Elçinin "Stalin" pyesi C.Cabbarlı adına İrəvan Dövlət Teatrının səhnəsində - Yeganə ƏLİYEVA

"Stalin - İzm" tamaşasında İftixarın "qeyri-səlis teatrı" modelinin eksperimental "risk estetikası"

 

Zövqlərin qlobal unifikasiyası dövründə sonsuz informasiya axınından bezmiş, klişelənmiş vizual təfəkkürə, reallığa tənqidi yanaşma təcrübəsinə sahib olan müasir Azərbaycan tamaşaçısını postdramatik teatrın intellektual labirintinə salmaq, onu nə iləsə təəccübləndirmək mümkündürmü? Qaldırdığım sualın, birmənalı olaraq cavabı budur: nəinki mümkündür, həm də artıq mümkün oldu!

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor İftixarın quruluşunda Xalq yazıçısı Elçinin "Stalin" pyesi əsasında "Stalin - İzm" tamaşası diktatorun insanlığa qarşı törətdiyi cinayətlərinin sadə xronologiyası çərçivəsini aşaraq bir epoxanın düşüncə mexanizmi tablosuna çevrildi. Ənənəvi teatr sisteminə qarşı alternativ baxış bucağı təklif edən, "qeyri-səlis məntiq"in bədii-estetik imkanlarını teatr dilinə transfer etməyə nail olan rejissor İftixar üzünü növbəti dəfə XXI əsrin intellektual tamaşaçısına tutdu. İftixar hər kəsi təkcə xarici səhnə effektlərilə təəccübləndirmədi, daha irəli gedərək auditoriyanın gözləntilərini daxildən dekonstruksiya etməyə müvəffəq oldu.

Teatr tənqidçisi kimi az tanınan, lakin teatra dərin ehtirasla yanaşan mütəfəkkir, XX əsrin tanınmış fransız filosofu, ədəbiyyat tənqidçisi, "müəllifin ölümü" konseptinin banisi Rolan Bart yazırdı: "Teatr nədir? Bu, bir növ kibernetik maşındır (mesaj göndərmək, ünsiyyət qurmaq üçün maşın). İstirahət vəziyyətində bu maşın pərdə arxasında gizlənir. Lakin pərdələr açılan andan sizin istiqamətinizdə çoxlu sayda mesajlar (kodlar) ötürməyə başlayır. Səhnə eyni vaxtda və polifonik şəkildə fəaliyyət göstərən informasiyaların əsl sıxlığı, qaynağıdır" (Roland Barthes, "Essais critucues", Seuil/Points, 1981 (1963), p. 258). Roland Bartın təbirincə, eyni vaxtda fərqli ritmlərlə tamaşaçı səhnənin istənilən epizodundan 6 və ya 7 ötürmə kanalı üzrə informasiya alır. Burada səhnə dekorasiyası, geyim, işıqlandırma, aktyor oyunu, jestləri, üz ifadələri, nitqlərinin sabit və dövr edən informasiya polifoniyası ilə qarşılaşırıq. Teatrallıq məhz budur: işarə və məna qatlarının, səhnədən ötürülən vizual, akustik və verbal kodların laylanması.

İrəvan Teatrının yaradıcı kollektivinin ərsəyə gətirdiyi "Stalin - İzm" tamaşası stereotip estetik qəlibləri yararaq unifikasiya olunmuş tamaşaçı şüurunda tektonik çat saldı. Tamaşanın hazırlanması prosesində müasir teatrın ali məqsədinə aktyor oyunundan tutmuş, səhnə tərtibatına və işıqlandırılmasına qədər  "qeyri-səlis məntiq metodu" tətbiq edilərək buna nail olundu. Rejissor İftixarın tamaşanı hazırlama sistemi auditoriyanı alışdığı şablonlardan məhrum etdi, - desək, yanılmarıq. Müasir dövrün sosial həyatında "mütləq ağ" və "mütləq qara"nın olmaması, reallığın kəskin sərhədlərlə qütbləşməməsi, keçidlərin dumanlı, nisbi xarakter daşıması qeyri-səlis məntiqə olan ehtiyacı artırır.

