Sizə Park Yaradıcılıq Akademiyasından məzun olan ilk müdavimlərin mətnlərini təqdim edirik. Onlar keçən yay səkkiz həftəlik Poeziya və Proza kursu çərçivəsində hekayə və şeirlər üzərində işləyib, mətnlərini müzakirə və redaktə edərək müxtəlif yazı üsullarını sınayıblar. Bu müddət ərzində hər biri öz yazı istiqamətini müəyyənləşdirməyə, sözlə münasibətini formalaşdırmağa və fərdi müəllif səsini axtarmağa çalışıb. Bu imzalar ilk müdavimlərin yalnız bir qismidir. Təmənnamız bu yeni imzaların ədəbiyyatımızda öz yerlərini tapması, öz oxucularını qazanmasıdır. Qeyd edək ki, Yaradıcılıq kursumuz davam edir və qarşıdakı dövrdə digər kurs iştirakçılarının mətnlərini mərhələli şəkildə dost-doğma "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etməyə davam edəcəyik.
.jpeg)
Namiq RƏNCBƏR
Murova tərəf
İlk dəfə idi ki, alaçıqları öz yurdumuzda qurmurduq. Artıq elat yaylağa köç edirdi. İlıq yaz səhəri idi. Hava təzəcə işıqlanırdı. Böyüklər atları yəhərləyirdilər. Yol üçün hazırlanmış ərzaqlar xurcunlara, yüngül yataq dəstləri, yağmurluqlar farmaşlara qablaşdırılırdı. Tofiq hələ yuxudan oyanmamışdı. Atası əlindəki sicimi yerə tulladı:
- Dur, el köçdü, biz yurdda qaldıq!
Tofiq donquldana-donquldana gözlərini ovuşdurdu.
- Sən atı yəhərlə, ulağı yüklə, beş dəqiqəyə ordayam.
Qiyas və Mərdan kişi sürünü sayıb, arıq-ağsağı ayırd edirdilər. Qiyas əlini qumral erkəyin belinə çəkdi:
- Nə yeməli qabırğası var!
- Nə gicdiyirsən, əəə? Bilmirsən onu qoşdux saxlamışam?! Ət yeməy istəyirsən, quzulardan tut, kəs...
- Əsəbiləşmə, ay kişi, sözgəlişi dedim.
Sürüdən iki baş heyvan əskik gəldi. Mərdan kişi erkəci vurub sürünü bir o yana, bir bu yana saydı, yenə heç nə dəyişmədi. Qiyas:
- Əşi, hava alatordur, yəqin gözündən qaçır. Düz olar.
Mərdan kişi çölçülük işində olduqca təcrübəli idi. On iki yaşından tərəkəməlik edirdi. Hər yay doğma eli Daşkəsən yaylaqlarına, payız isə Goranboy rayonunun Gürzalılar kəndinin ərazisindəki qış yatağına qayıdardı. Yaşı altmış beşi ötməsinə baxmayaraq, çölçülük işlərində gənclərə dov gəlirdi. Bütün atların tapqırına, döşbağına, xurcunlara, örkənlə ulağa yüklənmiş farmaşlara nəzər saldı. Yükün etibarlı olub-olmadığına əl gəzdirdikdən sonra "Ya Allah!" deyib, qalxdı Qəmər atın üstünə. Qəmər, ov qovan "şir" kimi, bir göz qırpımında, yataqdan xeyli aralanan sürünün üstünü aldı.
Mərdan kişi sürüyə göz gəzdirdi. Qumral erkəyi görüb rahatladı. Toxumluq idi deyə, cibindəki kişmişdən bir ovuc ona yedirdi.
Tofiq dayısının ona verdiyi səmənd atının yalmanını oxşayıb, alnını sığalladı. At dörd yaşında hündür, gümüşü rəngli day idi. Aralıda hörülü madyana baxaraq kişnədi, qabaq ayaqları üzərində şahə qalxdı. Sahibinin ayaqları yerdən üzülsə də, atın yüyənini əlindən buraxmadı. Ayağını üzəngiyə qoyub sıçradı atın belinə. Ulaqları atdöşü edib, köçə yetişdi.
