14 mart Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı-dramaturq Anarın 80 yaşı tamam olur. Bu səbəbdən də bugünkü "Dördüncü divar" layihəsi üçün Anar müəllimin səhnə və kino əsərlərində iştirak edən, əsərlərinin daimi oxucuları olan sənətkarlarımızla söhbətləşməyi qərara aldıq. Beləliklə, "Dördüncü divar" layihəsinin qonaqları...
Xalq artisti Rasim Balayev
Anar Azərbaycan ədəbiyyatında öz tutumu, yeri olan yazıçı-dramaturqdu. Onun əsərlərini lap cavan yaşlarımdan maraqla oxumuşam. Sonralar da, indi də bir neçə ssenarisinə yazılmış filmlərə çəkilmişəm. Bugünkü gündə Anar Azərbaycan ədəbiyyatının simvollarından biri, daha doğrusu, birincisidir. O, ictimai fiqur kimi xüsusi hörmətə layiqdir. Anarla bir neçə dəfə yoldaşlığımız da olub. Müxtəlif ölkələrdə və tədbirlərdə birlikdə iştirak etmişik. Anar hər zaman böyüklə böyük, kiçiklə kiçik kimi davranan adamdı.
Mən ilk növbədə Anara cansağlığı arzulayıram ki, o, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə xidmətini davam elətdirsin, Azərbaycan kinosu üçün gözəl ssenarilər yazsın. Çox şevinirəm ki, Anar müəllimlə şəxsən tanış olmuşam, onun əsərlərində iştirak etmişəm. Buna görə özümü çox xoşbəxt hesab edirəm
Xalq artisti Amaliya Pənahova
Sözsüz ki, Anar müəllimin həm özünə, həm də yaradıcılığına çox böyük hörmətim var. Anar müəllim üçün ən gözəl sözlər, ən gözəl arzular şamildir. Mən onun iki tamaşasında işləmişəm. "Şəhərin yay günləri" və "Təhminə və Zaur" tamaşaları. "Təhminə və Zaur" tamaşası böyük anşlaqla baş tutub. Hər iki tamaşada da baş rolda çıxış etmişəm.
Anar müəllim həm də ictimai xadimdir, çox böyük şəxsiyyətdir. O, bizim iki böyük sənətkarımız Rəsul Rzanın və Nigar xanım Rəfibəylinin övladıdır. Onun ailəsi ilə həyat yoldaşı, övladları, nəvələri ilə də tanışam. Qızı Günel Anarqızı da istedadlı xanımdır. Bu baxımdan da Anar çox yaradıcı bir ailəyə başçılıq edir.
Anar müəllimin ən böyük sücaətlərindən biri də odur ki, sovetlər dönəminin tüğyan etdiyi bir vaxtda "Qobustan" jurnalını çap etdirdi ki, o dövrdə həmin almanax böyük əks-səda doğurdu. Öz yaradıcılığına gəldikdə isə "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərinin sintezindən "Təhminə və Zaur" tamaşası yarandı. Bununla yanaşı o, "Dədə Qorqud, "Qəm pəncərəsi" filmlərinin ssenari müəllifi və rejissorudur. Yəni Anar fəaliyyət göstərdiyi bütün dövrlərdə yaradıcılıq baxımından çox məhsuldar olub.
Bu yubiley ərəfəsində Anar müəllim üçün deyilən ən gözəl sözlərin, arzuların altına öz imzamı qoyuram. Ona uzun ömür və cansağlığı arzulayıram.
Xalq artisti Fəxrəddin Manafov
Anar müəllim ədəbiyyatımızda, mədəni həyatımızda dərin iz qoymuş iki böyük insanın, şəxsiyyətin övladıdır. Anar müəllimin ailəsindən gələn həyat tərzinin, yaşamının çox vacib xüsusiyyətləri vardır ki, bu da onun zadəganlığı və kübarlığıdır. O, bu kimi müsbət xüsusiyyətlərin nəinki daşıyıcısı, həmçinin yaradıcılığında, yazılarında, insanlara münasibətində və bir çox hallarda təbliğatını davam etdirən şəxsiyyətdir. Belə insanlar bizim cəmiyyətimizdə sayladırlar. Onların varlığına şəxsən mənim sonsuz ehtiyacım vardır. Anar müəllim kimi dühaları görəndə yaratmaq, yaşamaq qüvvəsi daha da çoxalıb artır.
