Fizika qanunları və teatr ("Teatr düşüncələri" silsiləsindən) - İlham RƏHİMLİ

 

Görkəmli Danimarka alimi, Kvant nəzəriyyəsinin banisi, Nobel mükafatı laureatı Nils Borun (07.10.1885-18.11.1962) elmi-fəlsəfi qənaətinə görə atomun verdiyi işıq fasiləsiz deyil, müəyyən fərqli dalğa uzunluqlarından ibarətdir.

Tamaşanın salona verdiyi enerji nüvəsinin emosional, psixoloji, heyrətləndirici, cazibə əlaqələri yaradan ovqatlarının dalğaları da tamaşaçı salonunda fasiləsiz şəkildə bərq vurmalıdır. Bu dalğa-işıqların təsiredici gücü, ruhları oxşama dərəcəsinin davamlı ahəngdarlığı səngiməməlidir. Əksinə, qarşılıqlı səhnə - salona parlaq işıq dalğalarının axını tamaşanın finalına kimi daha da artmalı və təsir gücü daha şiddətli olmalıdır. Əsas məsələ odur ki, fasiləsiz işıq dalğaları ilk mənbəyini müraciət edilən pyesdən götürməlidir. Rejissor işində, aktyor ifasında, səhnə tərtibatında, musiqi seçimində dalğalar artmalı, güclənməli və ahəngdar qovuşuqda tamaşanın varlığına hopmalıdır. Yalnız bu zaman səhnə enerjisi ilə salon enerjisinin qarşılıqlı təsirləri sənət uğuruna yol aça bilər.

 

***

Türk kökənli dahi Şərq filosofu, mütəfəkkiri Əbu Nəsr Fərabi (870-951) məntiq elminin sərt və əsas qanunlarından birini də pərgara bənzədir. Mütəfəkkirin qənaətinə görə, insan hər hansı ölçülü bir dairənin məhz həqiqətən, dairəvi olduğunu təyin etməkdə çətinlik çəkən şəxsə həqiqəti üzə çıxarıb sübuta yetirmək üçün pərgardan istifadəni tövsiyə edir.

Tamaşa hazırlayan rejissor aktyorlar üçün müəyyənləşdirdiyi mizanların məntiqi dəqiqliyini, psixoloji gücünü, daşıdığı dramatik yükünü, vəziyyətlərin məna dərinliyinə uyğunluğunu tam dəqiqləşdirmək üçün özünün fəlsəfi-yaradıcı məntiq pərgarına istinad etməyə (mövzuya, dramaturqun qayəsinə, janra, ideyaya, əsərin səhnə təfsiri üçün təyin etdiyi ali məqsədə, forma-məzmun ahənginə...) əsaslanmalıdır.

 

***

Fizika elmində enerji müxtəlif mənbələrdə və müxtəlif formalarda mövcuddur. Bu mövzuda dünya nəhənglərinin adları ilə şöhrətlənən qanunlar var: Amper qanunu, Kirxhofun I qanunu, Kirxhofun II qanunu, Kulon qanunu, Vernulli qanunu, Loul-Lens qanunu, Huk qanunu, Om qanunu, Şarl qanunu, Gey Lüssel qanunu, Arximed qanunu, Avaqadri qanunu...

Müxtəlif xarakterli enerjilər arasında elektron maqnit enerjisi də var. Enerjinin təkzibedilməz qanunlarından biri də odur ki, cisim sürətləndikdə onun kinetik enerjisi (hərəkətdə olan cismin malik olduğu enerji) də artır, axını da sürətlənir. Dünya şöhrətli ingilis fiziki, kimyaçısı, elektromaqnit sahəsi təliminin banisi Maykl Faradey (22.9.1791-25.8.1867) böyük elmi nailiyyətlər qazanıb. Alim elektrik cərəyanının müxtəlif təzahürləriylə kəmiyyət əlaqəsi yaratmaq məqsədi ilə elektroliz hadisəsini öyrənmiş və onun qanunlarını vermişdir. Onun Faradey qanunu çox məşhurdur: Dəyişən maqnit sahəsi elektrik hərəkət qüvvəsi yaradır.

Teatra bu qanunu necə şamil etmək olar?

Yaxud, Faradey qanunu səhnə sənətində işlək və səmərəli ola bilərmi?

Əsas cavabım: Bəli, ola bilir.

