"Dördüncü divar" qarşısında Rövşən Kərimduxtdur - Layihə

Sənət təvazökarlığı sevir. Bu sevginin qaynağında həqiqi istedad, qabiliyyət və bacarığın sirləri gizlənir. İyirmi ildən artıq Akademik Milli Dram Teatrının səhnəsində bir-birindən fərqli, yaddaşlarda qalan rollara imzasını atan aktyor Rövşən Kərimduxt da təvazökar və bir o qədər sadə, mehriban, işini, sənətini yüksək qiymətləndirən insandır. Onunla söhbətləşməyi beş-altı il əvvəldən arzulasam da, qismət bu yağışlı, çiskinli qış səhərinə təsadüf etməli oldu. Bugünkü "Dördüncü divar" layihəsinin qonağı sözün əsl mənasında aktyor Rövşən Kərimduxtdur

- Rövşən bəy, sizin haqqınızda “istedadlıdır, lakin istedadının fərqində deyil” kimi fikirlər səslənir. Bu fikirlərdə nə dərəcədə həqiqilik var?

- İstedadım haqqında mən heç nə deyə bilmərəm. Amma işimə, teatra qarşı çox məsuliyyətli insanam. Düzdür, bir ara ola bilər ki, bir az soyumuşdum. Amma məncə, bu hər bir sənət adamının həyatından keçib gedən haldır. Mən həmişə işə gələn, tamaşalardakı rollarımı məsuliyyətlə ifa edən aktyoram. Özünüz də yəqin ki, məni səhnədən izləmisiniz. Mənim elə bir rolum olmayıb ki, onu elə-belə, necə gəldi oynayım. Ürəyimcə olsa da, olmasa da, rollarımı həmişə ürəklə ifa etmişəm.

- Ümumiyyətlə, aktyor roldan nə dərəcədə imtina edə bilər?

- Teatr qanununa əsasən aktyor heç bir tamaşadan, roldan imtina edə bilməz. Çünki istənilən rolu ifa etmək aktyorun bilavasitə borcudur. Əgər rejissor tərəfindən aktyora rol həvalə olunubsa, o, aktyor teatra gəlməli və öz rolunu oynamalıdır.

- 1991-ci ildə İncəsənət Universitetinə daxil olmusunuz. O dövrü yəqin ki, xatırlayırsınız. Necə oldu elə çətin bir dövrdə aktyor olmaq qərarına gəldiniz?

- Anam çox arzu edirdi ki, mən cərrah olum. Amma tibb sahəsi, xüsusən də cərrahlıq xasiyyətimə uyğun peşə deyildi. O vaxtı da bir neçə sinif yoldaşım İncəsənət Universitetində açılan gecə kurslarına məşqlərə gəlirdilər. Bir dəfə onlar məni də özləri ilə gətirdilər. Ondan sonra aktyorluq sənətinə, teatra həvəs yarandı. Elə öz istəyimlə də sənədlərimi aktyorluq fakültəsinə verdim. Həmin sinif yoldaşlarım imtahandan kəsildilər, mən isə qəbul olundum.

- Müəllimləriniz kimlər olub?

- Birinci kursda müəllimim Həsənağa Turabov olub. İkinci kursda isə öz xahişimlə Əlabbas Qədirovun kursuna keçdim. Səhnə danışığı müəllimimiz isə Əzizağa Quliyev olub. Elə diplom işi tamaşamdan sonra da Həsənağa Turabov məni bəyənib teatra işə dəvət etdi.

Adətən aktyor olandan sonra çoxları peşman olduqlarını qeyd edirlər. Mən isə əsla peşman deyiləm.

- Sənətinizi sevmisiniz…

- Mən sənətimi həmişə sevmişəm, indi də sevirəm. Əvvəllər beş gün tamaşalar olan vaxtı elə olurdu ki, səhər məşqlərdə, axşam isə tamşalarda çıxış edirdim. Çox çətin iş prosesidir. İnsandan həm fiziki, həm də mənəvi güc tələb edən peşədir.

- Bayaq dediniz ki, ananız cərrah olmanızı istəyirdi. Amma elə aktyorluq sənəti də hardasa cərrahlıq peşəsinə yaxındır.

