Sözümün canı (Əvvəli ötən saylarımızda) - Əsəd CAHANGİR

Metafizik-strukturoloji esse

Əsəd CAHANGİR

 

can Sözdür, əgər bilirsə insan,

sözdür ki, deyirlər, özgədir can.

Məhəmməd Füzuli

 

Ustadım, akademik Nizami Cəfərova və bütün sayğıdəyər müəllimlərimə dərin sayğılarla

 

Birinci bölüm:

 

...Sözün başlanğıcı

 

Dördüncü hissə

 

Nəimi meydana çıxanda Peyğəmbər Əfəndimizin zühurundan yeddi yüz il keçirdi. Hər yeddi yüz ildən bir Söz yenidən təcəlla eləyir. Nəiminin ölümünə qədər o üç dəfə zühur eləmişdi:

Ruhullahın - Həzrəti İsanın simasında I yüzildə;

Həbibullahın - Həzrəti Məhəmmədin simasında VII yüzildə;

Fəzlullahın - Nəiminin simasında XIV yüzildə;

Dinlər və ümumən bəşər tarixi Sözün fenomenologiyası, zühuru, təcəllası tarixidir. Bu üç təcəlladan xristianlar yalnız birincini, ortodoksal islamçılar ilk ikisini qəbul eləyir, hürufilər isə bura üçüncünü - Nəimini əlavə eləyirdi. Mən dördüncünü əlavə edəcəm:

İsa Muğanna!!!

Deyəsən, təəccüb etdiniz! Amma nahaq! Nədən ki bu, sadəcə mənim fərdi təxəyyülüm, subyektiv fantaziyamın sonucu deyil - ortada faktlar var, özü də yetərincə tutarlı faktlar:

Zaman faktı. Nəiminin edamından yeddi yüz il keçir, deməli, tarixi məntiqlə Sözün zühurunun yeni dönəmi başlamalıdır.

Məkan faktı. Nəimi "Cavidannamə"ni Bakıda yazmışdısa, yəni Sözün son təcəllası Bakıda baş vermişdisə, deməli, yeni təcəlla da bu şəhərdə baş verə bilərdi. Muğannanın "İdeal"ı Bakıda yazması bu üzdən məntiqidir. Digər yandan, Muğannanın ssenarisi əsasında ekranlaşdırılan və vaxtilə Sovetlər Birliyində maraqlı kinematoqrafik olay kimi qarşılanan, bir çox ödüllərə layiq görülən "Nəsimi" filminin bir çox kadrları Naxçıvanda, yəni Nəiminin dəfn olunduğu yerdə çəkilmişdi. Hər iki məkan Muğannanı Nəimiyə bağlayır.

Ədəbi-bədii fakt: Görkəmli yazıçının hürifilər, təbii ki, hər kəsdən öncə Nəimi və Nəsimi haqqındakı "Məhşər" tarixi romanını burda özəl xatırlatmaq lazımdır. Məhz hürufilik haqqındakı bu roman mövzuya girmək üçün Muğannaya qapı açmış, yazıçı üstündən təxminən, on il keçəndən sonra böyük fikir dartışmalarına nədən olan ünlü "İdeal" romanını yazmışdı! "Məhşər" Muğannanın zühurunun hərf, "İdeal" isə Söz dönəmi idi. Söz hərflərdən yaranır. 

Ad, loqos faktı. Görəsən, Sözün yeni təcəllası niyə məhz İsa adlı bir yazıçının simasında baş verməliydi? Bu, əlbəttə ki, təsadüfi deyildi və ümumən dünyada təsadüf deyilən bir şey yoxdur. Sözün insan sifətində təcəllası - Həzrəti İsa birinci minilliyin başlanğıcında zühur eləmişdi. İndi ikinci minilliyin sonu, üçüncünün başlanğıcı idi və Sözün yeni təcəllası yeni İsa ilə başlayırdı.

Elmi fakt: Muğanna "İdeal" romanında Sözün semantik yöndən təhrif, fonetik yöndən deformasiya olunaraq sözə enməsi tarixindən sadəcə yazıçı kimi yox, həm də bir linqvist alim, bir tarixçi, bir türkoloq, bir ideoloq kimi yazır. "İdeal" Muğannanın sadəcə romanı yox, həm də linqvistikası, tarixşünaslığı, türkologiyası, ideologiyasıdır! Muğannanın ideologiyası "İdeal"ogiyadır! Və ən başlıcası, Muğanna öz SafAğ elmini sufi-hürufi, bir sözlə, klassik təsəvvüfə söykənərək yaradır, yəni Nəiminin birbaşa varisi və yeni tarixi şəraitdə davamçısı kimi çıxış eləyir.

