Elvin Mirzəyev müasir teatr rejissorluğunun avanqard düşüncə xəttini təmsil edən, sənət məkanında özünəməxsus bədii-fəlsəfi yanaşması ilə seçilən sənətkardır. Elvin Mirzəyevin teatr təfəkkürü sabit estetik modellərin təkrarına deyil, daim yenilənən yaradıcı düşüncə prinsipinə əsaslanır. Onun sənətkar rakursu milli teatr təcrübəsini müasir səhnə axtarışlarının analitik və eksperimental istiqamətləri ilə əlaqələndirərək dramaturji materialın şərh imkanlarını genişləndirən, müxtəlif semiotik qatların, mədəni kodların və zamanın çoxistiqamətli oxunuşlarını qarşılıqlı təsirdə birləşdirən açıq bədii məkan kimi formalaşır. Bu yanaşmada tamaşa tamamlanmış nəticə statusundan çıxaraq hər təqdimatda yeni məna və interpretasiya qatları yaradan canlı yaradıcılıq prosesinə çevrilir.
Elvin Mirzəyevin yaradıcılıq yolunda sənətkar və şəxsiyyət prinsipiallığı xüsusi yer tutur. Onun estetik mövqeyində daxili yaradıcı dürüstlük, sənətə məsuliyyət hissi və hətta kompromis anlayışına belə konseptual meyarlarla yanaşmaq prinsipi aparıcı xətt kimi qorunur. Bu prinsipiallıq həm həyat mövqeyində, həm də sənətdə qazandığı uğurların əsas müəyyənedici amillərindən birinə çevrilərək, çoxsaylı çətinliklərlə üzləşdiyi məqamlarda belə yaradıcılıq konsepsiyasının daxili bütövlüyünü qoruyub saxlayır.
Bu yaradıcı-estetik modelin nəzəri mahiyyətini ümumi şəkildə belə xarakterizə etmək mümkündür: Elvin Mirzəyevin rejissor konsepsiyası "qeyri-səlis teatrı" düşüncəsi müstəvisində tamaşa prosesini sabit interpretasiya modelindən uzaqlaşdıraraq onu açıq, dinamik və daim yenilənən bədii sistemə çevirir. Avanqard sənətkarın yaradıcılıq konsepsiyasında rejissor-aktyor münasibətləri də ənənəvi tabelilik çərçivəsindən çıxarılaraq qarşılıqlı yaradıcı əməkdaşlıq prinsipi üzərində yenidən qurulur. Bu yanaşmada aktyor yalnız ifaçı funksiyası daşımır, bədii ideyanın formalaşmasında iştirak edən yaradıcı subyekt kimi çıxış edir; nəticədə improvizasiya imkanlarının sərhədləri genişlənir, səhnə davranışı isə daxili motivasiyaya əsaslanan sərbəst ifadə xarakteri qazanır. Bu baxımdan Elvin Mirzəyevin yaradıcılığında "Əli və Nino" əsərinin səhnə interpretasiyası xüsusi yer tutur. Tamaşanın quruluşunda mətnin tarixi-romantik xətti ilə yanaşı, milli kimlik, fərdi seçim və psixoloji konfliktlər obrazların daxili dinamizmi vasitəsilə aktuallaşdırılır. Rejissor əsərə illüstrativ yanaşmadan uzaqlaşaraq onu konseptual müstəvidə yenidən mənalandırır.
Onillərlə arxivlərdə gizli qalmış və vaxtilə geniş oxucu sevgisi qazanmış bu əsərə müstəqillik dövründə, milli ruhun mənəvi dayaqlara xüsusi ehtiyac duyduğu bir mərhələdə müraciət edilməsi Elvin Mirzəyevin zəngin erudisiyasının və dərinləşən yaradıcı fəhminin mühüm estetik təzahürlərindən biri kimi diqqəti cəlb edir.

Elvin Mirzəyevin çoxşaxəli yaradıcılıq potensialı və dərin estetik təfəkkürü onun rejissor dünyagörüşünü janr məhdudiyyətlərini aşan bir səviyyəyə yüksəldir. O, müxtəlif üslub və ifadə formalarında yüksək sənət duyumu və peşəkar interpretasiya mədəniyyəti nümayiş etdirərək Azərbaycan teatr rejissorluğunun formalaşdırdığı estetik təcrübəni müasir teatr düşüncəsinin çoxqatlı və qeyri-xətti təbiəti ilə üzvi şəkildə sintez edir.
