İlqar FƏHMİ
Google axtarış sistemində Azərbaycan hərfləriylə "Şah" sözünü yazan kimi ilk olaraq dörd söz gəlir - Şahmat, Şah İsmayıl, Şah Abbas və Şah plov... Deməli, Şah adıyla başlanan və ən çox axtarışa verilən sözlər bunlardır.
Qəribə dördlükdür. Deyilmi? Deməli, orta əsrlər dövrüylə maraqlanan Azərbaycan gəncləri üçün (nəzərə alaq ki, internet axtarış sistemlərindən daha çox gənclər istifadə edir) tariximizdəki hökmdarların içində ən çox diqqətçəkən, maraqlı görünən iki sima var ki, bunlar da Şah İsmayıl Xətai və Şah Abbasdır... Hər ikisi Səfəvi hökmdarı, hər ikisi qızılbaş sərkərdəsi...
Tarixlə maraqlanmaq bütün ziyalı insanların xüsusiyyətidir. Ələlxüsus da, öz xalqının tarixiylə, keçmişiylə. Bu prosesi uşaqlıqdan, yeniyetməlikdən başlayaraq hamımız keçmişik. İstər tarix kitablarımızdan, istər tarixi romanlardan, istər tarixi film və tamaşalardan öyrənmişik keçmişimizi, tarixi şəxsiyyətlərimizi tanımışıq və bir çoxlarını sevmişik.
Son sözə diqqət edək - "Sevmişik".
Sevgini yaradan sadəcə şəxsiyyətin tarixi olmağı, yaxud hansısa tarixi xidmətləri, fəaliyyəti deyil. Bunları bilmək ona yalnız rəğbət hissi yarada bilər. Rasional düşüncənin məhsulu olan rəğbət və hörmət...
Sevgi, eşq isə tamam başqa bir məfhumdur. Burda hansısa qeyri-müəyyən mistik cazibə var ki, bəzən bunun yaranmasını hansısa dəqiq faktlarla əsaslandırmaq olur, bəzən də olmur. Çünki eşq olan yerdə ağıl çox vaxt aciz olur.
Azərbaycanın orta əsrlər tarixi barədə də analiz aparanda məlum olur ki, həmin dövrlər tarixi şəxsiyyətləri arasında bir fiqur var ki, bütün azərbaycanlılar tərəfindən daha çox sevilir, daha çox bütləşdirilir, daha çox düşündürür...
Kimdi bu şəxsiyyət? - Əlbəttə ki, Şah İsmayıl Xətai.
Dünya siyasət tarixində - böyük Səfəvi hökmdarı Şah İsmayıl Səfi...
Döyüş meydanında - Qızılbaş sərkərdəsi İskəndərşan İsmayıl Bahadur.
Mənəvi və ruhani istiqamətdə - Səfəviyyə təriqinin Piri-Mürşidi Dərviş İsmayıl.
Minillik poeziyamızın tarixində - Azərbaycanın ən zərif, həzin klassik şairi Xətai.
Folklorda, xalq dastanlarında, ümumxalq yaddaşında - ədalətli hökmdar, Şeyx oğlu Şah.
Və nəhayət, mədəniyyət müstəvisində - o dövrün bütün incəsənət ustalarının, rəssamların, xəttatların, nəqqaşların, xalçaçıların, şair və aşıqların, memarların və sair sənətkarların ən ali himayədarı, bütün dünyada tanınan çoxşaxəli "Səfəvi mədəniyyəti"nin yaradıcısı, təəssübkeş mesenat İsmayıl Mirzə...
Hətta müasir dövrümüzdə - ətrafında ən çox mübahisələr gedən, möhtəşəm şəxsiyyəti və zəngin fəaliyyəti ilə, beş yüz il sonra da daim bizim ictimaiyyətin diqqət mərkəzində olan bir tarixi obraz...

***
Görəsən tək Azərbaycan yox, bütün dünyanın tarixində nə qədər şəxsiyyət olub ki, bu qədər fərqli müstəvilərdə özünü yüksək səviyyədə təsdiq eləmiş ola?!
