Sözlərin taleyi - Adəm İsmayıl BAKUVİ

 

İnsan dünyaya gələndə əvvəlcə işığı görmür, səsi eşidir. Ana bətninin müqəddəs qaranlığında onunla dünya arasındakı ilk körpünü ürəyin döyüntüsü salır. Bu döyüntü hələ kəlmə deyil, lakin bütün kəlmələrdən əvvəl gələn ilk xəbərçidir: "Sən varsan". Sonra ana nəfəsi, pıçıltı, layla və nəhayət, ad gəlir. Körpə sözün mənasını bilmir, amma onun mərhəmətini və qəzəbini tanıyır. Deməli, kəlmə lüğətdə deyil, insanın insana münasibətində doğulur. Lüğət onun yalnız məzar daşı və doğum şəhadətnaməsidir; həqiqi ömrü isə niyyətdə başlayır.

Bəlkə buna görə söylədiyimiz hər söz ağlımızın məhsulundan əvvəl ruhumuzun etirafıdır. Kainatın başlanğıcı haqqında düşünəndə ağlımıza işıq, sonsuzluq, zaman və böyük bir sükut gəlir. Ancaq sükutun özü də adsız deyil. Onu "sükut" adlandırdığımız andan etibarən yoxluğa belə bir məna veririk. İnsan özündən əvvəl mövcud olan dünyanı kəlmələrlə ikinci dəfə yaradır.

Dağ insan yaranmamışdan da dağ idi, dəniz öz mavi hüdudsuzluğunda yenə dalğalanırdı, ulduzlar gecənin uzaq yaddaşında yanırdı. Lakin insan "dağ", "dəniz", "ulduz" deyəndə təbiətin lal varlığı mənalar aləminə daxil oldu. Beləcə, yaradılışın maddi səhifəsindən sonra onun mənəvi səhifəsi açıldı. Birinci səhifəni Tanrı yaratdı, ikinci səhifəni insana əmanət etdi. Bəlkə də kainatın ən böyük sirri onun mövcudluğu deyil, mövcudluğunun mənaya çevrilmək istəməsidir. Daş var, amma öz varlığını bilmir; insan isə həm vardır, həm də "niyə varam?" deyə soruşur. Bu sual maddənin özünə verdiyi ilk mənəvi sualdır. Kəlmə kainatın insan şüurunda özünə baxmasıdır. Biz "sonsuzluq" deyərkən sonsuzluğu əhatə etmirik; kiçik ağlımızla onun qapısına toxunuruq. "Tanrı" deyərkən Tanrını sözə yerləşdirmirik; sözün acizliyi ilə Onun hüdudsuzluğu arasında diz çökürük. Ən böyük kəlmələr cavab vermir, insanı cavabın qarşısında oyadır.

"Başlanğıcda söz vardı" hikməti təkcə dini bir hökm deyil; insan şüurunun ən qədim həqiqətlərindən biridir. Müxtəlif xalqların yaradılış təsəvvürlərində səs, ad, nəfəs və çağırışın xüsusi yer tutması təsadüfi deyil. Çünki ad verilməyən şey bizim üçün tam mövcud deyil. Biz adlandırmaqla tanıyır, tanımaqla yaxınlaşır, yaxınlaşmaqla məsuliyyət daşıyırıq. Bir ağaca sadəcə, "ağac" deyəndə onu növlərin içində görürük; "ata ocağımın tut ağacı" deyəndə isə onun kölgəsinə uşaqlığımızı, budaqlarına ölənlərin xatirəsini, yarpaqlarına evimizin qoxusunu köçürürük. Kəlmə əşyanın adı olmaqdan çıxıb insan taleyinin ünvanına çevrilir.

Ad vermək həm də faniliyə qarşı üsyandır. İnsan itirəcəyini hiss etdiyi şeyin adını ürəyinə yazır. Ana övladının adını çağıranda təkcə onu başqalarından ayırmır; yoxluğun onu adsızlaşdırmasına müqavimət göstərir. Qəbir daşlarında adların həkk olunması mərhumun bundan sonra həmin daşa ehtiyacı olduğu üçün deyil. Dirilər ölümə deyirlər: "Sən onun nəfəsini aldın, amma adını ala bilmədin". Bütün ədəbiyyat, bəlkə də, insanın unudulmaq qorxusuna qarşı ucaltdığı görünməz abidədir. Müəllif təkcə öz adını deyil,  insan olmağın ağrısını da gələcəyə ötürmək istəyir.

