Sən yalnız azərbaycanlısansa, filosof deyilsən!
Sən yalnız ərəbsənsə, filosof deyilsən!
Sən yalnız fransızsansa, filosof deyilsən!
Sən yalnız Qərb və ya yalnız Şərq dünyasını təmsil edirsənsə, çəpərlənmiş bir mədəniyyətin, bölgəsəl və ya kontinental düşüncənin, qapalı bir coğrafiyanın iqlimindəsənsə, filosof deyilsən!
Sən hansısa irqin, millətin, cəmiyyətin, dinin, ideologiyanın, siyasətin, partiyanın, təlim və doktrinanın, alimənsəb elitanın və ya marginal azlığın, ailə, qrup, dost və məsləkdaşların çevrəsi içrəsənsə, filosof deyilsən!
Sən Budda, İsa, Məhəmməd üçbucağının bir küncünə qısılıbsansa və ya ateist postamentində şax dayanıbsansa, filosof deyilsən!
Sən yalnız müsəlmansansa, filosof deyilsən! Sünni, ya şiəsənsə, - heç deyilsən!
Sən yalnız xristiansansa, filosof deyilsən! Katolik, pravoslav, protestantsansa, - heç deyilsən!
Sən yalnız buddist, ya krişnaçısansa, filosof deyilsən! Onların qollarına bağlısansa, - heç deyilsən!
Sən məsciddə başını möhürə vurub səcdə edənləri kilsədə xaç çevirib şam yandıranlardan, induist, iudaist, şaman, şintoist, daos... ayinlərini icra edənlərdən, qoyunu, keçini, dananı, dəvəni qurban kəsənləri hind toyuğunun boğazına bıçaq qoyanlardan, saqqalını uzadıb, şalvarının balağını qayçılayanları başını daz qırxdıran və ya kəkil saxlayanlardan üstün tutursansa, filosof deyilsən!
Sən öz ocağının tüstüsünü yad ocağının közündən müqəddəs sayırsansa, filosof deyilsən!
Sənə qədərki və səndən sonrakı nəslinin, uzun həsrətdən sonra doğulan tək övladının yanında bir tikə çörəyə möhtac Afrika yoxsullarının yanar çöllərdə ürüyüb-artan çolma-çocuğu sənin üçün heç kimdirsə, sən filosof deyilsən!
Sən öz dövlətinin sərhədlərini müdafiə səddi, özgəninkini maneə, öz kitabını səmavi, digərininkini qaralama sayırsansa, filosof deyilsən!
Səni qurbağa qurultusu yox, bülbül cəh-cəhi, qumlu səhra yox, bənövşəli meşə, şimşək, zəlzələ yox, duru göy, dəbərtisiz yer çəkirsə, filosof deyilsən!
Sən suyu Kainatın damarlarında dolanan qan kimi deyil, yalnız soyuducuda buz, stəkanda buğlanan çay kimi təsəvvür edirsənsə, filosof deyilsən!
Sən Harmoniya və Xaosu varlığın iki doğma üzü, bir-birini törədən buğumları kimi görmürsənsə, filosof deyilsən!
Sən seçmək bacarığınla qürrələnirsənsə, "varlar" və "yoxlar", "doğmalar" və "yadlar" ayrıntısında dayanırsansa, "xeyir" və "şər"i, "yaxşı" və "yaman"ı öz arşınınla ölçürsənsə, deməli, kosmik əxlaqın dışındasan, filosof deyilsən!
Sən zamanlar, tarixlər, cəmiyyətlər, siniflər, qütblər, maraqlar arasındakı yarğanlarda itib-batırsansa, filosof deyilsən!
Sən bütün çağlara mayakqurucu insanların - böyük sənətkarların, mütəfəkkirlərin, siyasətçilərin əsərlərini, tarixi irsi, abidələri, sivilizasiya dəyərlərini, mədəniyyət qaynaqlarını öyrənib araşdırırsansa, yalnız fəlsəfəşünassan, mötəbər araşdırıcısan, alimsən, ancaq filosof deyilsən!
Sən öz fəxriyyənlə insanı "dünyanın əşrəfi" sayırsansa, "hər şeyin meyarı - insandır" deyirsənsə, insanı bütün Varlıqdan və onun hər düründən, hər zərrəsindən yüksəyə qaldırırsansa, filosof deyilsən!
Sən təkcə Konfutsi, Platon, Aristotel, İbn Sina, Kant, Hegel, Marks, Nitsşe, Ramakrişna, Vivekananda, Husserl, Freyd, Vitgenşteyn, Haydegger, Derrida, Çomski və s. ünlü filosof və fəlsəfi məktəblərin ardınca gedirsənsə, filosof deyilsən!
Filosof kiminsə, nəyinsə arxasınca getməz. Hansısa çanağın tısbağası olmaz. Əksinə, elmi, fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti, dini, ideologiyanı, siyasəti öz ardınca çəkib aparar, sonra onları azdırar ki, planetin sübhündə və sükutunda, qaranlıq və təlatümündə onlar özləri yeni yol, yeni yön, yeni cığır arasınlar...