- Həm də çox yaxındır. Aktyorluq da insandan cərrah kimi səliqəli, ehtiyatlı olmağı tələb edir. Bir balaca səhv, ehtiyatsızlıq bütün tamaşanı məhv edə bilər.

- Tamaşanı, ya obrazı?

- İlk olaraq, təbii ki, tamaşanı. Təsəvvür edin ki, tamaşadakı rolu ifa edən zaman ağlamaq əvəzinə, aktyor gülür. Həmin an artıq şəxsən mənim aləmimdə tamaşa bütünlüklə sıfıra bərabər olur.

- Sizinlə indi söhbət edirik. Çox müsbət enerjiniz var. Amma kənardan ciddi, qaraqabaq, hətta bir az da davakar təsir bağışlayırsınız.

- "Generalın son əmri" tamaşasında əyyaş rolu ifa edirəm. Jurnalist xanımlardan biri həmin tamaşanı izləyəndən sonra mənim haqqımda yazmışdı ki, mənim tamaşada içkili olub-olmamağımı yəqinləşdirmək üçün tamaşadan sonra arxamca gəlib. Amma ona o qədər zəhmli, ciddi təsir bağışlamışam ki, söz soruşmağa məndən çəkinib. Ola bilər ki, kənardan zəhmli, qəddar təsir bağışlayıram. Amma inanın, mən həyatda çox səmimi, deyib-gülən adamam. İnsanları çox sevirəm...

- "Qətibə İnanc" tamaşasında sərkərdə Hüsaməddin rolunu ifa edirsiniz. Tamaşaçı kimi Hüsaməddin obrazı mənim çox xoşuma gəldi. Özünüz necə, razı qaldınız?

- Bilirsiniz, rejissor gərək məni ifa edəcəyim rola inandırsın. Mən, sözün düzü, həmin obrazdan qaçmaq istəyirdim. Amma Bəsti xanım Cəfərova, Mərahim Fərzəlibəyov, Çingiz Ələsgərli məni həmin rola inandırdılar. Üç-dörd məşqdən sonra hiss etdim ki, Hüsaməddin obrazı elə-belə adi, sıradan rol deyil. O, sərkərdədir, həbsə düşür. Ordan əsəbləri tarıma çəkilmiş vəziyyətdə qaçırılır. İllərdir özündən yaşca böyük qadına aşiqdir. Qadının hər dediyini həyata keçirir, axırda həmin qadının faciəsinə səbəb olur və özünü də öldürür. Fikir verin, görün istər tamaşa, istərsə də rol nə qədər dramatik, ziddiyyətli və dərindir. Çətin obraz idi.

İnanırınız ki, məşq prosesində mən Hüsaməddin obrazının ifa olunmasının iyirmi cür variantını rejissora göstərmişdim. Neçənci variantdan sonra nəhayət, sonuncu ifada dayandıq. Ancaq bu gün siz yenidən gəlib tamaşaya baxsanız, tam fərqli ifalar görəcəksiniz.

Səhnədə azadlıq olanda, daxildən də vəhy gələndə aktyor bir metr yox, bir metr yarım da hərəkət edə bilər. Təbii ki, mizanları pozmadan.

- Siz səhnədə çox sərbəst və eyni zamanda da məsuliyyətli ifa nümayiş etdirirsiniz. Bu nədən yaranır?

- Bilirsiniz, belə bir söhbət var ki, guya aktyor səhnəyə çıxanda zalı görmür, dördüncü divarı adlamaq olmaz və s. Amma mən sizə bir söz deyim ki, aktyorlar hamısı zalı çox gözəl görürlər və hiss edirlər. Zaldakı müsbət və mənfi auralı tamaşaçının enerjisini hər bir həssas aktyor hiss edir.

- Siz hiss edirsiniz?

- Əlbəttə, hiss edirəm. Mən rolu ifa edəndə, hətta rola özümü dərindən qapdıranda belə əgər zalda mənfi enerjili adam varsa, bunu  dərhal duyuram.

- Bəsti xanımla tandem necə alındı?

- Əla alındı. Rollarımızı çox böyük sevgi ilə oynayırıq. Mənə elə gəlir ki, biz ikimiz səhnədəki sevgi yerlərini ifa edəndə, bir-birimizə baxanda zal da həmin sevgini hiss edir. Bəsti xanımla tərəf-müqabili olmaq məni sevindirir. Ondan çox şey öyrənirəm. Eləcə də Ramiz Novruzdan, Rafael Dadaşovdan və b.

