Manqurtluq faciəsi - Düzgün ATALI

 

Zehinlərin işğalı, yaddaşın itirilməsi və insanın özündən uzaqlaşması.

Ən təhlükəli işğal torpaqların deyil, zehinlərin işğalıdır.

Torpaq işğal oluna bilər. Şəhərlər dağıla bilər. Sərhədlər dəyişə bilər. Bir xalqın üzərinə yad bayraq sancıla bilər. Lakin insanın içində azadlıq, yaddaş və mənəvi müqavimət yaşadığı müddətcə işğal tam qələbəyə çevrilməz.

Çünki torpağı işğal etmək bir xalqın yaşayış məkanını zəbt etməkdir.

Zehni işğal etmək isə onun varlığını zəbt etməkdir.

Torpağı işğal edən düşmən görünür. Onun ordusu var, silahı var, bayrağı var. Onunla mübarizə aparmaq mümkündür. Torpağı geri almaq, dağılan şəhərləri yenidən qurmaq, sərhədləri bərpa etmək mümkündür.

Lakin insan öz yaddaşını itirərsə, öz kimliyindən uzaqlaşarsa, öz mənəvi mahiyyətinə yadlaşarsa, onda işğalçı getsə belə, işğal davam edir.

Bu, görünməyən işğaldır.

Onun bayrağı yoxdur.

Sərhədi yoxdur.

Əsgəri yoxdur.

Amma insanın düşüncəsində yaşayır.

Və bəzən ən təhlükəli işğal da məhz budur.

Manqurt doğulmur. Manqurt yaradılır.

İnsan dünyaya manqurt kimi gəlmir. O, bir yaddaşın içində doğulur. Ana dilini eşidir, ailəsinin səsini tanıyır, ilk sevgisini, ilk qorxusunu, ilk ümidini öz doğma dünyasında yaşayır. Öz xalqının adət-ənənələrini görür, tarixindən nələrsə öyrənir, mənəvi dəyərlərlə böyüyür.

Onun mənəvi dünyası tədricən formalaşır.

İnsan özünü əvvəlcə ailəsində, sonra cəmiyyətində, daha sonra isə daha böyük bir mənəvi və tarixi bütövlüyün içində dərk etməyə başlayır.

İnsan özünü yalnız "mən" kimi tanımır.

O həm də "biz" içində özünü tapır.

"Biz" - onun ailəsidir.

"Biz" - onun xalqıdır.

"Biz" - onun dilidir.

"Biz" - onun tarixidir.

"Biz" - onun yaddaşıdır.

"Biz" - onun mənəvi irsidir.

İnsan bu "biz"dən qoparılanda isə tədricən öz "mən"ini də itirməyə başlayır.

Çünki insanın fərdi kimliyi ilə kollektiv yaddaşı arasında görünməz, lakin möhkəm bir bağ vardır.

Yaddaşını itirən insan yalnız keçmişini itirmir; özünü tanımaq imkanını da itirir.

Manqurtluq məhz burada başlayır.

 

***

İnsanın yaddaşına müdaxilə edilir.

Əvvəlcə ona keçmişinin əhəmiyyətsiz olduğu təlqin olunur.

Sonra ona öz tarixindən utanmaq öyrədilir.

Daha sonra öz dilinə, mədəniyyətinə və mənəvi dəyərlərinə şübhə ilə baxmağa başlayır.

Nəhayət, insan özünə yad olanı üstün, özünə doğma olanı isə dəyərsiz hesab edir.

Bu proses çox vaxt zorla baş vermir.

İnsan döyülmür.

Zəncirlənmir.

Həbs olunmur.

Əksinə, ona seçim azadlığı verildiyi təsəvvürü yaradılır.

Lakin seçimlərin sərhədləri əvvəlcədən müəyyənləşdirilir.

Ona nəyi sevmək, nəyə nifrət etmək, kimə hörmət etmək, kimi təqlid etmək, nədən utanmaq lazım olduğu tədricən öyrədilir.

