İlqar FƏHMİ
Bizim boynumuza düşən isə, sadəcə, götürüb müasir dövrə uyğun sistemləşdirmək, tədqiq və təbliğ etməkdir...
Yenə təkrar edirəm ki, əslində bu işə çoxdan start verilib. Elə Sovet dönəminin sonlarında Şah İsmayıl obrazının, Səfəvi tarixinin tədqiqinə və təbliğinə başlanılmışdı. Şah İsmayılın ilk kitabları da, onun həyat və yaradıcılığına aid ədəbi-bədii əsərlər də, Səfəvi tarixinin və mədəniyyətinin tədqiqinə həsr olunmuş elmi monoqrafiyalar da həmin dövrlərdə işıq üzü gördü...
Doxsanıncı illərin ortalarından etibarən bu prosses yenə də yüksələn xəttlə inkişaf etdirilməyə başladı. Bakıda Şah İsmayılın abidəsi ucaldıldı, ona həsr olunmuş çoxlu tarixi və bədii əsərlər yaradıldı, Səfəvi mədəniyyətinin və incəsənətinin tədqiqi və təbliği sahəsində çoxlu işlər görüldü, hətta Səfəviyyənin ana kitabı - "Şeyx Səfi təzkirəsi" də Əlyazmalar İnstitutu tərəfindən nəşr edildi.
Və təkrar edirəm ki, müasir dövrümüzdə bizim boynumuza düşən missiya bu ideoloji xətti yüksək səviyyədə davam etdirməkdir...
Bunun üçün tarix bizə kifayət qədər material qoyub.
Psixoloji və estetik məqamlar
Bəs Şah İsmayılın bizə qoyduğu bədii-estetik, psixoloji faktorlar hansılardır və bizim milli şüurun inkişafında onların rolu necə olub və bundan sonra necə olacaq?
Ən əvvəl onu qeyd edim ki, Şah İsmayıl bizim orta əsr tarixi şəxsiyyətlərimizin içində ilk adamdır ki, real portreti indiki dövrümüzə qədər gəlib çatıb. Belə demək olarsa, kitablarda gördüyümüz Nizami, Füzuli, Babək, Koroğlu portretlərindən fərqli olaraq, Şah İsmayıl Xətainin portreti sosrealist üslubda işləyən sovet rəssamlarının təxəyyülünün məhsulu deyil.
Bu, onun özüdür.
Səksəninci illərdə təhsil aldığım orta məktəbin həm ədəbiyyat, həm tarix otaqlarında, həm də dəhlizində tanınmış ədiblərimizin, tarixi şəxsiyyətlərimizin portretləri asılmışdı... Elə o vaxt hiss eləmişdim ki, biz, başqa şəxsiyyətlərimizdən daha çox Şah İsmayılın portretinin qarşısında dayanırıq. Elə vaxt olurdu ki, müxtəlif siniflərdə oxuyan şagirdlər uzun müddət onun şəklinin qarşısında durur, baxır, fikrə gedirdilər. Aşağı siniflərdə oxuyarkən bunun səbəbini başa düşmürdüm. Amma özüm də hiss edirdim ki, məhz bu şəkil məni daha çox çəkir özünə. Səbəbini sonra başa düşdüm, bildim ki bu rəsmi naməlum bir italyan rəssamı naturadan çəkib, ona görə də.... (Bəli, bayaqkı kəlmənin üstünə qayıdıram)... Bu, onun özüdür... O, başqa cür yox, məhz bu cür olub.
Nədənsə mənə elə gəlirdi ki, həmyaşlarımın hər biri ürəyinin hansısa dərin bir guşəsində inanırdı ki, elə indi, O, üzünü bu tərəfə çevirəcək və mənə baxacaq, məni görəcək...
Amma üzünü çevirmirdi. O, uzaqlara baxırdı. Çox-çox uzaqlara... Hətta bizim də görmədiyimiz üfüqlərə, üfüqlərin o tərəfinə boylanırdı. Və deyəsən orda da özünü görürdü - iyirmi birinci, iyirmi beşinci, otuzuncu əsrin Şah İsmayıl Xətaisini...
Bəlkə də kiməsə bu fikir primitiv görünə bilər, amma məncə, müasir dövrdə ona yönələn sevgi dalğasının çoxsaylı səbəblərindən birincisi məhz budur - Biz onu görürük, tanıyırıq, biz onun üzünün hər cizgisini realda olduğu kimi müşahidə edirik və onun üzündən yayılan bu enerji aurası ruhumuza yayılır, bizi öz cazibə dairəsinə salır...