Elə düşünməyin ki, bütün bu sözləri kimisə Muğannanın "peyğəmbər"liyinə inandırmaq üçün yazıram. Əsla, əsla və yenə də əsla! Sözüm Muğanna həqiqətinə artıq inananlaradır! İstəyirəm ki, bir-birimizin simasında həmfikir, ideya müttəfiqi tapaq, düşüncəmizdə daha ardıcıl və qətiyyətli olaq! İnananlar onsuz da inanır - onların həqiqəti eşitməyə qulaqları, deməyə dilləri, görməyə gözləri var. İnanmayanlar isə onsuz da inanmayacaqlar, nədən ki, "kar, lal və kordurlar (Qurani-Kərim, "Bəqərə", 18). Onların həqiqəti eşitməyə qulaqları, deməyə dilləri, görməyə gözləri yoxdur. Allah bizi cəhalətdən qorusun! Cəhalət ən qorxulu düşməndir, özəlliklə də cahil oxumuş, diplomlu biridirsə! Belə oxumuş cahilləri Füzuli öz qitələrindən birində "xalqın başını kəsən cəllad" adlandıraraq yazırdı:

 

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,

Qılma əhli-məkrə təlimi-məarif, zinhar!

 

Hiylə üçün elm təlimin qılan müfsidlərə

Qətli-am üçün verər cəlladə tiği-abidar.

 

Hər nə təzvir etsə əhli-cəhl, ona olmaz səbat,

Məkri-əhli-elmdir əsli-fəsadi-rüzigar.

 

Elm əhlinin məkri zamanın fəsadının əslidir! Yəni zamanın bütün fitnə-fəsadlarının bünövrəsində cahil alimlərin məkri dayanır!

Sözün Muğannadakı təcəllasının öncəkilərin hər üçündən bir önəmli fərqi var. Öncəkilərdə Söz ya din (Həzrəti İsa və Həzrəti Məhəmməd) ,ya da dini mistika (Fəzlullah Nəimi) kimi təcəlla edirdi. Muğanna isə daha çox elmin təmsilçisi kimi çıxış eləyir və özünün daşıyıcısı olduğu elmə SafAğ adı verir. Quran və digər qutsal kitablara söykənmələr hürufilikdə olduğu kimi, SafAğ elmində də qalır, lakin o daha çağdaş və bir qədər tənqidi çalar qazanır. Muğanna səmavi kitabları inkar eləmir, amma onları əsl, orijinal qutsal mətnlərin məqsədyönlü surətdə təhrif edilmiş variantları sayır. Quranı toxunulmaz həqiqət sayan və ona özünəməxsus batini-ezoterik təfsir verən Nəimi bu yöndən peyğəmbərlərlə yazıçı arasında körpü rolu oynayır:

Peyğəmbərlərə, özəlliklə də, Həzrəti Məhəmmədə görə, qutsal mətnin bircə hərfinə belə toxunula bilməz! Onun hər bir hərfi Allahın özü tərəfindən lövhi-məhfuzda (hifz olunan lövhədə) qorunur; bizim oxuduğumuz Quran əslində lövhi-məhfuzda qorunan orijinalın surətidir;

Nəimiyə də görə, qutsal mətnlər toxunulmazdır, amma cəhalətin aradan qalxması üçün onların dərin batini qatlarına nüfuz eləmək, onları yenidən mənalandırmaq lazımdır!

Muğannaya görə, mətnlərə artıq toxunulub, onlar ciddi surətdə təhrif olunub, indi bu təhrifləri aradan qaldırmağın, əsl, orijinal mətnləri bərpa eləməyin vaxtıdır! "İdeal" məhz tərif olunmuş qutsal mətnlərin bərpası arzusu, iddiası ilə qələmə alınmışdı! O iyirminci yüzildə - "nyu eyc" zamanında meydana çıxan, bütün dinləri özündə qapsayan interdinin Kitabıdır! "İdeal" interdinin - muğannaçılığın manifestidir!