İnsan isə bütün bunları öz seçimi hesab edir.

Əsl zehni əsarət də budur: insanın başqasının iradəsini öz iradəsi hesab etməsi.

Fiziki əsir öz əsarətini bilir.

O, zənciri görür.

Divarı görür.

Qapının bağlı olduğunu bilir.

Ona görə də azadlıq haqqında düşünür.

Zehni əsir isə, bəzən öz əsarətini azadlıq hesab edir.

O, zəncirini görmür.

Çünki zəncir artıq biləklərində deyil.

Zəncir onun düşüncələrindədir.

Zəncirlənmiş qolun xilası var.

Zəncirlənmiş zehinin xilası isə daha çətindir.

Çünki qolun üzərindəki zənciri başqası taxır.

Zehnin üzərindəki zənciri isə insan bəzən özü qoruyur.

 

***

Manqurtlaşdırma prosesi insanın yaddaşından başlayır.

Çünki yaddaş insanın daxili torpağıdır.

Torpaq insanın ayağının altında dayanır.

Yaddaş isə insanın ruhunun altında.

Torpağını itirən insan bir gün onu geri qaytara bilər.

Lakin yaddaşını itirən insan nəyi geri qaytarmalı olduğunu belə unuda bilər.

Bu səbəbdən hər bir işğalın ən böyük məqsədlərindən biri insanın yaddaşını zəiflətməkdir.

Tarix mənasızlaşdırılır.

Dil əhəmiyyətsizləşdirilir.

Mədəniyyət köhnəlik kimi təqdim edilir.

Milli-mənəvi dəyərlər gerilik əlaməti sayılır.

Keçmişin böyük şəxsiyyətləri kiçildilir.

Yad nümunələr mütləq həqiqət kimi təqdim olunur.

İnsan öz kökünə baxdıqca utanır, yad dünyaya baxdıqca heyran olur.

Beləliklə, insanın daxilində görünməz bir parçalanma yaranır.

O, artıq öz keçmişi ilə gələcəyi arasında körpü ola bilmir.

Kökündən qopan insanın gələcəyi başqalarının əlində qalır.

Çünki gələcək həmişə yaddaşın üzərində qurulur.

Keçmişini bilməyən insan gələcəyini özü qura bilməz.

O, başqasının hazırladığı gələcəyə daxil olar.

Başqasının yazdığı tarixdə öz rolunu oynayar.

Başqasının verdiyi adlarla özünü tanıyar.

Başqasının müəyyən etdiyi meyarlarla özünü qiymətləndirər.

Və bir gün özünə sual verər:

"Mən kiməm?"

Ən böyük faciə isə həmin sualın cavabını bilməməkdir.

 

***

Lakin manqurtluq yalnız milli kimliyin itirilməsi deyil.

Bu, daha dərin bir fəlsəfi problemdir.

Manqurtluq - insanın öz mahiyyətindən uzaqlaşdırılmasıdır.

İnsan yalnız adı, dili, milliyyəti və sosial mövqeyi ilə insan deyil.

İnsanı insan edən onun özünü dərk etmək qabiliyyətidir.

İnsan özünə sual verə bildiyi üçün insandır.

Mən kiməm?

Nə üçün yaşayıram?

Nəyə inanıram?

Nəyi doğru hesab edirəm?

Nə uğrunda yaşamağa və lazım gəlsə, ölməyə hazıram?

Hansı dəyərlər mənim üçün toxunulmazdır?

Mənim düşüncələrim, həqiqətən, mənim düşüncələrimdirmi?

Yoxsa mən yalnız mənə öyrədilənləri təkrar edirəm?!

Bu sualların itdiyi yerdə insanın daxili azadlığı da zəifləyir.

Çünki düşünməyən insan yalnız başqasının düşüncəsini daşıyır.

Soruşmayan insan yalnız verilən cavablarla yaşayır.

Özünü dərk etməyən insan isə başqalarının müəyyən etdiyi kimliyə sığınır.

Manqurtluq düşüncənin yoxluğu deyil; düşüncənin özgələşməsidir.