Dünyada minlərlə dil danışılıb, yüzlərlə dil tarix səhnəsindən çəkilib, bəziləri isə sonuncu danışanı ilə birlikdə susub. Hər ölən dil kainatın bir pəncərəsinin bağlanmasıdır. Çünki dillər eyni dünyaya ayrı-ayrı gözlərlə baxırlar. Bir xalq qarın müxtəlif halına, başqa bir xalq küləyin istiqamətlərinə, digəri qohumluğun incə pillələrinə çoxsaylı adlar verirsə, bu, sadəcə, söz ehtiyatı deyil. Bu, həmin xalqın əsrlər boyu nəyə diqqətlə baxdığının xəritəsidir. Dil təkcə insanın gördüyünü ifadə etmir; nəyi görəcəyini də müəyyənləşdirir. Kəlmələri kasıblaşan cəmiyyətin baxışları da kasıblaşır. Çünki düşüncə görünməz bir memarlıqdır və onun daşları sözlərdir. Heç bir kəlmə tamamilə tək yaşamır. Onun arxasında minlərlə ağızın nəfəsi, köç yolları, savaşlar, dualar, bazarlar, məhəbbət görüşləri, ana laylaları, hökmdar fərmanları dayanır.

Bu gün dilimizə asanlıqla gətirdiyimiz adi bir söz bəlkə min il əvvəl bir karvanla səhradan keçib, başqa bir xalqın süfrəsində gecələyib, şairin misrasında yuyulub, bir ananın göz yaşında təmizlənib bizə çatıb. Sözün lüğətdə verilən mənası onun pasportudur; yaşadığı tarix isə taleyidir. Buna görə etimologiya yalnız dilçilik sahəsi deyil, kəlmələrin arxeologiyasıdır. Alim sözün kökünü axtaranda əslində insanlığın yer altında qalmış yollarını qazır. İlk insan kəlməni bəlkə qorxudan yaratdı: göy gurultusuna, oda, ölümə ad verdi ki, adsız dəhşəti özünə yaxınlaşdırsın. Bəlkə də sevgidən yaratdı: qarşısındakını çağırmaq, onu başqalarından ayırmaq, "sən" demək üçün. Qorxu ilə sevgi dilin iki qədim qapısıdır. İnsan birindən dünyanı anlamağa, o birindən başqasına çatmağa çıxır. "Mən" sözü bizi var edir, "sən" sözü isə bizi tənhalıqdan qurtarır. "Biz" kəlməsi bu iki sahilin arasında qurulan ən böyük körpüdür. Amma həmin körpü həm mərhəmətə, həm də fanatizmə apara bilər. "Biz" deyən insan bəzən özgəsini qucaqlayır, bəzən də "onlar" deyib qapını üzünə bağlayır. Deməli, sözün mənəvi dəyəri onun səslənməsində deyil, hansı sərhədi açıb hansını bağlamasındadır.

Kəlmə insanın daxilində yaranan görünməz hadisənin görünən kölgəsidir. Biz ağrını göstərmək üçün yaranı göstərə bilərik, amma ruhun ağrısı yalnız sözə sığınanda başqasına çata bilir. "Darıxıram" deyən adam bir neçə hecanın içinə məsafəni, itkinin soyuğunu, qayıtmaq ümidi ilə qayıtmayacağını bilməyin faciəsini yerləşdirir. "Bağışla" sözü bəzən illərlə davam edən düşmənçiliyi dayandırır; bəzən də çox gec söyləndiyi üçün qəbir daşına dəyib geri qayıdır. "Sevirəm" bir insanın həyatını işıqlandıra bilər, lakin yalan niyyətlə deyildikdə həmin işığın altında böyük bir qaranlıq böyüyər. Kəlmənin qüdrəti bundadır: o, həm yara, həm məlhəm ola bilir və çox vaxt ikisi də eyni ağızdan çıxır. İnsan bıçağın yaralayıcı olduğunu bilir, buna görə onu ehtiyatla tutur. Amma söz görünmədiyi üçün onun iti tərəfini unudur. Halbuki bıçaq bədəni bir dəfə kəsir, təhqir insanın daxilində illərlə təkrarlanır. Uşaqlıqda eşidilən "səndən heç nə çıxmaz" cümləsi bəzən insanın bütün ömrünün qaranlıq hökmünə çevrilir. Eyni uşağa deyilən "mən sənə inanıram" sözü isə onun içində heç kəsin söndürə bilməyəcəyi çıraq yandırır. Bir cümlə taleyi əvəz etmir, amma taleyin özünü necə görəcəyini dəyişir. İnsan çox vaxt qarşısındakı maneədən deyil, daxilində illər əvvəl yerləşdirilmiş cümlədən məğlub olur. İnsanın bədənində görünən yaralara tarix qoymaq mümkündür, söz yaralarının isə təqvimi yoxdur. Onlar sağalmış kimi görünür, sonra bir baxışda, bir qoxuda, başqa bir səsin oxşar ahəngində yenidən qanayır. Sözün törətdiyi ağrı əti deyil, insanın özünə verdiyi qiyməti yaralayır. Buna görə dilin günahı bəzən əlin günahından ağırdır: əl bir dəfə vurur, kəlmə isə qurbanın daxilində onun öz səsinə çevrilib hər gün təkrar olunur.