Bir məsələni də qeyd etmək istərdim ki, Anar müəllim həm də yaradıcı, ziyalı insanların hər zaman müdafiəsində duran şəxsiyyətdir. Mən bir məqamı heç vaxt unutmamışam, unutmuram, unutmaram da... Uzaq yetmişinci illərin sonunda mənim ustadım Vaqif İbrahimoğlunun ətrafına yığışan gənc insanlar ki, bunların içərisində yeni yazmağa başlayan yazıçı dramaturqlar, aktyorlar var idi. O zaman Vaqif müəllim biz gənclərlə birlikdə teatr yaratmağı arzulayırdı. Təbii ki, müəllimin bu arzusu həvəs yox, böyük ideyalara və sənətə xidmət məqsədi daşıyırdı. O vaxtı sovet dövrü olduğundan sovet ideologiyasının diktə etdiyi müəyyən tələblər vardı. Və bu tələblər yardıcı insanlar üçün çox çətinliklər yaradırdı. Kim nə istəyirdisə, onu qısa zaman ərzində yarada, həyata keçirə bilməzdi. Bunun üçün biz əlbəttə ki, müxtəlif qapıları döyürdük, müraciətlər edirdik. Amma bütün bunların heç bir faydası olmurdu. Məhz həmin dövrdə Anar müəllimin varlığı və təkidi ilə Vaqif İbrahimoğlunun teatr yaratmaq arzusu həyata keçib reallaşdı. Haqqında bəhs etdiyim "Yuğ" teatrı Anar müəllimin dayağı ilə bu gün də yaşamaqdadır. Bayaq da qeyd etdiyim kimi, uzaq 70-ci illərin sonunda yaranan teatr bu gün də onun köməyini, dayağını, müdafiəsini hiss edib görür.
Anar müəllim sanki şüuraltı olaraq hər zaman yaradıcı insanlara, gənclərə kömək edir, qayğı ilə yanaşır. Bu da təbii ki, onun zadəganlığından, kübarlığından, mədəniyyəti geniş şəkildə anlayıb, duymağından irəli gəlir. Anar müəllim bizim mədəniyyətimizin ən vacib simalarından biridir. Bugünkü gündə onun varlığı bizim mədəniyyətimizin yüksək səviyyədə olması deməkdir. Mən demək istəyirəm ki, həm Anar müəllimi, həm də onun ailəsini çox istəyirəm. Qızı Günelin, oğlu Turalın valideynlərinə olan münasibətlərini, ailəvi təmaslarını, söhbətlərini dinlədikdə, gordukdə zövq almışam. Düşünmüşəm ki, nə yaxşı ki, belə ailələrimiz və dəyərlərimiz vardır.
Mən Anar müəllimə ailəsi, nəvə-nəticələri ilə birgə uzun illər və cansağlığı arzulayıram. Arzu edirəm ki, yeni povestlər, romanlar, pyeslər, ssenarilər yazsın. Qələm tutan əlləri, düşünən zəkası yorulmasın, yaradıcılıq ruhu tükənməsin. Və izn versə, mən onu bağrıma basıb öpərdim.
Xalq artisti Firəngiz Mütəllimova
Anar müəllim mənim çox hörmət etdiyim, sevdiyim bir insandır. Teatrda onun "Təhminə və Zaur" tamaşasında oynamışam. Televiziyada isə "Evləri köndələn yar" əsərində. Mənim bu yazıçıya qarşı xüsusi simpatiyam var. O, özü də bunu bilir. Ancaq təəssüf edirəm ki, bu gün bizim üçün heç nə yazmır. Ancaq hələ gənclik illərindən Anar müəllim nə yazırdısa mən hamısını tapıb oxumağa çalışmışam. Ən çox sevdiyim əsəri isə təbii ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"dir. Mənim kitabxanamda Anar müəllimin öz şəxsi imzası ilə olan kitablar da, özüm aldığım kitabları da var. Mənim Anar müəllimə olan sevgim həm də onun valideynlərinin yaradıcılığından qaynaqlanıb. Yəni demək istədiyim odur ki, mən bu ailəni hər zaman sevmişəm, indi də sevirəm. Ona cansağlığı, uzun ömür arzulayıram.
Xalq artisti Sənubər İsgəndərli
Anar müəllimin yaradıcılığı çoxşaxəlidir. Xüsusən onun kinoya bağlılığı, aktyorları dərindən duymağı onu bir çox yazıçılardan fərqləndirir. Bunun bariz nümunəsi yazıçının qələmə aldığı "Dantenin yubileyi" povestidir. Anar müəllim həm teatra, həm də kinoya əvəzsiz töhfələr verib. Onu yubiley münasibətilə təbrik edir, sağlam, mənalı ömür arzulayıram.