Tamaşanın mənimsədiyi enerjilər arasında rejissorun verdiyi mizanların enerji yükü bir növ kinetik enerjiyə bənzəyir. Səlis, mənalı, ifadəli mizanlarda enerji qapalı qalmır, bir formadan başqa formaya keçir. Özü də bütün keçid mərhələlərində də bu enerji daim çevikdir, mütəhərrikdir.

Fizikanın enerjinin saxlanması qanununa əsaslanan müxtəlif forma-xarakterli hər bir səhnə mizanı özünün psixoloji və xarakterik məna yükünə malikdir.

Ziqzaqlı mizan: hadisələrin inkişafı gərginliklə, sürətlə dəyişən hadisələrdə daha effektli təsir bağışlayır. Məna yüklü ziqzaqlı mizanda (təbii ki, dəqiq aktyor ifası olanda) tamaşaçı səhnədə baş verən hadisələri intizar və həyəcanla izləyir.

Spiralvarı mizan: münasibətlərin get-gedə gərginləşib qatılaşan, hadisələrin inkişaf xəttində sərt qarışıqlıq, mürəkkəb dolaşıqlıq yaradan vəziyyətlər üçün xarakterikdir.

Dalğavarı mizan: obrazlarda çılğın hisslərin əndazəni aşdığı, gərginləşdiyi,  münasibətlərdə anlaşılmazlıq, həyəcanlı duyğuların gücləndiyi səhnələr üçün daha səciyyəvidir.

Çarpaz mizan: iki obrazın (xüsusən, əsərin qəhrəmanlarının) qarşılıqlı münasibətlərində xarakterlərin psixoloji çarpışmalarının ovqatını gücləndirir. Reallıqda müvazi (paralel) xətlər kəsişmir. Çarpaz mizanlar həyatda mümkün olmayan, səhnədə isə bədiiliklə reallaşdırılan kəsişən paralelləri xatırlatmalıdır.

Üçbucaqlı mizan: adülter süjetli (üç nəfər arasında sevgi) pyeslərin mahiyyətinin qabardılmasını artırır, eyni mövzunun (ilk növbədə məhəbbət mövzusunun) hər üç obrazda fərqli psixoloji sərtliyini, qarşılıqlı münasibətlərdəki gərginliyini, dramatizmini, emosional ovqatını qüvvətləndirir.

Dairəvi mizan: xüsusən, iştirakçısı çox olan səhnələrin tamaşaçılar tərəfindən qavranılmasını gücləndirir. Eyni zamanda xarakterik obrazların fərqli ritmini qabardır, onların arasında ahəngdarlıq yaradır, səhnədəki aktyorların hamısının baş verən hadisədə sözlə bərabər, hərəkətlə də iştirakını tənzimləyir. Nəticədə sözü olmayan, ancaq "danışan" hərəkət dialoqu (və ya monoloqu) yaranır.

Mücəssəm mizan (sırf obraz mahiyyəti daşıyan, xarakter təsiri oyadan): klassik faciələrin gərgin səhnələrində hərəkət dialoqlarında və hərəkət monoloqlarında bədii təsir gücünü qat-qat qüvvətləndirir. Tamaşaçı hərəkətin mahiyyətini, məzmun dərinliyini dərk etməklə yanaşı, mənalı pauzalar içindəki hərəkətlərdə "danışan sözləri" eşitmək iqtidarında olur.

Dördkünc mizan (dairəni mürəbbələşdirən, yəni kvadrata salan): kəskin, faciəvi konfliktlərin açılması prosesini (razvyazkanı) bədiiliklə təqdim etməkdə yararlı və səmərəlidir.

Hamar mizan (müsəttəh; müstəvi, səth effektli): hadisələrin aydın süjetlə, xoş ovqatla davam etdiyi psixoloji dramların, lirik komediyaların səhnə yozumunda daha çox istifadə edilməklə lirik ahəngi, epizodların münasibətlərindəki səmimiyyəti, emosional ünsiyyəti gücləndirir, gülüşün dadını-duzunu artırır. 

 

***

İngilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu, kimyaçı alimi İsaak Nyutonun (25.12.1642-20.03.1727) dünya elminə verdiyi incilərdən biri də yerin cazibə qüvvəsini kəşf etməsidir. Yerin cazibə qüvvəsinin elmi strukturuna əsaslanan alimin fikrincə, kainatdakı bir cisim digər cisimləri özünə tərəf çəkir. Yer insanları özünə çəkdiyi üçün bəşər övladları yer üzərində məskunlaşaraq bərqərar olublar.

Teatrın ilkin və əsas cazibə qüvvəsi nədədir?