Ən böyük mərhəmət bəzən kiməsə yeni söz demək deyil, onun içində illərlə danışan qəddar cümləni susdurmaqdır. Valideynin övladına, müəllimin şagirdinə, həkimin xəstəyə, hakimin müttəhimə, rəhbərin xalqa dediyi söz bərabər ağırlıqda deyil. Çünki kəlmənin çəkisi onu deyənin məsuliyyəti ilə artır.

Tarixdə orduların qabağında çox zaman sözlər yürüyüb: əvvəl düşmənin adı yaradılıb, sonra ona nifrət öyrədilib, ən sonda silah qaldırılıb. Heç bir böyük zülm özünə bəraət qazandıran bir lüğət yaratmadan uzunömürlü ola bilməz. Zalım əvvəlcə insanı öldürmür, onun adını dəyişir. Onu "yad", "təhlükə", "xəyanətkar", "artıq yük" adlandırır; sonra vicdanla cinayət arasındakı məsafəni qısaldır. Sözlər öz təbii mənalarından çıxarılıb itaət formasına salınır. "Sülh" adı altında qorxu, "həqiqət" adı altında yalan, "xalq" adı altında bir nəfərin iradəsi danışdırılır. Ən təhlükəli yalan açıq yalan deyil; doğru kəlmələrin içinə yerləşdirilmiş saxta mənadır. Çünki insan tanış sözü eşidəndə qapını açır, içəri girənin isə həqiqət olduğunu zənn edir. Buna görə yazıçının, alimin, jurnalistin və siyasətçinin kəlmə qarşısında borcu eyni dərəcədə böyükdür, baxmayaraq ki, onların sözləri müxtəlif məkanlarda səslənir. Alim anlayışı dəqiqləşdirir ki, həqiqət duman içində qalmasın. Yazıçı unudulan hissə ad verir ki, insan öz içindəki naməlumdan qorxmasın. Jurnalist hadisəni yazır ki, güc yaddaşı öz istədiyi kimi dəyişməsin. Siyasətçi gələcəyi vəd edir və həmin vədin hər hecası ictimai etimada yazılmış borc sənədidir. Ədəbiyyatşünas isə əsərin səssiz qatlarına enərək müəlliflə zaman arasında görünməyən yolları üzə çıxarır. Onların hər biri sözün keşiyində dayananda cəmiyyətin mənəvi sərhədlərini qoruyur; sözü satanda isə sərhəd içəridən açılır. Ədəbiyyat kəlmələrin adi həyatdan çıxıb əbədiyyət imtahanına girdiyi yerdir. Gündəlik danışıqda "gecə" günün bir vaxtıdır; şairin misrasında isə ayrılığın, sirrin, ölümün, eşqin, Tanrıya yaxınlığın adı ola bilər. 

Nizaminin dilində ədalət saraydan daha uca bir taxta çevrilir. Füzulidə "dərd" insanın qurtulmaq istədiyi bəla deyil, onu mənən kamilləşdirən sirdir. Nəsimidə söz bədənin sərhədlərini aşaraq insanı kainatın mənəvi mərkəzinə aparır. Sabirdə gülüş sadəcə əyləncə deyil, cəmiyyətin üzünə tutulan ağrılı güzgüdür. Cavidin kəlmələri səhnədə danışsa da, onların kölgəsi əsrin siyasi zindanlarına qədər uzanır. Böyük ədəbiyyat sözü bəzəmir; sözün içində gizlənən insanı oyadır. Şair yeni kəlmə yaratmasa belə, köhnə kəlməni ilk dəfə eşidirmişik kimi bizə qaytarır. Hamının işlətdiyi "ana", "vətən", "ayrılıq", "ölüm" sözləri onun əlində öz tozundan təmizlənir. Biz gündəlik vərdiş içində mənasını itirdiyimiz həqiqətlə yenidən üz-üzə qalırıq. Əsl poeziya dilin yaddaşına su çiləyir. O, kəlməni ölü ifadədən xilas edib canlı taleyə çevirir. Buna görə bir misra bəzən qalın fəlsəfə kitabından daha uzun yaşayır. Fəlsəfə həqiqətin məntiqini göstərir, poeziya isə onun nəfəsini eşitdirir.