Xalq artisti Məbud Məhərrəmov
Mən Anar müəllimin ssenarisi ilə çəkilmiş bir neçə filmdə rol almışam. "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Cavid ömrü", "Sübhün səfiri" eləcə də "Nigarançılıq" televiziya tamaşasında Arakls erməni rolunu ifa etmişəm. "Sübhün səfiri" filmində isə Müsyö Jordan roluna çəkilmişəm. Sizə deyim ki, elə həmin ərəfədə mən Rus Dram Teatrında da Müsyö Jordan rolunu ifa edirdim. Bu baxımdan mənim üçün həm filmdə, həm tamaşada eyni rolu ifa etmək maraqlı idi. Anar müəllim mənim rollarımı bəyəndiyini həmişə vurğulayıb. Hər zaman da məni görəndə deyirdi ki, Məbud, sənin üçün mütləq nəsə yazacam. Çox güman ki, mənim üçün fikirləşdiyi obraz vardır.
Yazıçı-dramaturq kimi demək olar ki, Anar müəllimin bütün yaradıcılığına bələdəm. Əsərlərinin hamısını oxumuşam. Ən çox isə təbii ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını bəyənirəm. Bundan əlavə onun hekayələri, xüsusən "Mən, sən o və telefon" hekəyəsi çox xoşuma gəlir. Anar müəllim çox gözəl ailənin, istedadlı valideynlərin davamçısıdır. Bizim mədəniyyətimizin ən parlaq nümayəndələrindən biridir. Ona uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.
Əməkdar artist Füzuli Hüseynov
Mən keçmiş və ya gələcəklə yaşamağı bir az sevmirəm. Amma bütün bunlara baxmayaraq Anar müəllim, Elçin müəllim, rəhmətlik Vaqif Səmədoğlu, Emin Sabitoğlu 60-cı illərin gəncləri idi. Və onlar ədəbiyyatda, musiqidə yeni bir yol açmışdılar. Kimin nə deməsindən asılı olmayaraq, o vaxtı Anar müəllimin yeni yazısı çap olunanda, kitabı işıq üzü görəndə cəmiyyət onları məmnuniyyətlə oxuyurdu. Ona görə də "Səhra yuxusu", "Şəhərin yay günləri" pyesləri, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı o dövr üçün sensasion əsərlər idi. O vaxtı yadıma gəlir ki, "Mən, sən, o və telefon" əsəri teatr üçün hazırlanırdı. Amma sonra nədənsə həmin əsər yarımçıq qaldı, tamamlanmadı.
Anar müəllim rejissor kimi də fəaliyyət göstərib. Onun "Uzun ömrün akkordları" filmi dahi Üzeyir Hacıbəyov haqqında çəkilmiş çox gözəl ekran əsərlərindən biridir. Buna görə də nə yaxşı ki, belə insanlar var. Onların bu gün cəmiyyətdə var olması, nəfəs alıb yaşamaları, onlarla salamlaşmağımız özü belə böyük şərəfdir.
Çox heyiflər olsun ki, Anar müəllim artıq teatr üçün əsərlər yazmır. Mən onun öz dilindən də eşitmişəm ki, bizim çox dahi aktyorumuz, rəhmətlik Həsənağa Turabovdan sonra o, teatrla olan əlaqələrini kəsib. Amma hər halda həyat davam edir. Anar müəllim teatr üçün əsərlər yazsa, biz də nə qədər canımızda can var onun əsərlərində iştirak edərdik. Ümid edək ki, Anar müəllim teatrımıza töhfələr verəcək.
Mən bizim görkəmli yazıçımıza möhkəm cansağlığı arzu edərdim. Həyatda ən önəmli şey məhz can sağlığıdır.
Hesab edirəm ki, Anar müəllim kimi ziyalının bizim millətin içərisində olması xalqımıza baş ucalığı gətirir. Allah ona ömür versin.
