün, yapon rejissoru Yasudziro Odzunun filmlərinə o vaxtlar Yaponiyanı işğal eləmiş amerikalılar senzura tətbiq ediblər. Filmdə müharibə adı çəkilməməli, müharibənin dağıntıları göstərilməməli, dialoqlarda bu barədə heç bir eyham olmamalı və ən qəribəsi, ənənələrə ehtiram nümayiş olunmamalıdır. Odzunun "Noriko" trilogiyasının birinci filmi - "Son bahar"ın ssenarisində qəhrəmanın müharibədə xəstələndiyi qeyd olunsa da, senzorlar bunu çıxarıblar. Amma filmin ab-havası, dövrü elədir ki, tamaşaçı müharibədən bəhs olunduğunu dərhal başa düşür. Bundan başqa, Odzu senzorlara başqa ssenari versə də, özü tamam başqa ssenari üzərində filmi işləyib. Çox uzağa getməyək, elə Cəfər Pənahinin, Kirill Serebrennikovun yaradıcılığına nəzər salaq. Serebrennikov hal-hazırda həbsdə ola-ola Viktor Tsoy haqqında film çəkir. Yəni belə nümunələr də var. Rejissor nə istədiyini biləndə istədiyini də çəkir. Ya da ki, rejissor öz istedadına əmindir və heç kimdən asılı olmadan istədiyini çəkir. Amma bizim rejissorlar filmi çəkirlər və çəkə-çəkə də bilirlər ki, nəyisə düz çəkmirlər. Sonda isə bəhanə edib deyirlər ki, - mən daha yaxşısını çəkəcəkdim, amma imkan verilmədi. Ən pisi isə bizim rejissorlar ağrımayan başlarına dəsmal bağlamaq, rahatlıqlarını pozmaq istəmirlər.
- Rahatlıqla böyük sənət anlamı isə uzlaşmır...
- Əlbəttə. Etiraz edənlər də olur. Onlar isə etirazı təhtəlşüur edirlər. Teatrın, kinonun işləməsi, yaxşı nəticələr ortaya qoyması üçün müasir dünya təcrübəsi öyrənilərək tətbiq olunmalıdır. Teatr, kino prodüserləri olmalıdır ki, teatrlar da, akyorlar da işləyə bilsinlər. Misal üçün, teatrda məşqi olmayan bir akyor niyə hər gün teatra gedib-gəlməlidir ki, sonra da həmin aktyoru davamiyyətsizliyə görə işdən qovsunlar. Bütün bunlar niyə baş verir? Axı normal müqavilə sistemi olanda teatr baza kimi istifadə olunur, ora rejissor, prodüser, aktyorlar dəvət olunur, tamaşa qoyulur, prodüser maliyyə işini tənzimləyir ki, lazım gələndə maliyyənin bir qismi də dövlət büdcəsindən verilir. Belə olanda aktyor da özünü göstərə bilir, iş də normal gedir.
- Ümumiyyətlə, sizə elə gəlmir ki, kino və teatrdan fərqli olaraq ədəbiyyat adamları daha əzmkardılar və özlərini asılılıqlardan xilas edirlər?
- Əslində belədir. Və bu, Azərbaycanda artıq çoxdan müəyyənləşmiş həqiqətdir ki, yazı adamları daha sərbəstdilər. Ancaq bunun da izahını tapırlar ki, yazı yazmaq üçün bir kağız, bir də qələm lazımdır.
Yazıçılar yaradıcılıqla məşğul olmağa vaxt tapa bilirlər. Misal üçün, yazıçı Şərif Ağayarın çox qısa fasilələrlə bir-birinin ardınca görün neçə romanı çap olundu. Kinoda hansı rejissor o qədər qısa fasilə ilə film çəkə bilər? Və yaxud da Mirmehdi Ağaoğlunun romanları, daha sonra Qan Turalı bir ara aktiv şəkildə yazırdı. Seymur Baycanın hekayələrini misal çəkmək olar ki, davamlı olaraq yeni hekayələri çap olunur. Yəni bu baxımdan ədəbiyyat kinodan, teatrdan daha irəlidədir.
- Siz də bir ara çox yaxşı yazılar yazırdınız. "Edit Piaf, mən və atam" yazınız qısa da olsa, gözəl mətn idi...
