13 noyabr 2026-cı ildə Bakıda, Bülbül Fondunda Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda ictimai dinləmə keçirilib. Həmin dinləmədə maraqlı fikirlər irəli sürülüb. Mən də çıxış etdim. Lakin vaxt darlığı baxımından bəzi məsələlər barədə fikirlərimi tam bildirməyə imkan olmadı. Qeydlərimi yığcam şəkildə oxucuların, mədəniyyət xadimlərinin nəzərinə çatdırmaq istəyirəm.
Mədəniyyət Komitəsinin apardığı əhatəli və səmərəli fikir mübadiləsində Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən, yazıçılar, rəssamlar, bəstəkarlar birliklərinin rəhbərlərinin yığcam çıxışları göstərdi ki, Respublika Maliyyə Nazirliyi ümumilikdə mədəniyyətə ayrılan büdcəni imkan dairəsində artırmalıdır. Bu fikir, təbii ki, milli teatr sənətimizə da aiddir.
1944-cü ilin son aylarında Böyük Britaniyanın maliyyə naziri 1945-ci ilin dövlət büdcəsi ilə bağlı layihəni tanış olub imzası ilə təsdiqləmək üçün Baş nazir Vinston Çörçilə təqdim edir. O, layihəni diqqətlə nəzərdən keçirəndən sonra onların arasında qısa dialoq olur. Baş nazir sual verir:
- Nə üçün mədəniyyət sahəsinə az vəsait ayrılıb?
- Müharibə gedir, cənab Baş nazir. Ona görə başqa sahələrə daha çox diqqət yetirməyə çalışmışıq.
- Biz müharibəni məhz mədəniyyətimizin daha da tərəqqisi naminə edirik. Mədəniyyət büdcəsini mütləq artırın.
Yeri gəlmişkən, xatırladım ki, hələ teatrlar Dövlət təsisatına keçməmişdən əvvəl XX əsrin ilk onilliyindən başlayaraq, Bakıda fəaliyyət göstərən səhnə fədailərindən Sidqi Ruhulla, Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Yunis Nərimanov, Əhməd Qəmərli, Əbülfət Vəli, Ələkbər Talışınski, Tiflisdə çalışan İbrahim İsfahanlı, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev İstanbulda, Orta Asiyanın (o vaxtlar Türküstan adlanırdı) Aşqabad, Margilan, Qızılarvat, Krasnovodsk, Mərv, Taxtabazar, Daşkənd, Səmərqənd, Buxara, Nəməngan, Oş, Kokand, Carco..., Krım yarımadasının Ağməscid (indiki Simferopol), Baxçasaray, Sevastopol, Gəzləvə, Qarasubazar, Dağıstanın Dərbənd, Port-Petrovsk (indiki Mahaçqala), Temurxanşura (indiki Buynaksk), Acarıstanın Batum, Abxaziyanın Suxum, Şimalı Qafqazın Vladiqafqaz, Nalçik, Qroznı, Kislovodsk, Jeleznovodsk, Volqa çayı ətrafında məskunlaşmış türkdilli xalqların Hacıtərxan (Həştərxan), Məkərə (Nijni Novqorod), Ərənburq, İranın Tehran, Təbriz, Qəzvin, Ərdəbil, Ənzəli, Rəşt, Xoy... şəhərlərində ilk teatr tamaşalarını göstəriblər. Özbək, Türkmən milli teatrlarının baniləri də Azərbaycan türkləri olub. Özbəkistanda yaşayan soydaşımız Ələsgər Ələsgərov özbək teatrının qurucularından biridir. Bu, Azərbaycan teatrının şanlı tarixidir və səhnə ustalarımız bu şöhrəti davam etdirmək iqtidarındadır. Bunun üçün isə müəyyən mətləblərə diqqət çəkməyə ehtiyac var.
Son illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatrlara diqqətini qat-qat artırıb, kollektivlərlə daha sıx əlaqələr yaradılıb və gündən-günə də bu əlaqələr genişləndirilir. Nazirliyin dəstəyi ilə teatrlarda maraqlı yubiley mərasimləri, xatirə axşamları, sənətkarların müxtəlif yaş günləri ilə bağlı və digər diqqətçəkən tədbirlər keçirilir. Faydalı tədbirlərin əksəriyyətində mədəniyyət naziri Adil Kərimli şəxsən iştirak edir. Bununla belə, görüləsi işlər çoxdur.