Əməkdar artist Mehriban Zəki
(məktub)
Əziz və hörmətli Anar müəllim! Düşünməyə başladığım, ədəbiyyat və incəsənətlə maraqlandığım sizin mədəniyyətimiz üçün vacib olan sənət əsərlərinizdən çox maariflənmişəm. Türk dünyası ədəbiyyatına marağım, sevgim sizin və ustadım Vaqif İbrahimoğlunun sayəsində yaranıb. Kinomuzda "Dədə Qorqud", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi", "Dantenin yubileyi" və zəhmətinizin bəhrəsi olan digər filmlərimiz uşaqlıq yaddaşımın ən parlaq xatirələridir. Sizin hekayələriniz, roman və povestləriniz yaddaşıma elə həkk olunub ki, onları heç nə yandıra bilməz. Mənə bağışladığınız imzalı kitablarınız kitab rəfimdə ən mötəbər yerdədilər. Bir arzum var. İzninizlə deyim. Sizin gələcəkdə yazacağınız əsərinizdə tamaşa, ya film olsun işləmək istərdim. Əziz və dəyərli Anar müəllim, sizə sağlam və uzun ömür arzu edirəm. Və ümidlə istəyimin yerinə yetirilməsini gözləyirəm.
Əməkdar artist Firdovsi Atakişiyev
Mənə belə gəlir ki, mütaliəni, Azərbaycan ədəbiyyatını, dramaturgiyasını sevən, onun incəliklərini hiss edən hər bir insan Anarı sevməyə bilməz. Çünki Anarın əsərlərində fəlsəfə, sarkazm və romantizim güclüdür. Və bu əsərlər sözün əsl mənasında Azərbaycan ədəbiyyatının inciləri sayıla bilər. Mən Anar və onun yaradıcılığını çox sevirəm. Mənə belə gəlir ki, Anar müəllim təkcə "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını yazıb, onunla kifayətlənsəydi, onun adı doğrudan da ədəbiyyatımızn birinciləri sırasında olacaqdı, necə ki olub. Çünki həmin əsərdə insan duyğuları, hissləri, ehtirasları və münasibətləri vardır. Təəssüflər olsun ki, indiyənə qədər hələ heç bir rejissor Anarın hiss elədiyi, duyduğu kimi o əsəri nə səhnələşdirə, nə də ekranlaşdıra bilməyib. Əsərdəki əsas incə məqam qəhrəmanların yaş dövrünün fərqindədir. Təəssüflər olsun ki, biz əsərdə başqa şey oxuyuruq, filmdə isə başqa şeylər görürük. Amma mən əsəri oxuyan bir adam kimi deyə bilərəm ki, Anar bu romanı yazarkən tamam başqa düşüncələrlə yazıb... Burada əsas xətt gənc, təzə-təzə kişilik missiyasını yerinə yetirməyə başlayan cavan oğlanın ondan hardasa on yaş böyük olan qadına vurulması və onun arxasınca getməsidir. Dediyim odur ki, bu əsəri sevməmək, bu əsəri düzgün anlamamaq hər bir ədəbiyyat adamı üçün, intellektual şəxs üçün günahdı.
Mən Anar müəllimin yaradıcılığını həddindən artıq çox sevirəm. Onun "Dədə Qorqud" və "Gün keçdi" filmləri istər ssenari baxımından, istərsə də ekranlaşdırma cəhətdən Azərbaycan kinosunun incilərindən hesab olunur. O, yaradıcı insan kimi, azərbaycanlı kimi, öz vətəninin oğlu kimi hamımza nümunə olmağı bacaran insandır. Onun qələmindən, təfəkküründən süzülüb gələn fikirlər, sözlər bizə çox lazımdır. Bugünkü bu müasir dövrümüzdə Anar müəllimin maarifçiliyinə ehtiyacımız var. Onun çox kəskin, düşündürən, dolğun yumoru var. Bu da Anarı əlbəttə ki, daha da güclü edir, əsərlərinin kəsərini artırır. Anar müəllim həm də iki böyük şəxsiyyətin adını daşıyır, onların yadigarıdı. Mənə belə gəlir ki, biz hələ bundan sonra da uzun müddət Anar müəllimin varlığı ilə sevinəcəyik. Arzu edirəm ki, Anar müəllim yüz yaşasın və həmişə bizim yanımızda olsun.
