Elister Suk
"The Daily Telegraph"ın sənətşünası
Mənbə: Alastair Sooke, "Vermeer's Girl with a Pearl Earring: Who was she?", www.bbc.com, October 21, 2014
Soluna dönərək, o, qəfildən bizə tərəf baxır, onun yumşaq siması gecə göy üzündəki Ay kimi parlaqdır. Başında dəbdəbəli mavi- sarı çalma vardır, inanılmaz dolğunluqda inci isə onun qulağından asılmışdır. Parlaq yaş ləkə sanki indi danışacaqmış kimi açıq olan ağzının küncünü bəzəyir. Lakin onun sözləri sirr olaraq qalır.
Cazibədar, ancaq səssiz olan bu incə, adsız varlıq sadəcə "İnci sırğalı qız" kimi tanınır. Treysi Şevalyenin bestseller olmuş və öz növbəsində 2003-cü ildə baş rolda Skarlett Yohanssonun iştirakı ilə ekranlaşdırılmış tarixi romanına ilham verən bu rəsm təqribən 1665-ci ildə holland Qızıl əsr incəsənətinin sənətkarlarından biri, Yohannes Vermeyer tərəfindən çəkilmişdir.
Son iki il ərzində Vermeyerin şedevri dünyanı gəzərək, Haaqadakı Mauritsxeys Royal Şəkil Qalereyasının kolleksiyasını nümayiş etdirən qastrol sərgisi çərçivəsində Tokionu, Kobeni, San-Fransiskonu, Nyu-Yorku, Atlantanı və Bolonyanı ziyarət etmişdir. Rəsm 1903-cü ildən bu qalereyanın kolleksiyasının daimi parçasıdır. Bu sərgiyə, holland rəsmlərinin dünyada ən gözəl kolleksiyalarından birinə malik olması ilə öyünən və təzəlikcə yenidən ictimaiyyətə açılmış Mauritsxeysin 30 milyon avroya (41 milyon dollara) başa gələn rekonstruksiyası vəsilə olmuşdur.
Getdiyi hər yerdə Vermeyerin "Qız"ı kino ulduzunun belə həsəd aparacağı qədər kütlə cəlb etdi. Məsələn, o, Tokioda olduqda, həmin il istənilən başqa qlobal sərgidən daha çox ziyarətçi qəbul etmişdi. Ümumilikdə, dünyada 2,2 milyondan çox adam Vermeyerin "Şimalın Mona Lizası" kimi təsvir edilən xəyali obrazına qiymət vermək üçün gəlmişdi.
İndi ki o, sağ-salamat evə, Haaqaya qayıtmışdır və Mauritsxeysin afişası kimi yenidən gündəmdədir, bu əsrarəngiz gözəllik haqqında daha çox şey öyrənməyin əsl zamanıdır. Başlanğıc üçün, o kim idi? Və niyə o, ürəklərimizi fəth etməkdə bu qədər uğurlu olmuşdur?
"Qaranlıq fiqur"
Həqiqət budur ki, çılğın fərziyyələrə baxmayaraq (o, rəssamın qızı idi, ya bəlkə də, onun sevgilisi?), ehtimal ki, biz Vermeyerin "Qız"ı üçün modelin kimliyini heç vaxt bilməyəcəyik- əgər ümumiyyətlə belə bir model var idisə. Vermeyer özü incəsənət tarixində qaranlıq bir fiqurdur. Vaxtilə heç vaxt tərk etmədiyi doğma şəhərinin şərəfinə "Delftin sfinksi" ləqəbi qoşulmuş Vermeyer, az əsər ərsəyə gətirmişdir - bu gün təqribən yalnız otuz şəklin ona məxsus olduğu qəbul edilmişdir. O, həmçinin arxasınca bir neçə bioqrafik iz buraxmışdır, ən azından həyat yoldaşının ondan 15 uşaq dünyaya gətirdiyini bilirik.
O, qadınları dağınıq ev interyerlərində təsvir etməkdə ixtisaslaşmış işıq ustası kimi tanınır və onun rəsmləri qismən ona görə yüksək qiymətləndirilir ki, onlar çox vaxt sirlərlə doludur. Kompozisiyalarını maddi obyektlər və təhkiyə detalları ilə dolduran holland müasirlərinin bir çoxundan fərqli olaraq Vermeyer, seyrçini cırnatmaqdan və mənanı gizlətməkdən zövq alırdı. Məsələn, onun kətanlarından birində zərif bir cütlük musiqi dərsi ilə məşğuldur - lakin centlmen qadının müəllimidir, nişanlısıdır, yoxsa sevgilisi? Bunu biz heç vaxt bilməyəcəyik.
Onun "Qız"ına gəlincə, bu əsər adamı daha çox çətinə salır. Mauritsxeysin direktoru Emili Qordenkerin bu yaxınlarda mənə dediyi kimi, XVII əsrdə seyrçilər Vermeyerin rəsminə baxaraq bir portret yox, "troni" kimi tanınan şəkil tipi görürdülər. "Troni ", ekzotik qiyafətlər geydirilmiş baş və çiyinlərin eskizidir", - o izah edir. Burada qeyri-ixtiyari ipucu çalmadır: o seyrçiləri uzaq xəyal dünyasına apararaq kətana Şərq koloriti qatır. "Hərçənd ola bilər ki, kimsə bu rəsm üçün model olmuşdur",- Qordenker deyir,- "necə ki Rubens çox vaxt xanımına bənzəyən obrazlar çəkirdi, lakin o konkret bir şəxs deyil, daha ümumiləşdirilmiş, əbədi, əsrarəngiz bir kəs- bəlkə də sivilla və ya Bibliya obrazı idi". Bundan əlavə, bir nəzəriyyəyə görə, əslində geyilmək üçün həddindən artıq böyük olan qeyri-real inci, ümumi atmosferə uydurma və fantaziya qatan bijuteriya parçası kimi başa düşülməlidir.