Yeri gəlmişkən, özündən öncəki qutsal mətnləri redaktə işi Qurani-Kərimin özündən başlayır. Örnəyin, ortodoksal xristianlığın ana postulatı - Həzrəti İsanın çarmıxa çəkilməsi Quranda fərqli redaktədə əks olunur. Bu redaktə dinlər tarixində olduqca böyük önəm daşıyır. Nədən ki Həzrəti İsanın Adəmdən özünəqədərki insanlığın günahları qarşılığında çarmıxa çəkilməsi xristianlığın fundamental özülündə durur. Quran isə buyurur ki, Həzrəti İsa çarmıxa çəkiməyib! Əgər Həzrəti İsa çarmıxa çəkilməmişdisə, deməli, insanlığın Adəmdən üzü bəri günahları yuyulmamışdı və bu görəvin icrası üçün yeni dinə, yeni şəriətə, yeni kitaba, yeni Peyğəmbərə - son Sözə ehtiyac var. Hər bir müsəlmanın əqidəsincə:

O sonuncu din İslamdır!

O sonuncu şəriət İslam şəriətidir!

O sonuncu Kitab Qurandır!

O sonuncu Peyğəmbər - xatəmül ənbiya Həzrəti Məhəmməddir!

İnsanlığın yeni erası Həzrəti İsanın mövludu yox, Həzrəti Məhəmmədin hicrətindən başlayır!

Quran!

"Cavidannamə!"

"İdeal!"

Qutsal mətnlərə yanaşma fərqlərinə baxmayaraq, bu üç kitab biri digərinin davamıdır. Əgər Quran olmasaydı, "Cavidannamə", "Cavidannamə" olmasaydı, "İdeal" olmazdı. Bu kitabların hər üçü insana ölməzlik vəd eləyir və bu məqamda birləşirlər! Təsadüfi deyil ki, "İdeal"dan sonra Muğanna "Əbədiyyət"i - ölməzlik haqqında romanı qələmə aldı.

Həyat isə tragediya janrındadır, nədən ki axırı ölümlə qurtarır. İctimai şüurun bütün formaları - mif, din, fəlsəfə, ədəbiyyat və elm insanı ölüm əndişəsindən azad etmək, onun həyatını faciədən komediyaya çevirmək istəyir. Dantenin əsəri buna görə "İlahi komediya" adlanır. Böyük türkoloq Oljas Süleymenov dünyalarca ünlü "Az i Ya" kitabında yazır ki, Allah ideyası insana ölüm qorxusundan, əbədi yoxluqlar içində əriyib heçliyə qarışmaq vahiməsindən qurtulmaq üçün lazımdır. Sufi-hürufi praktikasında da, Dantenin əsərində də Allaha qovuşmaq ölməzlik əldə etməyin sinonimidir. İnsan Allaha ona görə inanır ki, Allah ona ölməzlik - əbədi cənnət vəd eləyir. Allaha inamın özülündə ölümə qalib gəlmək istəyi, əbədiyyət arzusu durur! Nədən ki ruh əbədidir, o, fani dünyada özünün əbədiliyini əksərən açıq-aşkar dərk etməsə də, şüuraltı duyur və bu duyğunun təsiri altında bəzən fərqinə vararaq, bəzən isə varmayaraq, ölməzliyə can atır. O gəldiyi yerə qayıtmaq istəyir. Ney kəsilib götürüldüyü qamışlığın həsrətiylə nalə qopardığı kimi, insan ruhu da qopub gəldiyi ilahi məqamın intizarını çəkir. Dünya həyatı beşikdən məzara kimi bu intizardan ibarətdir! Füzuli insanı neyə bənzədərək bu barədə yazırdı:

 

Ney kimi hər dəm ki bəzmi-vəslini yad eylərəm,

Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm.

 

***

Muğanna və "İdeal" olayından sonra Sözün dirilməsi - intibah zamanı deyilmi? Bəlkə, Söz artıq dirilib, biz - çağdaş miranşahlar bunun fərqində deyilik?! Muğannanın "Məhşər" romanı sözü yerlə yeksan eləyən düşüncə məhşəri deyilmi? "İdeal" romanı sözün dağıntıları arasından baş qaldıran Söz deyilmi? Təəssüf ki, bunu anlamırıq! Turgenev "Atalar və oğullar" romanında yazırdı ki, oğullar var, şərait yoxdur. Rus yazıçısı demək istəyirdi ki, yəni Yevgeni Bazarov kimi gənclər var, onlara şərait yaradan atalar yoxdur. Bizdə isə indi ata var, oğul yoxdur, mürşid var, mürid yoxdur, kitab var, oxuyub anlayan, Söz var, dinləyən yoxdur! Mən "Kufə əhli" şeirlər kitabının müəllifi Barat Vüsal və "Odərlər" romanının müəllifi Şəmil Sadıq istisna olmaqla, bugünkü yazarlar arasında kiminsə Muğannanın adını çəkdiyini eşitmirəm! Görkəmli yazıçını əbədiyyət evinə yola salmağımızdan vur-tut 12 il keçir. Amma özümüzü elə aparırıq ki, guya aramızda belə bir fenomen olmayıb! Söhbət ondan getmir ki, onu sevənlər, oxuyanlar, yad edənlər yoxdur. Var, əlbəttə, var! Söbət onun lazım olduğu qədər dərindən dərk olunması, layiq olduğu dərəcədə yad edilməsindən gedir!