Qiyas öz kəhərinin belində, gur səsi ilə sürünü haylayırdı. İtlər də sürünün o yan-bu yanında dövrə vuraraq, hansısa canavar-çaqqalın iyini alıb yeri iyləyə-iyləyə xeyli gedir, hürə-hürə yenə sürünün yanına qayıdırdılar. Yovşanlı-cəngizli, boz rəmələrdən keçib Çaylı kəndinə çatdılar. Hava çiskinli idi. Bəzən sıx dumandan heyvanlar gözdən itir, duman çəkiləndə görünürdü. İlk gecəni kəndin yaxınlığında, şor sulu bulağın yanında gecələməli oldular. Gecə növbə ilə qarovul çəkdilər. Birinci qarovulu Tofiqə həvalə etdilər. İkinci Qiyas, sonda isə Mərdan kişinin növbəsi idi. Mərdan kişi, səhərə yaxın, oğursaq keçilərdən süd sağdı. Dan yeri sökülən kimi, yatanları hayladı:
- Durun görək, gün günorta oldu! Hava isinmədən Hacıkəndin ətəklərini haqlayaq. İsti düşsə sürü kürnəşləyəcək, dəbərdə bilməyəcəyik.
İri buynuzlu təkələr sürünün önündən, ulaqlar isə arxadan gedirdilər.
Tofiq atın üstündə, anasının atasından gizlin aldığı filtrsiz siqaretdən tüstülədə-tüstülədə sürünün yanıynan gedirdi. Atası ona beşcə manat vermişdi. Pulun hamısını hansısa qara gün üçün banka yatırmışdı. Atın üstündə o qədər atılıb-düşürdü ki, az keçmədən acırdı. Hər acanda xurcundan bir parça çörək çıxarır, qızmar günəşin təsirindən tamsımış pendirdən çörəyin arasına qoyub, dürmək büküb yeyirdi. Gün yarı olmuşdu. Sürünü böyük "qoz" ağacının kölgəsində əyləyib nahar fasiləsi etdilər. Mərdan kişi heybəsini ortaya qoydu:
- Siz heç nə açmayın. Mənim yeməyim boldur, bunu üç günə ancaq yeyib bitirərik, - deyərək heybənin ağzını açdı. Srağagün Gəncədən gətirdiyi konyakdan bir litr çıxardı. Qiyasla Tofiqin gözləri işıqlandı. Sonra qazançanın ağzını açıb, qovurmadan tökdü cama:
- Yeyin, yol adamı əldən salır. Gərək yaxşı yeyəsən ki, dizində taqət ola.
Tofiq:
- Mərdan əmi, ölənlərinin ehsanı olsun, pendir yeməkdən ürəyim üzülmüşdü. İcazə versəydiniz bir şeir deyərdim?
- Əla olar, ay Tofiq, de gəlsin.
- Kaş bir qasid gələ yarın elindən,
Biləm, nə hallıdır, kefi necədir.
Mən olan dünyada günəş yox olub,
Onun dünyasında işlər necədir?
Məni yardan ayrı salan ilanlar,
Heyvan tək ağzını açıb-yumanlar,
Sizə qənim olsun kitab, Quranlar,
Səhərlər oyanıb görün, gecədir.
- Yediyin qovurma halalındır, - Mərdan kişi yanağından süzülən göz yaşını sildi.
Qiyas da səbəbkara "sağ ol" dedi. O da, Tofiq də barmaqlarını yalayırdılar. Qiyas da ağzını marçıldada-marçıldada dolu stəkanı qaldırdı:
- Mərdan dayı, sən bizim ağsaqqalımızsan, böyüyümüzsən, mənzil başına çatana kimi sənin qulluğundayıq. "Öl" desən ölərik, "qal" desən qalarıq. Allah atana rəhmət eləsin, bu konyak biz içənlərdən deyil, çox gözəl məhsuldur. Sənin yaxşılıqlarını unutsam, yediyim mənə haram olsun...
- Yeyib-için, nuş olsun. Arvad özü iş yerindən gətirib, təmiz maldır. Allahın işidir, nə etmək olar, siz buralara pənah gətiribsiniz.
Süfrəni yığışdırıb sürünü çaya tərəf dəbərtdilər. Dağlarda qar ərimişdi. Çayın uğultusundan analarını axtaran quzuların mələşməsini eşitmək olmurdu.
İkinci gecəni Qarabağda gecələməli oldular. Qarabağın yamacları, qaratikan, zirinc, cır alça kolları, dərələri isə qoz, zoğal, göyəm ağaclarıyla zəngin idi. Qiyas cır, hələ dəyməmiş meyvələrdən necə təpişdirmişdisə, sancılanmış tülkü kimi inildəyirdi. Mərdan kişi ocaq qalayıb dağ çiçəklərindən çay dəmlədikdən sonra hannan-hana Qiyas özünə gələ bildi.