Elvin Mirzəyevin yaradıcılığının mühüm xüsusiyyətlərindən biri müxtəlif sənət sahələrini vahid estetik sistem daxilində üzvi şəkildə əlaqələndirmək bacarığıdır. Musiqi təfəkkürü, ritmik dramaturgiya duyumu, vizual kompozisiya hissi, işıq dramaturgiyası, dekor və kostyum həllinə yanaşması, eləcə də kino və televiziya rejissorluğu sahəsində qazandığı təcrübə onun teatr estetikasını çoxqatlı yaradıcı model səviyyəsinə yüksəldir. Bu keyfiyyətlər rejissorun quruluşlarında ritm, psixoloji dinamika, vizual axıcılıq və emosional atmosfer arasında daxili harmoniyanın formalaşmasına imkan yaradır. Bu baxımdan onun yaradıcılığı yalnız teatr rejissorluğu çərçivəsində deyil, müxtəlif sənət dillərinin qarşılıqlı əlaqəsi üzərində qurulan interdisiplinar estetik düşüncə nümunəsi kimi də diqqəti cəlb edir. Bununla yanaşı, ümumi yaradıcılıq sisteminin mürəkkəb estetik strukturunda aparıcı konseptual xəttin məhz teatr paradiqması üzərində formalaşdığı aydın şəkildə hiss olunur.
Dünya teatr repertuarında geniş şöhrət qazanmış Karmen əsərinin Elvin Mirzəyev tərəfindən hazırlanan səhnə interpretasiyası özünəməxsus bədii həlli ilə diqqəti cəlb edir. Əsər ənənəvi danışıq operası prinsiplərinə əsaslansa da, onu zamanüstü estetik hadisəyə çevirən başlıca xüsusiyyət zəngin melodik quruluş və güclü orkestr təfəkkürüdür. Tamaşanın səhnə həllində diqqətçəkən əsas cəhətlərdən biri minimalistik məkan konsepsiyasıdır. Dinamik dekor sistemində yalnız "Tütün fabrikinin qarşısındakı meydan", "Lilas Pastia tavernası" kimi funksional məkan işarələri saxlanılır, digər vizual qatların isə tamaşaçı təxəyyülündə tamamlanmasına imkan yaradılır. Beləliklə, səhnə məkanı dekorativ detallarla yüklənmiş statik fon təsiri bağışlamır, əksinə, tamaşaçı qavrayışı ilə tamamlanan açıq semantik müstəvi kimi formalaşır. Bu yanaşma müasir teatr düşüncəsində formalaşan yeni estetik modelin səciyyəvi göstəricilərindən biri kimi dəyərləndirilir.
Rejissorun mühüm tapıntılarından biri xorun səhnədə statik müşayiətedici komponent funksiyasından çıxarılaraq tamhüquqlu emosional-estetik obraz səviyyəsində təqdim edilməsidir. Bu yanaşma hadisələrin atmosferini musiqi və səhnə hərəkətinin qarşılıqlı əlaqəsi vasitəsilə quraraq musiqini vizual dekor elementini əvəz edən "səslənən məkan" müstəvisinə yüksəldir. Tamaşada rəqs plastikasının ritmi, dramatik qarşıdurmaların daxili enerjisi və obrazlararası münasibətlərin psixoloji dinamizmi vahid ifadə sistemində birləşərək ümumi emosional strukturun bütövlüyünü təmin edir.
"Karmen"in quruluşunda işıq dramaturgiyası emosional dəyişmələrin əsas vizual daşıyıcısına çevrilir. İşığın intensivliyi və ritmi dramatik gərginliyi tənzimləyən yaradıcı xətt kimi funksionallaşır. Dekorativ həll dramaturji məna yüklənmiş struktur elementə çevrilir, kostyumlar isə obrazların daxili vəziyyətini və psixoloji keçidlərini ifadə edən konseptual işarələr sistemi kimi mənalandırılır. Bu yaradıcı-estetik xəttin davamı Elvin Mirzəyevin "Norma" əsərinə verdiyi səhnə təcrübəsində də müşahidə olunur. Həmin quruluş onun yaradıcılığının artıq lokal teatr hadisəsi çərçivəsini aşaraq daha geniş mədəni-estetik diskursun tərkib hissəsinə çevrildiyini göstərir. Bənzər yaradıcı istiqamət Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinə quruluşunda da aydın şəkildə hiss olunur. Burada rejissorun musiqi duyumu və ritmik səhnə təfəkkürü musiqi dramaturgiyası ilə səhnə hərəkəti arasında üzvi vəhdət yaradır. Bu estetik və analitik yanaşma hazırda məşqləri davam edən "Kral Lir" interpretasiyasında daha intensiv fəlsəfi və emosional məzmun qazanır. Klassik tragik struktur qorunmaqla yanaşı, hakimiyyət və mənəvi dəyərlər arasındakı ziddiyyətlər, obrazların daxili parçalanması və psixoloji transformasiyalar müasir teatr düşüncəsi kontekstində yeni semantik qatlarla zənginləşir. Səhnə quruluşu hadisələrin sadə təqdimatı ilə məhdudlaşmayaraq insan psixikasının dərin qatlarının analitik açılımına çevrilir.