Hürufilərin "İnsan surəti"nə nə qədər fəlsəfi-irfani önəm verdiyini klassik ədəbiyyat alimləri bilirlər. Fəzlullah Nəiminin "Cavidannamə"sinin, Nəsimi divanının fəlsəfi ana xətti də bu ideyanın üstündə qurulub ki, Allah İnsanı öz surətində yaratdı və məhz bu səbəbdən "Kamil insan"ın surəti onun içindəki İlahi işartının nümunəsidir. Hürufilər qeyd edirdilər ki, insan surətindəki hürufatı (hərfləri) düzgün oxumaq mümkün olsa, insanın bütün ruhunu, xasiyyətini, daxili aləmini bilmək olar. Ən əsas da kamil insanı cahil insandan ayırmaq mümkündür. Çünki zahir batinin ayinəsidir, kamil insanın, hüsni-surəti də kamildir və müasir dillə desək, qeyri-ixtiyari ətrafa qəribə bir daxili işıq yayır, İlahi enerji mənbəyinə çevrilir, Allahın özünün Surətini təcəssüm etdirir...
Səni bu hüsnü kamalü, bu camal ilə görüb,
Qorxdular həqq deməyə, çöndülər insan dedilər...
Nəsimi, bizim kimi, Şah İsmayıl Xətainin surətini yaxından müşahidə eləsəydi, yəqin ki yalnız bir nəticə çıxarardı - kamil insan...
Frensis Bekonun həmişə xatırlanan bir fikrini mən də sitat gətirmək istəyirəm. "Elmlərin böyük dirçəlişi" əsərində, o, təxminən, belə bir fikir irəli sürür ki, təbiət sanki gözəl insanları yaradarkən onların zahiri yaraşıqlarına daha çox diqqət ayırır və daxili aləmlərini ali keyfiyyətlərlə zənginləşdirməyə imkan tapmır, lakin bəzi istisnalar da mövcuddur.
Və Frensis Bekon burada istisna kimi, Makedoniyalı İskəndər, Oktavian Avqust və başqa tarixi şəxsiyyətlərlə bərabər, Şah İsmayılın da adını çəkərək bildirir ki, bu insanlar ali və möhtəşəm ruha malik olsalar da, həm də zahirən çox yaraşıqlı idilər.
Şəksiz ki, Frensis Bekon da, Şah İsmayılın naməlum Avropa rəssamı tərəfindən çəkilən həmin məşhur portretini görmüşdü və bizim o şəklə baxarkən keçirdiyimiz hissləri keçirmişdi.
Psixoloji tərəfdən yanaşanda, əminəm ki, o portretdə biz sifətindən zəhrimar tökülən idbar birisini görsəydik, ona bu qədər sevgi bəsləməzdik; tarixi xidmətləri, hətta yüz dəfə artıq olsa belə...
Zahiri estetikayla bağlı bir məsələni də qeyd edim. Şərq xalqları içində öz zahiri yaraşıqları ilə seçilən toplumlardan biri də Azərbaycan türkləri olub. Bunun əsas səbəbi, yəqin ki, təbii şəraitdir. Azərbaycan elə unikal ölkədir ki, burada bir çox iqlimlərin keyfiyyətləri birləşib, təbii şəraitlərin rəngarəngliyi müşahidə olunur. Zənnimcə, məhz bu faktorlar bizim xalqın zahiri görünüşündə müsbət təzahürlər yaradıb. Tarixə diqqət yetirsək, görərik ki, bütün səyahətçilər qeyd edir ki, bu ölkənin insanları zahirən yaraşıqlı və təndürüst olublar...
Yüz illər boyu hamı ətrafa baxanda rəngarəng gözəl təbiət və yaraşıqlı insanlar görüb. Xalqımızın altşüuruna hopmuş estetika sevgisinin də əsl səbəbi, məncə, bununla bağlıdır və heç də bütün xalqlarda bu cür deyil.
Fikirlərim, bəlkə də naşı və primitiv görünə bilər. Amma tarixə və bəzi ədəbi materiallara diqqət yetirək. Misalçün, ərəblərin məşhur "Leyli və Məcnun" dastanı... Dastanın ilkin versiyalarında təkrar-təkrar qeyd olunur ki, Leyli o qədər də gözəl deyildi, qarayanız adi bir qız idi... "Gir Məcnunun gözünə, bax Leylinin üzünə" ifadəsi də bu səbəbdən yaranıb. Belə sual doğur ki, nəyə görə bu dastanın ilkin yaradıcıları Leylini dünya gözəli kimi təsvir etməyiblər?
Səbəb isə yenə də təbii faktorlarla bağlıdır. Ərəb xalqı əksərən qızmar səhralarda yaşadığına görə qadınların zahiri cizgiləri də buna uyğun formaya düşürdü. Və zahiri gözəlliyi gücləndirmək, lazımi səviyyəyə çatdırmaq üçün o vaxtkı primitiv kosmetik vasitələrdən maksimum istifadə olunurdu. Bunu isə daha çox kimlər edirdi? Ya hökmdarların saraylarında yaşayan və müxtəlif peşə sahibi olan zənənlər və ya kəniz bazarında satışa çıxarılan qadınlar...
