Anarın 70 illiyinə - Oljas SÜLEYMENOV

Oljas Süleymenovun 90 illiyi qeyd olunan günlərdə Qazaxıstanda bu görkəmli şair, publisist, alimlə bağlı xeyli kitab, albom, təqvim nəşr olunub. Bu nəşrlərin sırasında görkəmli sənətkarın şeirləri, publisist yazıları, elmi əsərləri toplanmış kitablar da işıq üzü görüb. Oljas "Xalqım mənim, tarixi unutma" adlı publisist yazıları toplanmış kitabına Azərbaycanın Xalq yazıçısı Anara yazdığı açıq məktubu da daxil edib. Həmin mətni oxucularımıza təqdim edirik.

 

Əziz Anar!

Belə günlərdə (öz təcrübəmdən bilirəm) çoxlu təbriklər alırsan. Onların arasında səmimiləri az deyil. İnanıram ki, mənim təbrikimi onları qoyduğun qovluğa qoyacaqsan.

Haçansa, cavanlığımda köçərilər haqqında yazmışdım: "Başqalarında özümü tanıyaraq sənə tərəf köç edirəm". Tanışlığımızın, yoldaşlığımızın, dostluğumuzun, qardaşlığımızın onillikləri ərzində bir-birimizi daha yaxından tanıdıq. Özümü də, dünyanı da sənin kimi adamlarla görüşlərdən sonra daha yaxşı anladım. Sənin vasitənlə sənin torpağına da, xalqına da daha yaxından bələd oldum. Xalqın sənin kitablarına püskürmüş etiraflarıyla, sevincləri və bəlalarıyla, işıqlı və qanlı səhifələriylə mənə daha da doğmalaşdı.

Bəxtimizə qəribə vaxt düşdü. Uğurlarıyla, faciələriylə möhtəşəm bir vaxt. Təfərrüatını bilmək istəyənlər tərcümeyi-hallarımızı vərəqləsinlər. Nəslimizin tarixini görəcəklər. O nəslin ki, yalanı yaxın buraxmırdı, amma eyni zamanda özü dəfələrlə aldanırdı, böyük illüziyalara qapılırdı və həyatın qaba gerçəkliyi qarşısında müdafiəsiz qalırdı. Peşəkar bioqraflar qəhrəmanlara və dövrlərə aid detalların fərqinə varmır, onları əhəmiyyətsiz sayır. Mən isə bu gün Moskvada, Bakıda, Alma-Atada, İstanbulda çoxlu-çoxlu görüşlərimizi xatırlayıram və bu görüşlərin hər birinin öz süjeti vardı. Şəxsiyyətin və zamanın obrazını tamamlayan görüşlər...

1986-cı ilin yazı. Yazıçılar qurultayı. Kreml dəhlizlərində müxtəlif respublikalardan gəlmiş həmkarların görüşləri. Bir-birlərini qucaqlayırlar, axı aylarla görüşməyiblər. Qızğın söhbətlər, mübahisələr, hamısı da yenidənqurma mövzularında. Hamımız ölkənin həyatında dəyişiklikləri gözləyirik. Tribunadan səslənən çıxışlar da bu ab-havanı əks etdirir - kiminçünsə sevincli, kiminçünsə həyəcanlı ovqatı.

Qurultayın yekun günü. SSRİ Yazıçılar İttifaqının İdarə heyəti üzvlüyünə namizədlərin siyahısı oxunur. Salondan əlavələr, təkliflər səslənir. Siyahı açıq səsverməylə qəbul olunur. Hesablama komissiyası seçilir, Sədr - məni, üzvlərindən biri səni seçirlər. Nümayəndələrə namizədlərin siyahısını verirlər, gizli səsvermə üçün. Dəhlizdə qutular qoyulub, çoxu bülleten alıb elə birbaşa qutuya atır. Bəziləri bülletenləri götürüb bir kənara çəkilir, kimisə pozur, sonra salona qayıdırlar. Komissiyanın işi iri Kreml otaqlarından birində gedir. Çoxlu masa qoyulub. Hər masanın arxasında komissiyanın bir üzvu oturub, qarşısında da bülletenlər.

Hərə neçə yüz bülletenə baxmalıdır. Hesablama sükut içində davam edir. Sədri yalnız əl qaldırmaqla çağırmaq olar. Masalara yanaşıram. Bəzi bülletenlərə çalın-çarpaz xətt çəkilib. Aydındır ki, bunu narazı adamlar edib - adları siyahılara düşməyənlər. Bu bülletenləri ayrı qoyuruq - onlar hesaba alınmayacaq. Amma bəzi "normal" bülletenlər də var ki, onlarda da müəyyən familiyalar pozulub. Məsələn, "kənd yaşarları" "liberalları" pozublar Yevtuşenkonu, Rojdestvenskini, Voznesenskini.

Gördüm ki, sən əlini qaldırmısan. Yanaşdım. Mənə bir-birinə bənzəyən bülletenləri göstərdin. Hamısında eyni familiyalar pozulmuşdu: Rəsul Həmzətov, Çingiz Aytmatov, Mustay Kərim, Qaysın Quliyev - siyahının az qala üçdə biri pozulmuşdu - bütün Azərbaycan familiyaları, bütün qazax, türkmən, tatar, başqırd, qırğız, özbək, Dağıstan, çeçen, inquş, karaçay, tacik, qaraqalpak familiyaları. Yəni bütün müsəlmanların familiyaları. İstisnasız. Hansısa nümayəndələr gizli səsvermədən istifadə edib belə total hesablama genosidi icra etmişdilər. Sən "ermənilərin işidir", - dedin. Komissiyanın başqa bir üzvü də eynən bu cür bülleteni göstərdi. Bu sayaq ondan artıq bülleten üzə çıxdı. Qurultayın tərkibini yoxladıq - bu sayaq bülletenlərin sayı doğrudan da, erməni nümayəndələrin sayı qədər idi.