Fikrimcə, ilk növbədə, tamaşaçıların zövqlərini, emosional hisslərini, ülvi duyğularını oxşamaq, onların səhnədə seyr etdiklərini göz, qulaq qəbuluna təfəkkürü də qoşaraq peşəkar sənətkarlıq cazibə qüvvəsi ilə özünə çəkməyə qadir olmasındadır. Teatrın tamaşaçını özünə çəkməsi, başqa sözlə, yaradıcılıq inciləri ilə səhnə sənətinin cazibə qüvvəsinə malik olması üçün isə bu real varlıq təcəssüm tapmalıdır: - bir ədəbi məhsulu (pyesi) incəsənət məhsuluna (tamaşaya) çevirə bilən fəlsəfi-psixoloji, heyrətamiz rejissor işi, aktyor ifalarının zövqləri oxşayan yüksək sənətkarlıq qüdrəti.

Bu istək heyranedici, məftunedici gözəlliklə reallaşdıqca tamaşaçıların emosiyaları da - yəni tamaşaçı salonu da səhnənin sehrini özünə çəkən möhtəşəm cazibə qüvvəsinə çevrilir.

 

***

Alman fiziki, nəzəriyyəçisi, XX əsr (başqa sözlə, müasir) nəzəri fizikanın banilərindən olan, Nobel mükafatı laureatı Albert Eynşteynin (14.03.1873-18.04.1955) dünyəvi nisbilik nəzəriyyəsinin mayasında əsasən bu elmi qənaətlər durur: zaman və məkan bir-birindən nə ayrıdır, nə də dəyişməzdir. Onlar hərəkət və cazibə ilə əlaqəlidir. Eynşteynin idrakı qənaətlərinə görə, hərəkət və cazibə qüvvəsi ilə zaman-məkan bağlılığı vahid fəlsəfi-estetik qənaət kimi qəbul edilir.

Teatr tamaşasında isə zaman-məkan vəhdətinin gözəlliyi, möhtəşəmliyi rejissor quruluşunun qüdrətli konsepsiyasından, pyesə verdiyi səhnə təfsirinin forma reallığından və gözəlliyindən, məzmun cazibəsindən və dərinliyindən, aktyor ifalarının fəlsəfi-psixoloji genişliyindən və tamaşaçıların qavrama dərəcəsindən asılı olaraq dəyişə bilər.

Teatrın əsas hədəfi tamaşaçıların teatra mənəvi sevgisinə qoyun açmağa qadir olmağı bacarmağa əzmlə çalışa bilməsindədir.

Səhnə ilə tamaşaçı salonu arasında güclü zaman-məkan bağlılığı qurulmalıdır ki, nisbilik nəzəriyyəsinin təzahürü səhnə ilə salon arasındakı qarşılıqlı məhəbbətdə təcəssüm tapa bilsin.

 

***

Fransız fiziki, Nobel mükafatı laureatı Pyer Küri (15.5.1859-19.4.1906) fizikada radioaktivlik təliminin banilərindən biridir. Onun elmi qənaətlərinə görə sabit olmayan atom nüvəsinin öz-özünə dəyişməsi, dəyişmə prosesində güclü şüalanma və sürətli, səngiməyən enerji buraxması radioaktivliyin mahiyyətidir.

Teatr tamaşasında radioaktivlik incəsənət qavranışı baxımından hansı prosesdə və necə baş verə bilər?

Ədəbi məhsul olan pyes (dram, tragediya, komediya və s.) teatra qeyri-sabit yaradıcılıq nüvəsi kimi qəbul edilir. Pyes yüksək peşəkarlıqla tamaşaya hazırlananda ədəbi materialın canında olan sıxılmış fikir, psixoloji forma, dərin məzmun, estetik füsunkarlıq şüalanaraq güclü enerji emal etməyə başlayır. Bu proses yüksək peşəkarlıqla, orijinal yaradıcılıq axtarışları ilə baş verəndə məzmun və forma dəyişir, pyesin mətn enerjisi səhnə əsərinin (tamaşanın) enerjisinə çevrilir. Bədii məhsul daha yüksək estetik anlamda bütün nəzəri-estetik məziyyətləri ilə yeni sənət nümunəsi kimi doğulur.