Müqəddəs mətnlərdə kəlmənin bu qədər uca tutulması da təsadüfi deyil. Dua insanın görünən aləmdən görünməyənə göndərdiyi məktubdur. O məktubun ünvanını göz görmür, amma qəlb tanıyır. Dua zamanı insan yalnız Tanrıya söz demir; öz içində dağılmış mənaları da bir yerə toplayır. Etiraf etdiyi günahın adını çəkərək onun qarşısında məsuliyyət qazanır, dilədiyi mərhəməti söyləyərək ümidsizliyə sərhəd qoyur. Bəzən dua səsli deyil. Dodaqlar tərpənmir, yalnız ürək danışır. Bu da göstərir ki, kəlmənin ən yüksək mərtəbəsi səs deyil, mənadır. Sükut bəzən sözün yoxluğu yox, sözün Allaha daha yaxın formasıdır. Dua qəbul olunmadıqda da mənasız qalmır. Çünki insan dua edərkən hər zaman dünyanın hökmünü dəyişmir, bəzən özünün o hökm qarşısındakı halını dəyişir. Çarəsiz adam "Allahım" deyəndə cavab göydən səs kimi gəlməyə bilər; lakin bu kəlmə onun içində ümidsizliyin tam hakimiyyət qurmasına mane olur. Dua insanın əbədiyyətə uzatdığı əldir. Əl boş qayıtsa belə, uzanmış olmağın özü ruhu əvvəlki yerində qoymur. Lakin hər susmaq hikmət deyil. Zülm qarşısında susmaq zalımın cümləsinə qoyulan səssiz imza ola bilər. Haqsızlıq vaxtı deyilməyən doğru söz də mənəvi hadisədir. İnsan yalnız dediklərinə görə deyil, deməli olduğu halda demədiklərinə görə də cavabdehdir. Bəzən bir millətin taleyi danışanların cəsarətindən çox, susanların qorxusu ilə müəyyən olunur. Doğru söz həmişə qışqırmır; o, sakit də deyilə bilər. Onun gücü səsin ucalığında deyil, arxasında dayanan vicdanın möhkəmliyindədir. Ən gurultulu cümlə boş ola, bir pıçıltı isə bütöv bir dövrün vicdanına çevrilə bilər.

Səhər tezdən çörək bişirən qadının "balam, yeməyini ye" deməsi, uzaq yola gedən oğula atanın "özündən muğayat ol" tapşırığı, qocanın qəbir üstündə söylədiyi "haqqını halal et", qonşunun dar gündə dediyi "mən buradayam" - bunlar bəşəriyyətin görünməz sütunlarıdır. Dünya yalnız filosofların böyük ideyaları və hökmdarların gurultulu nitqləri ilə qorunmayıb. O, milyonlarla adsız insanın hər gün bir-birinə söylədiyi kiçik mərhəmət cümlələri ilə dağılmaqdan xilas olub.

Tarix böyük sözləri qeyd edir, həyat isə kiçik sözlərin çiynində davam edir. Kəndlinin torpağa verdiyi ad, dənizçinin küləyi çağırışı, ustanın alətləri arasında işlətdiyi ifadələr, nənənin nağılı, uşağın ilk dəfə söylədiyi "ana" - bunların hər biri insan təcrübəsinin ayrıca xəzinəsidir. "Xırda adam" deyilən heç kim yoxdur; yalnız böyük tarixlərin yazmadığı insanlar var. Onların danışığı ədəbi dilin kənarında sayılsa da, dilin qanı çox vaxt məhz oradan gəlir. Xalqın dili sarayda doğulmur, küçədə, tarlada, emalatxanada, yasda, toyda, səfərdə bişir; şair isə həmin canlı nəfəsi söz sənətinin yaddaşına köçürür. Ədəbiyyat xalqdan aldığı kəlməni cilalayıb yenidən xalqa qaytarır.

Kəlmə həm də yaddaşın qabıdır. İnsan ölür, səsi kəsilir, addımları torpaqdan silinir, amma söylədiyi bir cümlə övladının dilində yaşaya bilir. Nəsillər bir-birinə yalnız qan, torpaq və əşya miras qoymur; atalar sözləri, dualar, ləqəblər, nəsihətlər, hətta ailə daxilində işlənən qəribə ifadələr də ötürür. Bəzən babamızın üzünü görməmişik, amma onun bir sözünü təkrar edəndə sanki nəfəsi bizim nəfəsimizə qarışır. Dil ölülərlə dirilər arasında qurulan yeganə körpüdür ki, onun üzərindən keçmək üçün nə zaman dayanır, nə də sərhəd tələb olunur. Milli yaddaş da kəlmələrlə yaşayır. Yurdun adı dəyişdiriləndə, kəndlərin qədim toponimləri silinəndə, insanların soyadı zorla başqa şəklə salınanda yalnız dil hadisəsi baş vermir; yaddaşa müdaxilə edilir. Torpağı zəbt etməyin ardınca çox vaxt adları zəbt etmək gəlir. Çünki ad yaddaşın möhürüdür. Bir yerin əski adını qoruyan qoca bəzən əlində silah tutmadan tarix keşikçisi olur. O adı nəvəsinə öyrədərkən xəritədə görünməyən vətəni dilin içində yaşadır.

