Xalq artisti Nəcibə Məlikova ilə bağlı kövrək xatirə
1992-ci il yanvar ayının əvvəlləri idi. İlyas Əfəndiyevin "Tənha iydə ağacı" dramının növbəti tamaşası oynanılırdı. Fasilədə teatrın direktoru və bədii rəhbəri Həsən Turabovla səhnə arxasına gəldik. Nəcibə xanım Məlikova öz rolu Xanbikəni xəstə-xəstə oynayırdı və Turabov ona görə rahatsız idi, həyəcan keçirirdi. Həmin dövrdə Akademik teatrın binası təmirə bağlanmışdı və tamaşalar icarəyə götürülən Respublika sarayında, Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında, Aktyor evində göstərilirdi.
Növbəti tamaşa Rus Dram Teatrının səhnəsində təqdim olunurdu. Səhnənin yan tərəfindəki darısqal dəhlizdə kreslo qoyulmuşdu və Nəcibə xanım orada əyləşmişdi. Biz ora çatanda rejissor assistenti Nəcəf Həsənzadə ona çay gətirdi.
Görüşdük. Nəcibə xanım yerindən qalxmadan təbəssümlə bizi süzdü.

Həsən təbəssümlü baxışlarla soruşdu:
- Nəcibə xanım, özünüzü necə hiss edirsiniz?
O, gülümsədi.
- Görürsən də... qrim otağına çıxmağa taqətim yoxdu. Nəcəf çayımı bura gətirir.
Həsən ona ürək-dirək verdi:
- Xəstəlikdi də, inşallah, keçib gedər. Maşallah, səhnədən əla görünürsünüz. Həmişəki kimi gözəl-göyçək.
Söz Nəcibə xanıma ləzzət elədi.
- Yaxşı, sən Allah, tərifləmə görək... Amma Həsənağa, sənin canın üçün, səhnəyə çıxanda xəstəliyi, ağrını tamam unuduram. Mənə elə gəlir ki, səhnəyə çıxmasam ölərəm.
Bir xeyli söhbət etdik. İnzibatçı gəlib Turabova nəsə dedi. O, Nəcibə xanımdan üzr istəyib inzibatçı ilə getdi. Nəcibə xanıma yenə fincanda çay gətirdilər. Aktrisanın könlünü oxşamaq üçün ordan-burdan danışdıq. Necə oldusa özümdən asılı olmayaraq soruşdum:
- Nəcibə xanım, gec-tez teatr təmirdən çıxacaq. Hansı rolu oynamaq ürəyinizdən keçir?
O, qəribə baxışlarla altdan yuxarı məni süzdü. Bir qədər pauza verib həmin elə qəribə tərzdə də dedi:
- Doğrudan bilmək istəyirsən?
Özümü lap ürəkli göstərdim.
- Bəyəm, şübhəniz var?

- Rollarımın hamısını sevirəm... amma Dilarə ilə elə indi də nəfəs alıram. "Ögey ana"dakı Dilarəni deyirəm... Kinoda ögey ananı oynamışam. İstiyərdim teatrda da Balzakın "Ögey ana" əsərinin tamaşasında Gertruda rolunda çıxış edim. Teatr məktəbində birinci kursda oxuyanda o tamaşanı görmüşdüm. Gertrudanı Mərziyə Davudova oynayırdı... Neçə ildir bu rol başımdan cıxmır.
- Təki arzunuz olsun, teatr onu reallaşdırar.
Başını buladı.
- Görək də... Hələ bir bu zəhrimar xəstəliyi "oynayıb qurtarım", sonrasına baxarıq... Allah kərimdi...
Nəcəf bizə yaxınlaşdı.
- Nəcibə xanım, sizin yeriniz yaxınlaşır, keçin pərdənin yanına.
Nəcibə xanım əlindəki boş fincanı Nəcəfə uzatdı. Ağır-ağır ayağa qalxıb qəddini düzəltdi.
- Həəə, İlham bala, gedək, görək indi səhnədə neyniyəcəyik.
Asta addımlarla səhnəyə tərəf getdi...
Mən bu söhbəti sonrakı görüşümüzdə Həsən Turabova çatdırdım. Teatrın kitabxanasında "Ögey ana" pyesinin Mikayıl Rəfili tərəfindən edilmiş tərcüməsini tapa bilmədik. Turabov pyesi tərcümə etməyi mənə tapşırdı və əsəri 1992-ci ilin ikinci yarısının repertuar planına daxil etdi.
Ömür Nəcibə xanıma "ögeylik" eləyib ona arzusuna çatmağa aman vermədi...
Onore de Balzakın "Ögey ana" dramının tamaşasında oynamaq aktrisaya qismət olmadı...
Aktrisa 27 iyul 1992-ci ildə dünyasını dəyişdi...
Teatr Nəcibə Məlikovanın ruhunu incitməmək xatirinə "Ögey ana"nı repertuar planından çıxartdı...
Mən də tərcümə üzərində işimi yarımçıq saxladım...
.jpg.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