İnsan düşünür.

Amma öz adına düşünmür.

İnanır.

Amma öz seçdiyinə deyil, ona seçdirilənə inanır.

Sevir.

Amma nəyi və niyə sevdiyini bilmir.

Nifrət edir.

Amma nifrətinin səbəbini özü müəyyən etməyib.

Belə insanın zahiri azadlığı ola bilər.

Lakin daxili azadlığı yoxdur.

 

***

Bir xalqı məhv etmək üçün həmişə onun torpaqlarını işğal etmək lazım deyil.

Bəzən onun yaddaşını zəiflətmək kifayətdir.

Bəzən dilini ikinci plana keçirmək.

Bəzən tarixini unutdurmaq.

Bəzən öz qəhrəmanlarını kiçiltmək.

Bəzən öz mədəniyyətinə qarşı utanma hissi yaratmaq.

Bəzən də xalqın özünə inamını sarsıtmaq.

Çünki özünə inamını itirmiş xalq əvvəlcə ruhən məğlub olur.

Ruhən məğlub olan xalq isə bir müddət sonra öz məğlubiyyətini tale kimi qəbul etməyə başlayır.

O zaman artıq düşmənə ehtiyac qalmır.

İnsan özünü özü məğlub edir.

Ən böyük qələbə bəzən düşmənin səni məğlub etməsi deyil, sənin özünü məğlub etdiyinə inandırılmağındır.

Bu səbəbdən zehni işğalın ən böyük silahı zor deyil.

İnandırmaqdır.

İnsanı öz dəyərsizliyinə inandırmaq.

Öz tarixinin əhəmiyyətsizliyinə inandırmaq.

Öz mədəniyyətinin geriliyinə inandırmaq.

Öz kimliyinin yük olduğuna inandırmaq.

Və nəhayət, ona özündən qaçmağı azadlıq kimi təqdim etmək.

 

***

Lakin manqurtluq yalnız xarici qüvvələrin yaratdığı bir hadisə deyil.

Bəzən bir xalqın daxilində yaranan laqeydlik, unutqanlıq və mənəvi boşluq da manqurtluğun qapısını açır.

Əgər bir xalq öz tarixini övladlarına öyrətmirsə, öz dilinə hörmət etmir, öz mənəvi dəyərlərini yaşatmırsa, öz böyük şəxsiyyətlərini tanımırsa, onun yaddaşını başqalarının formalaşdırması qaçılmaz olur.

Bu səbəbdən manqurtluğa qarşı mübarizə yalnız başqalarını günahlandırmaqdan ibarət ola bilməz.

Hər bir insan əvvəlcə özündən başlamalıdır.

Mən kiməm?

Haradan gəlmişəm?

Mənim mənəvi köklərim haradadır?

Mən hansı dəyərlərin davamçısıyam?

Mənim düşüncələrim, həqiqətən, mənim düşüncələrimdirmi?

Mənim seçimlərim, həqiqətən, mənim seçimlərimdirmi?

Bu suallar insanın daxilində yarananda o, ilk dəfə öz daxilindəki görünməz zəncirləri hiss etməyə başlayır.

Və görünməz zənciri hiss etmək - onu qırmağın ilk şərtidir.

 

***

Bəlkə də insanlığın ən böyük mübarizəsi məhz budur:

İnsanın özündən uzaqlaşdırılmasına qarşı mübarizə.

İnsan özünü qorumaq üçün əvvəlcə yaddaşını qorumalıdır.

Yaddaşını qorumaq üçün öz köklərini tanımalıdır.

Köklərini tanımaqla kifayətlənməməli, öz mahiyyətini dərk etməlidir.

Öz mahiyyətini dərk edən insan isə yalnız keçmişə bağlanmır; gələcəyə də öz adı ilə, öz iradəsi ilə gedir.

Çünki insanın məqsədi keçmişdə ilişib qalmaq deyil.

Keçmişini itirmədən gələcəyə doğru irəliləməkdir.

