Şairlər olmadan olmuş
Heç nə gizlətməyin bizdən,
biz söz çəkirik sözdən,
deməsəz də, üzdən, gözdən
şairlər bilmədən bilmiş.
Ən dar gündə, ağır gündə,
hamı lal, kar, sağır gündə
uzaqvuran top gücündə
şairlər gülmədən gülmüş.
Göydə də son göyə çatıb,
qoynunda günəştək yatıb,
yenə günəştək doğmaqçün
dan yerinə də tağ atıb,
şairlər ölmədən ölmüş.
Səni can oğrusu bilim,
canımı gizlədim gülüm,
çox da lovğalanma, ölüm,
məni tapammazsan, gülüm,
şairlər olmadan olmuş.

Bu şeirə bütöv baxanda iki mümkün yozumla qarşılaşırsan. Birinci oxunuşda "olmadan olmuş" ifadəsi sanki zamanla bağlıdır - şair nəyisə əvvəlcədən duyub, olmamışdan əvvəl görüb.
Lakin şeir dərinləşdikcə bu izah sanki çox sadə görünməyə başlayır. Düşünürsən ki, bu heç də sadə olmayan şeir doğrudanmı, yalnız şairin olacaq olanı əvvəlcədən duyması kimi bir intuisiya məqamı haqqındadır?
Və sonra şeiri yenidən oxuyursan, bir də oxuyursan və şeirin görünən qatının altındakı görünməyənlər bir-bir üzə çıxır.
Görünməyənlər isə məhz digər "...madan ...muş" nəqaratlarını birlikdə götürdükdə açılır. Yəni nəqaratlara bir bütöv kimi baxdıqda hiss olunur ki, burada söhbət təkcə zamanı qabaqlamaqdan deyil, adi insani hal və proseslərin fövqündə duran metafizik bir mövcudluq formasından gedir.
Məhz bu nəqaratların hamısına birlikdə baxanda şeir artıq "olmazdan əvvəl olmuş" fikrinin dar çərçivəsinə sığmır. O, başqa bir qata yüksəlir - bu qat artıq adi mövcudluğun hüdudlarına sığmayan bir varlıq halıdır.
Və məhz burada şeirin dərin fəlsəfi uyğunluğu və bütövlüyü açılır: Şairlər adi bilmək prosesi yaşamadan bilirlər; gülmək səsi çıxarmadan gülürlər; fiziki ölüm olmadan ölürlər; varlığın adi formasında mövcud olmadan olurlar. Bütün bunlar isə Bayatlı Odər poeziyasına xas hallardır və onun metafizik dünyasında mümkün olan bir ruhi mövcudluq formasının təsviridir.
Sual isə budur ki, hər nəqarat bu metafizik mənanı daşıyırmı? Cavab: - Bəli
bilmədən bilmiş
- şairlərə adi insanın yaşadığı qavrama və bilik əxzetmə prosesi gərək deyil.
gülmədən gülmüş
- bu, sadəcə qafiyə və söz oyunu yaratmaq üçün qurulmuş ardıcıllıq deyil. Bu o deməkdir ki, şair dünyası yeganə metafizik yerdir ki, orada ruh məğlubedilməz qalır (uzaqvuran topdan güclü). Onların gülüşü hər hansı bir xarici ifadə olmadan mövcuddur. Bu mənada "şairlər gülmədən gülmüş" mistik bir əks-səda verir. Bu, dünyanın qaranlığı qarşısında ruhun təslim olmamasıdır. Buradakı gülüş emosional reaksiya yox, ruhun məğlubedilməzliyinin ifadəsidir.
ölmədən ölmüş
- bu, ilk baxışda paradoks kimi görünür. Misra hələ diriykən ölüm təcrübəsini yaşamaq, ölüm sərhədini aşmaq və ya ruhi ölüm keçirmək kimi yozula bilər. Bunların hər biri Bayatlı poetikasına xasdır və onların qarşılığını onun digər poetik nümunələrində tapmaq olar. Lakin burada əsas məsələ həmin yozumların hansının doğru olması deyil - əsas məsələ ölüm hadisəsinin özündən deyil, ölümün fövqündə duran bir ruhi vəziyyətin təsvirindən gedir.
Amma ən çətini "olmadan olmuş"dur.
Hərfi mənada - şairlər mövcud olmadan mövcud olublar, və ya var olmadan var olublar.
Bu nəqaratlar içində ən güclü təsir də elə bu sonuncudadır.
Son misraları bütöv götürsək, burada təxəyyül metafizik dünyanın tam dərinliyinə, dibinə çatır:
Səni can oğrusu bilim,
canımı gizlədim gülüm,
çox da lovğalanma, ölüm,
məni tapammazsan, gülüm,
şairlər olmadan olmuş.