 

***

"Quran və digər qutsal kitablar varkən, "Cavidannamə" və ya "İdeal"a nə ehtiyac var?" deyə soruşa bilərsiniz! Dahilərin dahisi olsa belə, insan Allahdan yaxşımı yazacaq? Sonucda özünün dörd yerə şaqqalanmasına gətirib çıxaran bu risaləni yazmağa Nəimini nə vadar eləmişdi? Bəs, Muğanna qırx ildən bəri dartışmalara nədən olan, sonucda onu inzivaya çəkilməyə, ömrünün axırıncı 25-30 ilini tənhalıq içində keçirməyə vadar eləyən romanı yazmaqla hansı hədəfi nişan almışdı?

Əksər qövm, xalq, millətlər həmişə istəyib ki, öz peyğəmbəri, öz kitabı, öz şəriəti, öz dini, hətta öz Allahı olsun. Allahı özəlləşdirmək! Dərinə getsək, bu, Sözün yox, sözün mövqeyidir! Bu, ilahini insani, insanini milli ölçülərə sığışdırmaq, ümməti millətlə əvəzləmək deməkdir. Allahın nə özü, nə Sözünün isə milli, irqi, coğrafi hüdudu yoxdur: "Doğu da, batı da Allahındır. Hansı tərəfə yönəlsəniz, Allah ordadır" (Qurani-Kərim, "Bəqərə", 115) Quran ərəbin yox, Allahın kitabıdır, islam ərəbin yox, Allahın dinidir.

Türk qövmü bu üzdən "Kitabi-Dədə Qorqud"u Quran, Qorqud Atanı Rəsulullala analoji müstəvidə qavrayır və dastan belə başlayırdı: "Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud Ata deyirlər, bir ər qopdu". Bu başlanğıc sətiraltı qatda ərəbin (bəli, bəli, Allahın yox, məhz ərəbin!) peyğəmbərinə qarşı öz milli peyğəmbərini, ərəbin kitabına qarşı öz milli kitabını qoymaq idi. Yenə də təsadüfi deyil ki, dastanın müqəddiməsi Allah və Tanrının paralelləşdirilməsi ilə başlayır:

 

Allah, allah deməyincə işlər önməz!

Qadir Tanrı verməyincə, ər bayımaz!

 

Türkün müdrik ataları islam və tanrıçılıq arasında balansı gözləyir, bu və ya digər tərəfin xeyrinə ifrat və təhrifə yol vermək istəmirdilər, yəni Allahı qəbul edir, amma Tanrıya da təpik atmırdılar. Min ildən artıqdır ki, türklər öz övladlarına Allahverdi adıyla yanaşı, Tanrıverdi adını da qoyur. Bu üzdən türklər İslamın qəbulundan sonra yeni qutsal kitab yaratmadılar, özlərinin artıq mövcud kitabına əl gəzdirərək onu islama uyğunlaşdırdılar. Dastan türkçülüyün və islamın (zahirən də olsa) sintezinə çevrildi. "Gizli Dədə Qorqud" kitabının müəllifi Kamal Abdullanın dediyi kimi, Dədə Qorqudun bir peyğəmbər kimi əsas missiyası bu sintezi mümkün qədər ağrısız həyata keçirmək idi. Təkcə qılınc gücünə deyil, həm də Dədə Qorqud müdrikliyi ilə aşılanmış qızıl orta mövqeyinə görə türklər təxminən, min il ərzində islam dünyasına ədalətli hakim oldular və bu gün də Ərdoğan Türkiyəsi başda olmaqla hakimlik eləyirlər.