Vətən əvvəlcə torpaqdır, sonra xatirə, ən sonda isə gələcək nəsillərə əmanət edilən müqəddəs kəlmədir. "Vətən" deyən hər kəs eyni şeyi nəzərdə tutmur. Biri üçün o, sərhədləri olan siyasi coğrafiyadır; biri üçün anasının məzarı, uşaqlıq küçəsi, çörəyin qoxusu, uzaqda eşitdiyi doğma musiqidir.

Filosof kəlməyə şübhə ilə də yanaşır. Çünki söz həqiqəti göstərdiyi qədər onu pərdələyə bilər. "Su" deməklə susuzluq keçmir, "ədalət" deməklə ədalət yaranmır, "azadlıq" söyləməklə zəncirlər qırılmır. Adla mahiyyət arasında həmişə bir məsafə vardır. Bəzən insan sözü əməlin yerinə qoyur və danışdığına görə yaşadığını zənn edir. Mərhəmətdən danışan mərhəmətsiz, vətəndən danışan tamahkar, həqiqətdən danışan yalançı ola bilər.

Kəlmənin ən böyük faciəsi mənasının deyil, əxlaqının itirilməsidir. Sözlə əməl arasındakı uçurum böyüdükcə dil də etibardan düşür. Cəmiyyətdə kəlmələr çoxaldığı halda məna azala bilər. Müasir insan tarixdə heç vaxt olmadığı qədər yazır, danışır, paylaşır, şərh edir. Hər an milyardlarla söz ekranlara axır. Lakin bu bolluq bizi mütləq bir-birimizə yaxınlaşdırmır. Bəzən sürətlə deyilən söz düşüncədən əvvəl doğulur, vicdana çatmadan dünyaya yayılır. Əvvəllər bir məktub günlərlə yol gedirdi və insan hər cümləni məsuliyyətlə yazırdı; indi bir toxunuşla göndərilən hökm başqa birinin həyatını dağıda bilir.

Texnologiya sözün sürətini artırdı, amma onun məsuliyyətini azaltmamalıdır. Söz uzağa çatdıqca onu deyənin vicdanı da o qədər uzağa getməlidir. Süni zəka artıq insanın cümlələrini təqlid edir, şeir yazır, mətn yaradır, dillər arasında keçid edir. Bu yeni dövr bizi kəlmənin mahiyyəti barədə yenidən düşünməyə məcbur edir. Əgər maşın qüsursuz cümlə qura bilirsə, insan sözünün fərqi harada qalır? Fərq yalnız üslubda deyil. İnsan dediyi sözün ağrısını çəkə, nəticəsinə cavabdeh ola, bir cümləyə ömrünü qoya bilir. Maşın "ana" sözünün bütün izahlarını toplaya bilər, amma anasını itirmiş insanın bu sözü deyərkən nəfəsində yaranan boşluğu yaşamır. Gələcəyin əsas sualı maşının danışıb-danışmaması deyil; insanın öz sözündə vicdanı qoruyub-qorumamasıdır.

Kəlmələrin də taleyi var: bəziləri doğulur, böyüyür, ölkələr gəzir; bəziləri unudulur, bəziləri yeni mənada geri qayıdır. Bir zaman müqəddəs olan söz bayağı şüara çevrilə, bir vaxt qadağan edilən söz azadlığın rəmzi ola bilər. Zaman kəlmələrin üzərinə həm toz, həm qan, həm də nur çökdürür. Buna görə hər nəslin vəzifəsi dili yalnız qorumaq deyil, onu mənəvi baxımdan təmiz saxlamaqdır. Dil muzey eksponatı deyil ki, şüşə arxasında dəyişməz qalsın. O, axar sudur. Suyu saxlasaq, iylənər; mənbəyini unutsaq, quruyar; zəhərləsək, gələcək nəsillər də ondan içər. Ana dili insanın dünyaya açılan ilk mənəvi vətənidir.