Deməli, ərəblərin təhtəlşüurunda zahiri gözəllik, estetik görünüş yalnız süni yollarla əldə edilən saxta bir dəyər kimi qalıb. Buna görə də hər hansı bir obrazın geniş xalq kütlələri tərəfindən qəbul edilib sevilməyini təmin etmək üçün, bu obrazı zahiri gözəllik cizgilərindən (yəni süniliklərdən) azad edib təbii formada təqdim etmək vacib idi. Buna görə də Leyli qarayanız, arıq bir ərəb qızı kimi təsvir olunur. Çünki belə görünüşdə o daha təbiidir, daha səmimidir və hər bir ərəbin öz ətrafında gördüyü sadə qızlardan o qədər də fərqlənmir.
Başqa bir nümunə. Yenə də ilkin variantı ərəblərə məxsus olan "Şeyx Sənan" rəvayəti. Bu rəvayətdə sevgi obyektinin hədsiz zahiri gözəlliyə malik olması, süjetin başlıca şərtlərindəndir. Çünki yüksək dini rütbəyə çatmış Şeyx Sənan onun məhz zahiri gözəlliyinə aludə olur. Burada, sevgi obyektinin qarayanız, arıq, sadə bir qız olması qeyd edilsə, inandırıcı görünməz. Belə olan halda dastan yaradıcıları neynir? Şeyx Sənanın yanında ərəb qızlarını - Zəhra və Əzranı zahirən Leyliyə bənzər görünüşdə təqdim etməklə bərabər, əsas sevgi obyektini uzaqdan götürürlər - xristian qızı, gözəl Xumar - Tamara... Çünki hansısa uzaq mədəniyyətə məxsus bir qadının həm zahirən gözəl, həm də təmiz sadə olması mümkün idi...
Ərəb mədəniyyətində müşahidə elədiyimiz halı Hindistan, Orta Asiya və bir çox İran rəvayətlərində də görürük. Böyük hökmdarları, rəşadətli qəhrəmanları və onların sevgi obyektlərini təsvir edərkən zahiri estetikaya o qədər də əhəmiyyət verilmir. Zahiri gözəllik və estetika daha çox mənfi qəhrəmanlara - fitnəkar qadınlara, riyakar kişilərə şamil olunurdu, məqsəd də obyektə sevgi yox, hardasa müəyyən qədər nifrət yaratmaq idi. Və yaxud ifrat ehtiraslılıq, şəhvət yalnız lirik, erotik şeirlərdə üstünlük təşkil edirdi.
Çünki təkrar edirəm, onlarda müsbət qəhrəmanın estetik görünüşü, yaraşığı onun şəxsiyyətindəki süniliyə, saxtalığa dəlalət edirdi (əlbəttə ki, bu hisslər təhtəlşüur səviyyəsində baş verirdi).
Lakin Azərbaycan xalqının bütün tarixi və mifik qəhrəmanları - kişiləri və qadınları təsvir olunarkən onların ali estetik dəyərlərə, simmetrik cizgilərə, təndürüst qədd-qamətə malik olduqları vurğulanır. Məncə bu, bizdə mifik və real qəhrəmana olan ümumxalq sevgisinin faktorlarından biri kimi dəyərləndirilməlidir. Çünki ifrata varmayan; kişini kişi kimi, qadını qadın kimi təsvir edən bu "real mif"lər bizim xalqın ruhuna çox doğma görünüb, sevgiylə qarşılanıb.
Şah İsmayıl obrazıyla bağlı da eyni yanaşmanı görürük... Əlbəttə, kişinin zahiri gözəlliyinin incəliyə qədər təsviri bizim xalqın poetik düşüncə tərzinə uyğun gəlmir ki, bununla bağlı fikirlərimizi bölüşəcəyik... Şah İsmayılın da zahiri görünüşünü təsvir edən şeirlər əlimizə düşməyib. Çünki bizim Azərbaycan poeziyasının tarixində kişi gözəlliyini təsvir etmək ənənəsi olmayıb. Kişinin şücaəti, igidliyi, səxavəti, müdrikliyi vəsf edilib (bunun da səbəbini sonrakı fəsillərdə ətraflı izah edəcəyik). Lakin onun mifikləşmiş obrazının xalqın təhtəlşüuruna yer tapmasında şücaət, igidlik, qürur, əzəmət faktorlarıyla yanaşı əsl kişilərə xas yaraşıq və estetik faktorların da böyük rolu var...
Yenə də kimlərsə etiraz edib deyə bilər ki, Şah İsmayılın bizim əlimizdə olan portreti o vaxtlar adi xalq üçün əlçatan deyildi, deməli, toplum onun zahirən hansı görünüşdə olduğunu bilmirdi.
Bəli, bilmirdi, lakin görənlərin təsvirləri əsasında xalq içində söhbətlər gəzirdi ki, Şeyx oğlu Şah qartal baxışlı, şax duruşlu, yaraşıqlı, qədd-qamətli, igid bir gəncdir... Və qartal baxışlı bu gənc hökmdarı hər kəs öz içindəki ideala uyğun təssəvvür edirdi. Təsəvvür edirdi və sevirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