Nəiminin "Cavidannamə"si fars xalqının öz qutsal kitabını yaratmaq cəhdinin ifadəsiydi. Bu kitab Quranın özünəməxsus batini təfsiri olmaqla yanaşı, fars etnik şüuraltısının təhrikiylə İslamın müqəddəs kitabına cavab kimi yazılmışdı. Bu, ərəbin Sözünə qarşı farsın Sözü idi! Təsadüfi deyil ki, Nəimi deşfirə elədiyi hərflər sisteminə ərəb əlifbasının 28 hərfi ilə yanaşı fars əlifbasının 4 hərfini də daxil eləyir, bununla da qutsal əlifbanın son akkordlarını fars pərdəsi üstündə vururdu. Türklərdən fərqli olaraq farslar üçün radikalizm səciyyəvidir və bu özəllik "Cavidannamə"dən də yan keçməyib. İslam rənginə bürünmüş radikalizm bu gün İran İslam Respublikasının daxili və xarici siyasətində də aydın görünür. Və Trampla Netanyahu İranı artıq dörd yox, beş-altı yerə şaqqalamaq təhdidi ilə çıxış eləyirlər. İnşallah, İranı da Nəiminin aqibəti gözləməz!

Muğannanın "İdeal"ı, Azərbaycan xalqının qutsal kitab yaratmaq cəhdinin ifadəsidir. Təsadüfi deyil ki, müəllif insanlığın ana dilini türk dilinə bağlayır və ona Odər (Azər) adı verir. Yazıçının fikrincə, İran şahı Daranın da, dəri dili, yəni orta farscanın da, yunan xalqını formalaşdıran üç etnik komponentin biri olan dorilərin də adları Odər sözünün təhrif olunmuş formalarıdır: Dara - Odər, dəri - Odər, dori - Odər... Təhrif iki əsas yolla olub: sözlərdə hecaların yeri dəyişib; hecalarda səslərin yeri dəyişib. Sözün təhrifi mənaların, mənaların təhrifi isə düşüncənin pozulmasına nədən olub. Biz indi təhrif olunmuş sözlər, təhrif olunmuş mənalar, təhrif olunmuş düşüncələr dünyasında yaşayırıq. Bunlar Hamletin dediyi "sözlər, sözlər, sözlər", çağdaş dünya isə təhriflər dünyasıdır! Sən demə, tarix boyu türkün başlıca rəqibləri - yunanlar və farslar onun deformasiya olunmuş, özünü unutmuş, manqurtlaşmış formalarından başqa bir şey deyilmiş. Əgər Kramer "tarix şumerdən başlayır" deyirdisə, şumerləri də türk sayan (şum ərləri) Muğanna "tarix türkdən başlayır" deyir. O türkçülük məsələsində o qədər irəli gedir ki, hətta Həzrəti Məhəmmədin ərəb deyil, türk olmasına dair fərziyyə irəli sürür. Sonucda, "İdeal" müəllifi "kitab da, peyğəmbər də türkünküdür" fikrini irəli sürür.

Lakin "İdeal" Azərbaycan ictimai şüurunda qutsal kitabla bağlı yeganə fakt deyil. İyirminci yüzilin ikinci yarısında bizdə Kitabla bağlı bir neçə belə müjdələmə olub:

Anar xalqımızı "Kitabi-Dədə Qorqud"un kinodastan versiyası (1975) ilə müjdələdi; bu, Kitabın əski türk variantı - tezisdir; bu, özünə qayıt demək idi;

Asif Əfəndiyev xalqımızı Platon və Hegel fəlsəfəsinə əsaslanan "Mütləqə inam" kitabı (1979) ilə müjdələdi; bu, Kitabın antik yunan və klassik alman variantı - antitezisdir; bu, mütləq həqiqətinə qayıt demək idi;

Muğanna xalqımızı hürufiliyə söykənən "İdeal"la (1985) müjdələdi; bu, Kitabın əski türk, antik yunan və orta çağ fars variantlarının məcmusu və sintezidir; bu, dilinə, Sözünə qayıt demək idi;

nəhayət, Vasim Məmmədəliyev və Ziya Bünyadov xalqımızı Qurani-Kərimin Azərbaycan dilinə çevirməsiylə (1992) müjdələdilər; bu, Kitabın ilahi variantı, həm tezis, həm antitezis, həm də sintez - hər şey idi; bu, dinə, imana, Allaha qayıt demək idi.

Anar "Dədə Qorqud"la bağlı təklifini eləyəndə yaradıcılığa başlamasından təxminən, 15 il keçirdi!

Asif Əfəndiyev bu təklifi eləyəndə yaradıcılığa başlamasından təxminən, 25 il keçirdi!

İsa Muğanna bu təklifi eləyəndə yaradıcılığa başlamasından təxminən, 35 il keçirdi!