Başqa dillər bizə yeni üfüqlər, yeni düşüncə tərzləri, başqa xalqların ruhuna gedən yollar verir. Hər öyrənilən dil insan daxilində yeni bir pəncərə açır. Lakin ana dili evin qapısıdır: insan bütün səfərlərdən sonra oradan içəri girir. Ən ağır kədərini, ən səmimi duasını, uşaqlığının qorxusunu çox vaxt ana dilində yaşayır. Dilə məhəbbət başqa dillərə düşmənçilik deyil. Əksinə, öz dilinin dərinliyini duyan insan başqasının dilində də bir xalqın qəlbinin döyündüyünü anlayar. Dillərin müxtəlifliyi bəşəriyyətin parçalanması deyil, həqiqətin rənglərə bölünmüş işığıdır. Tərcüməçi bu rənglər arasında yol gedən səyyahdır. O, sözü bir sahildən o birinə keçirərkən yalnız mənanı daşımır; səsin kölgəsini, mədəniyyətin nəfəsini, tarixin gizli işarələrini də qorumağa çalışır.

Bəzən bir kəlmənin başqa dildə tam qarşılığı olmur. Bu çatışmazlıq dillərin kasıblığı deyil, hər xalqın təcrübəsinin təkrarolunmazlığıdır. Yaxşı tərcümə mümkün olmayanı mümkün etməyə cəhddir: bir xalqın yuxusunu başqa xalqın dilində oyatmaq. Tərcümə sayəsində əsrlər və qitələr danışır, ölən müəllif uzaq bir oxucunun otağında yenidən nəfəs alır. Kitab bu mənada zamanın məğlub edilməsidir. Yazı meydana çıxana qədər söz insan nəfəsi qədər ömürlü idi. Yazı səsə bədən verdi, kağız ona mənzil oldu. Gil lövhə, daş kitabə, dəri, kağız, ekran - vasitələr dəyişdi, insanın unudulmamaq arzusu dəyişmədi. Hər kitab ölümə qarşı sakit bir etirazdır. Müəllif bilir ki, özü gedəcək, amma bir gün tanımadığı insan onun cümləsini oxuyacaq. İki yad ruh arasında zamanın üzərindən görünməz əl uzanacaq. Oxumaq başqasının kəlmələrini öz daxili səsinlə diriltməkdir. Buna görə hər həqiqi oxucu əsərin bir növ həmmüəllifidir.

Oxunmayan söz tamamlanmamış taledir. Yazıçı mənanı kağıza köçürür, oxucu isə onu öz həyatında açır. Eyni əsəri gənclikdə və qocalıqda oxuyan adam əslində iki ayrı kitab oxuyur; çünki söz dəyişməsə də, onu qarşılayan insan dəyişmişdir. Bəzi cümlələr bizi illərlə gözləyir. İlk oxunuşda yanından keçirik, həyat bizi yaraladıqdan sonra geri dönüb onların qapısını döyürük. O zaman anlayırıq ki, kitabdakı cümlə yeni yazılmayıb, sadəcə biz onun mənasına gec çatmışıq. Böyük söz zamanını gözləməyi bacarır. Kəlmənin bir tərəfi də sirdir. İnsan hər şeyi söyləyə bilmir və bəlkə söyləməməlidir.

Hissin hamısı sözə çevriləndə onun bir hissəsi itir. Sevgilinin baxışında, ananın əlində, şəhid məzarının sükutunda elə mənalar var ki, dil onların ətrafında yalnız dövrə vura bilir. Böyük yazıçı sözün qüdrəti qədər acizliyini də bilir. O, hər boşluğu cümlə ilə doldurmur; bəzən oxucuya susmaq üçün yer saxlayır. Musiqidə səslər arasındakı fasilə necə vacibdirsə, ədəbiyyatda da deyilməyənlər deyilənlərin nəfəsidir. Sükut kəlmənin düşməni deyil, onun görünməyən davamıdır. İnsan ölümü də bütövlükdə dilə gətirə bilmir. "Öldü" - cəmi bir sözdür, amma onun arxasında bütöv bir kainatın bir nəfər üçün bağlanması dayanır. Ölən adamla birlikdə onun gördüyü dünya da ölür: uşaqlığının səması, yalnız onun xatırladığı səslər, heç kimə danışmadığı peşmanlıqlar. Biz "başın sağ olsun" deyəndə bu sonsuz itkini sağalda bilmərik. Sadəcə dərdin qapısı önündə dayanıb "sən bu qaranlıqda tək deyilsən" deməyə çalışırıq. Kəlmənin qüdrəti hər yaranı sağaltmasında deyil; sağalda bilmədiyi yaranın yanında insanı tək buraxmamasındadır. İnsanın öz-özü ilə danışığı da taleyini yaradır.