Mən bu qara mürəkkəblə pozulmuş adlara baxır və o vaxtadək dərk etmədiyim bir şeyi anlamağa çalışırdım. Axı mən onların hamısını tanıyırdım. Bəzilərilə cürbəcür yazıçı toplantılarında görüşürdük, yeyib-içirdik, bir-birimizin şərəfinə tostlar deyirdik. Bəs nə oldu, görəsən?! Əvvəlki qurultaylarda belə bir işin olduğunu eşitməmişdim. Bu nə qəsd idi belə? Onu da deyim ki, erməni nümayəndələrinin öz aralarında da özlərini pozanlar vardı. Amma başqa bülletenlərin heç birində "yan" sonluğu olan familiyaların heç biri pozulmamışdı. Bütün bu bülletenləri yararsız sayaraq komissiya öz hesabatına daxil etmədi.

Qurultayın devizi: "Ədəbiyyatların dostluğu - xalqların dostluğu" idi. On beş-iyirmi səs qurultayın qərarlarına təsir edə bilməzdi. Amma bu hərəkət bizimçün "Qorbaçov qrippinin" ilk əlaməti kimi səsləndi. O xəstəliyin ki, dövlət immunitetini sarsıtdı, az sonra belə sətəlcəmli səslər xalqları bir-birilə salışdırdı və ölkəni dağıtdı. Bir xalqın faciəsi başqa xalqı xoşbəxt edə bilməz. Tarix bu həqiqəti çox dəfə isbat edib... Bunu yazıçılardan yaxşı kim bilə bilər?! Bədii tarix də, elmi tarix kimi yaddaş sənətidir. Amma biz gördük ki, tarix nifrət amilinə də çevrilə bilər və bu amil nəsilbənəsil keçərək insanların şüurunu şikəst edə bilər. Qədim dövrlərin yazıçıları tarixi yalnız müharibələrin ardıcıllığı kimi təfsir edirdilər. "Sülh istəyirsənsə - müharibəyə hazır ol" Hər bir müharibə - soyqırımıdır. Nə yazıq ki, bu soyqırımı beynəlxalq təcrübəylə qanuniləşdirilib. Savaşlar mütləq amansız inqilablara yol açır: "Ya-ya", "Ya mən, ya sən", "Ya biz, ya onlar!"

Ədəbiyyatçılar və bu sayaq tarixçi alimlər bir neçə nəsli "ya biz, ya onlar" şüuruyla tərbiyə edərək müharibəyə hazırlayıblar. Atalarımızı (mən konkret olaraq Rəsul Rzanı və Ömər Süleymenovu nəzərdə tutmuram) bu "ya biz, ya onlar" romantikası cəlb edib və bunun nəticəsində bütöv siniflər, silklər, hətta xalqlar toqquşub və məhv olub. Amma atalar nəslinin ən yaxşıları onu da dərk etdilər ki, təbiət insanlığı inqilaba yox, təkamülə çağırır. Və yer üzündə həyat da buna görə davam edir. İnsanlar bunu dərk etsələr, həyat bundan sonra da davam edə bilər. "Həm mən, həm sən", "Həm biz, həm siz".

O qurultaydan 20 il keçib. İnsanların və özəlliklə bizim nəslin şüurunda çox şey dəyişib. Biz haçansa parlaq görünən terminləri - "azadlıq", "müstəqillik", "demokratiya" istilahlarını indi ayrı cür dərk edirik. Həyat bu anlayışları təshih etdi. Və əgər ovaxtkı səsvermə bu gün baş versəydi, mənə elə gəlir ki, erməni bülletenləri də bu dərəcədə yeknəsək olmazdı.

Ən müdrik siyasətçilər Müstəqillik dövrünü qarşılıqlı bağlılıq kimi qavrayırlar. Get-gedə daha yaxşı anlayırıq ki, cəmiyyətdəki siniflər, qonşu xalqlar bir-birilə qarşılıqlı anlaşmalıdırlar və bu da birgə yaşamağın əsas şərtidr. İndi bu fikir daha çox qəbul edilir. Və bu işdə, biz, yazıçılar xalqlarımıza kömək etməliyik. Anar, sənin adını atan çox gözəl tapıb. Bu adla bağlı digər nəcib assotsiatsiyalardan başqa məndə bir assotsiatsiya da oyanır. Xəzərin Şərq sahilindəki səhralarda qazaxlar güclü erkək dəvəni NƏR adlandırırlar. Bu dəvəni, adətən karvanın lap axırına qoşurdular. O dövrdə belə bir zərb-məsəl də yaranıb: "Sonuncu dəvənin yükü daha ağır olur". Ona görə ki, uzaqlaşan karvandan düşən yükləri də sonuncu dəvəyə yükləyiblər. Anar, səninlə biz hələ çox belə yükləri qaldırmalı olacayıq - keçib gedən nəsillər karvanından düşüb qalan yükləri. Bizim vəzifəmiz xalqlarımızın yaşaması üçün, təbiətin "həm sən, həm mən" qanununa riayət etmək üçün bu yükü daşımaqdır.

Səni qardaşcasına bağrıma basıram

Sənin Oljas Süleymenovun.

 

Paris, 12 mart 2008

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!