Çoxölçülü düşüncə sistemlərinə ehtiyac yaradan XXI əsrin yeni reallıqları postdramatik teatrın fəlsəfəsi üçün də fundamental bir qanunauyğunluqdur. Dünya teatr tarixində fundamental paradiqma dəyişikliyi və həqiqətən, yeni bir dövrün başlanğıcı hesab olunan postdramatik teatrın fəlsəfəsi - "İftixarın "qeyri-səlis teatrı"nın yaranmasını zərurətə çevirib. Xatırladaq ki, klassik dram iki fərqli mövqe arasında münaqişə tələb edirdi. Postmodern və hətta artıq müasiri olduğumuz metamodern teatrı isə parçalanmış, rəqəmsal, həqiqətin qabarıq şəkildə nisbi olduğunu, real və virtual arasındakı sərhədlərin bulanıq olduğu yerdə qeyri-səlis məntiqə dayaqlanan teatr estetikası və onun intellektual potensialını gündəmə gətirir.

Məhz burada XXI əsrin əvvəllərində müasir dünya teatr düşüncəsini tamamilə dəyişdirən Avropanın ən nüfuzlu teatr nəzəriyyəçisi H.T.Lemanın müasir teatr sənətinin necə qiymətləndirilməli olduğuna dair fikirləri maraq doğurur: "Teatrın "sarsıntı" yaratdığı yerdə - istər ruh yüksəkliyi, qəfil dərketmə (bəsirət), heyranlıq, cəlbedicilik, istərsə də gərgin (lakin iflic etməyən) bir anlaşılmazlıq sayəsində olsun - bu cür təcrübələrlə müəyyən olunan sahə etibarlı şəkildə ölçülməlidir (təhlil edilməlidir)" (Lehmann, Hans-Thies. Postdramatisches Theater. - Frankfurt am Main: Verlag der Autoren, 1999). "Stalin - İzm" tamaşasının ictimai baxışından sonrakı müşahidələrim göstərdi ki, qeyd olunan "sarsıntı" - istər ruh yüksəkliyi, qəfil dərketmə və estetik gərginlik - tamaşaçıların emosional durumunda, baxışlarında və ilkin şərhlərində aydın şəkildə sezilirdi. Tamaşa zamanı həmin "sarsıntı" yaşandı! Demək ki, "qeyri-səlis teatrı" tam olaraq öz missiyasını yerinə yetirə bildi.

Beləliklə, İrəvan Teatrının səhnəsində tarixin ən qəddar şəxsiyyətlərindən biri olan Stalinin bəşəriyyət qarşısındakı günahlarını etiraf etməyə məcbur qaldığı o sehrli anları seyr etmək ilk "sarsıntılardan" biri idi. Tamaşada Stalinin öz yaratdığı stalinizm ideologiyasının mental virusuna necə yoluxduğunun və bu xəstəliklə necə məhv olduğunun şahidi olmaq auditoriyaya ilk dəfə nəsib oldu. Tamaşaçı səhnədə psixoloji sarsıntıların basqısı altında qəddarlıq edən aciz, zəif bir insanı kəşf edirdi. Sən demə, Stalinə həmin amansız gücü verən elə insan rəzilliyi imiş... Rejissor İftixar "qeyri-səlis" metod vasitəsilə insan xislətinin bütün gizli çalarlarını çılpaq şəkildə nümayiş etdirərək, zalda əyləşən hər kəsin daxilindəki "kölgə" tərəfə qarşı nifrət oyatmağa müvəffəq oldu. İftixar bu dəfə teatr səhnəsini Stalinin günahlarından arınma və tövbəgah məkanına çevirməyi bacardı.

