"...Başqasının başına gəlsəydi belə bir müsibət,
Ona elə ürəyim yanardı ki, ölərdim əlbət..."
U.Şekspir. "Kral Lirin faciəsi"
Məlum olduğu kimi, bədbin, nihilist ruhuna görə Kral Lirdən bəhs edən rəvayətin dramaturji həlli (1605-1606) ilk vaxtlar səhnə quruluşu üçün birmənalı qəbul edilmirmiş. Lakin əsərə belə münasibət uzun sürməyib - yaradıcı insanlar "Kral Lirin faciəsi" əsərindəki sərrast replika və dialoqları diqqətdən kənarda qoya bilməzdilər. Və bu tamamilə anlaşılandır: axı teatr həyatın güzgüsüdür. Və əgər həyatı bütün dönüşləri ilə göstərən qafiyəsiz nəzmlə dahiyanə yazılmış əsər mövcuddursa, belə bir xəzinəyə biganə qalmaq mümkün deyil. Müasir dövrümüzdə dahi Şekspirin bu dərin psixoloji faciəsinə 1941-ci ildən bəri teatrlarımızda müxtəlif quruluşlar verilib. Bu dəfə "Kral Lirin faciəsi" Akademik Milli Dram Teatrının səhnəsində "Şöhrət" ordenli xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə benefis tamaşası olaraq qoyuldu. Tamaşanın quruluşçu rejissoru kimi isə Ş.Rustaveli adına Gürcüstan Milli Teatrının rejissoru David Sakvarelidze çıxış etdi.
Nikbin musiqi ilə müşayiət olunan bədbinlik
Tamaşa, belə demək mümkünsə, nikbin-oynaq musiqi sədaları altında aktyorların matç, oyun, yarışmadan əvvəl idmançılarsayağı hərəkətləri ilə başlayır. Yeri gəlmişkən, tamaşanın musiqi tərtibatı da David Sakvarelidzeyə məxsusdur. Və səhnə varolmasının ilk dəqiqələri ötəri olaraq belə bir təəssürat yaradır ki, ingilis qaraqabaqlığı gürcü oynaqlığına məğlub olub. Lakin əlbəttə, məsələ, ingilis qaraqabaqlığında deyil, süjetin mahiyyətindədir. Ona görə də çox keçmir ki, ilkin ötəri təəssürat yerini müstəsna qələm sahibinin əsərinin ruhunu təşkil edən ab-havaya verir. Bununla belə, final səhnəsində quruluşçu rejissor və musiqi tərtibatçısı David Sakvarelidze nikbin musiqidən vaz keçə bilmir. Bu səbəbdən də əsəri mütaliə edib tamaşaya gələnlər son səhnədə matəm musiqisi eşidəcəklərini gözləməsinlər.
Quruluşun alınan və alınmayan tərəfləri
Başlayaq tamaşanın nitq simasından. Bu yerdə mütləq qeyd edilməlidir ki, rejissor məşqlərə başlayandan əvvəl "Kral Lirin faciəsi" əsərinin XVII əsrə aid nəşrinin Azərbaycan dilinə tərcüməsini vacib saydığını bildirib və teatrın rəhbərliyi belə bir mötəbər işi tərcüməçi-ədib Kamran Nəzirliyə həvalə edib. Gözlənildiyi kimi 1600-cü illər ingiliscəsindən dilimizə mükəmməl bir tərcümə ərsəyə gəlib. Həm də səhnələşdirməyə uyğunlaşdırılaraq. Lakin bütün tamaşa boyunca aktyorların əksəriyyətinin nitqi qətiyyən şekspirsayağı səslənmirdi. Bu irad, xüsusilə, Qonerilya rolunun ifaçısı, Əməkdar artist Münəvvər Əliyevaya və Reqana rolunun ifaçısı İlahə Həsənovaya aiddir - aktrisaların tonu, intonasiyası, yerli-yersiz yüksək səslə danışmaları azmış kimi, üstəlik, aradabir, yumşaq desək, orta statistik azərbaycanlı qadının məişət ifadələrinə, slenqlərinə yol verməyi də məqbul sayırdılar. Halbuki hər iki aktrisanın təcrübəsi və yaradıcı imkanları kifayət qədər genişdir və onlar çox uğurla personajlarının "donuna" girə bilərdilər.
Pyesin remarkasında hadisələrin məkanı Britaniya, zamanı isə əfsanəvi tarix olaraq eramızdan əvvəl IX əsr qeyd edilib. Bütün bu detallar səhnədə özünün ifadəsini tapıb - minimalistik, lakin eyni zamanda çox qədim ruh və saray eksteryerinin şekspirsayağı estetikası, həm müasir dövrün dekorasiya elementi, həm də krallığın qapılarının açarı kimi nəzərdən keçirilə bilən üfüqi xətt üzrə paralel quraşdırılmış diod işıqlı zolaqlar, aktyorların kostyumlaşdırılmış əlbisələrdən uzaq olan, lakin bununla belə, müvafiq ab-havanı canlandıran libasları...
