Düşərli quyu - Samirə ƏŞRƏF - Samirə ƏŞRƏF

Samirə ƏŞRƏF

Yazıçı Səidə Haqverdiyevanın "Qara qızın qara bəxti" hekayəsinin motivləri əsasında ekranlaşdırdığı "Ər quyusu" filminə ötən ilin əvvəllərində baxmışdım. Filmi yaxınlarda ikinci dəfə izləməyim bu yazını yazmağıma təkan verdi.

Azərbaycan kinosu komediya janrına yetəri qədər öz töhfələrini bəxş edib. "O olmasın, bu olsun", "Arşın mal alan", "Görüş", "Ulduz", "Əhməd haradadır?", "Bəxt üzüyü" və s. İndi bu filmlərin hansı keyfiyyətli, hansı keyfiyyətsizdir və yaxud da hansıları komediya janrının kriteriyalarına cavab verir, vermir kimi fikirlər artıq dərin mətləblərlə məşğul olan peşəkarların işidir. Mənim məqsədim isə sadə mütəvazi bir yazı ilə "Ər quyusu" filminə dair təəssüratlarımı oxucu ilə bölüşməkdir.

"Ər quyusu" filmi altı qızı ilə birgə kənddə yaşayan ailə haqqındadır. Ailənin böyük qızı Gülşah (Ülviyyə Əliyeva) yetkinlik yaşını çoxdan adlayıb. Ərə getmək, ailə sahibi olmaq onun təbbi haqqı və arzusudur. Amma yaşıdlarından fərqli olaraq onu alan yoxdur. Bu da kənd mühitində yaşayan ailə üzərində əməlli-başlı gərginlik yaradır. Bu azmış kimi onun valideynləri oğul övladları olmamağın dərdini çəkirlər. Ata (Məhərrəm Qurbanov) bu ağrını kişiyə xas formada komediyanın içərisində tragediya kimi yaşayır. Ana (Rəsmiyyə Nurməmmədova) isə məsələni magiya ilə həll etmək məqsədindədir.

Zaman baxımı ilə filmdəki əhvalatlar və atmosfer ötən əsrin 90-cı illərini əhatə edir.

"Bəyaz gecələr" mahnsı, Sibel Canın, Kiçik Əmrahın şokolad qutuları üzərindən qoparılıb divara vurulan şəkilləri, on ilə qədər davam edən "Santa Barbara" serialı, qaynar "otverka" ilə şirinçaya bulaşmış saçların burulması dövrü çoxumuzun xatirindədir.

Müəllif də bizi öz filmi ilə həmin zamana ekskursiyaya dəvət edir. Bu ekskursiyada dövrü hiss etmə ilə bağlı müəyyən çatışmazlıqlar olsa da bu çatışmazlığı var gücümüzlə nə filmin, nə də rejissorun ayağına yaza bilmərik. Bunun üçün çox böyük maliyyə vəsaiti, rəssamlıq, qrafika işini dərindən bilən mütəxəssislər və yüksək səviyyəli peşəkarlıq tələb olunur. Haqqında bəhs etdiyim film isə Səidə Haqverdiyevanın ilk ekran işidir.

"Ər quyusu" filminin uğurlu alınmasının əsas səbəblərindən biri, bəlkə də birincisi filmdəki aktyor ansamblının düzgün yaradılmasıdır. Rejissor seçimini birbaşa peşəkarlar üzərindən edərək tamaşaçının tanıdığı və tanıya bilmədiyi teatr aktyorları ilə işləməyə üstünlük verib. Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Aybəniz Bağırova, Məhərrəm Qurbanov, Cavid Telman, Könül Şahbazova, Elnur Əliyev, Hüsniyyə Əhmədova, Gülnarə Abdullayeva, Vüsal Hüseynov və digər aktyorların bioqrafiyası ilə maraqlananda məlum olur ki, onların hər biri ölkəmizin müxtəlif teatrlarında uzun illərdən bəri külüng vuran insanlardılar. Bəli, əlahəzrət istedad və illərin zəhmətidir ki, izləyici film boyu onların heç birinin ifasında sünilik, çığır-bağır, yalançı yaşantı duymur.

