Metafizik-strukturoloji esse
Əsəd CAHANGİR
can Sözdür, əgər bilirsə insan,
sözdür ki, deyirlər, özgədir can.
Məhəmməd Füzuli
Ustadım, akademik Nizami Cəfərova və bütün sayğıdəyər müəllimlərimə dərin sayğılarla
Birinci bölüm:
...Sözün başlanğıcı
Üçüncü hissə
İntibah mahiyyətcə sözün Sözdən, humanizm (adəmilik) isə insanın Allahdan uzaqlaşmasıdır. Batı insanı özünü Allahı itirməkdə tapdı! Doğu insanı, əksinə, sufilər və ya hürufilərdə olduğu kimi, Allaha yaxınlaşmaq və hətta Allahla eyniləşməkdə! Hürufiliyin üsyankar təbliğatçısı Nəsimi bu barədə yazırdı:
Həqq-təala Adəm oğlu özüdür,
Otuz iki həqq kəlamı Sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş üzüdür.
"Həqq-təala Adəm oğlu özüdür!" Qoy, çağdaş dəb üzrə hürufiləri nəyin bahasına olursa-olsun, "küfrdən", "bidətdən" təmizə çıxarmaq istəyənlər bu dördlüyü oxusunlar. Ümumən, görəsən, hürufilərin hər hansı "bəraət"ə ehtiyacı varmı? Və Allahla insanın eyniyyəti fikrini bundan aydın necə demək olar? Onları küfrdə suçlayıb öldürməklə, "küfrdən təmizləyib" onlara bəraət donu geyindirmək mahiyyətcə eyni şeydir - hər ikisi sözdür!
İ(n)sanı Allah(ın oğlu) elan eləyən xristianlıq özü də doğudan doğmuşdu. Min il sonra batı özünün antik bütləri, əski miflərinə qayıdır, Allahın oğlunu inkar eləyir və bu inkarı İntibah, oyanış, özünəqayıdış kimi başa düşürdü:
Batı xristianlığı rədd edib, antik miflərə qayıdırdı!
Batı doğunu rədd edib, özünə dönürdü!
Batı Sözü rədd edib, sözə dönürdü!
Batı Özünü rədd edib, özünə dönürdü!
Əslində, antik miflərdə də tanrıların çoxlu sayda övladları var, məsələn, biri elə "İliada"nın qəhrəmanı, dəniz tanrısı Poseydonun nəvəsi, dəniz ilahəsi Fetida ilə Ftiya hökmdarı Peleyin oğlu Axilles! Anası ilahə, atası adam! Yarı Allah, yarı insan! Amma batı insanı əski olaylara artıq inanc sistemi yox, sadəcə bədii zövq qaynağı olan estetik fakt kimi yanaşırdı. Bu onun düşüncəsinin zəif yeri - Axilles dabanı idi! Bu baxış bucağı insanı Allah qarşısında borc və öhdəlikdən, günah eləməklə bağlı məsuliyyətdən azad eləyir, inancı isə sadəcə sənətə - bədii-estetik oyuna çevirirdi. Ümumən hər hansı təzahürün sənətə çevrilməsi, estetik sublimasiyası onun həyat faktı kimi öz önəmini itirməsi deməkdir. Bu gün batı və Amerikanın çoxsaylı kinofilmlərində Həzrəti İsanın simasının bu və ya digər aktyor tərəfindən canlandırılması xristianlığın bir din, inanc sistemi kimi öz ömrünü başa vurmaqda, sənət faktına çevrilməkdə olduğunu göstərir. Kinofilmlərdə Həzrət Məhəmmədin simasının göstərilməsi üzərinə qoyulan yasaq isə, əksinə, İslamın bir inanc sistemi kimi hələ öz aktuallığını itirmədiyini göstərir. Həzrəti Məhəmməd peyğəmbərlərin sonuncusu olduğundan bu yasaq məntiqlə qiyamətə qədər qüvvədə qalmalıdır. Lakin İslam peyğəmbərinin də üstündən yasaq örtüyünün filmlərdə tədricən çəkildiyi hiss olunur: Misirin "Çağırış" filmində (1976, rejissorlar: Mustafa Akkad, Endrü Marton, ssenari müəllifi H.A.L.Kreig) peyğəmbərin sadəcə əsası görünürsə, İranın "Allahın elçisi" filmində (2015, rejissor Məcid Məcidi, ssenari müəllifləri: Məcid Məcidi, Kambuzia Partovi) əsa tutan əlini də görürük. Deyəsən, kinematoqrafiya Rəsulullahın ekran təcəssümünü yavaş-yavaş ələ verir!
***
Batı insanı dini-mistik yuxudan oyanıb özünün adiliyini görürdü. Bu lazım idi - insan özünün adiliyini görməlidir! İnsanın adiliyi onun cismi, bədəniylə bağlıdır! İnsan özünün cismini bilməli, tanımalıdır! O bu dünyadakı varlığına görə cisminə, bədəninə borcludur! Bədən olmadan o ən yüngül quş lələyini belə yerdən qaldıra bilməz!
