Cəlladlar müttəhimlər kürsüsündə - Adəm İsmayıl Bakuvinin "Məhşər divanı" tamaşası nümayiş olundu

 

Heydər Əliyev Sarayında "Məhşər divanı" qurulmuşdu. Azərbaycan xalqına qarşı son iki yüz ildə soyqırımı törətmiş erməni terrorçuları müttəhimlər kürsüsündə əyləşmişdi. Yazıçı Adəm Bakuvinin "Məhşər divanı. Yalanın 17 anı" romanının motivləri əsasında hazırlanmış tamaşa tarixi ədalət və yaddaşa həsr olunmuş utopik məhkəmə prosesindən ibarət idi. Səhnədə müxtəlif tarixi simaların timsalında xalqımızın başına gətirilən faciələr, qandonduran hadisələr və saxtakarlıqlar sorğu-sual edilir.

Tamaşanın əsas ideya xəttini tarixi hadisələrin bədii müstəvidə mühakiməsi, ədalətin axtarışı və milli yaddaşın qorunması təşkil edir. Əsərin adından da göründüyü kimi, burada adi məhkəmə prosesindən deyil, tarixin, vicdanın və mənəvi məsuliyyətin qarşı-qarşıya gəldiyi simvolik bir mühakimədən söhbət gedir. Bu baxımdan "Məhşər divanı" yalnız teatr səhnəsində nümayiş etdirilən bədii əsər deyil, həm də keçmişlə bu gün arasında mənəvi əlaqə yaradan bir sənət nümunəsidir.

Tamaşada Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Robert Köçəryan, Zori Balayan, Nijde və Kim Kardaşyan kimi adların yer alması əsərin ictimai-siyasi məzmununu daha da genişləndirir. Bu obrazlar və adlar vasitəsilə Azərbaycan xalqının tarixi təcrübəsi, üzləşdiyi faciələr, milli maraqlar və tarixi ədalət məsələləri diqqət mərkəzinə gətirilir.

Tamaşada xüsusilə XX əsrin sonlarında ölkəmizin üzləşdiyi siyasi proseslər, 20 Yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı və xalqımızın məcburi köçkünlük həyatı öz bədii həllini tapıb. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov bu haqda danışır: "Bu səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur,  əməkdar artistlər Vəfa Zeynalova, Firdovsi Atakişiyev, Şövqi Hüseynov, Əfqan Soltanov da yer alıb. Ümumilikdə tamaşanın 50-dən çox aktyor heyəti var. "Məhşər divanı" bizim qələbəmizə həsr olunmuş çox mühüm, əhəmiyyətli əsərdir. Mən bilən, 6-7 dilə, həmçinin də erməni dilinə tərcümə edilib. Kitab sensasiya doğurub. Əsərin çox maraqlı səhnə həlli və texnikası var. Publisistika burada daha yüksəkdir. Bu əsərdə müasirlik və keçmiş var. 800 il əvvəl bugünkü faciələrin kökü haradan başlayırsa, onların hər biri səhnə əsərində yer alır".

Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Nijdeyə qədər əlləri, qələmləri qana batmış ermənilərə məhkəmə qurulur, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının dili ilə söz verir.

 

Tamaşa bitkin kompozisiyaya malikdir. Xalq artisti Gülyanaq Məmmədovanı Opera səhnəsindəki Leylisi istisna olmaqla, ilk dəfə aktrisa kimi səhnədə görürük və o, öz rolunun öhdəsindən peşəkarcasına gəlir. Onun oyunu yaddaşlara hopur və təbiiliyi ilə seçilir. Yeri gəlmişkən, Gülyanaq xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb və bildiyim qədərilə bir neçə filmə çəkilib. "Məhşər günü"ndə canlandırdığı obraz onun aktrisa olaraq geniş potensialını üzə çıxartdı.

Xalq artisti Əli Nur qaniçən Nijdenin yeriş və danışıq tərzini çox uğurla tapıb və ona tapşırılan rolu yüksək sənətkarlıqla ifa edir. Hətta deyərdim ki, son illərdə səhnədə yaratdığı obrazlar içərisində ən uğurlu rollarından biridir. Xalq artisti Hacı İsmayılovun canlandırdığı Keşiş obrazı son dərəcə canlı və təbii idi. Özünə bəraət qazandırmağa çalışan, faktlar qarşısında tərksilah edilən keşişin daxili təbəddülatları aktyorun üz ifadəsində, mimikasında, danışıq tərzində təbii boyalarla təqdim edilir. Əməkdar artist Azad Şükürovun canlandırdığı Hakim obrazı da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı və dəfələrlə alqışlar qazandı.

Vəfa Zeynalovanın ifasında biz səhnədə Kim Qardaşyanı görürük. Öz fəlsəfəsi olan bu qadının mürəkkəb xarakterini aktrisa zərgər dəqiqliyi ilə canlandırır. Tamaşaçı nəfəsini içinə çəkib onun monoloqunu dinləyir, sanki mütəhhimlər kürsüsündə gerçək olaraq Kim Qardaşyan dayanıb. Şövqü Hüseynov geniş plastikaya malik aktyordur, o, Qorbaçovun bədən dilini çox ustacasına mənimsəyə bilib, onun simasındakı təkəbbür, hakimi-mütləqlik, jest və mimikalar son dərəcə dəqiqliklə təqdim olunur. Bəli, bu, əsl Qorbaçovdur!

Əməkdar artist Firdovsi Atakişiyev Əbdürrəhman Vəzirov obrazını canlandırır. Bu təsadüfi adam tarix səhnəsinə çıxır və özünəməxsus etiraflar edir. Ümumiyyətlə, tamaşada uğurlu rejissor seçimi göz qabağındadır. Bu tamaşa Bəhram Osmanovun sənət bioqrafiyasında əlahiddə yeri olan işlərdəndir. İlk dəfə tamaşaçı səhnədə Nijdeni, Silva Kaputikyanı, Zori Balayanı, Qorbaçovu görür. Və onlar öz əməllərinə görə cavab verirlər. Heç bir cinayət cəzasız qalmır. İlahi ədalət öz yerində bərqərardır. Qatillər tarixin əbədi lənətini qazanıblar. Bu proses canlı olaraq səhnədə nümayiş olunur. Əməkdar artist Əfqan Soltanov qaniçən Zori Balayana özünəməxsus ştrixlər qataraq onun əsl simasını tamaşaçıya göstərir. Məhz göstərir. Peşəkarcasına!

Əməkdar artist Mətanət Atakişiyeva Silva Kaputikyanın mövqeyini yüksək artistizmlə ifadə edir və biz bir daha tarixi həqiqətə şahidlik etmiş oluruq. Aktrisa Şəhla Əliqızının Anası epizodik olsa da böyük ağrını uğurla ifadə edir. İstedadlı aktyorlarımız Rəşad Kəsəmənli və İsmayıl Atakişiyev hakim kimi uğurlu idilər. Hər iki aktyor tamaşanın ümumi tempinə uyğun rolda idilər. Tamaşaçılar tərəfindən sevilən aktyorlardan Elçin Əfəndi mistik ovqatı ustacasına zala ötürə bilir. Onun Akademik Milli Dram Teatrında yaratdığı bir-birindən maraqlı obrazlar geniş potensiala malik aktyor olduğundan xəbər verir.

Bir sözlə, "Məhşər divanı" tamaşası yaddaşlara yazılan bir səhnə əsəri idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!