Aktrisa Ülviyyə Əliyeva evdə qalıb qarımış qızın hiss və yaşantılarını dolğun formada tamaşaçıya çatdırır. O, bu obrazla tamaşaçıya məlum Keyxanım obrazını xatırlatsa da, heç bir diskomfort yaratmır. Əksinə, Keyxanım obrazı heç vaxt tamaşaçıya bütöv şəkildə təqdim olunmadığından Gülşah obrazı ilə aktrisa bu tamlığı yerinə yetirir. Necə deyərlər, tamaşaçını doyuzdurur.

Musiqili Komediya Teatrının aktrisası Rəsmiyyə Nurməmmədovanın yaratdığı Şəhzadə obrazı qızları ətə-qana gələn kimi ev işlərindən əlini götürən, bir az da vecsizləşib qeybətə, fala, caduya qaçan anaların ümumləşmiş obrazıdır. Film boyu tamaşaçı tez-tez Şəhzadənin dialoqlarındakı, tövründəki hikkəsinə fokuslanır.

Gülşahın gələcək qayınanası (Zenfira Əbdülsəmədova) əhvalatın sonuna yaxın meydana çıxsa da, filmə xeyli rəng qatır.

Xüsusi olaraq kəşf etdiyim aktrisa isə ortancıl bacı rolunu ifa edən aktrisa Konül Şahbazovadır. Onun obrazın dilindən Alla Puqaçovaya Paqaçova deməyi, kitab oxuyan bacısınını lağa qoymağı, ətrafdakı hadisələrə bir əli işdə ola-ola dil yetirərək heç kimi bəyənməyib iynələməsi ürəyəyatımıdır.

"Ər quyusu" filmində Qarabağ müharibəsinə dair də maraqlı rejissor göndərişləri var. Toyda tamadanın çıxışı, obrazların birbaşa Qarabağ ləhcəsi ilə danışması, muğamın səslənməsi, Seyid Lazım ağanın cəddinə and içilməsi rejissorun Qarabağı unutdurmamaq üçün etdiyi cəhdlərdi.

Yazını yazarkən rejissorların son dövrlər niyə qızların qarımasına, ərə getməməsinə dair komediya səpkili mətnlərə müraciət etməsi diqqətimi cəlb etdi. Əslində, səbəb hamımıza məlumdur. Təxminən otuz il əvvəl bu kimi mövzular nadir hallarda yazıçı qələminin ucuna, rejissor kamerasının obyektinə tuş gəlirdi.

Lakin ağrılı da olsa məlum Qarabağ müharibəsi hesaba gəlməyən, canlara dəyən igid oğullarımızın həmin müharibədə can qoyub şəhid olmaları həm də qarımış qızlarımızın "çoxalmasına" səbəb oldu. Bu qarımışlığın içərisində kədərli məqamlar həddindən artıq çoxdur. Elə Gülşah və onun kimi qızlarımızın da taleyində Qarabağ müharibəsinin öz payı vardır. Rejissor bu faktı çox gizlin formada filmin içərisindən keçirir. Məncə, filmin komediya janrına əsaslanması faktın açılmasını əngəlləyir...

"Ər quyusu" filmi xoşbəxt sonluqla bitir. Gülşah ərə getmək üçün etdiyi fədakarlıq zamanı quyuya düşür. Və bu düşüş onun nişanlanmasına səbəb olur. Necə deyərlər, "Ər quyusu" onun üçün düşərli olur. Arzu edirik ki, Səidə Haqverdiyevanın böyük zəhmət və ürəklə başlanğıc etdiyi bu ilk filmi də onun üçün düşərli olsun.

Mart 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!