Yeniyetmə vaxtı mümkün olan hər yerdən kitab götürüb oxuyurdum; məktəb və kənd kitabxanalarından, qohumlardan və qonşulardan. Qonşumuz Səbirə xaladan da həmçinin. Kənd poliklinikasında tibb bacısı işləyən Səbirə xalanın evində cəmisi bir etajerka dolusu kitab vardı və əksəri rus dilində idi. Ondan hansı kitabları götürdüyüm indi dəqiq yadımda deyil, amma onun dediyi bir fikir dəqiq yadımdadır: "Hər kitabı üç dəfə oxumaq lazımdır, bir uşaqlıqda, bir cavanlıqda, bir də qocalıqda". Bilmirəm, bunu özündən deyirdi, yoxsa kimdənsə eşitmişdi (oxumuşdu), amma sonralar bunu çox fikirləşdim və bu nəticəyə gəldim ki, Səbirə xala qismən haqlı idi. Hər kitabı yox, müəyyən kitabları bir neçə dəfə oxumaq lazımdır. Bu "müəyyən kitablar" şəxsdən-şəxsə dəyişir. "Cəmisi yüz oxumalı kitab var, amma o yüz kitabı tapmaq üçün minlərlə kitab oxumalı oluruq" fikrindəki "yüz kitab"ın da şəxsdən-şəxsə dəyişkən olduğu kimi. Hərəmizin öz "yüzlüyümüz" var, həmçinin, bir neçə dəfə oxumalı olduğumuz kitablar da zövqümüzə, dünyagörüşümüzə, düşüncə tərzimizə və başqa bir neçə səbəbə görə dəyişir.
"Anna Karenina"nı birinci dəfə elə yeniyetmə vaxtlarımda, təxminən, Səbirə xalanın o fikri dediyi dövrdə oxumuşdum. İkinci dəfə indi oxuyuram. Əlbəttə, mənim də öz "təkrar oxunmalı kitablar" siyahım var və "Anna Karenina" da ora daxildir.
Roman haqqında tənqidi məqalə yazmaq fikrində deyiləm. Ən azı, ona görə ki, təkcə bu roman haqqında indiyə qədər, bəlkə də, Tolstoyun külliyyatı həcmində tənqidi və tədqiqat əsərləri yazılıb, əsər otuz dəfədən çox ekranlaşdırılıb (Tom Stoppardın ssenarisini yazdığı, Co Raytın 2012-ci ildə ekranlaşdırdığı eyniadlı film romanın ən uğurlu ekran həlli hesab edilir, amma məncə, ən gözəli 1967-ci ildə Aleksandr Zarxinin çəkdiyi versiyadır, ən azı, baxdıqlarım içində), dəfələrlə dünya teatrlarında səhnələşdirilib. Çətin ki, mən təzə söz deyə bilim. Amma ikinci mütaliəmdə rast gəldiyim bir məqamı bölüşmək istəyirəm, elə yazının məqsədi də budur.
Dediyim kimi, roman haqqında Rusiyada və dünyada, eləcə də Azərbaycanda xeyli tədqiqat əsərləri, məqalələr yazılıb, yəqin mənim qeyd etmək istədiyim məqam da o tədqiqatlarda yer alıb. Dördüncü hissənin on yeddinci fəslində Anna Vronskidən olan qızını dünyaya gətirir. Doğuş ağır keçir, Anna bir neçə gün qızdırma içində sayıqlayır, həkimlər onun yaşamağına ümid olmadığını deyirlər. Bu vaxt Annanın qanuni əri Aleksey Aleksandroviç Karenini çağırırlar ki, arvadı ilə halallaşsın. Anna qızdırmalı sayıqlama içində ərindən üzr istəyir, deyir ki: "İndi mənə tək bircə şey lazımdır: məni bağışla, ürəkdən bağışla! Mən dəhşətliyəm, lakin mürəbbiyə mənə deyirdi ki, o müqəddəs cəfakeşə oxşayıram, - onun adı nə idi? - yox, o daha pis qadın idi. Mən də Romaya gedəcəyəm, orda bomboş bir səhra var, o zaman mən heç kəsə mane olmayacağam, yalnız Seryojanı, bir də qızımı özümlə bərabər götürəcəyəm..."

Anna Karenina Henrix Manizerin fırçasından
Bax, mənim diqqətimi cəlb edən də elə bu adı çəkilməyən, amma haqqında danışılan "müqəddəs cəfakeş" oldu. Bir az axtardım ki, görəsən, o müqəddəs kim idi? Tövbə edən qadınların hamisi hesab olunan misirli Mariya!