Əməkdar artist Gülzar Qurbanova
Anar müəllimlə ilk tanışlığım on beş yaşımda "Qəm pəncərəsi" filminin çəkilişləri zamanı baş tutub. Həmin filmdə mən Xudayar bəyin qızı roluna çəkilmişəm, həm də ustadım Vaqif İbrahimoğlu ilə tərəf-müqabili olmuşam. Çox xırda roldu. Ondan sonra Anar müəllimin ssenarisi əsasında "İmtahan" və "Sübhün səfiri" filmlərində çəkilmişəm. Ümumiyyətlə, Azərbaycan kinosunda Anar müəllimin öz xidmətləri vardır. Dədə Qorqud haqqında, Üzeyir Hacıbəyov haqqında biz onun ssenariləri ilə çəkilmiş filmlərdən çox şeylər öyrənmişik. Biz "Qəm pəncərəsi", "Gün keçdi", "İmtahan", "Təhminə", "Otel otağı" kimi filmlərlə böyüyüb, inkişaf etmişik. Onların qəhrəmanlarına bənzəmək istəmişik. Düzdür, bir çox qadın "Təhminə" filmində Təhminənin yerində olmaq istərdi. Amma mənim üçün Zaur obrazı daha maraqlıdır. Aktyor kimi də ifa etsəydim yəqin ki, Zaur rolunu ifa edərdim. Çünki kitabla film arasında xeyli fərqlər var. O dövrdə həmin roman demək olar ki, hamının evində vardı.
Bundan başqa Anar müəllim həm də mənim üçün başqa tərəfdən də doğmadır. O, rəhmətlik ustadım Vaqif İbrahimoğlunun "Yuğ" teatrını yaratmaq arzusunda ona böyük dəstək olub, köməklik edib.
Fürsətdən istifadə edib mən də Anar müəllimi yubileyi münasibətilə təbrik edir, cansağlığı arzulayıram. Günləri xoş, xeyirli, möcüzəli sabahlarla açılsın. Anar müəllimin öz təbirincə desəm, görmək istədiyi işlərin hamısını həyata keçirə bilsin və yaşadığı mühitdə heç bir itkiyə məruz qalmasın.
Xalq artisti Elmira Şabanova
Ananrın "Qəm pəncərəsi", "Ötən ilin son gecəsi" və son olaraq da "Təhminə" filmlərində çəkilmişəm. "Qəm pəncərəsi" filmindəki Həmidə roluna Anar özü məni dəvət etmişdi. O, istər yazıçı, istərsə də ssenarist kimi mənim üçün çox qiymətlidir. Ən sevdiyim əsəri isə "Beşmərtəbəli evin altıncı mərtəbəsi" olub. Həmin əsəri Anar mənə əlyazma şəkilində oxumağa vermişdi. O zaman yadıma gəlir ki, həmin əlyazmanı mən ağlaya-ağlaya oxumuşdum. Əsərdəki Təhminə ilə kinodakı arasında çox fərq var. Anarın qəhrəmanı daxilən təmiz qadındır...
Bildiyiniz kimi, qırx yaşıma qədər yoldaşım mənə filmlərə çəkilməyə icazə vermirdi. "Ötən ilin son gecəsi" filminə çəkiləndə yaşım artıq qırxı keçmişdi. Və yadıma gəlir ki, Anar çəkiliş meydançasına gəlib məni qucaqlayıb öpdü. Həmin rola çəkilməyimə görə çox sevinmişdi. Film də o dövrdə keçmiş SSRİ-də çox gösəl qarşılanmışdı. "Qəm pəncərəsi" filmində də özü mənə demişdi ki, -sən elə əsl Həmidə xanımsan. Ümumiyyətlə, onun əsərlərində aktrisa kimi işləmək mənə həmişə zövq verir.
Anar müəllimə cansağlığı arzu edirəm. Bir də arzu edirəm ki, kinomuz dirçəlsin, gözəl ssenarilər yazılsın ki, istedadlı rejissorlarımız, sənət adamlarımız vətəndən uzaqlara getməsinlər.
Xalq artisti Mərahim Fərzəlibəyov
Mən hələ Sankt-Peterburqda oxuyan vaxtlarımda Anar artıq burda məşhur yazıçı idi. Ona görə də hələ birinci kursda oxuyanda "Ötən ilin son gecəsi" əsərindən bir parçanı səhnələşdirmişdim. Sonra tale elə gətirdi ki, Milli Akademik Dram Teatrında işləməyə başladım. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanını bir neçə dəfə rus dilində oxuyandan sonra Anar müəllimdən həmin əsərin pyes variantını istədim. Anar müəllim də mənim bu xahişimi çox yaxşı qəbul etdi. Elə oldu ki, iki-üç ay müddətinə pyes hazır oldu. 1984-cü ildə "Təhminə və Zaur" tamaşasını səhnəyə qoyduq. Baş rollarda da bildiyiniz kimi, Fuad Poladov və Amaliya Pənahova iştirak edirdilər. Həmin tamaşa çox böyük müvəffəqiyyət qazandı və üç yüzdən çox anşlaq verdi. Ən maraqlı məqam o idi ki, çox cavan tamaşaçılar - oğlanlar, qızlar Təhminənin taleyindən sarsılıb həyəcan keçirirdilər. Hətta əsəbləri zəif olan insanlar üçün tamaşa zamanı təcili yardım da gəlirdi. O vaxtın insanları həqiqi məhəbbətin saflığına çox inanırdılar. Növbəti dəfə isə artıq Anar müəllim "Sizi deyib gəlmişəm" pyesini özü mənə təklif etdi ki, səhnəyə qoyum. Həmin tamaşa da çox böyük uğur qazandı. Orada Səməndər Rzayev, Əliağa Ağayev, Vəfa Fətullayeva kimi bir çox böyük sənətkarlar iştirak edirdilər.
