Fizika qanunları və teatr ("Teatr düşüncələri" silsiləsindən) - III yazı - İlham RƏHİMLİ

 

III yazı

 

Qədim yunan mənşəli "katalizator" (latalysis) sözü dağılma, parçalanma, dəyişmə, həll olma mənalarını verir. Əsasən kimya elmində istifadə edilsə də, fizikada və materialşünaslıqda da geniş işlədilir. Katalizator (kataliz) kimya elmində müxtəlif reaksiyaların gedişatının, prosesinin sürətini dəyişdirərək ya asanlaşdıran, yaxud da sürətləndirən vasitə kimi qəbul olunur. Vacib məqam odur ki, katalizator reaksiyanın son məhsulunu dəyişmir, onun hansı sürətlə getməsinə təsir göstərir. O da maraqlıdır ki, katalizator reaksiyanın son məhsulunu dəyişmir.

Teatrda katalizator prosesi mövcuddurmu? Əgər mövcuddursa bu proses necə baş verir və nəticəsi nə olur? Tamaşa hazırlanarkən bu qüvvə mütləqmi nəzərə alınmalıdır?

Bu üç qısa, ancaq dərin və məzmunlu suala müəyyən aydınlıq gətirmək lazımdır, hətta vacibdir.

Katalizator tamaşanın yaradıcı prosesini sürətləndirən, ritmin ahəngini tənzimləyən, quruluşçu rejissor və aktyorları yeni-yeni fikirlərin həllinə sövq edən təkanverici bədii güc amilidir.

Güclü, təsiredici katalizator funksiyasını daşıyan, onu yaradıcı peşəkarlıqla icra edə bilən rejissor aktyorların yaradıcılıq imkanlarının enerjisini dəqiq, bədii tutumda müəyyənləşdirərək, onların sözün hərəkətdə təcəssümünə məkan və imkan genişliyi yarada bilər.

Aktyorun mənalı, obrazlı improvizasiyası katalizator yükündədir - gözlənilməz improvizasiya bütün səhnənin yeni, daha coşqun, daha effektli istiqamət almasına səbəb olur.

Repertuarda olan tamaşanın canlı təqdimində aktyorun gözlənilməz, ancaq uğurlu improvizasiyası səhnədəki vəziyyətin dramaturji, psixoloji, komik  prosesinin güclənməsində katalizator rolunu oynayır.

Konfliktin səhnə həllinin peşəkarlıqla təqdimi tamaşanın katalizatoruna çevrilərək hadisələrin razvyazkaya (düyünlərin açılmasına) doğru inkişafını sürətləndirir və personajların hərəkət plastikasının təbiiliyinə, canlılığına, təsir gücünə enerji təkanı verir.

Musiqinin təsir gücünün emosional həlli tamaşanın cazibəsini artıran katalizator funksiyasını daşımağa qadirdir.

Səhnə tərtibatının (dekorasiyanın) məna və cazibədarlığı vizual baxımdan tamaşaçının qavrama enerjisini, seyrçilərin həzz almaq mexanizmini hərəkətə gətirən katalizatordur.

Müxtəlif xarakterli işıqlardan yaradıcı istifadə edilməsi tamaşanın emosional ruhunun bədiiliyinin güclənməsinə təkanverici, coşqun dinamikalı katalizator funksiyası daşıya bilir. Bunlar da müxtəlif səciyyəli və müxtəlif effektli olur.

Ümumi işıq səhnədəki məkanın forma cazibəsini bütün möhtəşəmliyi ilə göstərir;

rampa işıqları rənglər axınının ümumi ecazkarlığını artırır;

spot işıq - tək projektor müəyyən məqamda yalnız bir, bəzən iki aktyoru gur işıq selinə bürüməklə tamaşaçı diqqətini onlara yönəldir, lazım gələndə onun (və ya onların) səhnədəki davranış-hərəkətlərini daim diqqətdə saxlayır, bir növ hal-ovqatı müəyyən dramatizm dalğasında izləyir;

ön - frontal işıq seli aktyorların iri və orta planda kino effekti ilə görünməsi formasını yaradır;

yan işıqların aydınlığı aktyorların plastik hərəkətlərinin emosional cazibəsini artırır və nəticədə obrazın çox kiçik hərəkəti də tamaşaçı nəzərindən yayınmır;

səhnənin sonundan verilən arxa işıq kölgə effektini obrazlaşdırır, dərinlik uzanır və müəyyən psixoloji hal (vahimə, qorxu, təlaş, tərəddüd, çaşqınlıq, səksəkə və s.) yaradır;

dekorativ işıq səhnə effektində rənglər çələnginə axınlı, dalğalı füsunkarlıq verir;

kontr işıq müəyyən aktyoru, ya əşyanı, butaforu, yaxud da səhnənin yalnız hansısa guşəsini ümumi fondan ayırıb seçir; həmçinin obrazlaşan işıq pauzalarda hərəkət monoloqlarının söz, müəyyən mətn kimi qavranılmasını təmin edir;

kontr işığın bədii-emosional gücü dəqiq qurulanda səhnədə iki, hətta bəzən üç, dörd fərqli vəziyyəti paralel izləmək mümkündür;

səhnənin sağından və solundan salınan effekt işığı - səhnədə müxtəlif anlarda təlatüm, vahimə və çaşqınlıq yaradan şimşəyin çaxmasını, ay işığının romantik ahəngini, günəşin nur selinin vüsətini, alovun dəhşətli ovqat yaratmasını, sübhün bakirə füsunkarlığını, gecənin poetik-romantik cazibəsini daha da şiddətləndirir.