Hamının içində gizli bir dil var. Biz özümüzü hansı sözlərlə çağırırıqsa, zamanla həmin sözlərin şəklinə düşürük. Özünə daim "məğlubam" deyən insan fürsətin qapısını görməz; "yanılmışam, amma yenidən başlaya bilərəm" deyən isə gələcəyə kiçik bir yol açar. Ümid reallığı inkar edən təsəlli deyil; reallığın içində hələ görünməyən ehtimala verilmiş addır. İnsan bir şeyə ad verəndə onu düşüncəsində mümkün edir. Bu səbəbdən ən ağır zamanlarda belə doğru kəlmə ruhun son qalasıdır. Kəlmələr bizi mühakimə də edir. Ömrün sonunda insanın arxasında söylədiyi sözlərdən görünməz bir kitab qalır.

Biz yazıçı olmasaq belə, hər gün öz mənəvi tərcümeyi-halımızı danışırıq. Dilimizin lüğəti xarakterimizin gizli xəritəsidir: ən çox hansı sözləri işlədirik - "mən", yoxsa "biz"; "almaq", yoxsa "vermək"; "nifrət", yoxsa "anlamaq"; "heç vaxt", yoxsa "bəlkə?" İnsanın kimliyini bəzən onun cavablarından deyil, seçdiyi kəlmələrdən oxumaq mümkündür. Ən böyük kəlmələr çox vaxt qısadır: ana, su, çörək, ev, eşq, haqq, ölüm, Tanrı. Onların böyüklüyü hərflərinin sayında deyil, daşıdıqları həyatın ağırlığındadır. "Çörək" ac üçün başqa, tox üçün başqa səslənir. "Sülh" müharibəni kitabdan oxuyanla övladını cəbhədə itirən ananın dilində eyni deyil. "Azadlıq" sərbəst doğulan üçün adi hava, zindandakı insan üçün nəfəsin özüdür.

Sözün həqiqi mənasını çox vaxt lüğət deyil, məhrumiyyət öyrədir. İnsan nəyi itirirsə, onun adının dərinliyinə enir. Bəlkə buna görə ölüm kəlmələri qəribə şəkildə işıqlandırır. Son görüş olduğunu bilmədiyimiz görüşdə adi danışırıq; ayrılıqdan sonra hər cümləni xatırlamağa çalışırıq. "Kaş bunu deyəydim", "kaş o sözü deməyəydim" - insan peşmanlığının böyük hissəsi dil ətrafında fırlanır. Vaxtında deyilən məhəbbət sözü ömrü dəyişə bilər. Vaxtında deyilməyən söz isə insanın içində daşlaşar. Həyatın qısalığı bizi az danışmağa yox, daha həqiqi danışmağa çağırır. Çünki hər görüşün sonunda xəbərləşmədiyimiz bir ehtimal dayanır: bəlkə bu, son cümləmizdir. Ona görə kəlməni söyləməzdən əvvəl üç qapıdan keçirmək lazımdır: doğrudurmu, gərəklidirmi, mərhəmətlidirmi? Hər doğru söz hər anda deyilməyə bilər, hər xoş söz də doğru olmaya bilər.

Müdriklik yalnız həqiqəti bilmək deyil, onu hansı vaxtda, hansı səslə və hansı niyyətlə deməyi duymaqdır. Kəlmənin etikası məhz burada başlayır. Məqsəd susaraq özünü qorumaq deyil, danışaraq insanı qorumaqdır. Bəzən sərt həqiqət mərhəmətdir, bəzən şirin təsəlli xəyanət. Sözün əxlaqını onun zahiri yumşaqlığı deyil, insan ləyaqətinə xidmət edib-etməməsi müəyyənləşdirir. Biz kəlmələrin sahibi olduğumuzu düşünürük, amma zaman keçdikcə onların bizi idarə etdiyini görürük. Verdiyimiz vəd bizi gələcəyə bağlayır. And içəndə sözümüz özümüzdən qabağa keçib yolumuzu müəyyənləşdirir. Bir uşağa ad verəndə onun bütün ömrü boyu çağırılacağı səsi seçirik. Bir ideyanı dilə gətirəndə artıq əvvəlki adam olaraq qala bilmirik; söylədiyimiz həqiqətin məsuliyyəti çiynimizə düşür. Kəlmə ağızdan çıxan kimi azad olur, başqalarının yaddaşına köçür və bəzən bizdən daha uzun yaşayır. İnsan sözünü unuda bilər, onu eşidən qəlb isə unutmaya bilər. Kəlmələr görünmür, amma şəhərlərdən daha uzunömürlüdür. Saraylar uçur, taxtlar dağılır, sərhədlər dəyişir, bir şairin misrası isə əsrlərin içindən keçib yenə bir gəncin qəlbini titrədir. Qılınc bir dövrü fəth edir, söz zamanın özünü. Lakin sözün əbədiliyi avtomatik deyil. Yalnız insan həqiqətinə toxunan kəlmə zamanı aşa bilir. Gözəl qurulmuş, amma ruhsuz cümlə öz dövrünün alqışında ölər; sadə, lakin içində həqiqət olan söz isə səssizcə gələcəyə gedər.