Özgürlüyümüzün bərpasından təxminən, 36 il keçsə də, özgürlük dönəmi yazarlarımızdan hələ ki yeni təklif gəlməyib! Səməd Vurğun demişkən,

 

Hanı tom-tom o kitablar?

Hanı idrak dünyasının

İşıq saçan min dastanı,

Qəlb oxşayan o rübablar?

 

Üçü insanın, biri Allahın özünün olmaqla, indi əlimizdə dörd Kitab var - "Kitabi-Dədə Qorqud", "Mütləqə inam", "İdeal" və Qurani-Kərim! Və yaxud: Qorqud Atanın Kitabı; Asif Atanın Kitabı; Muğannanın Kitabı; Allahın Kitabı! Bir sual yaranır - niyə görəsən, bütün bu müjdələmələr hamısı iyirminci yüzilin sonundakı 15-20 il ərzində (1975-1992) baş verdi? Görəsən, bunlar öncələrdə və ya sonralarda ola bilməzdimi? Nədən ki minillik sona çatır, Allah və zaman xalqdan hesabat istəyirdi. Qarabağ olayları hərbi-siyasi, bu kitablar isə mənəvi-intellektual planda bizim Allah və zaman qarşısında ikiminillik hesabatımız idi! Monteskyö, Volter, Russonun əsərləri Fransa inqilabının nəzəri əsasında durduğu kimi, bu kitablar da SSRİ-nin dağılması və Qarabağ müharibəsinə xəbərdarlıq oldu.

Maraqlıdır ki, hər iki olay - Fransa inqilabı və Qarabağ olayları iki yüz il fərqlə təxminən, eyni illərdə baş vermişdi. Azərbaycan Xalq Cəbhəsi Hərəkatının üzvləri, hətta eyforiyaya qapılaraq öz liderlərini Fransa inqilabının qəhrəmanlarına bənzədirdilər - birini Pobespyerə, digərini Dantona, üçüncüsünü Marata! Bircə Qavroş və Kozettanı bənzətməyə örnəklər tapmırdılar! Ötən əsrin sonunda bizdə baş verən olaylar, doğrudan da, Fransa inqilabına nəzirə idi! Amma ciddi yox, komik planda nəzirə, yəni parodiya! Nədən ki zaman postmodern zaman idi, durum "postmodern durum" (Jan Fransua Liotar) idi! Bu üzdən Fransa inqilabının bizdə ancaq psevdoforması meydana gələ bilərdi! İyirminci yüzilin sonlarında Rusiyanın dörd ünlü tradisionalistindən biri - Heydər Camal "Peyğəmbərlərin inqilabı" kitabında, hətta Fransa inqilabını da ruhanilərin qurduğu və pərdə arxasından idarə etdiyi oyun sayır, kripto hesab edir. Öz radikal fikirləri ilə tanınan filosofa görə, sən demə, Fransa inqilabı da orijinal deyilmiş, qurama, saxta, oyun imiş. Bizimkilərin də yanlışı məhz ondaydı ki, onlar tarixin ironiyasını anlamır, analogiyanı böyük qurur hissiylə, tamamilə ciddi planda aparırdılar. Onlar tarixi faktın gizli mahiyyətini, sətiraltı işarəsini, alt qatını dərk edə bilmir - bir sözlə, tarixin o üzünü görə bilmirdilər, nədən ki metatarixi düşüncələri yox idi. Bu üzdən fərqinə varmırdılar ki, tarix inqilabların anlamsızlığına gülür, öz "inqilabi" Sözünü artıq ironik planda deyir! Buna görə cəbhəçilərin ciddi planda çağdaş Pobespyer, Danton, Marat axtarışları sadəcə bir söz idi!

İndi elə çıxmasın ki, özümü hamıdan ağıllı sayır, azadlıq mücahidlərimizə gülürəm. Əsla! Şəxsən mənim taleyimdə oynadıqları taleyüklü mənfi rola baxmayaraq, onlara qarşı zərrə qədər də nifrətim, qərəzim yoxdur! Əgər belə bir şey olsa, bu mənim özümə ironiyam olardı. Nədən ki o vaxt olduqca böyük çoxluq kimi, mən də məhz elə onları düşünürdüm. İllər keçdi və gördüm ki, bütün bu inqilab, cəbhə-filan söhbətləri, sadəcə, bir söz imiş. Əsl Sözü isə Sabir demişdi:

 

Xalın üzündə buğda, başında saçın qurab,

Qah! Qah!.. qəribə gülməlisən, xaniman-xərab!