Qarovul növbəsi əvvəlki cədvəl üzrə bölündü. Mərdan kişi bu dağları ovcunun içi kimi bilirdi. Buranın yalquzaqlarının necə amansız olduğuna yaxşı bələd idi. Hamıya qarovulda ayıq-sayıq olmağı tapşırdı. Gecə boyu itlər heç göz yummur, yaxınlaşan təhlükəni hiss edib ulaşırdılar. Təcrübəli çölçü öz növbəsi olmamasına rəğmən, baş verənləri izləyirdi. İt ağzını açan kimi yapıncısını yana eləyib sürünü gözdən keçirir, fənərin işığını heyvanların ətrafında gəzdirir, heyvanların işıq saçan gözlərinə baxıb yenidən yapıncısına bürünürdü. Qiyas növbəni təhvil verəndə:
- İtlər dayanmadı, elə bil sürüyə nəsə soxulmuşdu, - dedi.
- Narahat olma, sən yat, - Mərdan kişi dedi.
Təcrübəli qoca, yenə səhərə yaxın oğursaq keçilərdən süd sağdı. Bütün yükü qabğarıb, ulaqları alıxladı. Cavanları hayladı. Əmioğlular süddən içib, yemək yeyib yola düzəldilər.
Hava dolmuşdu. Günortaya yaxın yağış yağmağa başladı. Mərdan kişi sürünün önündə gedirdi. Köç zamanı öndə ancaq təcrübəli, təmkinli çobanlar gedərdi. Çünki heyvanlar biçənəklərə ziyan vuranda, həyasız qoruqçularla dil tapmaq, onları yola vermək xüsusi məharət tələb edirdi. Qoca əvvəlcədən təyin etdiyi yerdə, hündür palıdın dibində sürünü əylədi. Beş yüz baş davar tamamilə ağacın altına sığışdı. Süfrəni açdılar, qovurmanın qalanını yeyib, adama bir çabba konyak vurdular.
- Siz buralara nabələdsiniz. O görünən Çaykənddir. Yalın o üzüysə Başkənd. - Mərdan kişi palıdın yarpaqlarından süzülən yağış damlalarına baxaraq dilləndi - Namərdlər əsas oralarda yuva salmışdı. Yaxın kəndlərin bir neçəsini sakinləri ilə birlikdə yandırdılar. O kəndlər uğrunda qızğın döyüşlər getdi. Bu yerləri təmizləyəndə nə oğulların qanı töküldü. Bir dəfə onlara sürünün ən saz erkəyini aparıb kəsdim. Öz əllərimlə kabab çəkdim. Cəngavər oğlanlar idilər. Onların biri Daşaltı əməliyyatında itkin düşdü. - Mərdan kişini qəhər boğdu: - Dostları bu heyfi alacaqlar! Mütləq alacaqlar! Heç vaxt o qanı yerdə qoymazlar. Öz aralarında and içmişdilər. Həm oxumuş, həm döyüşkən uşaqlar idilər! Əfsanələrdəki dağ aslanlarına oxşayırdılar.
Tofiqlə Qiyasın üzləri pomidor kimi pörtmüşdü.
Artıq Hacıkəndin alma bağlarına çatmışdılar. Nərgiz gülünün ətri adamı məst edirdi... Taladakı "Üçulduz" restoranından "Qarabağ şikəstəsi"nin səsi gəlirdi. Şikəstənin kədəri qayalarda əks-səda verir, adamı duyğulandırırdı.
İylənmiş təkələr meşəyə girmişdi. Meşədə ancaq ağac pöhrələri, bir də moruq kolları vardı. Kökündən kəsilmiş qoz ağacının oyuq kötüyündə yumurtadan yenicə çıxmış üç ədəd bildirçin balası ağızlarını açıb-yumurdular. Kəsilmiş ağacların yerdən üç qarış hündür, yoğun kötükləri qalmışdı. Restoranın həyətində iki aşıq əllərindəki sazı qarınlarından aşağı tutaraq, ac toyuqlar kimi müştəri əyləşmiş stollara boylanırdılar... Tofiq atını sürüb hündür təpədən həsrətlə Gəncə tərəfə baxdı. O uğursuz gündən sonra sevdiyi qızı son dəfə Gəncə şəhərində görmüşdü.