"Kral Lir" üzərindəki iş prosesi klassik mətnin səhnə təfsiri ilə yanaşı, aktyor ifası ilə dramaturji struktur arasında yeni estetik münasibətlərin formalaşdığı yaradıcı laboratoriya xarakteri daşıyır. Hakimiyyət, ata-övlad münasibətləri, varislik ehtirası və təxribat mexanizmi kimi fundamental motivlər Elvin Mirzəyevin rejissor interpretasiyasında daha dərin semantik qatlar qazanır. Yeni konseptual baxışın əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, tamaşada Kralın torpaqları bölmək qərarı şəxsi iradənin spontan nəticəsi kimi deyil, ətrafındakı qüvvələrin şəkilləndirdiyi gizli təxribat proseslərinin nəticəsi kimi təqdim olunur. Rejissor hadisələrin dramaturji inkişafını məhz bu ideya üzərində quraraq hakimiyyət və mülkiyyət uğrunda aparılan görünməz manipulyasiyaların Kralın taleyinə təsir mexanizmini ön plana çıxarır. Bu interpretasiyada Kral sonradan baş verən proseslərin mahiyyətini dərk edir və mənəvi-psixoloji transformasiya mərhələsindən keçərək daxili mübarizəyə yönəlir. Beləliklə, Şekspir faciəsi yeni konseptual və fəlsəfi oxunuş müstəvisində yenidən mənalandırılır.
Kral Lir obrazı üzərində çalışan aktyor kimi müşahidə etdiyim proseslər göstərir ki, Elvin Mirzəyevin rejissor fəhmi ilə onun intellektual düşüncə sistemi arasında daxili estetik uyğunluq mövcuddur. Bu uyğunluq məşqlər prosesində aktyorun obrazın mahiyyətinə daha çevik nüfuzetmə imkanını genişləndirir və səhnədə çoxsəsli (polifonik) estetik strukturun formalaşmasına zəmin yaradır. Eyni zamanda onun analitik-intellektual təfəkkürü yaradıcılıq prosesinin əsas strukturlaşdırıcı komponentlərindən biri kimi funksionallaşır.
Elvin Mirzəyevin rejissor mündəricəsi hər bir əsəri emosional-estetik təsirlə yanaşı, konseptual və analitik düşüncə müstəvisində də dəyərləndirir. Bu yanaşma obrazların psixoloji əsaslarını, konfliktlərin daxili mexanizmlərini və ideya qatlarının inkişaf dinamikasını sistemli şəkildə üzə çıxarır. Nəticədə Elvin Mirzəyevin yaradıcılığı teatr, kino və televiziya sahələrini analitik düşüncə ilə birləşdirən çoxsəviyyəli bədii sistem kimi formalaşır. Bu kontekst Qurban Səidin "Əli və Nino" əsəri əsasında Elvin Mirzəyevin eyniadlı bədii filmin ekranlaşdırılmasında həmin mətnin teatr və kino oxunuşlarını paralel şəkildə təqdim etməsi ilə daha aydın şəkildə görünür. Onun quruluşlarında vizual düşüncə, kadrvari baxış və ritmik mizan sistemi hadisələrin montaj estetikasını xatırladan axıcı struktur yaradır və səhnənin hərəkətdə olan vizual obrazlar sistemi kimi qavranılmasına şərait formalaşdırır.
Elvin Mirzəyevin uğurlu cəhətlərindən biri onun repertuar diapazonunun genişliyi və çoxqatlı bədii-estetik xarakter daşımasıdır. Onun müraciət etdiyi dramaturji materiallar janr, üslub və mədəni-coğrafi baxımdan müxtəliflik nümayiş etdirərək, yaradıcı təfəkkürünün geniş intellektual miqyasını və fərqli estetik sistemlər arasında sərbəst interpretasiya imkanlarını üzə çıxarır. Bu repertuar xətti U.Gibsonun "İki nəfər yelləncəkdə", T.Uilyamsın "Arzu tramvayı", A.P.Çexovun "Qılaflı adam", R.İbrahimbəyovun "Unudulmuş avqust", K.S.Lyuisin "Narniya əhvalatları", E.Hofmanın "Portağal şahzadə", "Koroğlu" (fransız dilində quruluş), M.F.Axundovun "Hekayəti-müsyö Jordan" (yunan dilində təqdimat), Q.Səidin "Əli və Nino", Ü.Hacıbəylinin "Arşın mal alan", X.Hüseyninin "Min möhtəşəm günəş", V.Bellininin "Norma" və digər səhnə və ekran layihələri ilə onun çoxşaxəli yaradıcılıq modelini təsdiqləyir.