Doğu insanı dünya adlı yuxudan ayılıb özünün aliliyini görürdü! Bu vacibdir - insan özünün aliliyini görməlidir! İnsanın aliliyi onun ruhuyla bağlıdır! İnsan öz ruhunu bilməli, tanımalıdır! Onun bu dünyaya gəlməkdə məqsədi ruhun empirik təcrübə toplaması, praktik biliyini artırmasıdır. Səməd Vurğunun dediyi kimi, "dünya yaranmayıb ötərgi bir səs!" Dünya ruhun emalatxanası, bədən ruhun alətidir.
Doğu insanı dünyanı bir yuxu sayırdı. Onun oyanışı özünün ruhaniliyini görməklə bağlıydı. Bu, tezis idi.
Batı insanı metafizikanı bir yuxu sayırdı. Onun oyanışı özünün cismaniliyini görməklə bağlıydı. Bu, antitezis idi.
İnsan ruhdan və bədəndən ibarətdir və bu iki oyanış bir-birini inkar eləmir, tamamlayırdı. Üçüncü minilliyin adamı bu tamamlanmış, bütöv oyanışdan doğacaq. Bu, sintez olacaq və bununla da tezis, antitezis, sintez çevrəsi tamamlanacaq.
***
Hürufiliyin banisi astrabadlı Fəzlullah Nəimi Bakıda qələmə aldığı "Cavidannamə" əsərində insanın Allah kimi ölməzliyindən danışır. Bu, məntiqidir - ölməzlik haqqında kitab ölməzlər şəhərində (Bakı-baki-baqi-boqi-əbədi-ölməz) yazılmalıydı və yazıldı. Fərqindəsinizmi, əbədiyyət haqqında ən dərin mənalı kitab indi içindən muzey kimi keçdiyimiz İçərişəhərdə yazılıb! Məntiqidir - mahiyyət, batin, daxil, iç haqqında kitab İçərişəhərdə yazılmalıydı və yazıldı! Oxuyursan və düşünürsən: "Görəsən, bu Kitabı, doğrudanmı, insan yazıb?! İnsan ağlı, zəkası, qavrayışı, təfəkkürü, idrakı buna qadirdirmi?" "Cavidannamə" bu günəcən də bütün dünyada insanın aliliyi haqqında yazılan kitabların ən gözəli olaraq qalır! Bu kitab Sözün - ilahi kəlamın minlərlə bəşəri təfsiri içində müstəsna mövqeyə, təkrarsız statusa malikdir. Nəimi bu kitabla hürufiliyin - Quranın iyirmi səkkiz qutsal hərfini (və üstəgəl, fars əlifbasından dörd hərfini) insanın sifətində görən dini-mistik təlimin əsasını qoyub. "Cavidannamə" ölməzliyin hürufatı, əbədiyyətin əlifbasıdır. Bu kitabda doğunun üç xalqı birləşir - fars oğlu ərəb əlifbası haqqında təlimini türk torpağında yaradır! Dünya sadəcə türklə başlamır, həm də türklə bitir!
Xiromantlar deyir ki, insanın taleyi onun əlinə yazılıb. Nəimi isə deyir ki, insanın əbədiyyəti, cavidanlığı, ölməzliyi onun üzünə yazılıb. İnsan öz üzünü oxumalıdır! Üzünü oxumaqla insan bütün varlığı oxuyur! Nədən ki bütün kainat insanın üzündə güzgülənir. İnsanın üzü bütün varlığın aynasıdır! İnsanın üzü dərin sirlər, ali mənalarla dolu böyük bir kitabdır! Allahın əlamətləri, atributları (ərəz) insanın üzündə, zatı, substansiyası (cövhər) isə insanın ruhunda əks olunur! Nəsimi bu barədə yazırdı:
Səni bu hüsni-camal ilə, kamal ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər.
Surətin vəsfini sordum isə hər taifədən,
Məninin güzgüsünü surəti-rəhman dedilər.
Üzünü, özünü oxuyan insan kamil, oxuya bilməyən cahildir. Ona görə cəhalətdən oyanmağa - üzünü, özünü oxumağa çağırış hürufi poeziyasından qızıl xətlə keçir. Hürufilərə görə özünü bilmək, üzünü oxumaq mərifət, özünü bilməmək, üzünü oxumağı bacarmamaq qəflətdir! Özünü bilən arif, özündən xəbərsiz qafildir! Nəsimi bu barədə yazırdı:
Ey özündən bixəbər qafil, oyan!
Həqq mənəm, həqq olmayıb batil, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!
Olma fani aləmə mayil, oyan!