Bu dəmdə, restoran tərəfdən ağ döşlük geyinmiş bir şəxsin qaba səsi eşidildi:
- Ay çoban, ay çoban, atını bəri sür görüm, səninlə işim var.
Qiyas atın başını döndərib onun yanına çapdı. Xeyli söhbət etdikdən sonra üzlərində təbəssüm, əl tutub sürüyə daldılar.
Tofiq suya düşmüş siçan balası kimi atın üstündə büzüşmüşdü. Ucuz siqaret çəkməkdən ağzının içi zəhər kəsmişdi. Az keçmiş, Qiyas özünü çatdırdı, xurcundan bir blok "Konqres" siqareti, iki şüşə pivə, bir xışma da pul çıxarıb Tofiqə verdi:
- Dəvə gördün? Qığın da!
Tofiqi həyəcan basdı, titrəməyə başladı:
- Biz... biz... Niyə axı, niyə? O kişi bizə yaxşı oldu, nahaq, çox nahaq belə iş tutdun...
- Ə, kişi ol! Özünü toxtaq tut! Nə edəydim, "Astra" da qurtarıb, gedib kimdən siqaret dilənim? İylənmiş şor yeməkdən mədəmiz joqa verib.
- Bizim nəslin adamlarının heyvan sayı hamıdan çoxdur. Niyə biz də adam kimi yaşamayaq?
- Çox danışma. Sür atı, sürünün arxasını yığ. Kababçı deyir, ehtiyatlı olun, buralarda qurdlar-çaqqallar dolaşır, gözüaçıq ol!
Sürü Sarıyalın yaşıl çəmənlərindən keçib, Cavadxan zirvəsinin güllü-çiçəkli sinəsinə yayılmışdı. Mərdan kişi sürünü gözü ilə, sanki müasir radar sistemi kimi nəzərdən keçirdi:
- Qumral erkək yoxdur! Pahoo! Yəqin, meşədə canavar tutdu.
Tofiqin yadına bir ay əvvəlki söhbət düşdü. Bir həftə əvvəl qonşu yatağın çobanları qumral erkəyi almaq üçün Mərdan kişiyə üç iri quzu, bir çəpiş təklif etmişdilər.
- Onu heç ata da dəyişmərəm. Qarabağ cinsidir, toxumluq saxlamışam - Mərdan kişinin səsi titrəmişdi.
Məlum bəla səbəbindən ayrı düşdüyü yarını düşünüb, tayanın dibində gizlincə ağlayanda Mərdan kişi ona tay-tuş kimi dayaq durmuşdu, böyük kimi nəsihət vermişdi:
"Kişi gərək hər dərdə dözsün".
Tofiq bilmirdi nə etsin. Sanki Qiyasın verdiyi siqaret ciyərlərinə dağ çəkmişdi. Nəfəs ala bilmirdi. Atının başını döndərib üzü Murova tərəf dördnala çaparaq gözdən itdi...
.jpeg)
İradə Ağalarova
Sarı yarpaq
Dəli külək ağacdan
saralmış bir yarpağı
qəfil qoparıb atdı.
Dəli külək yarpağı
sağa-sola fırlatdı.
Yarpaq təslim olmadı,
uçub yaşıllıq içrə,
sığınacaq da tapdı,
yerini rahatladı,
Nəfəs alıb toxtadı.
Heç özü də bilmədi,
Özün necə aldatdı.
Bilməm
Necə oldusa, bilmədim,
Özüm öz yanımdan keçdim;
ötdüm, o arxada qaldı,
Öz özümü tanımadım,
heç bilmədim, nədir adım?!
Fikrim tamam dolaşdı.
Ayaq basdım izim üstə,
Uyğun gəlmədi ölçüsü.
Səsin eşitmək istədim,
Harayladım qəfildən,
Baxmadı geri, dönmədi,
Çıxmadı səs-səmiri,
Deyəsən incimişdi.
Bəlkə də mən sağ idim,
O isə artıq ölmüşdü.
_jfif.jpeg)
Azər NƏZƏROV
Axilles
Açıb yelkənləri eşq dənizində,
Yol aldım Troya sahillərinə.
Üzdüm dayazında, sənin izində,
Heç bələd deyildim dərin yerinə.
Dəniz sakit idi, nə oldu ona?
Günün ortasında qopdu fırtına.
Sındırdı avarı, sındırdı doru,
Yolumu azdıran sirenalardı.