Təqribən, dördüncü əsrin axırları, beşinci əsrin əvvəllərində yaşadığı güman edilən Mariya İsgəndəriyyədə yaşayan yüngüləxlaqlı qadın idi. On yeddi il küçə həyatı keçirəndən sonra bir dəfə Yerusəlimə gedən zəvvar dəstəsilə qarşılaşır, "daha çox müştəri" həvəsi ilə dəstəyə qoşulub müqəddəs şəhərə gedir. Orada Müqəddəs Məqbərəyə girmək istəsə də, hansısa qüvvə ona mane olur. Öz vəziyyətini dərk edən Mariya girişdəki Məryəm ana ikonasının qabağında diz çöküb dua edir. Ona qeybdən səs gəlir: "İordan çayını keç, rahatlıq tapacaqsan". Mariya çayı keçib qırx yeddi il səhrada tək-tənha yaşayır, gününü tövbə etməklə keçirir.
Annanın istinad etdiyi müqəddəs cəfakeş Mariya olsa da, niyyəti bir az fərqli idi. Annanın "Seryojanı (oğlunu) və qızını götürüb" getmək niyyəti tövbədən daha çox "Vaynsberqin vəfalı qadınları"nı xatırladır. Yarıhəqiqi, yarıəfsanəvi tarixi rəvayətdə belə nəql olunur ki, kral III Konrad Vaynsberq qəsrini ələ keçirəndə kişilərin öldürüləcəyini, qadınların çiyinlərində daşıya biləcəkləri qədər qiymətli şey götürüb gedə biləcəklərini deyir. Səhər qadınlar çiyinlərinə ərlərini, subay qızlar isə qardaşlarını və atalarını götürüb gedirlər. Annanın da "qızdırmalı" təfəkkürü belə bir çıxış yolu düşünüb tapmışdı - qanuni ər və oynaş arasında seçim etmək yerinə, onların övladları ilə baş götürüb getmək. Təbii ki, Anna bunu etmədi, çünki dediyimiz kimi, bu, qızdırmalı sayıqlama arasında gələn çıxış yolu idi, təxminən, molla Nəsrəddinin gəmi batanda "dor ağacı boyda şam" nəzir deməyi kimi.
Nəticədə, Annanın "sağlam" düşüncəsi qərar verdi və o, səhrada tövbə etməkdənsə, qatar altına atılmağı seçdi...

Yasnaya Polyananın yaxınlığındakı Koçaki kənd kilsəsinin qəbiristanlığında, Tolstoyun özünün, arvadı Sofya Andreyevnanın, uşaqlarının, qardaşı Dmitrinin, ata-anasının, babasının və başqa qohumlarının qəbrindən bir az aralıda balaca bir qəbir də var. Başdaşında yazılıb: "Bu daşın altında Anna Stepanovna Piroqovanın meyiti basdırılıb. 32 il yaşayıb, 1872-ci ilin 4 yanvarında ölüb. Daşı kədərdən özünə yer tapa bilməyən anası və bacısı qoydurub". Evində anbardar işlədiyi tacir Bibikovu evə təzə gələn alman mürəbbiyəyə qısqandığı üçün özünü qatarın altına atıb intihar edən bu bədbəxt qız rus (eləcə də dünya) ədəbiyyatındakı ən məşhur intihar səhnələrindən birinin ilham qaynağı idi. Çünki Annaya qədər rus ədəbiyyatındakı qadınlar, adətən, özlərini suda boğurdular. Karamzinin Lizası da, Ostrovskinin Katerina Kabanovası da, Leskovun Katerina İzmaylovası da intihar üçün suların qoynunu seçmişdi. Elə Tolstoy da romanın qaralamasında Annanı Nevaya "atmışdı", amma sonra fikrini dəyişib qonşusunun taleyini kağız üstə köçürtmüşdü. Beləsi daha məntiqlidir, axı Anna Vronskiyə rast gələn gün vağzalda dəmiryol işçisi qatarın altında qalıb ölmüşdü.
Başqa bir məqam: xristian inancı canına qəsd edənləri kilsə qəbiristanlığında basdırmağa qoymur. Anna Stepanovnanın intiharını "təsadüf" kimi qiymətləndirmişdilər deyə, onun kilsə qəbiristanlığında basdırılmasına razı olmuşdular, amma hər halda, öz əcəliylə ölənlərdən fərqləndirmək üçün baş daşında "bu qəbirdə uyuyur" yerinə "bu daşın altında meyiti basdırılıb" yazmışdılar. Bəs görəsən, Annanın baş daşında nə yazılmışdı?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
