Tarixin kölgəsində millətlərin taleyi - Kənan HACI

Yazıçı-dramaturq Firuz Mustafanın "Tarixi dramlar"ı haqda bir neçə söz

 

Tarix təkcə ibrət dərsi deyil, həm də keçmişlə gələcək arasında bir rabitə vasitəsidir. Tarix - mahiyyətcə rəqəmlərin zaman genişliyi ilə kompensasiya edilməsidir. Coğrafiya tarixlə müqayisə olunmağa can atır, yaxud əksinə, tarix coğrafiya ilə tən olmağa can atır. Yaddaşımız zəifləyəndə hər dəfə tarix öz zəngini çalır, bizi dünənimizə nəzər salmağa məcbur edir. İnsanın xislətində unutmaq var, tarix bu baxımdan heç cür insanı "tərbiyə" edə bilmir. Bu məsələdə tarix acizdir, çarəsizdir.

Tarixi diri saxlayan, zamanlar arasında keçid yaradan məhz qələm adamlarıdır. Tarixçilər, yazıçılar, şairlər... Sovet dönəmində yalan tarix kitablarına yol açmışdı, tarixi təhrif edən də elə bəzi tarixçilər idi... Buna görə xalq yetmiş il öz tarixi keçmişindən xəbərsiz qaldı. Tarixi həqiqətlər arxivlərdə, bağlı qapılar arxasında toz içində uyudu, işığa çıxacağı günü gözlədi.

Müstəqillik dönəmində qoca tarixin başı üzərindən qalın pərdələr çəkildi və gerçəklər üzə çıxdı. Bu gerçəkləri xalqa, oxucu kütləsinə çatdırmaq üçün yazıçılarımız, dramaturqlarımız qələmə sarıldılar; saysız-hesabsız əsərlər yazıldı. Məhsuldar yazıçılarımızdan olan əməkdar incəsənət xadimi Firuz Mustafa 37-ci il kabusunun bədii ifadəsi olan "Qapı" romanını qələmə aldı. Bu əsər repressiya dövrünün insan faciələrini, mənəvi sarsıntılarını əks etdirən dəyərli bədii mətnlərdəndir. Müəllif yaxın tarixin üz qarası olan hadisələri bədii təxəyyüllə birləşdirərək həmin dövrün qorxu, ümidsizlik və ədalətsizlik mühitini təsvir edir. "Qapı" romanı müstəqillik dövrü ədəbiyyatımızın ən maraqlı nümunələrindəndir.

Firuz Mustafa ədəbi-mədəni mühitdə həm də dramaturq kimi tanınır. Onun əsərləri bir çox teatr səhnələrində tamaşaya qoyulub və uzun müddət repertuardan düşməyib. Onun pyeslərinin mövzuları lokal çərçivəyə sığmır, bəşəri tematika ilə diqqəti çəkir və müasir dramaturgiyamıza kifayət qədər rəngarənglik, forma və üslub yenilikləri gətirməyə xidmət edir.

Bu günlərdə Firuz müəllim mənə yenicə çapdan çıxmış "Tarixi dramlar" kitabını hədiyyə etdi. Kitabı tələsmədən, aramla oxumaq qərarına gəldim. Bu qəbil kitabları atüstü oxumaq heç düzgün deyil. Tarixi dramlar müəllifi zaman və məkan məhdudluğu ilə üz-üzə qoyur, bu məhdudiyyət çərçivəsində bəlli bir dövrün gerçək mənzərəsini əks etdirmək həqiqi peşəkarların işidir. Mən bu peşəkarlığı "Tarixin kölgəsi və yaxud gələcəkdən gələnlər" dramında gördüm. Müəllif pyesin janrını bu cür təqdim edir: siyasi-tarixi dram xronika. Tarixi sənədlər və faktlar üzərində qurulmuş əsərdə hadisələr 1920-1922-ci illəri əhatə edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı mürəkkəb dövrün siyasi mənzərəsi "Tarixin kölgəsi" dramında geniş və əhatəli şəkildə təqdim olunur. Stalin, Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov obrazları ilk dəfə bu pyesdə üz-üzə gəlirlər. Diqqətçəkən məqamlardan biri də budur ki, oxucular (əgər əsər səhnəyə qoyularsa, tamaşaçılar) bu tarixi şəxsiyyətləri tamamilə fərqli rakursdan görürlər.