Fikrim dabanımda qalıbdır, nahaq,
Nə tez xəstələndim?! Gərək sağalam.
Ürəyim də yaman sadəlövh imiş,
Gərək onunçün də bir zireh alam.
Odu gətirmişdim axı mən sənə,
Söndürdün, qəlbimə qaranlıq çökür.
Axır cəzama da yaxşıca çatdım,
Hər gün ciyərimi bir qartal sökür.
Balıq
Saat neçədir, qumru,
Sən qonduğun budaqda?
Vaqif SƏMƏDOĞLU
Balıq, saat neçədir
Sən üzdüyün sularda?
Burda zaman şütüyür
Sürətli bir qatarda.
De görüm, siz tərəfdə
Hal-qəziyyə necədir?
O suda qurduğun ev
Neçənci mərtəbədir?
Eşidib duyursanmı
Gəmilərin səsini?
Oynayan dalğaların
Füsunkar nəğməsini?
Yoxsa xəbər tutmursan
Yer üzündə nə olur?!
Dəniz də bizdən küsüb
Görürsən ki, sovrulur.
Buranın kir-pasağın
O təmiz hava udur.
Sən havanı neynirsən?
Sənin havan da sudur.
Ümid kəsilməsin qoy,
Hələ insanlıq qalır.
Gəmilər gecə vaxtı
Sizə də işıq salır.
Bu səs-küydən, ay balıq,
Canım yaman sıxılıb.
Sən üzdüyün sularda
Çoxdandı gözüm qalıb.
.jpeg)
Dr. Adil
Orxideya
Xiffət çəkir orxideya pəncərənin qırağında,
Gün işığı pəncərədən iki qarış uzaq düşür.
Pəncərənin o tayında hərdən bulud yağışlayır,
Külək hərdən xəfif əsib yarpaqları bağışlayır.
bağbansa yeri belləyir, sonra təzə çiçək əkir.
Pəncərənin bu tayında orxideya xiffət çəkir.
Sanki darıxmaqlarının rəngləri var adı yox.
Bir dibçəyə sığa bilən həyatı var dadı yox.
Hərdən ona su gətirən
qocanın da səsi gəlir, özü yox,
kimsəsi yox, doğması yox, yadı yox.
Günləri sayırmış kimi hər gün bir çiçəyi düşən.
Susuzluq yox həsrətidi köklərini üşüdən.
Sanki onun uzaqlarda bilinməyən taleyi,
Elə həmin o yerlərdə yarımcan həyatı var.
Buranın çox uzağında, bir ağacın qucağında,
Ölüb gedir orxideya pəncərənin qırağında.
Tale hara aparsa
Bəlkə də görsəm səni tanımaram, düzü mən,
Yüz il keçər hardasa o ayrılıq günündən.
Həmin gün Ay tutuldu, bir də Günəş doğmadı,
İndi səni xatırladan hər şey mənə doğmadı.
Sən gedəndən pişiyimiz bir tikə də yemədi,
Aparmışdım baytara, o da nəsə bilmədi.
Hərdən qapıya çıxıb, gəlməyini yoxlayır,
Hərdən də çarpayının sən tərəfin qoxlayır.
Arxasıyca gedirəm, tale hara aparsa,
Yaddaşımın ən ucundan bir gün səni taparsam.
Əlimdən də bir şey gəlməz,
birdən əgər darıxsam,
Sənə xəbər göndərərəm, məni xatırlayarsan.
Duyğularım didərgindi, arzularım tüfeyli,
Elə mənasız adamam, sənin dediyin kimi.
Çox incitdim, bağışla, məni belə bilməzdim,
Sənin yerində olsam, bu adamı sevməzdim.
.jpeg)
HƏCƏR
Pis adama oxşamırdı...
Atası, Əlinin dediyi qədər pis adama oxşamırdı. Arıq, ucaboy kişiydi, həyətin qapısında məni görəndə əl uzadıb görüşdü, əlimi kobud ovcunda sıxıb mehriban dindirdi. Ərazi dağlıq olduğundan gediş-gəliş az idi, heç kim bu kəndə maşın sürmək istəmirdi. Bakıdan təqribən, səkkiz saatlıq yol gələndən sonra nəhayət, Əligilə çatmışdım. Kəndin ən gözəl vaxtlarıydı. Uzun müddətdən sonra təbiəti görmək məni bihuş etmişdi. Hadisələri iradəm xaricində hiss edirdim. Elə bil kimsə mənim yerimə qərar verir, kukla təkin oynadırdı.