Qordenkerə görə, insanları "Qız"a cəlb edən şey, bu "gizəm duyğusu"dur. "Bir tərəfdən, o, sadəcə möhtəşəmdir- bunu görmək asandır"- o deyir. "Lakin kompozisiya da çox mahiranədir. Bu qaranlıq fondan, o, çox canlı görünüşlə birdən bizim fəzamıza daxil olur - və jest bu sehrin böyük bir hissəsidir. Onun ağzı açıqdır, bunu holland rəsm əsərlərində çox da görə bilməzsiniz, buna görə də o elə görünür ki, sanki sizinlə söhbət etməyə hazırlaşır. Onun nə deyəcəyini bilmək üçün maraqdan çatlayıram. Və dünyanın hər yerində - Yaponiyada, ABŞ-da, İtaliyada - hamının reaksiyası eynidir: siz insanların necə bu hekayəni tamamlamağa çalışdığını görə bilərsiniz ".
"Obraz böyük təsirə malikdir, çünki o həll edilməmişdir," rəsm haqqında romanı üç milyondan çox nüsxə satmış Treysi Şevalye razılaşır. "Siz heç bir zaman onun nə düşündüyü və ya necə hiss etdiyi sualına cavab verə bilməzsiniz. Əgər bu həll olunarsa, onda siz sonrakı şəklə keçə bilərsiniz. Ancaq olmur, buna görə də siz təkrar-təkrar şəklə qayıdaraq, bu sirri açmağa çalışırsınız. Bütün şedevrlərin üzərimizdə təsiri belədir: biz onları anlamağa can atırıq, lakin heç vaxt anlamayacağıq. "
İtirilmiş və tapılmış
Maraqlı olsa da, bu, heç də həmişə belə olmamışdır. Yüz il bundan əvvəl Mauritsxeysə gələn ziyarətçilər Paulyus Potterin, baş qəhrəmanı böyük, üstünə palçıq sıçramış buğa olan və Hollandiya naturalizmində son söz kimi qiymətləndirilən nəhəng "Öküz" (1647) kətanını görməyə daha çox can atırdılar. O zamanlar Vermeyerin "İnci sırğalı qız"ı super ulduzdan çox kənarda durmuş çəkingən bir qız idi.
Rəsm 1881-ci ildə Haaqada hərraca çıxarılmışdı. "O, çox çirkli idi və yalnız iki nəfər bunun nə olduğunu başa düşdü - görkəmli sənətşünas və kolleksiyaçı", - Qordenker açıqlayır. Dost olduqları üçün, iki kişi bir-birinə qarşı təklif verməməyə razılaşdılar. Nəticədə kolleksiyaçı, Arnoldes des Tombe, onu kiçicik bir məbləğə, iki qulden və 30 sentə ala bildi- bu " əsl sövdələşmə" idi. "Sonra 1903-cü ildə Des Tombe onu öz vəsiyyətində sürpriz kimi Mauritsxeysə miras buraxdı", - Qordenker davam edir.
Bu gün insanların vaxtilə şəklin keyfiyyətini müəyyənləşdirə bilməmələri inanılmaz görünür. Məlumdur ki, Vermeyer, ağ boyalı fırçanın yalnız iki mahiranə toxunuşu ilə tünd boz ləkə üzərində mirvari illüziyası yaratmışdır: ön tərəfdə, pəncərədən gələn işığı qaytaran aydın parıltı ləkəsi və aşağıya doğru qızın yaxalığının əksini göstərən digər xəfif parıltı. Şəklin hərracda ortaya çıxdığı il, 1881-ci il olmasına baxmayaraq, fransızların Vermeyeri "yenidən kəşfindən" yalnız on il keçmişdi. 1675-ci ildə rəssamın ölümündən sonrakı iki əsr ərzində isə o, qaranlıqda çürüyürdü.
İncəsənət tarixi dəyişkən ola bilər - bu elə də təəccüblü deyil. Lakin Vermeyerin taleyi dəyişdiyi kimi, onun "Qız"ı da XX əsrin sonuna doğru populyarlıq sıçraması yaşadı. Dönüş nöqtəsi 1995-ci ildə Vaşinqtonda Milli İncəsənət Qalereyasında açılan və giriş rekordları qıran Vermeyer sərgisi idi. "Qız" sərgini müşayiət edən afişa üçün sima olaraq seçilmişdi və bununla onun məşhurluq statusu təmin edildi. Qordenkerin izah etdiyi kimi: "Bu şəkildə maraqlı bir şey var: o, çox yaxşı reproduksiya olunur. Və biz reproduksiya əsrində yaşayırıq. Bu ona şöhrət qazandırdı. "
"Ondan mükəmməl afişa alınır", Şevalye razılaşır. "Rənglər, işıq, təsvirin sadəliyi, o düz baxış: Vermeyerin çox rəsmləri bizə baxmayan, öz dünyalarında olan insanlardır, lakin o, bizi içinə çəkir. Bu mənada o, çox müasirdir. Mona Liza haqqında düşündükdə, o da bizə baxır, amma o cəlbedici deyil - şəklin içində arxaya söykənib, müstəqilcə. Halbuki "İnci sırğalı qız" düz oradadır- onunla bizim aramızda heç bir şey yoxdur. O, eyni zamanda, son dərəcə açıq və yenə də sirli ola bilmək kimi sehrli keyfiyyətə malikdir - və onu bu qədər cazibədar edən şey budur".
İngilis dilindən tərcümə edən: Günay Rzalı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!