Müəllif giriş yazısında qeyd edir: "...Nəriman Nərimanovun şəxsiyyətindən bəhs edən əksər yazılarda o, daha çox "yumşaq təbiətli", "sakit", "mötədil" bir insan kimi təqdim olunur. Amma tanış olacağınız əsərdəki Nərimanov obrazı bu cür "ənənəvi" etalonu sındırır. Bizim Nərimanov döyüşkən bir inqilabçıdır. O, Azərbaycanı əvvəlcə Rusiyanın, sonralarsa SSRİ-nin tərkibində müstəqil görmək istəyən bir vətənpərvərdir".

Əsərdə baş verən hadisələrin böyük bir qismi Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məmmədəli Rəsulzadənin dili ilə nəql olunur. O, Azərbaycan Cümhuriyyətinin qurulmasında fəal iştirak etmiş, parlament üzvü seçilmişdir; yüz il ömür yaşayıb, 1982-ci ildə İstanbulda vəfat edib.

Dram əsərində biz Baş katibə qədərki Kobanı görürük. O, hələ tiran və despota çevrilməyib. Məhəmməd Əmin Rəsulzadə istiqlal uğrunda savaşan qaynar təbiətli, cəsarətli fikir adamıdır. Stalinlə Məhəmməd Əminin dialoqlarını oxuduqca bu gənc ideoloqun nə qədər güclü məntiqə, nəzəri hazırlığa malik, bitkin bir siyasətçi olduğunu görürük. Eləcə də Nərimanovla Stalinin Azərbaycanın taleyi ilə bağlı apardıqları fikir mübadiləsi müəllif tərəfindən o qədər canlı və təbii işlənib ki, sanki doğrudan da, tarixi bir stenoqramı oxuyursan. Və bu dialoqlar vasitəsilə bolşevizmin mahiyyəti, totalitar rejimin qəsbkarlıq siyasəti haqda dolğun, müfəssəl bilgilər əldə edirsən. "Tarixin kölgəsi" bu baxımdan son dərəcə qiymətli əsərdir və bu dramın təxminən, on iki seriyalı bədii-sənədli televiziya filmi kimi çəkilməsi gənc nəsillər və gələcək üçün əvəzsiz bir xidmət olardı. Məncə, rejissorlarımızın bu barədə düşünməsinə ehtiyac var.

Azərbaycanın tarixi taleyində Nuru Paşanın, Ənvər Paşanın da müstəsna rolları var. Firuz Mustafanın "Savaş fəsli və yaxud Ənvər Paşa" ikihissəli tarixi dramı Lev Trotski ilə Ənvər Paşanın görüşü ilə başlayır. Onlar Kremldə, Trotskinin kabinetində söhbətləşirlər. Ənvər Paşa "mən dinc dəftərxana işlərinə alışmamışam" deyir və özünün döyüşkən xarakterini göstərir. Trotski Ənvər Paşaya deyir ki, "Moskvanın soyuq havaları sizi qorxutmur?" Ənvər Paşanın cavabı mükəmməldir: "Xeyr, qorxutmur. Biz hərbçilər üçün illər yalnız bir fəsildən ibarət olur". Trotski soruşur ki, "o nə fəsildir elə?" Ənvər Paşa deyir: "Döyüş fəsli". Bu məqamda artıq gələcəkdə baş verəcək hadisələrin anonsu verilir.

Türküstanda hakimiyyət İbrahim xanın əlindədir, Buxara İnqilab Komitəsinə Fayzulla Xocayev başçılıq edir. O, millətini azad və müstəqil görmək istəyir. Ən böyük səhvi isə Leninə, bolşeviklərə inanmasıdır. Ənvər Paşa düşünür ki, bolşeviklər inqilabla islamın vəhdətini qəbul edirlər, belə olan halda o niyə bolşeviklərin tərəfində olmasın? Trotski isə belə bir xülya ilə yaşayır ki, Qızıl Ordunun qırmızı bayrağı tezliklə bütün planetin başı üzərində dalğalanacaq. Bolşeviklər türklərə qarşı sözün əsl mənasında genosid törədirdilər. Əsərdə Usman Xocanın dilindən deyilir ki, "Onlar (ermənilər) təkcə Kokand şəhərində üç gün ərzində on mindən çox günahsız adamı qətlə yetiriblər. Fərqanə vadisində, Oşda, Namanqanda, Əndicanda minlərlə vətəndaşımıza divan tutublar". Ənvər Paşa bütün bu proseslərin içindən keçərək bu qənaətə gəlir: özü müstəqil bir ordu yaratmalıdır. Elə bir ordu ki, bütün əzilən, soyqırımına məruz qalan xalqları müdafiə edə bilsin.