 

***

Deyəsən, axı, fikrin cilovunu çox boşaltdım, çox bərilərə gəldim. İndi onun başını bayaq qaldığımız yerə - İntibah və Yeni zamana döndərməli olacam! Çağdaş dünya o zamanlardan doğulub. O zamanlar ki, batı insanı özünü sözdə, doğu insanı isə Sözdə tapırdı. Batı insanının oyanış saydığını doğu insanı qəflət, doğu insanının oyanış saydığını batı insanı cəhalət sayırdı! Bu, batı və doğu intibahının başlıca ayrıntısı idi. Odur ki, doğu intibahına batı ölçüləri ilə yanaşmaq kökündən yanlış və qeyri-elmidir. Onlar bir məsələdə birləşirdi - hər iki halda itki də varıydı, qazanc da. Hər iki halda bir yandan bağlayan Allah o biri yandan açırdı. Bu, Allahın ədalət prinsipindən doğur. Həqiqətən də, Allah ədalətlidir! O, hər işdə tarazlığı sevir. Əbu Məhəmməd əl Qəzalinin "Kimyayi-səadət" əsərində dediyi kimi, soruna ən optimal, ən obyektiv, hərtərəfli baxış budur.  

Yusif Xas Hacib Balasaqunlu özünün türk "Şahnamə"sinə - "Qutadqu-bilik" ("Xoşbəxtlik verən bilik") dastanına belə başlayır:

 

Bayat atı birlə sözüğ başladim

Törütgen, egidgen, keçürgen idim.

 

"Sözümə törədən, yetirən, aparan Tanrının adı ilə başladım." Bu beyt "bismillah"ın ("Allahın adı ilə") ərəbcədən əski türkcəyə çevirməsidir. Bu dastan klassik türk şeirinin "bismillah"ıdır. Təkcə Yusif Balasaqunlu deyil, Xoca Əhməd Yəsəvi, Mövlanə Cəlaləddin Rumi, Yunus Əmrə, Seyid Nigari kimi dini dünyagörüşlü şairlərin yaradıcılığı dini inancın bədii dilə çevirməsidir. "Qutadqu-bilik" kimi "Divani-hikmət", "Məsnəvi", Yunus Əmrənin qoşquları, "Nigarnamə" də dini poeziyadan daha çox, poetik dindir. Bu kitablar Quranın poetik təfsiridir. Bu kitablar ilahi dildən bəşəri dilə - Sözdən sözə keçiddir. Bu kitablarda poeziya ilə din bir-birinə calanıb və bu calaqdan poeziyaya forma, dinə isə məzmun düşür. "Bu kitab "Məsnəvi" kitabıdır. O, hədəfə çatmaqda və tam inanış sirlərini açmaqda dinin əsillərinin əsillərinin əsilləridr. Bu, Allahın bir fiqhidir, Allahın ən aydınlıq yoludur və Allahın ən aydın dəlilidir." Mövlanənin öz "Məsnəvi"sinin dibaçəsindəki bu sözlərini adını çəkdiyim kitabların hər birinə aid eləmək olar.

Allah insana Sözünü hər yeddi yüz ildən bir deyirdi. O son Sözünü yeddinci yüzildə sevgili peyğəmbərimizin qutsal dodaqlarıyla deyib. Füzulinin Peyğəmbər Əfəndimizə həsr elədiyi qəzəldə yazdığı kimi,

 

Sənsən ol xatəm ki, rəf etmiş cəmiyi-xatəmi,

Xatəmi-hökmi-risalət tapşırıb dövran sana.

 

Neçə yüzillərdir ki, ən ağıllı başlar, ən kəskin zəkalar peyğəmbərimizin iki dodağından qopan ilahi kəlamları çözürlər. Daha neçə belə yüzillər, minillər keçəcək, saysız-hesabsız çözümlər yaranacaq, amma ta qiyamətəcən bu sorun çözülməyəcək, bu işin nöqtəsi qoyulmayacaq. Bəşər tarixi əzəldən əbədəcən Quranın - Sözün təfsiri, çözümü tarixidir. Bu tarix üç dönəmdən keçib:

- Sözün ilkin çözümü Allahın düşüncəsində gedib. Bu, Sözün ilahi çözümü idi. Bu, Sözün əzəli çözümü idi. Bu, Sözün çözümünün əsli, orijinalı idi. Onda çözmək düşünmək demək idi! Allah dünyanı necə yaradacağı barədə düşünür, fikrindəki Sözü çözürdü. Bu düşüncəylə Allahın birliyi ikiliyə keçirdi! İndiyəcən ancaq Yaradan varıydı, indi isə yaradılan da var olacaqdı! İndiyəcən ancaq yoxluq varıydı, indi isə varlıq da olacaqdı!