Dediyim prosesdə əsas məsələnin canı-cövhəri, heyrətamizliyin vüsəti, səhnə sənətinə xas olan səciyyəvi keyfiyyətlərin füsunkarlığı burasındadır ki, gözəl tamaşa seyrçinin qavramaq, duyğulanmaq, heyrətlənmək, həzz almaq, zövq duymaq enerjisini də sürətlə gücləndirib artırır, artırdıqca da onu daha cazibəli formada aktivləşdirir. Aktivləşmə zaman və məkan daxilində forma ilə məzmunun ahəngdarlığını təmin edir.

 

***

İrland mənşəli ingilis fiziki və kimyaçısı Robert Boyl (25.1.1627-31.12.1691) və fransız fiziki Edim Mariott (təxm. 1620-12.5.1684) qazların xassələrini öyrənmiş, onların təzyiqi və həcmi arasındakı əlaqəni tədqiq etmişlər. İki nəhəng alimin ciddi tədqiqatları nəticəsində Boyl-Mariott qanunu formalaşıb: Sabit temperaturda qazın təzyiqi ilə həcmi tərs mütənasibdir. Sabit temperaturda qazın təzyiqi artdıqca həcmi azalır; eləcə də əksinə, - təzyiq azaldıqca həcm çoxalır.

Hətta hər kiçik məsələdə belə isbatlı dəqiqliyi ilə seçilən fizika qanunlarına əsaslanaraq dərindən düşünüb-daşındıqca görürük ki, teatr sənətinin də öz Boyl-Mariott qanunu mövcuddur. Çağdaş dövrdə teatr tamaşasının təzyiqi - dinamikanın gərginliyi, tempo-ritmin sürəti, hadisələrin zəncirbənd bağlılığı, aktyor ifalarının psixoloji cazibədarlığı, tamaşaçıların emosional qavrama duyğuları artıb gücləndikcə sənət əsərinin "boşluqlarının" həcmi azalır, bədii-estetik təzyiqi artır. Bu uğurun təməli mövzunun, janrın və ideyanın təmsil etdikləri üçbucağın rejissor tərəfindən fundamental qurulması, aktyorların dediyimiz üçbucağın üç bucağın hər birinin tələblərini yüksək peşəkarlıqla icra edə bilmələrinin sənətkarlıq xüsusiyyətləri ilə qoyulur.

 

***

Amerikalı fizik və seysmoloq Çarlz Frensis Rixter (20.4.1900-30.9.1985) alman-amerikan  seysmoloqu və geofiziki ilə birlikdə 1935-ci ildə zəlzələlərin gücünü ölçmək üçün şkala hazırlayıb. Şkala Çarlz Frensisin şərəfinə "Rixter şkalası" adlanıb. Bu şkala maqnitudanı - zəlzələnin yaratdığı enerjinin ölçüsünü göstərir. Məsələ ondadır ki, "Rixter şkalası" loqarifmikdir, yəni onun göstəricinin 1 vahid artması seysmik dalğaların amplitudasının təxminən 10 dəfə, ayrılan enerjinin isə təxminən 32 dəfə artması deməkdir. Amplituda - rəqsin və ya dalğanın tarazlıq vəziyyətindən ən böyük kənarlaşmasıdır. Başqa sözlə, bir qədər sadə desək, dalğanın "hündürlüyünü" göstərir.

Rejissor tamaşaya hazırladığı pyesin enerji nüvəsini dəqiq müəyyənləşdirib bədiiliklə tarazladıqda, onun mahiyyətini aktyorlara nəzəri cəhətdən sərrastlıqla çatdırdıqda və aktyorların istedadları deyilənləri yüksək peşəkarlıqla realizə edəndə səhnə əsərinin tamaşaçı salonuna ötürdüyü enerjinin ölçüsü də loqarifmik qaydada dəfələrlə artır. Rejissorun fikrini canlandıran aktyorlar çox olduğuna görə onun enerjisinin amplidudası da geniş əhatəli olur. Və təbiidir ki, fizika  elminin qanunlarına görə, təsir əks təsirə səbəb olduğu üçün bu enerjini qəbul edən tamaşaçıların baş verənləri maraqla izləmə enerjiləri də dəflərlə artaraq güzgü effekti ilə səhnəyə qayıdır. Qarşılıqlı psixoloji təsir isə mütləq heyrət doğurur və bu yaradıcılıq prosesi - estetik və psixoloji heyrətlənmənin yaranması teatr sənətinin ali məqsədinin şah damarını təşkil edir. Heyrətamiz vəziyyətin doğulması isə həm tamaşaçıların həzz almaq mexanizmini qat-qat gücləndirir, həm də mütləq tamaşanı yaradanların ecazkar sənət qələbəsinə çevrilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!