II yazı
Bədii ideyanın əsərə çevrilməsi prosesindəki ardıcıl yaradıcılıq hərəkətlərinin sistemi incəsənətdə Alqoritm kimi qəbul olunur. Ayrılıqda "ritm" sözü qədim yunan mənşəlidir; ölçü, hərəkət, axın, ahəng, nizamlı təkrarlanma mənalarını verir. Alqoritm məşhur riyaziyyat, astronomiya, coğrafiya alimi Məhəmməd ibn Musa əl-Xarəzminin (təqr. 780 - təqr. 850) adı ilə bağlıdır. Qədim yunan mənbələrində Əl-Xarəzminin adı Alqoritm kimi yazılıb.
Ümumi anlayışda, əsasən fizika, riyaziyyat və kimya elmində Alqoritm hər hansı işi, yaxud problemi qarşıya qoyulan müəyyən nəticəyə çatdırmaq üçün ardıcıl və dəqiq yerinə yetirilən hərəkət, axtarış, tədqiqat sisteminin əlaqəli inkişaf mərhələlərinin toplumudur. Digər anlayışa, qavramaya görə alqoritm qarşıya qoyulan məqsədə çatmaq üçün görüləcək işlərin ardıcıllıq düzümü, onu necə etmək, hansı forma-tərzdə reallaşdırmaq qaydasının əsasıdır. Onu da xatırladım ki, alqoritm anlayışı incəsənətdə riyaziyyatdakı kimi sərt, dürüst, dəqiq prinsiplərə əsaslanmır. Alimlərin elmi qənaətlərinə görə incəsənətdə alqoritm bilavasitə yaradıcılıq prosesinin mərhələlərinin, üsullarının, bədii prinsiplərinin müəyyən ardıcıllığı kimi qavranılır.
Teatrda bədii məhsulun istehsalında - tamaşanın hazırlanma prosesində alqoritmin struktur qurumunun özünəməxsus qaydaları, estetik prinsipləri və incəsənətin digər növlərindən fərqli bədii-nəzəri səciyyələri mövcuddur. Aşağıda göstərəcəyim ardıcıllıq sistemi teatr yaradıcılığının, tamaşa hasilə gətirməyin, bədii əsəri səhnə əsərinə çevirməyini hazırlanmaq, axtarışları sınaqdan çıxarıb cilalayaraq formalaşdırmaq, tamamlanma prosesinin dəqiq və əsas prinsiplərində ehtiva edilir. Əslində teatrın yaradıcı heyəti və tamaşanın hazırlanmasına cəlb olunan texniki qurumu mənim göstərəcəyim ardıcıllığı adi iş qaydası prinsipində bilirlər. Söhbət göstərəcəyim ardıcıllıqların alqoritm tərtibinin elmi-nəzəri prinsiplərini, estetik səciyyələrini fizika və riyaziyyatını dəqiqlik qaydalarına uyğun tərzdə sistemləşdirib sıra düzümünə salmaqdan gedir. Həmin vacib prosesdə görüləcək yaradıcılıq işlərinin bütün mərhələləri, atributları aydın ifadə olunmalıdır.
Sual oluna bilər: tamaşanı ərsəyə gətirən peşəkarlar bunu bilirsə və bu, adi, lakin vacib iş prosesidirsə, onda həmin məsələni problem səviyyəsində təqdim etməyə ehtiyac varmı?
Rahatsızlıq doğuran odur ki, Azərbaycan teatrlarında alqoritmin vacib tələblərinin ciddi ölçü prinsipləri və müəyyən seçim meyarları laqeydlik və məsuliyyətsizlik dərəcəsində pozulur. Həmin pozulmaların acı nəticələrinə görə də bədii cəhətdən qüsurlu tamaşaların sayı ildən-ilə çoxalır. Çoxaldıqca onların repertuarda tab gətirə bilmək, duruş tutmaq üçün onsuz da sısqa, halsız olan gücü daha da zəifləyib yoxa çıxır. Bu xoşagəlməz prosesdə, alqoritmin vacibliyini, məna gücünü, yaratdığı və diktə etdiyi enerji sistemini ciddiyə almamaqda, başda rejissor olmaqla, bütün yaradıcı heyət məsuliyyət daşıyır.
Bunlara görə də tamaşa hazırlanması prosesindəki vacib alqoritm ardıcıllığını xatırlatmağa ehtiyac duyulur.