- Mən filmlərə ard-arda baxa bilmirəm. Bəzən günlərlə hansı filmə baxacağımı müəyyənləşdirməkdə çətinlik çəkirəm, dostlara yazıram ki, mənə elə film adları deyin ki, göyə qaldırıb yerə çırpsın. Bu yaxınlarda xeyli axtarışdan sonra Yasudziro Odzunun "Nariko" trilogiyasına baxdım. Və doğrudan da həmin filmlər meditasiya təsiri göstərdi. Yapon ailəsinin sadəliyindən, sadəliyinin gözəlliyindən bəhs edirdi. Filmdə hər şeyin çox sadə, idillik musiqi, əhvalatın içərisindəki insanların sakit-sakit danışmaları, söhbət etmələrinə rəğmən həmin sakitlikdə onların içindəki həyəcan, narahatlıq burulğanını hiss etmək maraqlı idi. Yəni axtardığım filmləri tapmağım mənə müəyyən rahatlıq hissi verdi. Günün sonunda sanki sakitləşdirici dərman qəbul etmiş kimi olurdum. Filmlərə məhz bu cür ovqatıma uyğun olaraq baxıram. Kinoşünasam, ardıcıllıqla bu qədər filmə baxacam deyib baxa bilmirəm. Nadir hallarda ard-arda film izləyirəm. "Oskar" yaxınlaşanda bilirdim ki, çoxlu suallar olacaq, ona görə də bir həftə xarici nominasiyalara adı olan filmlərə baxmalı oldum.
Siz haqqında bəhs etdiyiniz yazıdakı "Sərçəcik" filmini isə mənə diskdə hədiyyə etmişdilər. Film Edit Piaf haqqında idi. Bir gün əhvalımın yaxşı olmadığı bir vaxtda oturub həmin filmə baxdım. Bəlkə də ovqatımın yaxşı vaxtında baxsaydım, o filmi xoşlamayacaqdım. Amma pessimist əhvalda baxdığımdan film mənə pis təsir etdi. Anladım ki, Edit Piaf əslində səsindən başqa heç nəyi olmayan bir qadının, bir insanın faciəsi idi ki, səsindən yapışıb qalmışdı. Yazı da həmin hisslərin təsirindən yaranmışdı.
- Bəs indi niyə yazmırsınız?
- Birincisi, tənbəl adamam. Yazıya bir az fasilə verəndə korşalıram. Digər səbəb, əslində daha əsas məsələ odur ki, mən yazını tez bir zamanda yaza bilmirəm. Gəlin, nümunə ilə deyim, daha anlaşılan olsun. Misal üçün, Emir Kustritsanın son filminə mən yayda baxmışam. Ordakı bir fikir məni tutub. Yaydan bu yana bu haqda düşünürəm. Film haqqında belə bir fikir vardı ki, Kustritsa Monika Belluççini niyə həmin filmə çəkib? Belluççi artıq yaşlanıb, qırışları görünür və s. Mən filmə baxanda fikirləşdim ki, rejissor elə o filmə Monika Belluççini çəkməli idi. Çünki mövzu keçmişdir. Keçmişi olan insanların faciəsi haqqındadır. Filmdə kontuziyalı, özünü qəribə aparan qəhrəmanın hərəkətləri haqqında soruşanda ki, o, özünü niyə belə aparırır? Personajlardan biri deyir ki, işiniz olmasın, onun faciəvi keçmişi olub. Yəni film əslində yaddaşın yükü haqqındadır və mən bunu yazmaq üçün nələrdən istifadə edəcəyimi yaydan bu yana toplayıram. Yazının ideyası olsa da, amma mövzu hələ tam oturuşmayıb. Plan kimi var.
- Onda belə demək olar ki, gənc yaşlarda yazılar daha çox səmimiyyətdən, emosiyalardan yaranır, yaşa dolduqca isə mətn artıq müəllifdən qurğu və peşəkarlıq tələb edir.
- Mən, ümumiyyətlə, hansı filmlər haqqında resenziyalar yazıramsa, onları da asanlıqla, rahat şəkildə yazmıram. Mövzu mənim daxilimdə tam oturuşmalıdır. Hansı cümlədən sonra hansı cümləni yazacağımı dəqiq bilməliyəm ki, ondan sonra yazım. Axırıncı yazımı üç günə yazmışam.
- Son dövr kommersiya filmləri haqqında da yazmırsınız. Onlara görə də o qədər vaxt və enerji sərf edirsiniz?
- Kommersiya filmləri haqqında o qədər vaxt sərf etmirəm. Təzə-təzə çıxanda bir neçəsi haqqında yazmışdım. O qədər bir-birlərinə oxşayırlar ki, nəsə yazmaq olmur. Nə bilim hələ ki, nəsə cəlb etmir. Baxıb özüm üçün nələrisə qeyd edirəm. Amma yazı yazmaq üçün cəlb etmir.
- Aygün xanım, niyə bizdə kommersiya filmi daha çox komediya filmi kimi qəbul olunur?