Səhərdən yol gəldiyimdən həm ac, həm də yorğun idim. Əlinin anası mal ətindən bozartma və göy qutabı bişirmişdi. Yeməkləri tez-tələsik mədəmə ötürmək istəyirdim. Elə bilirdim, süfrədəki hər şeyi yeyə bilərəm. Yemək saatı olmadığından, masada Əli ilə ikimiz oturmuşduq. Göyərti, pendir, pomidor, xiyar, ayran, qatıq... Burda hər şey vardı, təravətli ətirlər bir-birinə qarışmışdı. Masa başında bir xeyli söhbət etdik. Başım yeməyə qarışdığından daha çox Əli danışırdı. Həmişəki kimi söhbətimiz bitmirdi. Əli məndən boyca bir qarış kiçik olsa da, əsl dağ adamları kimi əzələli, güclü görünürdü. Qonur, seyrək saçları, badamı qara gözləri vardı. Quruluqdan qırışmış dərisi və barmaqlarının qara çatları gözümə dəydi. Yeməyi bitirib çölə çıxmağa hazırlaşırdıq, atası içəri keçib Əlini çağırdı. Əli çıxıb dərhal qayıtdı:
- Mənim bir az işlərim var. Sən dincəl, gəlirəm. Həyətin başındayam. Nəsə lazım olsa, xəbər elə.
Sakitcə başımı yellədim. Çölə çıxıb ətrafı gəzdim. Baxmaqdan doya bilmirdim. Anası məni samovar çayı içməyə çağırdı. Evə keçmək istəmirdim. Mümkünsə, çayı artırmadakı masada içmək istədiyimi dedim. Üz-gözündən zəhmətkeşlik yağan qıvraq, dolu qadın masaya süfrə saldı, süfrəyə dağ çiyələyi və gilas mürəbbəsi qoydu. Hava da elə qəşəng idi ki, cənnətin elə bura olduğunu özüm üçün yəqin elədim.
Əli ilə qrup yoldaşı olmuşduq. Universitetdə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında olduğumuzdan qrupda bizdən başqa oğlan yox idi. İkimiz də hüquqşünas olmaq üçün sənəd vermişdik, amma gəlib ədəbiyyat fakültəsinə çıxmışdıq. Əslində ədəbiyyatı, yaradıcılığı sevirdik. Əsgərlikdən sonra Əli Bakıda beş-altı ay kitab mağazasında satıcı işlədi. Ədəbiyyatı yaxşı bilirdi, bir müştərini kitabsız çıxmağa qoymurdu. İşi yaxşı gedirdi, böyük bir mağazalar şəbəkəsinin yeni şöbəsində idi, müdir tezliklə Əlini mağazaya menecer təyin edəcəyinə söz vermişdi. Amma atası Əlini kəndə çağırdı, dedi kənddə dil-ədəbiyyat müəllimi rəhmətə gedib, fürsətdir, gəl, düzəl onun yerinə, həm də həyət-bacanın işinə gücüm çatmır daha, mənə kömək elə. Əli getmək istəmirdi, ancaq atasının sözündən çıxa da bilmədi. İmtahan verib kənd məktəbindəki bu boş yerə qəbul olundu. O vaxtdan artıq beş il keçmişdi. Hələ də burdan çıxa bilməmişdi.
Əlinin anasının səsi məni fikirdən ayırdı.
- Deyirəm, yenə çay süzümmü sənə, qadan alım?
Axşam, nəhayət, Əli ilə otağında ikimiz qala bildik. Yorğun olsaq da, yatmaq istəmirdik. Söhbətdən doya bilmirdik. Əli səhərdən işləmişdi, bu ərəfələr əsas iş kartof çıxarmaq idi. Özü deməsə də, onun yorğunluğunu, bezginliyini hiss edə bilirdim. Yerinə uzananda belinin ağrısından ufuldadı.
- Nə vaxt gəlirsən? - Əlidən xəbər aldım.
O, ah çəkdi:
- Bilmirəm. Mənə elə gəlir, bir az da kənddə qalsam başım pozulacaq.
- Bəs onda niyə gəlmirsən?
- Mən gələn kimi anama göz verir, işıq vermir.
- Onu da özünlə gətir, - mən dedim.
- Özün necəsən? - Əli söhbəti dəyişdi.