"Savaş fəsli" bu acı həqiqətləri əks etdirir. Bolşeviklərə inananları sonda acı tale gözləyir... Hegelin sözlərilə desək, neqativin qorxunc qüvvəsi hər şeyi udur, məhv edir. Savaş qübbəsində sərkərdənin guşə daşı kimi ən zəif, dişbatan yeri İnamdır. Ənvər Paşa və onun silahdaşları məhz inandıqları üçün məğlub olurlar. Qurban bayramı münasibətilə üç günlük atəşkəs təklifinə ruslar razılıq verirlər. Yusif Ziya deyir: "Paşam, düzünü deyim ki, mənim bu qırmızılara o qədər də etibarım yoxdur". Yusif Ziyanın şübhələri sonda özünü doğruldur. Trotski və Orcenikidze xəyanət yolunu seçirlər və gözlənilmədən basqın edirlər. Ənvər Paşagil sona qədər döyüşürlər və şəhadətə yetişirlər. Hələ də təəccüb və heyrət edirəm ki, rejissorlarımız niyə bu pyesi səhnəyə gətirmək haqda düşünmürlər? "Savaş fəsli" səhnəyə qoyularsa, milli dramaturgiyamızda hadisəyə çevrilər. Bunu əminliklə yazıram. Teatrlarımızda məhz bu səpkili əsərlərin səhnəyə gətirilməsinə ehtiyac var. İnsanlarımız teatrdan tarixi taleyimizi əks etdirən tamaşalar gözləyirlər.

"Üçüncü sahil" pyesinin personajları gerçək tarixi şəxsiyyətlərdir - gürcü yazıçısı Qriqol Robakidze, alman yazıçısı Knut Hamsun, aktrisa Olqa Çexova, mühacirlərdən ibarət legionun başçısı Fətəlibəy Düdənginski... Onların hər birinin maraqlı taleləri var. Qriqol Robakidze Cümhuriyyət dönəmində - 1919-cu ildə Bakı Dövlət Universitetində tələbələrə alman romantizmindən mühazirələr oxuyub. Fransa Akademiyası 1933-cü ildə onun Nobel mükafatına namizədliyini irəli sürsə də özü bundan imtina etmişdi. Müəllifin onun haqqında ayrıca bir məqaləsi də var. Pyesdə isə onu fərqli prizmadan görürük. Eyni zamanda Knut Hamsunun Qafqaz səfərilə bağlı təəssüratları ilə tanış oluruq. Qriqol Robakidzenin dilindən səslənən bu ifadə bütün dövrlərin yazıçılarına şamil edilə bilər: "...mən hesab edirəm ki, əsl yazıçı həm də öz yaşadığı zamanın salnaməçisi olmalıdır". Bir də bu sözləri: "Bolşevizm taunu bütün xalqların taleyini məhv edib".

Onların söhbətlərində Qafqazdakı vəziyyət müzakirə edilir, totalitarizmin mahiyyəti müzakirə predmetinə çevrilir. Öz ölkələrinin işğaldan azad olacağı günü gözləyən miqrantların dialoqu əsl siyasi debatı xatırladır. Knut Hamsun Hitlerlə görüşü haqqında danışır və ona olan rəğbətini heç gizlətmir də. Bu adamları birləşdirən hansı dəyərlərdir? Onlar nə vətəndədirlər, nə qürbətdə. Onlar üçüncü sahilin adamlarıdır. Və tale onları sui-qəsdlərdən qoruyur. Həyatları darmadağın olmuş bu insanları terrorun əlinə vermək insafdan deyil axı. Bu mənada tale insanlardan daha rəhmlidir.

"Tarixi dramlar" kitabına dramaturqun "Qara zolaq" pyesi də daxil edilib. Əlbəttə, bu kitab oxucuların deyil, rejissorların iş masası üzərində olarsa, Azərbaycan teatrı daha çox şey qazanar. Ümid edirik ki, Firuz müəllimin tarixi dramları yaxın gələcəkdə öz səhnə həyatına başlayacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!