Əsərin seçilməsinin vacib şərtləri:
İlk növbədə truppanın yaradıcılıq gücünün potensial imkanları mütləq nəzərə alınmalıdır;
mövzunun Azərbaycan tamaşaçısının teatr qavrayışının estetik prinsipləri üçün aktuallıq dərəcəsinin diaqnozu dəqiqləşdirilməlidir;
əcnəbi əsər seçimində, xüsusən dünya şöhrətli klassiklərin (Vilyam Şekspir, Jan Rasin, Henrik İbsen, Alber Kamyu...) dramaturqun şöhrəti arxasında "gizlənmək" yox, onun seçilən əsərini səhnə ekvivalentinə çevirə biləcək truppanın gücünə əsaslanmaq lazımdır;
real vəziyyətdə bəzi rejissorlar teatrın yüksəlişinə xidmət göstərmiş deyil, öz yaradıcılıq bioqrafiyasının siyahısını zahirən "zənginləşdirmək" hərisi olduqlarını göstərirlər.
Rejissorun aktyor seçimində əsaslanacağı başlıca meyar:
Hər aktyorun ona həvalə edilmiş obrazı oynaya biləcək gücünün enerjisinə qətiyyətlə inanmaq;
tamaşaçıya emosional təsir gücünün təzyiq dərəcəsinin səviyyəsini "Rixter şkalası"na (Rixter şkalasında 1 vahid artım seysmik dalğanın amplitudasını 10 dəfə çoxaldır) uyğun qiymətləndirmək;
hər ifaçının ayrılıqda bədii ifadə vasitələrinin personajın xarakterinə uyğun və yararlı yaradıcılıq imkanlarına, bədii məhsul verə bilmək potensialına rejissorun güvənməsi;
rejissorların əmin olduqlarının və güman etdiklərini səhnədə aktyorların yüksək sənətkarlıqla reallaşdıra bilməsinə qətiyyətli inamı.
Haşiyə. Təəssüflər olsun ki, bəzən ölkəmizin öncül teatrlarında rol bölgüsü (xüsusən dəvət edilmiş rejissorlar tamaşa hazırlayarkən) aparıcı aktyorların hikkəsi və diktəsi ilə bölünür. Bu hala aid kifayət qədər ağrı-acılı fakt var.
Pyesin miz arxasında təhlil mərhələsində əsas şərtlər:
Rejissor konsepsiyasının cövhərini açmaq;
əsas mövzunun fəlsəfi, psixoloji, estetik, mənəvi-əxlaqi və s. incəliklərini aydınlaşdırmaq;
Azərbaycan teatrında az qala yeganə formaya çevrilmiş "2 hissəli dram", "müasir pyes", "1 hissəli komediya" və bu kimi kirəcləşmiş, ərp bağlamış təyinlərdən qətiyyətlə imtina etmək;
janr təyinini konsepsiyaya, mövzuya, ideyaya uyğun şəkildə dəqiqləşdirmək.
Məlumat. Azərbaycan teatrlarında janr təyininin "unudulması", rejissorun onu ciddiyə almaması nəticədə aktyor ifalarında janr vəhdətinin pərakəndəliyi tamaşaların forma və məzmununa ağır zərbələr vurur.
Səhnə məşqlərinin effektivliyinə nail olmaqla məzmuna uyğun formanın müəyyənləşdirilməsi:
Aktyorların sözlə hərəkətin ahəngdar vəhdətini tapmaq axtarışları;
mizan təyinində vəziyyətə uyğun xarakterik formaların seçilməsi;
mövzu-janr-ideya üçbucağında hər aktyorun əsas əməl-fəaliyyət xəttinin aydınlaşdırılması;
hadisələrin dramatik inkişafında yaranan ekssentrik dairələrin görünməz əlaqə bağlarının janra, ideyaya, tamaşanın ali məqsədinə uyğun aşkarlanması və onun möhkəmləndirilməsi.
İnkaredilməz fakt. Son 20-25 ildə teatrlarda tamaşanın təhvil verilməsi üçün rəhbərliyin yazılı əmri ilə bəzən 20, bəzən 30 məşq günü təyin olunur. Belə olan təqdirdə səhnə sənətinə xas olan alqoritmin vacib prinsipləri laxlayır və pozulur. Nəticədə qaçaqaçla hazırlanan tamaşalar alaçiy, yarımçıq, dadsız-duzsuz, təsirsiz qalır.
Mahiyyət və mənaca müxtəlif məşqlər:
Sözlərin mükəmməl mənimsənməsi;
hərəkətlərin dəqiqləşdirilməsi;
mizanların sınaqdan çıxarılaraq cilalanıb formalaşması;
geyim və qrimlə məşqlər;
səhnə əsərinin ritminin və plastik həllinin dəqiqləşməsi;
tamaşaçıya təqdim olunacaq forma-məzmunda, saxlanılmadan oynanılan baş məşq - sənət axtarışlarının bədii yekunu.