- Yəni öyrənmək heç zaman bitən proses deyil…

- Bəli. Məşq proseslərində həqiqətən də öyrənirik. Səhv olur, böyük sənətkarlar mütləq deyirlər, başa salırlar. Görürsən, hiss edirsən ki, onlar sənə qarşı can yandırırlar. Bu da təbii ki, adama stimul verir.

- Öhdəsindən gələ bilmədiyiniz rol olubmu?

- Olub. Özü də çoxlarının arzusunda olduğu qəhrəman obrazı idi. Rejissor rolu verəndən sonra baxdım ki, həmin obraz üçün çox yaşlıyam. Rejissora demişdim ki, başqa aktyora versin. Çünki mənim artıq on doqquz, iyirmi yaşım yoxdur.

- Onda sizi sənət naminə vicdanlı aktyor hesab etmək olar?

- Əgər rol mənə uyğun deyilsə, mən gedib rejissordan özüm rica edərəm ki, məni kütləvi səhnəyə çıxartsın, amma həmin rolu mənə yox, uyğun gələn aktyora versin. Bunun üçün yenə deyirəm rejissordan xahiş edərəm, hətta ona deyərəm ki, sənin tamaşana xələl gətirəcəm, məni bu tamaşadan uzaqlaşdır. Çünki səhnə elə bir yerdir ki, orda bir nəfər əziyyət çəkmir. Rejissor, tərəf-müqabilləri, bəstəkar və s. Əgər üç-dörd məşqdən sonra mən hiss edirəmsə ki, rol mənlik deyil niyə həm özümə, həm də tamaşaya zərər verməli, digər aktyorların zəhmətini yerə vurmalıyam?

- Tarixən kişi hökmdarlar, sərkərdələr mütləq qadın əli ilə qətlə yetirilib. Amma "Qətibə inanc" tamaşasında qadın kişi əli ilə öldürülür. Bir az ağrılı məqamdır…

- Bəlkə də səhv edərəm. Amma mənə belə gəlir ki, bu tamaşanın son zəhərlənmə hissəsində iştirak edənlər Azərbaycanın, belə deyək də, qaymaqları olurlar. Nizami Gəncəvi, Atabəy Məhəmməd, Qızıl Arslan və b. kimi qəhrəman surətləri var.  Onların zəhərlənib ölməsi ilə hər şey məhv ola bilərdi. Amma Hüsaməddin də bütün hallarda Qətibəni sevir və onun ölümündən sonra özünü öldürür.

- Filmlə bağlı son işiniz İlqar Nəcəfin "Nar bağı" filmi olub. İlqar Nəcəflə işbirliyi necə idi?

- Çox gözəl. Həmin filmə qədər mən on səkkiz filmə çəkilmişdim. İlqarla isə tələbə yoldaşı olmuşam. Amma 1994-cü ildən sonra biz görüşməmişdik. Onunla mən bir də "Nar bağı"nın seçimlərində görüşdüm. İlqar da mənim rolumun üzərində israrla dayandı ki, həmin rolu məhz mən ifa edim. Onda bir rejissor kimi ən çox bəyəndiyim xüsusiyyət bu idi ki, İlqar seçim etdiyi aktyor üzərində israrla dayanır və həmin israrından bircə addım da olsun geri çəkilmir. Və aktyordan istədiyini almayınca əl çəkmir. Amma mən həmin filmdə çox rahat çəkildim.

- Bəlkə bu rahatlıq həm də sizin teatrdan gələn peşəkarlığınızla bağlıdır? Axı səhnə aktyoru həmişə canlı saxlayır.

- Əlbəttə. Aktyoru sənət baxımından elə hər baxımdan səhnə qədər yaşadan ikinci heç nə ola bilməz. İnanın, mən səhnənin daşını, divarını  bu dəqiqə gedib öpməyə hazır adamam. Filmlə səhnənin isə fərqi ondadır ki, filmdə hansısa hissə düz alınmayanda rejissor onu yenidən çəkə bilir. Amma səhnə elə deyil. Hər şey canlı şəkildə baş verir. Misal üçün, İlqar Nəcəf, Ramin Hacılı kimi rejissorlar aktyordan istədiyini almayana, qane olmayana qədər çəkilişi davam etdirəcək rejissorlardır. Bu rejissorlar yaxşı yox, əla ifa olana qədər aktyordan əl çəkmirlər. Kaş çox yox, beş nəfər o cür iş prinsipi, peşəkarlıq ilə işləyən rejissorlarımız olaydı.