Katalizator göstərdiyim funksiyaları daşımaqla səhnənin emosional təsirini gücləndirə və aktyor oyununda bədii siqlətin artmasına, artdıqca enerjili hala gəlməsinə təkan verə bilir.

Katalizator  səhnədəki hər hansı prosesi hərəkətə gətirərək coşduran, tamaşanın dinamik ritmini sürətləndirən, ideyanın məna dəyərini bədiiliklə qabardan, təsir gücü səngiməyən estetik qüvvədir.

Katalizator aktyorun daxili nizamını həssaslıqla tarazlayır, onun hər hansı cansız varlıqla (stul, telefon, qılınc, kitab, butafor əşya...) yöndaş, atribut-obraz kimi davranmasını, onunla hərəkət dialoquna, hərəkət rabitəsinə, hərəkət ünsiyyətinə girməsini reallaşdırmaq gücünə malikdir.

Katalizator səhnədəki bütün proseslərdə enerjini yayan, səpələyən və onu daim hərəkətdə saxlayan, gözə görünməyən, yalnız hiss olunan təsir formasıdır.

 

***

Lal sükunətli, ləpəsiz suya daş atanda ekssentrik dairələr əmələ gəlir. Yaranan dairəvi dalğaları suyun özünün irəli-geri hərəkəti yaradır. Təbii ki, dairələrin çoxluğu və ya azlığı mütləq atılan daşların ağırlığı ilə bağlıdır. Daş suya düşəndə suyun səthinə zərbə və enerji verir. Zərbə nəticəsində su hissəcikləri əvvəlcə aşağı və kənara doğru hərəkət edir. Bu hərəkət qonşu su hissəciklərinə ötürülür və beləliklə, enerji səth boyunca dairəvi şəkildə yayılır. Dalğanın özü uzağa gedir, amma suyun böyük hissəsi dalğa ilə birlikdə uzağa daşınmır, çünki fizika qanunlarına görə əsasən enerji və hərəkət ötürülür.

Bəs dalğanın funksiyası nədir?

Fizikada dalğanın əsas funksiyası enerjini bir nöqtədən başqa nöqtəyə ötürməkdir. Məsələn, daşın düşdüyü yerdə yaranan enerji dairəvi dalğalar vasitəsilə ətrafa yayılır. Sahildə və ya suyun üzərindəki yüngül cisimlər də bu enerji nəticəsində hərəkət edə bilər. Burada bir mühüm fərq var: dalğa maddəni deyil, əsasən enerjini daşıyır.

Təqdim etdiyim prosesi teatr tamaşasında dalğa metaforası ilə də maraqlı şəkildə izah etmək mümkündür. Məsələn, istedadlı aktyorun Şekspirin eyniadlı faciəsində Hamletin rolunu ifa edərkən onun hərəkətinin bütün səhnəyə "dalğa" kimi necə yayılmasını izləmək və oyununun elmi-nəzəri təhlilini vermək olar. Səhnədə bir aktyorun hərəkət plastikası, obrazın sözlərini söyləmək tərzi, hərəkət manerası, geniş mənada monoloqu dramatik, fəci həyəcanla söyləməsinin emosional, psixoloji, dramatik teatral təsiri səhnədəki vəziyyətin içində olan digər aktyorlara, eləcə də gözəgörünməz sürət və fəallıqla tamaşaçılara da təsir edir. Bu təsir bir nöqtədən başlayıb getdikcə genişlənirsə, onu artıq dalğaya bənzətmək olar.

Yaxud bir aktyor səhnədə obrazın psixoloji vəziyyətinə uyğun olaraq qəfildən qorxur və həyəcanlanır. Həmin epizodda ona yöndaş olan aktyor bunu görür və onun da reaksiyası dəyişir. Eləcə də səhnədə olan digər aktyorların psixoloji münasibət halı başqalaşır. Paralel olaraq səhnənin ümumi emosional atmosferi dəyişir. Bu yaradıcılıq vəziyyəti və halı suya atılan daşın yaratdığı dalğaya bənzəyir: daş atılır, suyun ilk dalğası yaranır, həmin ilk dalğa ətrafdakı suya təsir edir və dalğanın yayılma prosesi baş verir. Aktyorun impulsu yöndaşına, səhnədəki hadisəsinin dramatik inkişafına, tədricən də bütün səhnəyə, təbii ki, eyni güc və enerji ilə tamaşaçı salonuna emosional təsir göstərir.