Şəxsən mən xatırlamıram. Bəlkə ikisini, uzağı üçünü özündə birləşdirən olar, amma hamısını...
Bəlkə haqqında danışdığımız ümumxalq sevimlisinin səbəbi budur?! Zənnimcə, Şah İsmayıl Səfəvi şəxsiyyətini beş yüz il əhatə edən sufiyanə ilahi-mistik aura indi də onun adını əhatə edir və bizi də onun cazibəsinə salan məhz bu ilahi auradır. Axı o, adi insan deyildi. O, "seçilmiş"lərdən idi.
Səfəvi tarixi və mədəniyyəti barədə cild-cild kitablar, elmi araşdırmalar, məqalələr yazılıb. Özüm də uşaqlıqdan Şərq tarixi barədə kitablar, mənbələr çox oxumuşam da, təbii ki, məni də, ən çox cəlb edən məhz Səfəvi tarixi olub. Hətta bu mövzuda tarixi romanlarım, pyesim də səhnələşdirilib.
Şah İsmayılı tənqid edib, onun çoxtərəfli xidmətlərini heçə çıxartmağa çalışanlarla bağlı bir məsələni də qeyd etmək istərdim.
Gəlin, sırf hipotetik olaraq təsəvvür edək ki, Şah İsmayıl haqqında deyilən fikir və düşüncələr həqiqətdir; hesab edək ki, doğrudan da, onun siyasi fəaliyyəti türk dövlətçiliyinə böyük zərbə vurub və biz də bütün xalq səviyyəsində bu tezisi qəbul elədik. Məgər bununla tarixi dəyişib alternativ reallıq yaradacağıq? O vaxt buraxılan səhvləri düzəltmək mümkün olacaq? Əlbəttə ki, yox.
Şah İsmayıl və Səfəvi mifini dağıtmaqla biz yalnız itirəcəyik, çünki dağılmış mifin boşluğunu doldura biləcək başqa mifimiz yoxdur. Azərbaycanda hökmranlıq eləmiş Qaraqoyunlular, Ağqoyunlular, Şirvanşahlar və sair başqa xanədanların heç biri bizə daxili energetika baxımından Şah İsmayıl və Səfəvi mifinə bərabər yeni bir mif yarada biləcək qədər bədii, estetik, psixoloji material vermir... Deməli, beş yüz il ərzində Azərbaycan xalqının bütün varlığına hopmuş bu mifi dağıtmaqdansa, onu bir qədər də zənginləşdirmək və gələcəkdə milli ideoloji bazamızı daha da gücləndirməkçün istifadə eləmək lazımdır.
Əslində bu məsələnin tarixi tərəfinə qarışmaq istəmirəm. Qeyd etdiyim kimi, böyük alimlərimiz bu mövzunun tarixi tərəfini və müasir günümüzdə Səfəviyyənin bizim üçün aktuallaşmış ictimai-siyasi tərəfini yüksək səviyyədə araşdırırlar və bu proses dövlət səviyyəsində həyata keçirilir. Əminəm ki, gələcəkdə də bu proses artan xətlə davam edəcək.
Mən isə bu mövzunun bədii, estetik və psixoloji tərəflərinə toxunmaq istəyirəm.
Qurban olum pirimə,
Pirimə, mürşidimə.
Sadağa olum pirimə,
Pirimə mürşidimə.
Nədənsə qulağımda səf-səf düzülmüş qızılbaşların döyüşqabağı hayqırtısı səslənir. Və bu hayqırtıda sanki beş yüz ili yox, minilliklərin pərdəsini dəlib keçməyə qadir olan, nəinki bu günümüzə, hətta uzaq gələcəyimizə də gedib çatmağa kifayət edən əzəmət və güc var. Səfəvi həqiqətinin gücü...