Bütün bu faktlar Elvin Mirzəyevin rejissor təfəkkürünün yalnız milli teatr məkanı ilə məhdudlaşmadığını, çağdaş dünya teatrının estetik meyarları daxilində də qəbul və təqdir olunduğunu göstərir. Nəticə etibarilə onun yaradıcılığı müasir Azərbaycan teatrı, kino və televiziya məkanında rejissor düşüncəsinin transformasiya mərhələsini ifadə edən, janrlararası qarşılıqlı təsir və yaradıcı çevrilmə üzərində qurulan vahid estetik sistem kimi formalaşır. Eyni zamanda bu yaradıcılıq klassik teatr ənənəsini müasir estetik meyillərlə və beynəlxalq teatr prosesləri ilə əlaqələndirən inkişaf xəttini nümayiş etdirir.
Elvin Mirzəyevin yaradıcılıq fəaliyyəti müxtəlif mükafatlarla təqdir olunmuşdur. O, 2000-ci ildə "Yaranış" tamaşasına görə Respublika Gənclər Festivalının mükafatına, 2003-cü ildə "İlin ən yaxşı gənc rejissoru" adına, 2007-ci ildə isə Prezident mükafatına layiq görülmüşdür. Bu təltiflər onun yaradıcılığının milli və beynəlxalq teatr məkanında artan nüfuzunu təsdiqləyir. Onun müəllifi olduğu "Çıxış" tamaşası 2003-cü ildə Almaniyanın Kil şəhərində keçirilən Mono Tamaşalar Festivalında diplom və yüksək mükafata layiq görülmüş, daha sonra Kiyevdə keçirilən "Maria" beynəlxalq Mono Tamaşalar Festivalında "Gümüş Məryəm" mükafatını qazanmış, Tehran teatr festivalında isə diplomla təltif olunmuşdur. Həmin tamaşa Xerson Beynəlxalq Teatr Festivalında "Ən yaxşı qadın rolu" nominasiyası üzrə uğur qazanaraq rejissorun aktyor ansamblı ilə iş təcrübəsinin peşəkar səviyyəsini də təsdiqləmişdir. Bundan əlavə, Moskvanın "Ojivşaə skazka" uşaq tamaşaları festivalında E.T.Hofmanın "Portağal şahzadə" əsərinə verdiyi səhnə quruluşu da diplomla qiymətləndirilmişdir. Sənətkarın yaradıcılıq miqyasının teatrla məhdudlaşmaması 2018-ci ildə "Özgə həyat" film-çarxına görə "Qızıl Pəri" mükafatına layiq görülməsi ilə bir daha təsdiq olunmuş, bu isə onun ekran estetikasında da fərqli yaradıcı üslub formalaşdırdığını göstərmişdir.
Azərbaycan teatr sənətinin inkişaf xəttini elmi-tənqidi baxışla izlədikdə görünür ki, müasir Azərbaycan rejissor yaradıcılığı sistemli yanaşmaların formalaşdırdığı mədəni proses kimi dəyərləndirilməlidir. Bu müstəvidə fərdi istedadların da xüsusi yeri öz izini daim qoruyub saxlamışdır. Azərbaycan teatr məkanında hazırkı sənət və sənətkarlıq kriteriyalarının miqyaslı yüksəldilməsi istiqamətində aparılan axtarışlar və inteqrativ mərhələlərə qədəm qoyma ərəfəsində Elvin Mirzəyev əvvəlki rejissor məktəblərinin formalaşdırdığı zəngin yaradıcılıq ənənəsini müasir estetik və intellektual meyarlarla sintez edərək Azərbaycan teatr rejissorluğunun inkişaf xəttinə yeni düşüncə dərinliyi qazandıran yaradıcı fiqurdur. Məhz Elvin Mirzəyev kimi zəngin düşüncəli, geniş təfəkkürə malik yaradıcı fiqurlar bu prosesin həm estetik istiqamətini, həm də intellektual dərinliyini müəyyənləşdirən əsas dayaqlardan biri kimi qiymətləndirilə bilər. Bu kontekst həm də göstərir ki, belə istedadlı fərdlərin sənət prosesində daha geniş yaradıcı şəraitlə təmin olunması, onların peşəkar etimad mühitində fəaliyyət imkanlarının gücləndirilməsi və beynəlxalq səhnələrə çıxışlarının məqsədyönlü şəkildə dəstəklənməsi milli teatr düşüncəsinin gələcək inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