- Çox yorulmuşam, - sakit səslə dedim, - şəhərin səs-küyündən, işdən, ordakı məsuliyyətlərdən, evin yükündən.
- Atan zəng edir?
- O gün gecikmiş kreditə görə bank zəng edib, o da mənə zəng eləmişdi.
- Nə dedi?
- Deyir, niyə ödəmirsən? Pulunu hara xərcləyirsən?
- Niyə demədin sənin arvad-uşağını saxlayıram, qızının ödənişini ödəyirəm?! - ikimiz də uzanıb tavana baxırdıq.
- Kəndinizə gedəcəksən? - Əli başını mənə çevirdi.
- Onu görmək istəmirəm.
Danışa-danışa birinci kimin yuxuya getdiyini xatırlamıram.
Səhər xoruz banına oyandım. Quşların "cik-cik"i bir yandan, açıq pəncərədən gələn sərin, təmiz hava o biri yandan. Əli hələ yatırdı. Birdən qapı açıldı. Tez gözlərimi yumdum. Atasıydı. Əlini silkələyir, arada adını çəkirdi. Axır, Əlinin xorultusu kəsdi. Ayılmışdı.
- Dur gəl, inəyləri otar.
O, otaqdan çıxan kimi Əli paltarlarını geyinməyə başladı. Mən də ona qoşuldum. İnəkləri otardıq. Meşədən cır meyvələr dərdik. Ən çox moruq yedim. Evə çatan kimi Əlinin atası ondan niyə gec gəldiyini soruşdu. Düzünü dedik, amma o yenə də danladı. İkimiz də pərt olduq. Özümü günahkar hiss etdim. Gəlməyimə bir az peşman oldum. Atası Əlini yenə işləməyə apardı, mənsə bağda ağacların arasında taxta kətildə oturub dağlara tamaşa etdim, öz kəndimizdəki dağlar üçün darıxdım. Arada Əli atasından oğurlanıb yanıma gəldi.
- Neynirsən? Darıxmırsan ki?
- Yox. Sakitliyə elə ehtiyacım var ki, - dedim.
Yenə şirin-şirin söhbətə başladıq. Əli yerdə, otların üstündə oturmuşdu. Mən də kətildən qalxıb yerdə bardaş qurdum. Hər şeydən danışdıq, şəhərdəki günlərimizdən, ortaq tanışlarımızdan, xoşbəxt tələbəlik illərimizdən. Günorta yeməyi vaxtı Əli, atası və mən birlikdə yemək yedik. Atası məni sorğu-suala tutdu: "harda işləyirsən?", "nə qədər maaş alırsan?", "kimlə yaşayırsan?" kimi ənənəvi suallar verdi. Yeməkdən sonra kartof çıxarmağa mən də onlarla getdim. İş nə qədər çətin olsa da, özümü sındırmamaq üçün yığmağa davam edirdim. Günəş, iş, susuzluq... İki saat sonra artıq başım fırlanırdı. Sakitcə üzrxahlıq edib aradan çıxdım. Bunun ağrısını sabah çəkəcəyimi bilirdim.
Axşam düşən kimi Əlinin otağına keçdik. Pleysteyşn oynadıq. Oyunun ən maraqlı yerində atası qapını döymədən açdı. İnək balalamışdı. Əlini tövləyə çağırdı. Birlikdə getdik. İnək balasını yalayırdı. Buzovun bədənini köhnə əsgiyə bükdülər. Tövlədən qayıdandan sonra oyun oynamağa halımız yox idi. Yatdıq.
Səhər səs-küyə oyandım. Yerimdən dikəlib qulaqlarımı şəklədim. Atası idi, nəyə görəsə deyinirdi. Əlinin xorultusundan eşidə bilmirdim. Hər şey o qədər sürətlə baş verirdi ki, dərk edə bilmirdim. Qapıya yaxınlaşdı, bu dəfə gözlərimi yummadım. Qapını açıb oyaq olduğumu gördü:
- Sabahın xeyir, oğlum.
Oyaqlığımdan ürəklənib Əlini ucadan çağırmağa başladı, sonra otaqdan çıxdı.
Birlikdə yemək yeyib çölə çıxdıq. Zirzəmiyə düşdük, bura nisbətən qaranlıq və sərin idi. Əsl anbar iyi, nəmişliklə qarışmış kartof-soğan iyi gəlirdi.