- İstehsalçılar deyirlər ki, tamaşaçı ancaq bu cür filmlərə baxır. Başqa janr olanda filmin tamaşaçısı azalır. Mənim özümün də müşahidələrimdən gəldiyim qənaət budur ki, komediya filmində yumor azca intellektləşən kimi, dərinləşən kimi tamaşaçısı azalır. Amma düşünmürəm ki, bunun günahı tamaşaçıdadır. Bu qarşılıqlı proses, tələb-təklif məsələsidir. Nə verirlərsə, onu da alırlar. İndi tamaşaçıdan "Bozbash pictures"də güldüyü cümləyə gülmə səbəbini soruşanda bunun izahını verə bilmir. Gülüşün fərqində ola biməmək isə tədricən cəmiyyətdəki yumorun səviyyəsinə doğru istiqamətlənir. Amma bunu da aradan qaldırmaq olar. On komik film çəkəndə, bir film də başqa janrda çəkməklə tamaşaçının zövqünü alışdırmaq olar. Əgər istehsalçıların özləri də maraqlı olsalar.
Məsələn, "İkinci pərdə", "Yoxdur belə söhbət" filmlərini bir aydan artıq afişalarda saxlamadılar. Gecə seansına salmışdırlar. Amma mənim tanışlarım vardı ki, gecə seansında gedib həmin filmə baxmışdılar və təkrar baxmaq istəyirdilər. Vaxtilə Telman Adıgözəlovun, Qorxmaz Əlilinin yumoristik monoloqları, indiki terminlə desək, standupları vardı. İndi də yutubda var onların videoları. Baxış sayı da kifayət qədərdi. Necə olurdu ki, əvvəllər tamaşaçı keyfiyyətli yumoru qəbul eləyirdi, indi yox? Ya da yutubda keyfiyyətli yumora baxış var, amma kinozalda yoxdur? Və yaxud Pol Tomas Andersonun "Xəyali ip" filminə kinoteatrda baxdım. Tamaşaçılar da vardı. Necə olur o filmə gedib baxırlar, amma bizim yeni çəkilən filmlərə baxmaq istəmirlər? Bunlar hamısı həmin azərbaycanlı tamaşaçılardır axı. Yəni istəsələr, tamaşaçının zövqünə təsir edə bilərlər.
- Ən çox hansı yazıçılardan və rejissorlardan təsirlənmisiniz?
- Bu bir az dövr və zaman, hətta yaşa görə dəyişir. Yazıçılardan Milan Kunderanı çox diqqətlə oxumuşam. Əlimdə qələmlə cümlələrin altını xətləyə-xətləyə. Bir ara Qabriel Markesin əsərlərini çox oxuyurdum.
Rejissorlardan isə filmlərini ardıcıl izlədiyim bütün rejissorlar təsir ediblər. Con Kassavets, Antonioni, elə Odzunun özü. Yəni hərədən bir az nələrsə götürürsən.
- Ədəbiyyatda, bildiyiniz kimi, sistemli oxu prinsipi mövcuddur. Bəs filmdə bu nə dərəcədə vacibdir?
- Təbii ki, bir rejissorun ard-arda filmlərinə baxdıqda ən azı sizi narahat edən bir sualınıza cavab tapacaqsınız. Və yaxud da boş rəflərinizin bir gözü dolacaq. Amma daimi sistemli izləmə ancaq mütəxəssislər üçün prosesi izləmək baxımından aktual ola bilər. Ümumiyyətlə, biz nə qədər də elit sənət, kütləvi sənət bölgüsü aparsaq da, yaxşı sənət, eləcə də kino həmişə cəmiyyətlə bağlı, iç-içə sənət növüdür. Misal üçün, Jorj Sadulun, Andre Bazinin kitablarında heç bir proses cəmiyyətdən ayrı təhlil olunmur. Hətta hər hansı bir texnikanın yaranması, səsdən, dialoqdan istifadə belə cəmiyyətdəki hadisələrlə paralel təhlil olunub. Və ya Bela Balaşın alman ekspressionizm cərəyanı haqqında kitabını oxuyandan sonra, sadəcə, cərəyan deyib keçə bilmirsən. Birinci Dünya müharibəsinin sonundan, İkinci Dünya müharibəsinin başlanğıcına qədər olan filmlərin təhlilinə nəzər salanda o dövrdə alman xalqının psixologiyasını öyrənə bilərsiniz. Sistemli oxumaq və izləmək dövrü ardıcıl bilmək baxımından lazımdır.
Söhbətləşdi: Samirə ƏŞRƏF
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!