Acı həqiqət. Əksər aparıcı teatrlarda iştirakçıların böyük əksəriyyəti özlərinin sözləri olmayan səhnələrin məşqlərində iştirak etmirlər. Buna görə da tamaşanın ümumi ritm ahəngində, mövzunun tam mənimsənilməsində əngəllər yaranır və bütövlükdə tamaşada rəng, ahəng, ritm uyğunsuzluğu yaranır. Bu, artıq vərdişə və "qaydaya" çevrilmiş ziyanverici, təhlükəli hal alıb. Sərt desəm, yoluxucu virusa çevrilib.
Tamaşanın rejissor konsepsiyasına, məzmun və forma, zaman və məkan prinsiplərinə uyğun səhnə tərtibatına nail olmaq:
Bədii tərtibat mütləq və mütləq tamaşanın atribut-obrazına çevrilməlidir;
aktyorların sərbəst səhnə gərdişləri üçün geniş imkanlar yaradılmalıdır.
Fakt. Bəzən bədii tərtibatı tamaşanın quruluşçu rejissorunun özünün "verməsi" əksər hallarda bədii özfəaliyyəti xatırladır.
Bəstəkarın yazdığı musiqi və ya seçmə musiqi parçalarının tərtibi:
Bədii tərtibat kimi musiqi də atribut-obraz funksiyasını yüksək bədiiliklə təcəssüm etdirməlidir;
sözün olmadığı səhnələrdə musiqi "danışmalı", tamaşaçıların psixoloji hisslərini və emosional duyğularını oxşamalıdır;
tamaşaçı estetik həzz almaqla yanaşı, təqdim edilən tamaşanın ümumi ruhunda təfəkkür və idrakla iştirakını təminatlandırmağa qadir olmalıdır.
Tamaşanın qəbulu və repertuara daxil edilməsi:
Teatr prosesində alqoritmin dəyəri, füsunkarlığı, sənətə xidmət funksiyası, həmçinin bu hallarda da pozulur:
Teatrın fundamental şəkildə beş, yaxud azı üç illik repertuar siyasəti qurulmayanda;
zəif pyeslər repertuara ayaq açanda;
ağırlığını teatrın, onun truppasının çəkmək iqtidarında olmadığı klassik əsərlər "nəyə və kimə görəsə" repertuara daxil ediləndə;
səriştəsiz rejissor, eləcə də rejissor iddiasında olan aktyor gücləri çatmadığı yükü götürmək iddiasına düşəndə;
roman və povestlərin səhnələşdirilməsini səriştəli dramaturqa yox, rejissor öz öhdəsinə götürdükdə...
***
Teatr sənətində sükunətdən hərəkətə keçid maraqlı və səhnə əsərinə nəfəs, ruh, enerji verən yaradıcı prosesdir.
Sükunətdən hərəkətə keçmə İsaak Nyutonun qanunları ilə təsbit edilir. Alimin 1-ci qanunu Ətalət qanunu, 2-ci qanunu Qüvvə və təcil qanunudur. "Təcil" ərəb sözüdür, mənası tələsmədir.
Ətalət qanununun elmi məğzi, cövhəri: cisim xarici qüvvənin təsiri olmadıqda öz sükunət və ya bərabərsürətli düzxətli hərəkət vəziyyətini qoruyur.
Qüvvə və təcil qanununun elmi məğzi, cövhəri: cismə təsir edən qüvvə onun hərəkətinin dəyişməsini - təcilini müəyyən edir. Cismin sürətinin artması müsbət təcil, azalması (yavaşıması) mənfi təcildir. Cismin istiqamətinin dəyişməsi də təcil yaradır.
Sükunət və hərəkət öz-özünə dəyişmir, dəyişiklik üçün xarici təsir qüvvəsi lazımdır.
Teatrda bu proses necə baş verir?