Dünyanın ən məşhur futbol klubları qalxdıqları şöhrət zirvəsinə məhz qüdrətli peşəkar məşqçilərin xidmətləri sayəsində nail olublar. Teatrlarda bu funksiyanı realizə edənlər baş rejissorlardır. Akademik Milli Dram Teatrı 1919-cu il oktyabr ayının 24-də Dövlət təsisatına keçib. Onun ardınca da müxtəlif illərdə başqa teatrlar. Akademik teatrda Aleksandr Tuqanov, Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Opera Teatrında İsmayıl Hidayətzadə, Soltan Dadaşov, Musiqili Komediya Teatrında Həsən Əliyev, xüsusən Şəmsi Bədəlbəyli, Gənc Tamaşaçılar Teatrında Məhərrəm Haşımov, Zəfər Nemətov, Ulduz Rəfili, Ağakişi Kazımov, Naxçıvanda Baxşı Qələndərli, Vəli Babayev, Gəncədə Ağəli Dadaşov, Mehdi Məmmədov, Həsən Ağayev, Hüseyn Sultanov... kimi baş rejissorlar öz yaradıcılıqları ilə sənət ocaqlarına böyük şöhrət qazandırıblar. Xeyli müddətdir Azərbaycan teatrlarında baş rejissor vəzifəsi ləğv edilib. Fikrimcə, bu, yanlış addımdır. Hər bir teatrın yaradıcılıq rəhbəri mütləq baş rejissor (və ya bədii rəhbər, adın fərqi yoxdur) olmalıdır.
Baltikyanı ölkələrdən Litvada, Latviyada, Estoniyada tütün məmulatlarının və spirtli içkilərin satışından əldə olunan gəlirin 1 faizi Dövlət səviyyəsində teatr sənətinin inkişafına ayrılır. Məncə, bu üsul-yanaşmanın hansısa formada Azərbaycanda da reallaşdırılması səmərəli olar.
Teatrların bilet satışından vergi tutulmamasının da əlaqədər qurumlar tərəfindən müzakirə olunmasına ehtiyac var.
Teatrlara ayrılan maliyyə vəsaitinin xeyli bir qismi kommunal xidmətlərə (qaz, su, istilik, işıq...) xərclənir. Fikrimcə, teatrlar kommunal xərclərdən azad edilərsə həmin vəsait müxtəlif yaradıcılıq işlərinə, təzə texnoloji qurğular almağa xərclənər. Ötən əsrin 30-cu illərində Azərbaycanda bu məsələ həyata keçirilib və nəticədə bir sıra sənət ocaqlarının maliyyə çətinliyi nəticəsində bağlanmasının qarşısı alınıb.
Atabəylərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların... hakimiyyətləri dövründə maliyyə işlərinə cavabdeh vəzirlərin kim olduğu bizə bəlli deyil. Ancaq həmin dövrlərdə yaşayıb-yaratmış şairlərin, memarların, nəqqaşların, musiqiçilərin, miniatür inciləri yaratmış rəssamların... adları və sənət irsləri XXI əsrdə də dünyanı heyran qoyub. Tarixin bu gərdişinin dərsləri bizi də düşündürməlidir...
Rayon teatrlarında maaşlar çox aşağıdır. Maliyyə Nazirliyi 2027-ci ilin büdcə xərclərində bunu nəzərə alarsa nəticəsi yaradıcılıq baxımından mütləq səmərəli olacaq.
Teatr tamaşalarına musiqi yazan bəstəkarların, səhnə tərtibatı vermək üçün dəvət olunan rəssamların qonorar məsələsinə mütləq yenidən baxılmalıdır. O cümlədən, əsərləri teatra qəbul olunan müəlliflərin qonorar məsələsi də ciddi şəkildə nəzərdən keçirilməlidir.
Rusiyada teatrlara sponsorluq edən biznes qurumlarına müəyyən faizlə vergi güzəşti edilir. Bu yanaşma da sənət ocaqlarının çox uğurlu yaradıcılıq nailiyyətləri qazanmasına yeni imkanlar açır.
