Rünoske Akutaqavanın (1892-1927) bu əsərini səhnəyə Pantomim Teatrı qoymuşdu - Gənc Tamaşaçılar Teatrında yerləşib son dərəcə məhsuldar və eyni dərəcədə keyfiyyətli vaxtlarında, 2000-ci illərin əvvəllərində. Teatrın yaradıcısı Bəxtiyar Xanızadə yapon hekayəsinə film-tamaşa effektində quruluş vermişdi. O təkrarsız səhnə əsərini görənlər yəqin ki, yaxşı xatırlayırlar - səhnədə kino sənətinə aid heç bir maddi-texniki tərtibat yox idi. Bütün sinemasal təzahür Nargilə Qəribova (Kesa) ilə Qurban Məsimovun (Morito) oyun texnikasında, tamaşanın varolma yozumunun dəqiq və orijinal həllində idi.
Teatr Xadimləri İttifaqının yaradıcılıq laboratoriyasının "Kesa və Morito" hekayəsi əsasında hazırladığı və ittifaqın "Mustafa Mərdanov səhnəsi"ndə təqdim edilən "Qətl" tamaşasına dəvət olunanda özümə arzu etdim ki, tamaşa boyunca pantomimçilərin teatr tariximizin "qızıl fondu"na töhfə verdikləri o mükəmməl səhnə əsəri ilə paralellər, müqayisələr aparmaq ovqatına düşməyim, yeni quruluş buna imkan verməsin, fərqli və uğurlu bir quruluşun əlamətdarlığını yaşayım. Və arzum çin oldu. Məhəmməd Verdizadənin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin builki məzunları ilə hazırladığı "Kesa və Morito", daha doğrusu, "Qətl" tamaşası əsərə cəsarətli yanaşması ilə diqqəti özündə saxladı. Və daha bir əlamətdarlıq: səhv etmirəmsə, haqqında bəhs etdiyimiz tamaşa "Kesa və Morito"nun Azərbaycan səhnəsində ikinci quruluşudur.
Rünoske Akutaqava kimdir?
"Kesa və Morito"nu ehtiras hekayəsi kimi səciyyələndirmək daha geniş yayılmış, daha məqbul hesab edilən təfsirdir. Amma gəlin, nəzərdən qaçırmayaq ki, hekayənin süjetinin motivləri XII-XIII əsrlərə aid topludan qaynaqlanaraq qələmə alınıb. Konkret olaraq R.Akutaqava "Qandzi monoqatları" toplusuna daxil olan əfsanədən ilhamlanaraq 1918-ci ildə öz hekayəsini yazıb. Süjetin özəyini isə orta əsrlərə aid "Tayra və Minomotonun vüsət və süqut salnaməsi" epopeyasının XII-XIII əsrlərə aid 19 rəqəmi ilə nömrələnmiş "Qempey seysuyki" qədim əlyazması təşkil edir. Və ən əsası isə bu, yapon əsəridir. Ekspressionist cərəyanın digər nümayəndələri kimi, Akutaqavanı da insan psixikasının təzadları cəlb edirdi. Lakin eyni zamanda yazıçı israrla bəyan edirdi ki, xarakter etibarilə o, romantikdir, dünyagörüşünə görə isə realistdir. Gizli psixoloji kolliziyalar, mübhəm qalan və insanı məhz müəyyən şəkildə və məzmunda addım atmağa sövq edən impulslar yazıçını özü-özlüyündə deyil, insan qəlbini və ruhunu anlamaq yolu olaraq maraqlandırırdı. XX əsrin ikinci onilliyində Yaponiyada realizm əsrin əvvəllərinin naturalizminə istinadlanaraq romantizmlə qovuşmuşdu. Romantiklərin ifadə vasitələri olan şərtiliyi, fantastikanı, hiperbolizmi, metaforikliyi istifadə etməklə qeyri-adiliyi reallığa tabe edərək realizm həyatın mahiyyətini, onun gerçək proseslərini açıb göstərirdi. Lakin illüziyaların burulğanı ruh düşkünlüyünə, həyatın həssas və ağrılı qavrayışına gətirib çıxardı. Gələcəyə inamsızlıq, fəlakətlərin qaçılmazlığı, əsrin əsəb gərginlikləri üslubda, sürətlənmiş, sinirli ritmdə özünü büruzə verdi. Humanist ideyalarla, vicdanla, bəşəriyyət qarşısında vəzifə borcu ilə reallıq arasındakı uçurum tam "çılpaqlığı" ilə üzə çıxdı. Bəzilərinə bu uçurumdan sağ-salamat keçib-getmək mümkünsüz görünürdü. Məhz belə ovqat təlaş vəziyyətini bərqərar etdi. Akutaqavanın əsərlərinin "Tayse ruhu"nu ("Böyük ədalət" fəlsəfəsi) ehtiva etməsi bununla bağlıdır. Onun metodunu birmənalı qiymətləndirmək mümkün deyil, çünki qısa yaradıcılığı boyunca fərqli üsullara üstünlük verib. Dəyişməz qalan Akutaqavanın sözə olan münasibəti idi. Nəfis, bəzi hallarda mürəkkəb quruluşuna, dərin sətiraltı mənalarına baxmayaraq, Akutaqavanın üslubu nümayişkaranəlik təəssüratı doğurmur. Onun üslubunda ənənəvi məziyyətlər toplanıb: lakoniklik, təlqinedicilik, metaforiklik, şərtiliyə, assosiativliyə meyillilik müasir səciyyə qazanıb.