İndi bu misralar bizə adi, hətta bir qədər primitiv görünə bilər. Lakin beş yüz il əvvəl bu döyüş hayqırtısı Heratdan tutmuş Bağdada qədər, bütün türk tayfalarının ruhunu birləşdirirdi, vahid Qızılbaş iradəsi içində onlara güc verirdi və onlarla nəslə, boya bölünmüş bu tayfalar özlərində ilahi vəhdətin bir zərrəsini hiss edirdilər. Bu ilahi vəhdətin mərkəz nöqtəsində isə Şah İsmayıl Səfəvi şəxsiyyəti dururdu...
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yek danəsindən irəli pərgar idim.
On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.
Burda isə Sözün ecazı insanın ruhunu silkələməyə bilmir. Həm vəhdəti-vücud fəlsəfəsi, həm həqqül-yəqin mərtəbəsi, həm hürufi əsrarı, həm də səfəvi qüruru...
Bu iki beyt Azərbaycan klassik poeziyası və fəlsəfi-ürfan düşüncəsi üçün Şah İsmayıl Xətainin nə qədər əhəmiyyətli və əvəzedilməz bir fiqur olduğunu hiss eləməkçün kifayətdir.
Bəs görəsən, Şah İsmayıl Xətai dövlət xadimi, sərkərdə olmasaydı, sadəcə bir şair kimi Şərq ədəbiyyatında qalmağa onun əsərlərinin gücü çatacaqdımı?
Əminliklə deyə bilərik ki, çatacaqdı...
Lakin məqsədim Xətainin şairlik qüdrətini əyan eləmək də deyil. Bunu məndən qabaq da ədəbiyyat alimlərimiz yüksək səviyyədə həyata keçiriblər, bundan sonra da onun ruhu titrədən zərif lirikası, sirlərlə dolu irfani poeziyası haqqında yüzlərlə kitab və məqalə yazılacaq. Biz yazacağıq. Çünki buna borcluyuq...
Məqsədim, Şah İsmayıl obrazının və ümumilikdə Səfəvi mədəniyyətinin orta əsrlərdə və elə indinin özündə də Azərbaycan milli şüurunun daha da inkişaf etməsindəki rolu barəsində düşüncələrimi bölüşməkdir...
Dünyadakı ictimai-siyasi proseslərdə ön cərgədə gedən xalqların tarixini və milli şüurunun inkişafı proseslərini araşdırıb öyrənəndə, məlum olur ki, hər bir xalqın özünütanıması, milli identifikasiyası üçün müəyyən ideoloji bazisə ehtiyac var. Həm də bu ideoloji bazis sırf həmin toplumun özünə aid olan faktorlar üzərində qurulmalıdır.
Yəni, xalqın hər bir nümayəndəsi öz milli bazisinin sütunlarına fikir verəndə, bu faktorların tarixən məhz onun xalqına mənsub olduğunu düşünməlidir.
XIX əsrin sonlarında, Bismark dövründə, Almaniyanın vahid dövlətdə birləşdirilməsi məsələsi gündəmə gələndə, alman millətçiləri arasında maraqlı bir fikri yayılmışdı: - "Milli şüurun formalaşdırılması üçün on faiz tarixi həqiqət kifayətdir. Yerdə qalan doxsan faizi həqiqətə uyğun şəkildə uydurmaq da olar."
Buna çox nümunə göstərmək olar, amma bircə Rixard Vaqnerin yaradıcılığına nəzər salmaq kifayətdir. Onun əsərlərinin mövzusu və qəhrəmanları xristianlıqdan əvvəlki Qerman xalqlarının mif və əsatirlərindən götürülüb. Bəstəkarın operalarının, ələlxüsus da, "Reyn xəzinəsi" trilogiyasının yayılmasından sonra, Nibelunqlar, Ziqfridlər, Valkiriyalar və sair mifik personajlar müasir (XIX əsr üçün) alman düşüncəsi üçün birləşdirici sement rolunu oynadı. Oğlanlar özlərini Ziqfridə, qızlar Brumhildaya, yaxud Valkiriyalara bənzətməyə çalışırdılar. Ziqfridin düşmənləri isə almanların altşüuruna, ölkənin birləşdirilməsini istəməyən qüvvələrin simvolik obrazı kimi otururdu...