İnsan bir gün həyatının sona çatacağını bilir, amma daxilən sonluqla barışmır. O, öz varlığının bir başlanğıcı və sonu olan təsadüfi bir hadisə kimi bitməsini qəbul etmək istəmir. Bəlkə də insanın içindəki əbədiyyət arzusu məhz buradan doğur.

İnsan bu dünyadan qaçaraq deyil, bu dünyada özünü aşaraq əbədiyyətə doğru yönəlir.

Onun yaratdığı məna, yaşatdığı sevgi, qoruduğu həqiqət və yetişdirdiyi insanlar vasitəsilə varlığı öz fərdi ömrünün hüdudlarını aşır.

Bəlkə də insanın ən böyük azadlığı yalnız özünü əsarətdən qurtarmaq deyil, özündən daha böyük bir mənanın parçasına çevrilməkdir.

Çünki insan gedir, amma yaratdığı məna qala bilər.

İnsan susur, amma qoruduğu həqiqət danışmağa davam edə bilər.

İnsan ömrünü başa vurur, amma yaşatdığı sevgi başqa qəlblərdə yoluna davam edə bilər.

Bir insanın həyatı sona çata bilər, amma onun yetişdirdiyi insanlarda, yaratdığı düşüncələrdə, qoruduğu dəyərlərdə və qoyduğu mənəvi izdə davam edə bilər.

İnsanlar əbədi deyil. Lakin insanlıq əbədiyyətə doğru gedir.

Bəlkə də insanın ən böyük vəzifəsi öz qısa ömrünü bu əbədi yolçuluğun mənalı bir hissəsinə çevirməkdir.

Bu baxımdan manqurtluq yalnız yaddaşın itirilməsi deyil.

Manqurtluq insanın özünü aşmaq imkanının itirilməsidir.

Çünki öz yaddaşından qopan insan özündən qopur.

Özündən qopan insan isə özündən böyük bir mənaya yüksələ bilmir.

O, nə keçmişin davamçısı olur, nə də gələcəyin yaradıcısı.

Buna görə manqurtluq yalnız bir insanın və ya bir xalqın faciəsi deyil.

Manqurtluq insanlığın yaddaşına və gələcəyinə qarşı yönəlmiş ən böyük təhlükələrdən biridir.

Çünki yaddaşını itirən insan özünü itirir.

Özünü itirən insan öz taleyini başqasına verir.

Taleyini başqasına verən insan isə azadlığını da itirir.

Zəncirlənmiş qolun xilası var.

İşğal olunmuş torpağın azadlığı var.

Amma əsarətə salınmış zehnin azadlığı çox çətindir.

Çünki insanın qolunu bağlayan zənciri başqası taxır.

Zehnini bağlayan zənciri isə bəzən insan özü qoruyur.

Manqurtluğun ən dəhşətli tərəfi də budur.

Lakin insanın ən böyük ümidi də elə buradadır.

Çünki insan bir gün öz zəncirini görə bilər.

Bir gün özünə sual verə bilər.

Bir gün öz yaddaşına qayıda bilər.

Bir gün öz mahiyyətini yenidən axtara bilər.

Bir gün özündən daha böyük bir mənanın parçası olduğunu dərk edə bilər.

Və həmin gün onun daxilində azadlıq başlayar.

İnsanın əsl azadlığı, bəlkə də, özünü itirmədiyini anladığı gün deyil - özünü itirdiyini anlayıb, yenidən özünə qayıtmağa və özünü aşmağa başladığı gün başlayır.

Çünki insanın ən böyük qələbəsi başqasını məğlub etmək deyil.

Özünü itirməkdən xilas olmaq və özündən daha böyük bir mənaya çevrilməkdir.

Və bəlkə də bütün bəşər tarixinin ən böyük sualı budur:

İnsan nə qədər yaşadı?

Yox.

İnsan yaşadığı müddətdə özünü nə qədər insan olaraq qoruya bildi və özündən sonra nə qədər insanlıq yaşada bildi?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!