Stalin və onun hakimiyyət dövrünə həsr olunmuş digər səhnə əsərlərindən fərqli olaraq "Stalin - İzm"də bir tərəfdən, həmin dövlət maşınını totalitar şəkildə idarə edən, digər tərəfdən isə, öz yaratdığı sistemin əsirinə düşmüş diktator obrazı canlandırılır. Bu günə kimi Stalin obrazına müxtəlif rejissorlar müraciət etmiş, onun gəncliyi, totalitar hakimiyyət fenomeni və ölümünün cəmiyyət tərəfindən refleksiyası mövzuya toxunan, irimiqyaslı, publikada rezonans doğuran səhnə quruluşları təqdim etmişdilər. Rejissor Valeriy Fokinin quruluşunda hazırlanan "Stalinin doğuluşu" tamaşasında (Aleksandriysk teatrı, Sankt-Peterburq, premyera ili: 2019) inqilabçı İosif Cuqaşvilinin simasında "insanın yoxa çıxması və bir tiranın doğulması" məqamına aksent olunurdu. Bundan fərqli olaraq, rejissor İftixarın interpretasiyasında Stalin "Frankenşteyn sindromu"na yoluxmuş, yəni öz yaratdığı və daha sonra nəzarətindən çıxmış repressiv-bürokratik sistemin - "stalinizmin" qurbanına çevrilmiş, özündən belə bezmiş insan kimi təqdim olunur. Semiotik təhlil prizmasından yanaşsaq, "Stalin - İzm" tamaşasında xalq artisti Sabir Məmmədovun ifasındakı Stalin obrazı sovet ideologiyası üzərində qurulan dövlət maşınının simvolik reprezentasiyasıdır. Onun aktyor plastikası, nitqi, səs intonasiyaları, hətta sükut anları Stalinin özü tərəfindən yaratdığı stalinizminin bir hiper-reallıq kimi "gözəgörünməz, amma hər yerdə olan" güc fəlsəfəsini vizuallaşdırır.

Sənətşünas təhlillərimi tarixi-kulturoloji kontekst məcrasında qəlibləsəm, qeyd etməliyəm ki, tamaşada "həbsxana cəmiyyəti"nin quruluşu və onun insan mənəviyyatında buraxdığı mənəvi fəsadları aşkar nümayiş edilir. Tamaşanın ilk anından zalda əyləşənlərdə "həbsxana cəmiyyəti"nə düşdükləri hissini səhnə dekorasiyaları yaradır: müharibədən sonrakı küçələri xatırladan səhnənin boz kərpic divarları insanı dərhal bu zülmkar atmosferə qərq edir. Səhnədə nümayiş olunan kütləvi oyun - fərdlərin necə adsız kütləyə çevrildiyini semiotik işarələrlə göstərir. Aktyor oyunundan bəlli olur ki, bu simasız kütlə həm rejiminin qurbanı, həm də cəllad sisteminin daşıyıcısıdır. Rejissor İftixar Piriyevin aktyorların oyununa tətbiq etdiyi qeyri-səlis məntiq metodu sayəsində stalinizmi sadəcə tarixin arxiv sənədlərində qalmış bir epoxa kimi deyil, onun hər an daxilimizdə baş qaldıra biləcək mənəvi mutasiya kimi təqdim edir.