Vaqner bu yolla onlarla xırda knyazlıqlara parçalanmış almanların birləşməyinə, vahid milli şüurunun formalaşmasına, milli identifikasiyasının yaranmasına öz töhfəsini verməyə çalışırdı. Və qeyd edək ki, bu töhfə o qədər də kiçik deyildi.
Bəs niyə Vaqner və onun həmfikirləri alman milli şüurunun inkişafı üçün daha yaxın keçmişdəki real qəhrəmanlara, obrazlara müraciət etmirdilər? Səbəbi məlumdur. Müasir Almaniyanın ərazisi orta əsrlərdə çox qarmaqarışıq mədəni və siyasi mühitdəydi. Ərazilər Avstriyanın, Fransanın və başqa dövlətlərin təsir və təzyiq dairəsində idi, mədəniyyət, fəlsəfə, ədəbiyyat da qarışıq şəkildə fəaliyyət göstərirdi.
Və bu horranın içindən sırf özlərinə məxsus, belə demək olarsa, "Təmiz alman" obrazları çıxartmaq mümkün deyildi. Ona görə Vaqner və həmfikirləri əsrlərin başı üstündən uzaq keçmişə, mifik dövrlərə müraciət etməli oldular. Çünki Ziqfrid də, Nibelunqlar da, Valkiriyalar da almanların sırf özlərinki idi, başqa heç bir xalqa məxsus deyildi...
Amma hədsiz dərəcədə vacib bir detalı unutmayaq. Bədiiyyat və estetika...
Milli şüurun sütunları, sadəcə möhkəm yox, həm də gözəl olmalıdır.
Əgər Vaqnerin musiqisi hədsiz dərəcədə gözəl olmasaydı, onun mifologiyadan dartıb gətirdiyi "həqiqi alman obrazları" da xalqın ürəyinə yol tapmazdı. Bədii-estetik keyfiyyət bu mənada böyük əhəmiyyət kəsb edir.
Buna inanmaq üçün, "Valkiriya" operasının üçüncü pərdəsinin əvvəlindəki leytmotivə - hamının "Valkiriyanın uçuşu" kimi tanıdığı fraqmentə qulaq asmaq yetər... Elə bircə bu fraqment alman mifologiyasında döyüşçü-qadın obrazının bütün fəlsəfəsini və xarakterini gözəl şəkildə açmağa kifayət edir. Bəli, sadəcə xarakteri açmağa yox, həm də gözəl şəkildə açmağa... Sənətşünaslardan biri qeyd edirdi ki, hər bir alman qadını bu fraqmenti dinlədikdən sonra, öz içində bir "valkiriya" kəşf edir və bu, həyatla çarpışmada ona sonsuz daxili güc verir.
Bəs bizdə vəziyyət necədir?
Orta əsr Azərbaycan milli düşüncə tərzinin, milli mədəniyyətimizin, milli ədəbiyyatımızın formalaşmasında Şah İsmayılın və Səfəviyyənin roluna fikir verəndə nə görürük? Görəsən bizdə də nələrisə şişirtməyə və yalana ehtiyac varmı?
Tarix deyir ki, yox, qətiyyən yoxdur...
İyirmi birinci əsrdə Azərbaycan milli şüurunun daha da inkişaf etməsi, öz identifikasiyasını daha da dərinləşdirməsi üçün Şah İsmayıl şəxsiyyəti və Səfəvi dövləti bizim üçün hər şey qoyub. Və bu "hər şey", bizə, yalnız bizə məxsusdur və hədsiz dərəcədə "gözəldir". Heç kim ona şərik çıxa bilməz, heç kim onun gözəlliyini inkar edə bilməz. Heç bu iddiada bulunan da yoxdur. Çünki bu halda bir çox açıq-aşkar tarixi və bədii faktların əleyhinə getməli olacaqlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