Adaxlısı olan Fransa kralı ilə Fransaya yola düşməzdən əvvəl Kordeliyanın bacıları ilə vidalaşması səhnəsi tamaşada fraqmental miqyasa sığışdırılıb. Bu yozum çox natamam təsir bağışlayır. Halbuki əsərin mətninin bu hissəsində bacıların bir-birinə ünvanladıqları replikalar çox mətləblərdən xəbər verir:
"Kordeliya:
...Mən sizin xislətinizə bələdəm,
Lakin sizə rəhm etdiyimə görə açıqlamayacam. Atamızdan muğayat olun.
Onu təşvişlə sizin görüntüdən başqa bir şey olmayan sevginizə etibar edirəm...
İnsanlar nə qədər hiyləgər olsalar da, vaxt yetişir -
Və hər şeyi dupduru su aydınlığına çıxarır."
Qonerilya ilə Reqana Kordeliyanın bu atmacalarını istehza ilə qarşılayırlar. Pyesin bu hissəsinin haqqında bəhs etdiyimiz tamaşada səhnə həlli tapmaması kəsirlərdən biridir. Yaxşı olardı ki, bacıların vidalaşması epizodu tam şəkildə canlandırıla idi, ya da ümumiyyətlə oynanılmayaydı bu səhnə, çünki tətbiq edilmiş dəyişiklik, yəni bacıların sözsüz vidalaşması heç bir dramaturji yük daşımır.
Təcrübəli aktyor heyəti içərisində daha yaddaqalan çevrilmə bacarığını qraf Kent rolunda çıxış edən Əməkdar artist Elşən Rüstəmov nümayiş etdirdi. Gənclərdən ibarət heyət üzərlərinə qoyulan etimadı, demək olar ki, tam doğrultdu. Bu mənada adının ilk olaraq xüsusi vurğulanmasına layiq Təlxək rolunda çıxış edən Elsevər Rəhimovdur. Saray həyatından danışılan bir sıra digər əsərlərdə olduğu kimi, "Kral Lirin faciəsi"ndə də Təlxək auditoriyaya nüfuz gücünün miqyasına görə kralla təxminən, eyni müstəvidə təsvir və təqdim edilir.
Kordeliya rolunun ifaçısı Rəbbilə Ələkbərzadə Akademik Milli Dram Teatrında debütünün öhdəsindən məharətlə gəldi. Daha əvvəl bu aktrisanın aktyorluq keyfiyyətləri Teatr Xadimləri İttifaqının nəzdində təşkil edilib, uğurla fəaliyyət göstərən aktyor və rejissor laboratoriyalarının Məhəmməd Verdizadənin quruluşunda TXİ-nin "Baxış-5" festivalı çərçivəsində təqdim olunan Əli Əmirlinin "Kişi və qadın" melodramatik komediyasının tamaşasında Emma obrazı ilə diqqət çəkmişdi.
Akademik Milli Dram Teatrının bu vaxta qədər baxdığım tamaşaları içərisində ilk dəfə olaraq Edqar rolunun ifaçısı, Əməkdar artist Elnar Qarayevin oyunu qənaətbəxş təsir bağışladı. Edmond rolunda çıxış edən Tural İbrahimov isə personajını nədənsə del-arte tərzində oynadı, amma gənc aktyorun belə yanaşması obrazın təsir gücünə yeni çalar bəxş etdi. Gənclərdən adının qeyd edilməsinə layiqlilərdən biri də Elçin Nurəliyevdir - onun hersoq Albanisi pafosdan uzaq olduğu üçün inandırıcı alındı.
Nurəddin Mehdixanlının Kral Liri
Əsas söz, adətən axırda dilə gətirilir. Görkəmli aktyorumuz Nurəddin Mehdixanlının Kral Liri ilə tanış olmaq üçün mütləq tamaşanın özünü görmək lazımdır. Çünki Şekspirin bütün baş qəhrəmanları kimi, Kral Lir də vahid, yekrəng təsbitə, təhlilə, təsvirə sığmır - həm bir obraz, həm də obrazın səhnədəki təcəssümü ilə bağlı hər kəsin özünün Kral Liri ola bilir. Yeganə olaraq onu qeyd edim ki, tükürpədici əhvalatın yekununda səhvlərini anlayıb Allahdan ölüm istəyən, həm mənən, həm də fiziki anlamda "sınmış Lirin" növbəti səhnə həllinin şahidi olsaq da, hər halda Nurəddin Mehdixanlının Kral Liri məğlubedilməz, lakin eyni zamanda çox duyğusal insan təəssüratı buraxır.
(Əsərdən parçalar B.Pasternakın rus dilinə tərcüməsindən dilimizə məqalə müəllifi tərəfindən çevrilib)

.jpeg)
.jpeg)
.jpeg)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