- Sözün çözümü növbəti - ikinci dönəmdə yaradılışda gedib. Allahın əzəli düşüncəsi görünməyə, üzə çıxmağa, zahir olmağa, təzahür eləməyə, təbiətə çevrilməyə, fizikiləşməyə, maddiləşməyə, əyaniləşməyə başlayıb. Bu, Sözün təbii çözümüdür. Tanrı yarada-yarada çözür, çözə-çözə yaradır! Artıq varlıq olmuşdu! Artıq çözüm varlıqda gedirdi. Onda çözmək yaratmaq demək idi!

- Quran təfsirləri Sözün çözümünün üçüncü - insani dönəmidir. Bu, Sözün çözümünün artıq yaradılış deyil, qavrayışda getdiyini göstərir. İndi çözmək qavramaq deməkdir. Biz indi Sözün çözümünün qavrayış dönəmindəyik.

Bütün peyğəmbərlər tarixi Quranın çözümü tarixidir. Bütün səmavi kitablar Quranın təhrif olunmuş formalarıdır. Şübhəsiz ki, onlar da Allah tərəfindən göndərilib! Şübhəsiz ki, o kitablara tapınanlar da "kitab əhli"dir! Bunu Quran özü təsdiq edir! Amma Allah hər dəfə kitab göndərir, bu kitablar düzgün qavranılmır, insan beyninin məhsulu olan qatqılarla bulandırılırdı. Quranaqədərki səmavi kitablar Sözlə sözün qarışığıdır. "Tövrat" yəhudi xalqının tarixindən, "Zəbur" yəhudi peyğəmbərlərindən Həzrət Davudun 16 il ərzində səhrada oxuduğu nəğmələrdən, "İncil" Həzrət İsanın iyirmi doqquz yaşından otuz üç yaşına qədərki üç-dörd illik peyğəmbərlik olaylarından ibarətdir. "İncil"in dörd yüz variantından üç yüz doxsan altısı yandırılıb, dördü - Matvey, Mark, Luka, Yəhyanın "İncil"ləri saxlanılıb. Bir həqiqətin nəinki dörd yüz, nəinki dörd, hətta iki variantı da ola bilməz. Söz Allahdır və Allah kimi təkdir! Bunu "İncil" özü deyir! Quranaqədərki səmavi kitablar ilahi Söz üzərində insani variasiyalar, bəşəri rapsodiyalar, fərdi gəzişmələr, şəxsi improvizələrdir. Həqiqi, birbaşa Allah kəlamı olan tək kitab Qurandır. Quranın heç bir söz qatqısı yoxdur.

Öncəki qutsal kitablar vasitəli, Quran vasitəsiz nitqdir. Onlar Qurandan öndə olsalar da, Quran onlardan ucadadır. Quran xalis Sözdür. Min beş yüz ildir təəssübkeş xristian dünyasının İslamın qutsal kitabına qısqanc yanaşmasının, son dönəmlər, hətta Quranı meydanlarda nümayişkaranə surətdə yandırmağa qədər gedib çıxan qısqanclığının nədəni budur.

Ey Adəm oğulları, siz nə qədər cahilsiniz!

Doğrudanmı, siz ərəbin kitabı yox, Allahın Sözünü yandırmaq istədiyiniz və bununla, mümkünsüz bir işə qol qoyduğunuzun fərqində deyilsiniz?!

Bilmirsinizmi, Söz cismani deyil: odda yanmaz, suda batmaz, yellə sovrulmaz, torpaqda çürüməzdir, dörd ünsürün üstündə olan beşinci elementdir - ruhdur, candır?!

Bilmirsinizmi, sizin yandırdığınız Kitab deyil, eləcə kağızdır?! Kitab isə Allahın iradəsiylə lövhi-məhfuzda hifz olunur?!

Bilmirsinizmi, Söz əzəli və əbədidir: o hər şeyin başlanğıcı və sonudur, amma özünün nə başlanğıcı, nə də sonu var; yandırmaqla ona son qoymaq mümkünsüzdür?!

Bilmirsinizmi, Söz yandıqca alovunun işığı bütün dünyanı bürüyəcək?!

Vay sizin halınıza, ağlınızı nə qədər itirmisiniz ki, bu qədər adi və bu qədər ali gerçəyi bilmirsiniz?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!