Mənim üçün Anar müəllim rejissorluq karyeramın müəyyən məqamlarında çox yaxşı müəllim oldu. Böyük dramaturqumuz rəhmətlik İlyas Əfəndiyevdən sonra mən yalnız Anarın əsərlərinə müraciət etdim. Sonralar da Anar müəllim "Qəm pəncərəsi" filmini çəkərkən məni uçitel Həsən roluna dəvət etdi.
Bugünkü gündə mən Anar müəllimə cansağlığı azulayıram. Arzu edirəm ki, necə ki, o, bizi 60-70-ci illərdə yazdığı əsərlər ilə sevindirib, bundan sonra da sevindirməyə davam etsin.
Xalq artisti Ayan Mirqasımova
Anar müəllim Azərbaycan ədəbiyyatı və kinematoqrafiyası sahəsində çox böyük iz qoyub. O, çox böyük şəxsiyyət həm yazıçı, həm dramaturq, həm də kinematoqraf kimi böyük insandır. Onun kitablarını oxuyan, filmlərinə baxan tamaşaçı yazıçının nəhəng dünyagörüşü, əqidəsi ilə rastlaşıb, varlığını hiss edirlər. Mənim üçün Anar müəllim dahi yazıçı olmaqla yanaşı, həm də böyük insandır. Mənim üçün şərəfdir ki, onun yaradıcılığından həm teatr səhnəsində, həm də kinoda bəhrələnmişəm.
On dörd yaşım olanda Gülbəniz Əzimzadə məni Anarın əsəri əsasında çəkilən "Ötən ilin son gecəsi" filminə dəvət etdi. Bu əsər mənim üçün çox doğma və əzizdir. Çünki aktyorluq karyeramda bu film çox böyük rol oynayıb. Əsərin mövzusu da çox fəlsəfi, səmimi və maraqlıdır. Və bu səmimiyyəti biz aktyorlar çəkiliş zamanı da hiss etdik, sonradan filmə baxan tamaşaçılar da duydular.
Ana və övlad, onlar arasındakı ailə bağları çox parlaq şəkildə bu əsərdə özünü büruzə verir ki, bu hisslərdən güclü dünyada heç nə yoxdur. Zaman keçdikcə bir aktrisa, bir ana, bir insan kimi hər dəfə bu filmə baxanda özüm üçün bir çox yeniliklər kəşf edirəm. Bundan başqa Anar müəllimin ssenarisi ilə çəkilən "Otel otağı" filmində də iştirak etmişəm. Rus Dram Teatrının səhnəsində isə "Təhminə və Zaur" tamaşasında Mədinə obrazında çıxış etmişəm.
Mən çox şadam ki, bu cür dahi bir insanın yaradıcılığında iştirak etmişəm.
İncəsənət Universitetində dərs deyirəm. Keçən il təklif etdim ki, Anar müəllimin yaradıcılığına müraciət edək. İnanın, cavan tələbələr çox böyük həvəslə onun əsərlərini oxudular, təhlil etdilər. Və mən o zaman başa düşdüm ki, Anar müəllim bir yazıçı kimi həmişə müasir və cavandır.
Birinci növbədə onu yubileyi münasibətilə təbrik edirəm. Həm Anar müəllimə, həm də onun ən yaxın insanı, həyat yoldaşı Zemfira xanıma da cansağlığı arzu edirəm. Bilirəm ki, bu il Zemfira xanımın da yubileyi olacaq. Anar müəllim çox gözəl övlad, yaxşı dost və atadır. Onu və ailəsini ürəkdən təbrik edirəm.
Hazırladı: Samirə Əşrəf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!