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində Elçinin bədii mətni ilə novator rejissor İftixarın "qeyri-səlis teatrı"nın bədii-estetik prinsiplərinə söykənən yaradıcı iş metodunun uğurlu sintezi Azərbaycan teatrının konseptual və yeni forma axtarışlarında yeni mərhələdir. Tamaşanın uğur ölçülərindən biri odur ki, Elçinin ilk baxışdan monolit görünən dramaturji mətnini məhz rejissor İftixar tərəfindən canlı, dinamik və ən əsası, tamaşaçını sarsıdan bir sənət əsərinə çevirir. "Stalin - İzm" tamaşası birhissəli qeyri-səlis təzahürlü paradoksal, siyasi-faciəvi fars janrında hazırlanmışdır. Lakin, nəzərə alsaq ki, rejissor səhnədə sadəcə şəxsiyyət pərəstişkarlığına qarşı təbliğat plakatı deyil, totalitarizmin insan ruhunun, onun azadlığının necə deformasiyaya uğratdığına və cəmiyyəti bütövlüklə hipnoz halına saldığını daha dərin ifşa edən fənlərarası tədqiqat işi aparır, tamaşanı "siyasi misteriya" adlandırmağa cəsarət edərdim. Siyasi teatr (məsələn, Bertold Brextdə olduğu kimi), adətən faktlara, məntiqə və lozunqlara istinad edirsə, siyasi misteriya kollektiv bilincsizlik, arxetiplər, qorxu və hakimiyyətin metafizikasını açmağa meyilli olur. İftixarın interpretasiyasında "Stalin - İzm" tamaşasının süjetində klassik orta əsr İncil mövzularından qaynaqlanan misteriyalarından fərqli olaraq, insanın ruhunu ələ almaq naminə mübarizə aparan İlahi başlanğıc və İblis obrazlarını - siyasi idol (Stalin) və totalitar sistem (stalinizm) təcəssüm etdirir. "Stalin - İzm"də boz kərpiclə hörülmüş, "həbsxana" divarları səhnəni qapalı sakral məkana çevirir ki, məhz burada insan ruhunun azadlığının boğulmasının əbədi ritualı oynanılır. Tamaşanın ilk dəqiqələrindən izləyici müşahidəçi statusundan çıxıb, həmin sıxıcı ayinin iştirakçısına çevrilir. Kölgə teatr oyun elementləri, səhnədə insanın daxili xislətinin çılpaqlığı ilə açılmasına tuşlanan işıq effektləri, səhnənin mərkəzində zamanı təcəssüm etdirən ağır, yorğun və cırıldayan araba, cəmiyyətdən "arzuolunmaz" şəxsləri, fərqli düşünən ziyalıları və "xalq düşmənləri"ni süpürüb atan repressiv aparatın simvolu "süpürgə" - totalitar hakimiyyətin irrasional və mistik qüvvətinin qanlı insan qurbanlarını və insanların şüurunu özünə tabe etdirməsi kimi qəddar ideyaların reallaşdırılmasını vizuallaşdırır. Rejissor İftixar qeyri-səlis məntiq metodu vasitəsilə səhnədə baş qəhrəmanı - Stalinin məsum gənclik illəri və öz əllərilə qurduğu o qanlı reallıq arasındakı təlatümlü parçalanma halını çalarlar çoxluğunda təsvir edir.

XXI əsrin dünya teatral paradiqmasında eyni zamanda müxtəlif, tamamilə fərqli istiqamətlərdə inkişaf edən teatral konsepsiyaların tuğyan etdiyi bir zamanda İftixarın təklif etdiyi nəzəri kontekstdə "qeyri-səlis teatrı" estetikası, təcrübədə isə reallaşdırmağa nail olduğu "qeyri-səlis teatrı" sisteminin oyun formaları" üzərində qurulan "Stalin - İzm" uzun müddət müzakirə olunacaq bir sənət nümunəsi kimi dəyərləndirilə bilər. Rejissor İftixarın "qeyri-səlis teatrı" - müəllif-modeli əsasında qurduğu "Stalin - İzm" tamaşasında  çağdaş dünya teatrının "məsuliyyət estetikası"nı (H.T.Leman), başqa sözlə, səhnədən auditoruyaya semiotik işarə sistemləri vasitəsilə informasiya ötürmə və bu informasiyanı tamaşaçı tərəfindən kodlar vasitəsilə səhnədən qəbulu və emalı prosesini həyata keçirməyə nail olur. Tamaşaçını reallığı aldadıcı qavramağa, çox vaxt gözübağlı dərk etməyə sövq edən səlis (ikili) məntiqdən uzaqlaşdıran İftixar auditoriyanı "qeyri-səlis" düşünməyə vadar edərək, eyni zamanda səhnə və zalı "semiotik işarələr"in generasiya cihazına çevirir. Performans gedə-gedə aktyor və izləyicinin topladığı həyat təcrübəsi və səhnə əsərindən ötürülən və anındaca qavranılan kodların arasında üzvi bağ yaranır. Bu da, öz növbəsində, İftixarın "qeyri-səlis teatrı" modelinin eksperimental "risk estetikası"dır ki, bizi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində "Stalin - İzm" tamaşasının sehrini, həqiqi teatrallığa xas - dolğun palitrada seyr etməyə yenə və yenə cəlb edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!