Böyük fəlsəfə yolayrıcılarından yola, yoldan yolayrıcılarına doğrudur.
Sən kosmik eranın lap başlanğıcından Yer ziddiyyətlərini həyatın mümkün ola biləcəyi ekzoplanetlərə elə olduğu kimi, hətta daha mürəkkəbləşib qatılaşmış, gərginləşib tarıma çəkilmiş miqyasda daşıyacaq "mənim-sənimli" zehniyyətin qınındasansa və belə bir qapalı zehniyyətdən qurtuluşun çabasında deyilsənsə, bu çabaların mistika və ya romantika olduğunu düşünürsənsə, filosof deyilsən!
Sən, hətta kosmopolitansansa, yenə filosof deyilsən!
Hə... Ramiz Rövşən demişkən, "atam balası!" sən yalnız bir halda filosofsan: sən bütün bunlardan - bütün yoluxma, zəhərlənmə və şəkərlənmələrdən, əyilmə və meyillənmələrdən, daralma və büzülmələrdən, uzantı və kəsintilərdən, ən nəhayət, daim boy verən eqo vəcdi və müstəsnalığından yuxarıdasansa! - Sən Vəhdət içrəsənsə, Onun bir parçasısansa və o bir parçanı Kainattək yaratmaq qüdrətindəsənsə! Cücərmədən çürüməyədək və əksinə, bütün həyat proseslərinin axınında o Vəhdətin mahiyyətindəki ali Loqosun yelkənlərini təkcə özün açıb, təkcə öz kompasınla üzə bilirsənsə!
Sən filosofsan - düşmənin yaralı əsir əsgərini öz ordunun əsgəritək müalicə edən həkim əxlaqına sahibsənsə!
Yanlış yozulmasın dediklərim ki, guya mücərrəd bir intellektual yalnız Kainatdan, sayrışan ulduzlardan, hələ ayaq basmadığı, ünü yetmədiyi məkanlardan söz açanda filosof olar. Guya filosof heç kimdən, heç nədən öyrənməyən, heç bir fəlsəfi məktəb keçməyən, ayaqları yerdən üzülü kəs, "əbədi dəyərlər" təmsilçisi, fövqəladə məxluq, anadangəlmə mütəfəkkir, metafizik personadır...
Yox. Filosof gerçək həyatın hər üzündən, olub-olacaqlardan, tarix, sivilizasiya, elm, texnologiya, mədəniyyət, ədəbiyyat, din, ideologiya, fəlsəfə, etika, estetika, təhsil, informasiya, hüquq, insan və dövlətin, milli və beynəlxalq siyasətin, sosial psixologiyanın dərinliklərinə onların içində olmadan, müəyyən dairələrə sancaqlanıb onlardan asılılıq yaşamadan, dar mənafelərin cinah və barrikadalarında açıq və ya gizli şəkildə yuvalanmadan toxunur. Nəyə toxunursa da toxunsun, filosofun dayandığı tək mövqe Kainat neytrallığıdır - heç bir mərkəzi olmayan Kainat neytrallığı!
Çünki o, sivilizasiyanın indiyədək qazandığı intellektual, psixoloji, texnoloji, siyasi potensialını, birtərəfliliklərdən arınmış saf zəka enerjisini səfərbər etməklə, belə bir universal mövqedə dayanmasa, bioloji-demoqrafik Bəşəriyyət substansial İnsanlığa çevrilmədən öz qarı ziddiyyətləri ilə ya Yerə gömüləcək, ya da qanı bütün tarixə damcılayan o ziddiyyətləri utanıb-qızarmadan, daha böyük tüğyanında Kainata qəlpələndirəcək!
Üçüncü minilliyin filosofu bu iki absurd ssenarini cırıb fəzaya tullayaraq, Üçüncü Yolu açan məntiqin övladıdır!
Filosof - sıldırımları bağlayan o Yolun körpə Körpüsüdür; üzərindən dünya fəlsəfəsini keçirən o Yol uzanır - zərrə-Yerdən külli-Kainata və onun yolayrıcılarına!
Filosof - Yeni İnsan yaratmır, Yeni Dünyagörüşü yaradır.
Filosof - antropologiyadan kosmologiyaya qədər, humanitar-etik düşüncənin dönüş refleksiyalarını, metafizik devirimlərini törədir.
Filosof - elmdə obyektivliyin, insanda ədalətin tarix sınaqlarından keçmiş böyük təcrübəsini iliklərində yaşadaraq, üçüncü minilliyin ilk əsrində özünün neytralitet paradiqmasını cilalayıb əsaslandırmaqla, onu yeni tarixi zamanda kosmosivilizasiyanın inkaredilməz meyar-dəyərinə çevirə bilər!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