Sual oluna bilər ki, bu prosesdə yaranan "enerji", onun xarakterik, səciyyəvi göstəriciləri nədən ibarətdir?

Teatr tamaşasının gedişatında yaranan enerji fiziki enerji deyil, aktyorun qadir olduğu sənətkarlıq qabiliyyətinin dərəcəsindən doğan daxili və xarici impulsudur. Bu prosesdə sənətkarın baxışları, nəfəs-diafraqma vərdişləri, səsinin dalğavari ahəng dəyişikliyi, jestlərin məna çalarları, hərəkət dinamikasının amplitudası, davranış tərzinin psixoloji məna yükü, pauzalarının "danışmaq" gücü, emosional gərginliyinin nəbzinin döyünmə ritmi, ehtirasların coşma çılğınlığının təzyiqi və s. fəaldır, ahəngdardır, çevikdir.

Məsələn, aktyor heç nə demədən başını yavaşca qaldırıb bir personaja baxır. Əgər həmin baxış güclüdürsə, qarşı tərəf onu hiss edir və reaksiya verir. Onun reaksiyası da başqasına təsir edir. Beləcə, bir kiçik impuls bütün səhnəni hərəkətə gətirə bilir.

Rejissor yaradıcılığı və fantaziyası baxımından ekssentrik dairə metaforasını belə formullaşdırmaq olar: Səhnədə hərəkət müəyyən bir nöqtədə yaranır, lakin onun enerjili bədii-estetik təsiri bütün tamaşaya dairəvi şəkildə dalğa kimi yayıla bilər. Həmin prosesdə dalğa - təsirin yayılması, impuls - dalğanı başladan səbəb, enerji - həmin təsiri daşıyan qüvvə, ritm isə dalğanın sürəti və xarakteridir. Bunların düzgün və səmərəli tənzimlənməsi rejissorun təxəyyül genişliyinin romantik cazibəsindən, real məntiqindən, ifaçı aktyorların yaradıcılıq enerjisinin bədii-emosional, psixoloji-estetik təsir gücündən asılıdır.

Rejissor dramaturji mətnin mürəkkəbliyinə və mövzu, ideya sanbal-ağırlığına uyğun olaraq hazırladığı tamaşada özünün ekssentrik fəaliyyət dairələrini qurmağı bacarmalıdır.

Mütləq!..

Tamaşanın ali məqsədi, əsas ideyası, janrın estetik parametrlərinin dəqiqliyi, kompozisiya qurumu, hadisələrin inkişaf xəttinin dəyişən ritm ahəngi... yerləşdirilib sıralanan ekssentrik dairələr həssaslıqla işlənilməlidir, zəncirbəndlərlə bir-birinə qırılmaz bənd gücündə bağlanmalıdır.

Tamaşanın hadisələr dalğalarının qurulmasına laqeyd yanaşma nəticəsində bunlar baş verir:

ekssentrik dairələrin asimmetrik "bağlılığı" əmələ gəlir;

asimmetrik "bağlılıq" tamaşanın harmoniyasını pozan "zəif bəndə" çevrilir.

hadisələrin inkişafının əlaqə həlqələri qırılır;

Ekssentrik dairələrin üçüncü, dördüncü, hətta bəzi mürəkkəb klassik əsərlərdə beşinci və daha artıq çevrələrindəki təmsilçi-aktyorlar açıq və ya qapalı şəkildə ön dairələrlə qırılmaz ritmik ünsiyyətdə olmağı sənətkarlıqla bacarmalıdırlar. Onlar özlərinin çevik, ahəngdar ritmli oyunları ilə konfliktin açılmasına, ideyanın bütövlüyünə dinamik təsirlərini (dərəcəsindən asılı olmayaraq) göstərməlidirlər. Təəssüf ki, rejissor-aktyor qarşılıqlı yaradıcılıq münasibətlərində tərəzi tarazlığının pozulması səbəbindən yardımçı dairələrlə əsas dairənin əlaqə bağları qırılır, teatra xas olan ahəng, harmoniya qanunu şüşə kimi çiliklənir. Belə olan halda yardımçı dairələrin təmsilçiləri olan aktyorlar əksər hallarda meydandan kənarda skamyada oturub futbolu seyr edən ehtiyat oyunçuları xatırladırlar.

Teatrda ekssentrik dalğa metaforasının dərki, səmərəliliyi, bədii gücündəki enerji anlayışı Meyerholdun biomexanikasını, Stanislavskinin "fiziki hərəkətlər" sistemini harmonik vəhdətdə dərk etmək, müxtəlif xarakterli rollar ifa edən aktyorların arasında səhnə əlaqəsini gücləndirmək, dalğaları zəncirbənd düzümünə salmaq və bunları səhnədə peşəkar sənətkarlıqla reallaşdırmaq üçün də çox əlverişlidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!