Bu misralara yalnız bütöv baxdıqda "olmadan olmuş"un mistik məqamı tam aydın olur. Şair üzünü ölümə tutaraq "məni tapammazsan", deyir. Və bunu deyəndə şair bunun səbəbini də özü açır: ona görə yox ki, o, möhkəm gizlənib, ona görə ki, o, ölümün düşündüyü formada mövcud deyil, yəni şairlərin "olma"sı ölümün tanıdığı və tapa biləcəyi şəkildə deyil.
Ölüm yalnız fiziki varlığı tapa bilər. "Olmadan olmuş" isə məhz fiziki mövcudluğun kənarında duran bir olma halıdır.
Bu artıq zaman yox, varlıq məsələsidir.
Bayatlının poetik mistikasının açarlarından biri də elə budur.
Bu açarla biz "olmadan olmuş"un heç də olmazdan əvvəl olmaq mənasına deyil, əslində, fiziki dünyanın ölçü və formalarına sığmamaq, mövcudluğun adi sərhədlərini aşmaq anlamına daxil oluruq.
Bu anlam hər dörd nəqaratı bir vahid məqamın variantları kimi özündə birləşdirir - şairlər bilmək, gülmək, ölmək və mövcud olmaq kimi adi insani halların yaşandığı qatları aşaraq "göydə də son göyə çatırlar". Son göyün ruhi qoynunda günəştək yatır, yenidən günəştək doğulur və dan yerinə tağ atırlar.
Onların fiziki dünyadan o yana aşmış metafizik aləmində mövcudluq artıq adi formasında görünmür, ölüm də bizim tanıdığımız mənada hökm edə bilmir. O dünyanın axarında şairin məğlubedilməz ruhu durur. Vaqif Bayatlı Odər poeziyasının ən böyük gücü də elə bu ruhdadır.
Maraqlıdır ki, Bayatlı Odər sonradan şeiri növbəti kitabına daxil edərkən onun adını "Bütün İlahi Göyüzündə də şairlər olmadan olmuş" şəklində vermişdir. Sanki şair burada oxucuya ayrıca bir açar təqdim edir və misranın mənasını zaman yox, məkan və varlıq müstəvisinə keçirir.
Lakin şairlərin sərhədləri aşması heç də hüdudsuzluq anlamına gəlmir, çünki Bayatlıda tam sonsuzluq yoxdur, əksinə, göylər var, son göy var, dan yeri var, günəş var. Sadəcə şair o sərhədlərin içində həbs olunmayıb. Bu, adi mövcudluğun sərhədlərindən kənarda olan bir ruhi varlıq formasıdır.
Şeirin bu ruhi gücü onun qeyri-adi sintaktik və semantik təsiri ilə daha da artır - bütün nəqaratlar iki hissədən ibarətdir - birinci hissə inkar, ikinci hissə təsdiq: bilmədən ? bilmiş, gülmədən ? gülmüş, ölmədən ? ölmüş, olmadan ? olmuş.
Yəni hər dəfə görünən dünya - forma, ləğv edilir, amma nəticə - mahiyyət, qalır. Sanki Bayatlı hər dəfə qapını silir, amma qapının açıldığı məkanı saxlayır.
Bayatlı mistikasının əsas qanunlarından biri də məhz budur.
Bütün bunlardan sonra adi olmayan bir şeir haqqında mənim adi düşüncəmə görə "şairlər olmadan olmuş" zaman anlamına gələn (yəni mövcudluqdan əvvəl olmuş bir zaman) mənasına yox, şairlərin bizim normal olaraq mövcudluq adlandırdığımız ölçü və forma sərhədlərini aşması anlamındadır ki, bu da Bayatlı poeziyasının bütün metafizik mühitinin Ruhuna tam uyğundur.
Amma bütün bunlar Bayatlının şairi insanlardan üstün bir varlıq kimi gördüyü anlamına gəlmir. Əksinə, onun poeziyasında şairlik insan həyatının adi qanunları ilə məhdudlaşmayan bir ruhi mövcudluq halıdır. "Şairlər olmadan olmuş" misrasının sirri də elə bundadır: şair yoxdur deyə görünür, amma məhz buna görə daha dərindən vardır.
Sonda yalnız onu qeyd etmək qalır ki, bu düşüncələr Vaqif Bayatlı Odərin heç də ilk baxışdan göründüyü qədər sadə olmayan bu şeirinin ingilis dilinə tərcüməsi üzərində işləyərkən, tərcüməni şeirin orijinalındakı məna və dərinliyinə mümkün qədər yaxınlaşdırmaq istəyi və cəhdinin nəticəsi kimi yaranmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