Türkdilli xalqlar arasında ilk opera və operettanın təşəkkülü Azərbaycanda olub. Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operası 1908-ci ildə və "Ər və arvad" operettası 1910-cu ildə Bakıda tamaşaya qoyulub. Opera və operetta tamaşaları əvvəllər "Nicat", "Səfa", "Müdiriyyət" truppalarında, Milli Dram Teatrında (1919-1925), Opera və Balet Teatrında (1925-1938) oynanılıb. 1938-ci ilin may ayında Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (Operetta Teatrı) fəaliyyətə başlayıb. Təəssüflər olsun ki, 4 oktyabr 2013-cü ildən sənət ocağı Azərbaycan Dövlət Musiqili Teatrı adlanır. Bu dəyişiklik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 287 nömrəli qərarı ilə rəsmiləşdirilib.
Ad dəyişməsi nəticəsində teatrın fəaliyyətində üslub pərakəndəliyi, janr qeyri-müəyyənliyi, repertuar "anlaşılmazlığı" yaranıb. Fikrimcə, məsələnin də obyektiv həllinə ciddi səy göstərilməli, sənət ocağının əvvəlki adı özünə qaytarılmalıdır.
Mədəniyyət Nazirliyinin xətti ilə son illər teatrla bağlı faydalı kitablar dərc olunur. Şəxsən mənim 3 kitabım hazırda çap prosesindədir.
1. Sənət ocağının 100 illiyi ilə bağlı "Milli Gənc Tamaşaçılar Teatrı". Kitabda 200-dən çox tamaşa şəkilləri, sənətkarların portretləri var. 608 səhifədir.
2. Akademik Milli Dram Teatrının 1919-cu ildə dövlət statusu aldığı vaxtdan 2025-ci ilə kimi tamaşaya qoyulan müəlliflərin əsərlərinin tamaşalarının günü, ayı, ili, siyahısı, yaradıcı heyəti, ifaçı aktyorları haqqında ensiklopedik məlumatlar toplanıb. Adı "Səhnəmizin vüqarı" olan kitabın 1-ci bölməsi milli, 2-ci bölməsi tərcümə əsərlərinin tamaşalarına həsr olunub. Yüzdən çox tamaşadan şəkillər kitabda yer alıb. 416 səhifədir.
3. "Azərbaycan Dövlət Yəhudi Teatrı (1933-1939)" tədqiqat işində tamaşalardan şəkillər və məşhur aktyorların portretləri təqdim olunub. 128 səhifədir.
Nazirliyin əlaqədar şöbəsinə, şəxsən nazir Adil Kərimliyə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ancaq bir məsələ rahatsızlıq doğurur. Nazirlik bu kitabların (eləcə də əksər müəlliflərin kitabları) müəllifinə qonorar ödəmək üçün müqavilə bağlamır. Çap olunandan sonra müəllifə 50 nüsxə verməklə kifayətlənir. Ancaq elə hamı, ilk növbədə, bu işdə marağı olan dövlət qurumlarının cavabdeh əməkdaşları gileylənir ki, teatrşünaslar məqalə yazmırlar, kitab nəşr etdirmirlər. Kitab əhlinə məlumdur ki, tədqiqat kitablarının yazılması üçün 3, 5, bəzən daha çox il lazımdır. Mətbuat məqalələrə də qonorar vermir. Bəs teatrşünas, eləcə də sənətşünas, musiqişünas, muzeyşünas...? bu işi nə üçün "məccanı" görməlidir? Çox istərdim ki, bu məsələ ilə bağlı maliyyə və mədəniyyət nazirlikləri arasında müəyyən optimal qərar qəbul olunsun.
Bir daha xatırladıram: Ayrı-ayrı mədəniyyət incilərinin, nümunələrinin müəllifləri yaradıcı fərdlərdir, ancaq Mədəniyyətin özü isə mənsub olduğu xalqın milli sərvətidir. Eləcə də xalqın zəkasının, təfəkkürünün, zəngin düşüncəsinin, mənəvi-əxlaqi dəyərlərinin, sənət zövqünün parlaq, əbədiyaşar aynasıdır. Deməli, bu sərvət xəzinəsi yüksək dərəcədə qorunmaqla yanaşı, onun yeni-yeni nümunələrinin doğuluşu üçün də hər cür imkanlar yaradılmalıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