Eşqlərinin qətlinə fərman verən aşiqlər
Hekayənin yazılma şəraiti bir daha təsdiq edir ki, burada hər hansı yekrənglik, birçalarlılıq bucağı kifayət etməyə bilər. Bu incə məqamı ADMİU-nun dram və kino aktyorluğu fakültəsinin məzunları olan Rəna Pənahova və Məhəmməd Gülmalıyev çox səliqə ilə, bacarıqla canlandırdılar. Kesa ilə Moritonun hekayəsi başdan-ayağa təzadlı duyğu və düşüncələrin əsiri olan kişi ilə qadının şəxsiyyətinin və həyatının məhvini şərtləndirən bir situasiyadır. Onlar daha taraz, hisslərinə daha çox etibar edən kəslər olsaydılar, çox güman ki, xoşbəxt cütlüyə çevrilə bilərdilər. Akutaqava onların yollarının niyə ayrıldığını və Kesanın Vataru Saemon-no dze ilə hansı şəraitdə ailə qurduğunu danışmır. Hadisələrin bu mərhələsinə aid bir kəlmə belə yoxdur hekayədə. Əvəzində Kesa ilə Moritonun olmazın sarsıntıları var. Bu sarsıntılar isə həddindən artıq çoxçalarlıdır. Moritonun bədbəxtliyi ondadır ki, əsl aşiq səciyyəsini özünə əskiklik bilir - onun Kesa a-ustye Koromoqavanıın qəlbini ələ almaqdan ötrü "qadın sifəti kimi zərif, dümağ dərili üzə malik əsl samuray" olanVatarunun (Morito Vataru haqqında tam kişisəl bir insan kimi düşünməyi özünə qadağan edir sanki) nə qədər səylər göstərməsi, hətta klassik yapon poeziyasının ən geniş yayılmış forması olan tanka qoşmağı öyrənməsi haqqında düşündükcə rəqibinə qarşı mütəəssirlik, onun, Moritonun sevdiyi qadının başqa bir kişinin bu dərəcədə təqdirəlayiq diqqətinin ünvanı olmasından məmnunluq kimi qarışıq hisslər keçirir. Və dərhal özünü belə bir qənaətin hökmünə buraxır: "Məgər mən Kesanı o dərəcədə və o xassədə sevirəmmi ki, bu cür düşüncələrə qapılım?"
Tamaşanın məhz "Qətl" adlanması da mövzunun mahiyyətinin açılmasına xidmət edir - Kesa ilə Morito bir-birinin məhəbbətinin qətlinə fərman vermişdilər. Düzdür, Akutaqava, belə demək mümkünsə, qələmini qana bulaşdırmayıb, ədəbi materialda qətl hadisəsi təsvir olunmur, belə bir fakt heç qeyd də edilmir, Kesa ilə Morito yalnız baş verməli olan qətldən bəhs edirlər: Morito Kesaya əri Vatarunu öldürməyi təklif edir, Kesa razılaşır, Moritonun düşüncələri Kesanın bu dərəcədə mənəviyyatsızlığını "qılınclamağa" o dərəcədə qarışır ki, ailə və qadın namusunu qorumaq naminə Kesanın özünü qurban verə bilməsini ağlının yanına belə gətirmir. Və məhz bu məqam Moritonun gözlərini nəhayət ki, açır: Vatarunu qətlə yetirdiyini zənn etdiyi halda öldürdüyü kəsin Kesa olduğunu aşkar etdiyi andaca bu qadına olan hisslərinin əsl məhəbbət olduğunu nəhayət ki, anlayır və bir an belə tərəddüd etmədən canına qəsd edir. Burdan belə nəticə çıxır ki, Moritonun Kesa ilə bağlı nalayiq düşüncələri eqo hikkəsindən başqa bir şey deyilmiş.
Və belə bir mürəkkəb psixoloji ədəbi mənbədə tək bircə ehtiras amilinə köklənib bayağılığa yuvarlanmamaq başlıca şərtdir. Gənc, təcrübəsiz aktyorlar bu şərtə tam uyğun oyun nümayiş etdirdilər (Akutaqava bu əsəri qələmə alanda təxminən, elə bu aktyorlarla yaşıd olub - 26 yaş). Lakin ədəbiyyat tarixindən bildiyimiz kimi, ədib dünyanı, həyatı, insanları çox erkən dərk edib, yaxud dərk etməyə son dərəcə can atıb. Haqqında danışdığımız tamaşanın iştirakçıları olan Rəna Pənahova ilə Məhəmməd Gülmalıyev də onlara həvalə edilən rolları personaj müstəvisindən obraz səviyyəsinə qaldıra bildilər. Quruluşçu rejissor Məhəmməd Verdizadənin mövzuya və ayrıca olaraq əsərə yanaşması müəllifin mövqeyindən sapınmadığına görə gənc aktyorlar da təklif və etibar edilmiş vəziyyəti dəqiqliyi ilə içlərindən keçirərək oynadılar. "Qətl" tamaşasının minimalistik səhnə dekorasiyasında qara və qırmızı rənglər gözəçarpacaq qabarıqlıqda verilib - qara kublar və onların üzərinə qıvrılaraq atılmış qırmızı, parlaq parça: qara fikirlərin, qaranlıq qalan münasibətin rəmzi qara və ehtirasın, samuray qılıncı ilə törədilən qətlin, qanın rəngi qırmızı. Aktyorların geyimi klassik yapon milli geyimi tərzində, qrimləri yapon simasını andıran ruhda idi. Qara divarda adları qoşa yazılmışdı - qoşa məzarın başdaşının yazısı kimi; yapon heroqlifləri ağ rəngdə - Kesa ilə Moritonun hisslərinin ülviliyinə işarə olaraq. Bütün bunlar zahiri detallardır. Vacib olan zahiri detalı daxili məziyyətə çevirməkdir ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gəldi.
.jpg.jpeg)
.jpg.jpeg)
.jpg.jpeg)
.jpg.jpeg)
.jpg.jpeg)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