Teatrda aktyorun sükunəti fiziki hərəkətsizlik deyil, potensial enerjinin vəziyyəti, onun ifa etdiyi obrazın halıdır. Aktyor səhnədə tam hərəkətsiz dayanır. Tamaşaçı hiss edir ki, onun daxilində müəyyən bir proses, psixoloji dəyişmə gedir, ancaq hələlik bu proses sükunət vəziyyətindədir. Teatrda aktyorun sükunəti fiziki hərəkətsizlik deyil, potensial enerjinin vəziyyətidir. Aktyorun sükunəti, ətaləti pozmaq üçün əsas qüvvəsi öz daxilində müəyyən impuls yaratması ilə bağlıdır. İmpuls fəaliyyətə başlayanda aktyor daxilən hərəkət etmək qərarına gəlir. Qərardan doğan həmin ilk addım teatrda sükunətdən hərəkətə keçidin başlanğıcıdır. Burada başqa bir fiziki anlayışı qeyd etməyimiz çox vacibdir, bu, aktyorun sükunət görkəmində "gizlənən" potensial enerjidir. Teatrda sükunətdə olan sistemdə enerji tamamilə yox olmur. Aktyorun daxilində gərginliklə dartılıb sıxılmış yayda enerji toplanır. Və yay buraxılıb açıldıqda dinamik hərəkət yaranır. Aktyorun səhnədəki sükutu, baxışı, nəfəsi, bədəninin gərginliyi tamaşaçılarda görünməyən bir enerji hissi yarada bilir. Teatr səhnəsində sükunət hərəkətin yoxluğunu göstərmir, bu, sükunət yaranmasına qədər toplanan potensial qüvvədir.
İmpulsla yaranan qərardan doğan ilk hərəkət ətaləti pozur. Epizoddakı vəziyyətlə və aktyorun ifa etdiyi obrazın sözlərindəki psixoloji halla bağlı ilk hərəkətin inkişaf edən davamlı hərəkətə, səhnə sənətində çox vacib olan əməl-fəaliyyətə keçid mərhələsi başlanır. Aktyor hərəkətə yavaş addımlarla başlaya və tədricən daxili impulsun gücü ilə sürətlənə bilər. Həmin prosesdə hərəkətin sürətinin dəyişməsi Nyuton qanunundakı təcil anlayışına bənzəyir. Ona görə də həmin fikri teatr estetikası baxımından qanunabənzər formada ümumiləşdirsək bu qənaət alınır: təcil aktyorun səhnədəki hərəkətlərinin sürətlənmə və yavaşıma dərəcəsidir. Və bu təcil hadisələrin dramatik dəyişməsi ilə bağlı öz istiqamətini və hətta istiqamətlərini də dəyişə bilər.
Fikirlərimizi küll halında ümumiləşdirəndə teatr sənətində aşağıdakı ardıcıllıqla maraqlı, tutumlu və səmərəli formula yaranır: Sükunət - gərginlik halı - impulsun oyanması - qərara gəlmək - hərəkətə keçid - təcil - onların yaratdığı dinamik ritm - və nəticə.
Təbii ki, bu, fizikanın qanunu deyil. Fizika qanunlarının teatr sənətinə, tamaşanın hazırlıq prosesinə tətbiq edilə bilən bədii modelidir.
Onu da məxsusi qeyd etməliyik ki, Nyutonun birinci və ikinci qanunlarındakı ətalət və qüvvə - təcil əlaqəsi aktyorların sükunətdən hərəkətə keçidini, söz materialının (pyesin) hərəkət materialına (tamaşaya) çevrilməsini izah etmək üçün həm əlverişli, həm də səmərəlidir.
Unutmaq olmaz ki, teatrın əsas sənət materialı hərəkətlər toplusundan ibarətdir.
Pyesi ətalət nöqtəsindən - vərəqlər üzərindəki ətalətdən, sükunətdən, donuqluqdan çıxarmaq və yeni sənət formasına çevirmək üçün baş verən əsas yaradıcılıq prosesini yığcam, sıxılmış şəkildə bu ardıcıllığa düzmək olar:
Pyesin oxunuşu - tamaşa hazırlamaq qərarına gəlmək;
rejissorun bu pyesi tamaşaya qoymaqda özünün yaradıcılıq məqsədini açır - impulsun başlanması və enerjili hərəkətə keçilməsi;
səhnə məşqləri - bədii mətndəki fikirlərin hərəkətlərdə təsvirini formalaşdırmaq məqsədi ilə impulsdan doğan yaradıcılıq hərəkətlərinin cilalanması;
səhnə tərtibatının, musiqinin aktyorlara, tamaşanın ümumi ruhuna verdiyi əlavə impulslar: yaratmaq enerjisinin doğurduğu amplituda genişliyi - janrın, mövzunun, ideyanın, rejissorun ali məqsədinin sədəf muncuqlar kimi sapa düzülməsi;
nəticə - yeni sənət nümunəsinin doğuluşu və onun tamaşaçılara təqdimi.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