- Rol alınmayanda siz özünüz hiss edirsiniz?

- Aktyor özü bunu mütləq hiss edir. Teatrda aktyor amma yerinə lakin deyə bilər. Aktyor robot deyil ki, iki, üç saatlıq tamaşanın bütün sözlərini birəbir beynində saxlasın. Amma əsas odur ki, aktyorun içindən gələn hiss təbii olsun. Əgər o, ürəklə, səmimiyyətlə oynayırsa, həmin səmimiyyət hansısa səhvin, çaşmağın da üstünü qapayır.

- Rol üzərində iş prosesi necə gedir?

- Bütün rollarımı gedib stol arxasında oturub oxuyuram desəm, yalan olar. Hərdən deyirəm yaxşı ki, mən Sumqayıtda yaşayıram. Hər gün məşqə gələndə yolboyu öz işləyəcəyim hissələri oxuyuram. Ümumiyyətlə, mən ən ciddi rolu belə təhvil alanda onu həmişə gülə-gülə oxuyuram. Ona görə ki, mən həmin rolu dərindən oxuyub ordakı fikirləri dərhal tutsam, öz fikirləşdiyimi ifa etmək istəyəcəm. Mən isə istəyirəm ki, öz gördüyümü yox, rejissorun görmək istədiyi obrazı yaradım. Nə qədər desəm də ki, özüm yaratmaq istəyirəm bu yalan söhbət olacaq. Ona görə ki, rejissor aktyora kömək etməsə, o, heç vaxt özü təkbaşına rol yarada bilməz. Heç bir rejissor da heç vaxt aktyoru uçuruma doğru aparmaz. Çünki heç bir rejissor öz tamaşasının pis olmasını istəməz. Mənim bəxtimə həmişə yaxşı rejissorlar çıxıb. Həmişə deyiblər ki, buyur, göstər öz bildiklərini.

Aktyorun göstərdikləri rejissorun xoşuna gəlirsə, onun davamını götürüb aparır. Bəyənmirsə, ona faktiki olaraq başa salır ki, göstərdikləri niyə, hansı səbəbə görə uyğun deyil. Bundan sonra o, artıq öz görmək istədiklərini də izah edir. Mənə görə əsl rejissorluq, peşəkarlıq budur.

Əgər aktyor deyirsə ki, bu rol mənim üçün heç nədir. Onu ürəyim istəyən kimi ifa edə bilərəm. Deməli o, öz işinə, sənətə məsuliyyətlə yanaşmır. Yüz rolu necə gəldi edib, yüz birincini də onun yanına aparır. Amma tarixdə kəmiyyət yox, keyfiyyət qalır. On ildən, iyirmi ildən sonra aktyor olmayanda tarix dil açıb danışacaq ki, kim hansı rolu necə ifa edib.

- Teatrda ən çox kimdən öyrənmisiniz?

- Öyrənməyinə hamıdan öyrənmişəm. Çünki məşq prosesləri, tamaşalar istər-istəməz səni öyrədir. Bütün bunlar da kollektiv şəkildə baş verir. Amma konkret olaraq rəhmətlik Kamal Xudaverdiyevdən, Əlabbas Qədirovdan çox şeylər öyrənmişəm. İndi isə dara düşən kimi məsləhət aldığım insan var… Bir də teatrşünas İlham Rəhimlini həmişə özümə müəllim hesab etmişəm. Və onun yazısına həmişə inanmışam. Çünki İlham müəllimin yazısında heç vaxt qərəz olmayıb. 

- Hal-hazırda yeni işiniz var?

- İndi "Sinif yoldaşları" tamaşasının məşqlərinə başlamışıq. Tamaşanın rejissoru Azərpaşa Nemətovdur.

- Burda hansı rolu ifa edirsiniz?

Məsələ burasındadır ki, bu tamaşada baş rol yoxdur. Hamı kapitandır.

Söhbətləşdi: Samirə Əşrəf


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!