Kainat bəlkə bir səslə başladı, insan ömrü də bir layla ilə başlayır. Son mənzilə yola salınanda arxamızca yenə sözlər deyilir: dua, xatirə, halallıq. Beşiklə məzar arasında qalan bütün həyatımız kəlmələrin içindən keçir. Biz sevəndə, savaşanda, barışanda, öyrənəndə, aldadanda, yaradanda sözə müraciət edirik. Kəlmə bizi mələk etmir, şeytan da etmir; içimizdə olanı görünən aləmə çıxarır. O, insan ruhunun həm güzgüsü, həm də çəkicidir: bizi göstərir və eyni zamanda bizi formalaşdırır. Deməli, kəlmələrin önəmi onların çoxluğunda deyil. Əsas məsələ neçə söz bildiyimiz yox, bildiyimiz sözlərin neçəsini ləyaqətlə yaşadığımızdır. "Haqq" deyib haqsızlıq ediriksə, həmin kəlməni yaralayırıq. "Vətən" deyib yalnız öz mənfəətimizi düşünürüksə, o müqəddəs adı kiçildirik. "Sevgi" deyib sahib olmağa çalışırıqsa, sevgini qəfəsə salırıq. "İnsan" deyəndə qarşımızdakının ağrısını öz ağrımız qədər həqiqi qəbul ediriksə, kəlmə öz mənasına qovuşur.

Sözün xilası onu düzgün tələffüz etməkdə deyil, ona uyğun yaşamaqdadır. Bəşəriyyətin gələcəyi yalnız yeni texnologiyalardan, böyük şəhərlərdən, kosmik səfərlərdən asılı deyil. O gələcək hansı kəlmələri qoruyacağımızdan da asılıdır. "Vicdan", "mərhəmət", "ədalət", "halallıq", "ləyaqət" sözləri gündəlik həyatımızdan çəkilsə, ən inkişaf etmiş cihazların arasında belə mənəvi cəhətdən mağarada yaşayarıq. Əksinə, bu sözlər davranışımıza çevrilsə, insanlıq öz qədim yaralarını sağaltmağa başlaya bilər.

Sivilizasiya təkcə daşın, dəmirin və məlumatın tərəqqisi deyil; kəlmə ilə əməl arasındakı məsafənin azalmasıdır. Bir gün bizim də səsimiz susacaq. Cismimiz torpağa qarışacaq, nəfəsimiz dünyadan çəkiləcək. Lakin söylədiyimiz bəzi kəlmələr başqa insanların daxilində bizim yerimizə nəfəs almağa davam edəcək. Bəlkə adımız unudulacaq, amma bir ümidsizə verdiyimiz inam onun övladına göstərdiyi mərhəmətdə yaşayacaq. Bəlkə yazdığımız bir cümlə heç tanımadığımız insanı uçurumun kənarından geri döndərəcək. Bəlkə də düşünmədən söylədiyimiz ağır söz bir qəlbdə uzun qış yaradacaq və biz həmin qışdan xəbərsiz öləcəyik. İnsan sözünün hara qədər getdiyini bilmədiyi üçün hər kəlmə qarşısında əbədi məsuliyyəti daşıyır.

Hər söz görünməz gələcəyə atılan toxumdur; nə əkdiyimizi zaman bizdən daha yaxşı bilir. Kəlmə insanın yoxluğa qarşı yandırdığı kiçik çıraqdır. O çıraq bəzən bir otağı, bəzən bir xalqın yolunu, bəzən isə əsrlərin qaranlığını işıqlandırır. Ancaq çırağın işığı oddan deyil yalnız, onu tutan əlin vicdanından gəlir.

Biz dünyaya son sözümüzü demək üçün gəlmirik; bizdən əvvəl deyilmiş böyük həqiqətlərə öz həyatımızla şahidlik etməyə gəlirik. Bəlkə qiyamət günü insanın qarşısına yazdığı kitablar, söylədiyi nitqlər deyil, bir yetimin qəlbində buraxdığı iz, bir ananın gözündən sildiyi yaş, bir günahsız haqqında susduğu həqiqət çıxacaq. Və o zaman anlayacağıq: kəlmə səs deyildi, seçim idi; cümlə fikir deyildi, əməl idi; danışmaq isə sadəcə, dilin hərəkəti deyil, ruhun özünü əbədiyyət qarşısında ifşa etməsi idi. Kainatın böyük sükutu içində insana verilmiş ən uca imkan çox danışmaq deyil - söylədiyi bircə doğru sözün arxasında bütöv bir ömürlə dayana bilməkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!