Böyük, uzunsov otaqda divarlar boyu taxta rəflər uzanırdı. Rəflərin bir hissəsinə bir kiloqramlıq, səkkiz yüz qramlıq, üç litrlik dolu banka-balon, digər hissəsinə isə meyvə-tərəvəz yığmışdılar. Balaca pəncərənin yanında, rəflər olmayan hissədə müxtəlif ölçülü yeşiklərə qara üzümlər yığmışdılar. Əliylə birlikdə üzüm yeşiklərini çölə daşıdıq. O, açıq şlanqı yeşiklərə tərəf sürüdü, təzyiqlə axan suyu yeşiklərin üzərində gəzdirdi. Arada əyilib onları çalxalayır, altda qalan üzümləri də yuyurdu.
Atası uzaqdan qışqırdı:
- Ay axmaq, üzümü niyə yudun? Eşşək oğlu, eşşək. Yumaq olmaz axı, bilmirsən?!
Qalan sözləri eşitmədim, məncə, Əli də eşitmirdi. Atası yaxınlaşdıqca səsi gurlaşırdı. Əli heç nə demədi. Atasının deyinməyindən məlum oldu ki, evdə üzümləri yumaq məsələsi həmişə müzakirə mövzusudur. Yeşikləri əvvəlcə teştə boşaltdıq, ayaqlarımıza sellofan keçirib üzümləri o ki var tapdadıq, sonra onu çəlləklərə tökdük.
Əlinin atası tez-tez gəlib nəzarət edirdi.
- Niyə çəlləkdə əzmirsiniz?
Əli dilucu mızıldadı:
- Elə çətin olur.
- Belə gec olacaq.
Bura gəlməyimə peşman olmağa başlamışdım. Quşların səsi, dağlar, ağaclar, bağ, axşamlar sərinləyən hava, heyvanlar, bir sözlə, kənd üçün çox darıxmışdım. Öz kəndimizin həsrətini burdan çıxarırdım. Amma bu olanlar yavaş-yavaş səbir kasamı daşırırdı. Axşam yeməyini Əliylə talvarda yemək qərarına gəldik. Qaranlıq ağacların arasından gələn cırcırama səsində "üç bacı" dolmasının ətri məni valeh edirdi. Yenə söhbətlərə dalmışdıq. Qəfildən Əlinin atası masamızın üstünü kəsdirdi.
- Buzova niyə baxmamısan, ə? - deyib Əliyə möhkəm bir şillə çəkdi. Əlinin ağzındakı yarı çeynənmiş loxmalar masaya töküldü. - Buzov ölüb, bayaq dedim, get, nəzarət elə.
Talvarın tək, zəif lampası altında Əlinin üzü alaqaranlıq görünürdü. Əlinin dodağından qan açılmışdı. O, sakitcə masada oturmuş, tərpənmir, boşluğa baxırdı.
- Dur gəl, buzovu basdıraq, - atası mənə dedi.
Heç nə fikirləşmədən ayağa qalxıb ardınca getdim. Tövlədə bir buğa, iki inək vardı. Ölmüş buzovun arıq, cansız bədəni yerdəki samanın üstündə sərələnmişdi. Ağzına yaxın yerdə nəcis vardı. Anası balasını iyləyirdi.
İnəyin balasına olan sevgisi məni qıcıqlandırdı. Tövlə qapısının sağ küncündə köhnə, taxta, bəzi yerləri çatlaq çəlləyin içində külüng, bel, yaba, dırmıq və adını bilmədiyim bir çox ləvazimatlar vardı. O, yaxınlaşıb iki bel götürdü, nisbətən təzə olanını mənə uzatdı. Çəlləyin yanında balta gözümə dəydi. Sanki paslı və balaca olduğundan heç kimə lazım olmamış, bir küncə atılıb unudulmuşdu. Dəstəyi nə vaxtsa qırmızı rəngdə olmuşdu, indi isə adda-budda qalmış boya izləri onu ləkəli göstərirdi. Əyilib baltanı götürdüm.
- Onu neynirsən? - Sükutu pozan səsdən dik atıldım.
Üzünü çevirən kimi balta ilə zərbələr endirməyə başladım. Yerə yıxıldı, qarnında oturdum. Bir neçə dəfə məni itələdi. İnəklər yerlərində vurnuxurdular. Mənsə dayana bilmirdim. Hər zərbə əvvəlkindən daha güclü olurdu. Əlini üzümə atır, çırpınırdı. Zərbələrdən parçalanmış üzünə baxdım. Artıq tərpənmirdi. Baltanı yerə qoydum...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