Nəiminin Allah-insan konsepsiyası da hər şeyin insanda təcəllasına dair fundamental qənaətdən - vəhdəti-vücud düşüncəsindən doğurdu:
Allah özünün yaratdığı hər şeydədir;
İnsan Allahın yaratdığı hər şeyin sonucudur;
və deməli, sonucda Allah insandadır.
Nəimi bu kitabla doğu humanizminin (adəmiliyin, insansevərliyin, insanpərvərliyin, yaxud insanpərəstliyin) sistematik əsasını işləyib hazırlayıb. "Cavidannamə"yə görə insan Allahın Sözüdür! "Cavidannamə"yə görə insan Allahın özüdür!
Nəiminin tarix konsepsiyası da Allahın insanda təcəllasına dair fundamental hürufi qənaətindən doğur. O, bu prinsipə söykənərək Adəmdən özünəqədərki tarixi üç dönəmə bölür:
Birincisi, nübüvvət, yəni Həzrət Adəmlə başlayıb Həzrət Məhəmmədlə başa çatan peyğəmbərlər dönəmi;
İkincisi, vilayət, yəni Həzrət Məhəmmədin vəfatından Nəiminin zühuruna qədər sürən övliyalar, vəlilər dönəmi;
Üçüncüsü, üluhiyyat, yəni Nəiminin zühuruyla başlayan ilahi dönəm.
Nəiminin üçlü bölgüsünü təxminən, belə sadələşdirmək də olar:
Birinci dönəm: Allah.
İkinci dönəm: insan.
Üçüncü dönəm: Allah-insan!
Bəli, Nəimi iddia edirdi ki, onunla övliyalar dönəmi bitir və üluhiyyat başlayır. Yəni Allah öz Sözünü öncə peyğəmbərlər, sonra övliyalar, vəlilər vasitəsilə deyib, indi isə birbaşa yerə enərək Nəiminin sifətində təcəlla eləyir. Və bununla, elə bil, deyir ki, bizim aramızda Cəbrayıla artıq ehtiyac yoxdur - onu öz qasidlik görəvindən azad edirəm. Mən sənəm, sən də mənsən! Nə sən varsan, nə də mən - biz varıq! Nəsimi bu babda belə yazırdı:
Biz ki, məndən üstün oldu, bil, odur,
Həyat suyu çeşməsinin rəvanı!
Müsəlmanlar haqlı olaraq həmişə onunla qürur duyub və indi də qürur duyurlar ki, öncəki qutsal kitablardan fərqli olaraq Qurani-Kərim birbaşa Allah kəlamıdır. Yəni Allah öz Sözünü Həzrəti Cəbrayıla deyib, qasid mələk Rəsulullaha deyir, Rəsulullah isə nöqtəbənöqtə, hərfbəhərf, sözbəsöz insanlara çatdırır. Peyğəmbərə həsr elədiyi qəzəlində Füzuli bu barədə yazırdı:
Münhiyi-həqiqəti hal dililə daim,
Qılır əhli-hala əsrari-həqiqət inha.
Yalnız bir dəfə - merac gecəsi Pəsulullah ilahi vəhyi mələk vasitəsilə deyil, birbaşa Allahın özündən alıb və bu üzdən o gecəki vəhy "ayətül-kürsi" ("uca ayə") adlanır. Nəimi zühur eləyəndə yeddi yüz iliydi ki, bütün İslam dünyası bütün bunları mütləq həqiqət kimi qəbul eləmişdi. İndi birdən-birə Astrabaddan bir nəfər yuxuyozan çıxır, öz yuxularını həqiqət adına yozur və demədən deyirdi:
Əgər Allah vəhyi Peyğəmbərə Cəbrayıl vasitəsilə deyirdisə, mən onu birbaşa eşidirəm!
Həzrət Məhəmməd zamanında Allah, mələk, insan üçlüyü vardı, indi üçü bir sifətdədir və o, mənəm!
Həzrəti Məhəmməd Allahın peyğəmbəri idi, mən Allahın özünün təcəllasıyam!
Həzrət Məhəmməd müjdə gətirən idi, mən müjdə verənəm!
Həzrət Məhəmmədə Söz deyilirdi, mən Sözü özüm deyirəm!
Rəsulullaha olan bütün ehtiramına baxmayaraq, Fəzlullahın bu yanaşması sonucda "mən Peyğəmbərdən bir pillə üstünəm" anlamına gəlirdi. Yeddi yüz il ərzində artıq tam oturuşmuş, daşlaşmış İslam düşüncəsi buna dözə bilərdimi? Məhşəri-yövmül-hesab qopmalı deyildimi?!
Hürufilərin "Ənəl-həqq!", yəni "Həqq mənəm!" devizi üluhiyyatın Nəimidə, yəni Allah-insanda təcəllasına dair fikrə imandan doğurdu. Ənəl-həqq hürufilərin kəlmeyi-şəhadətiydi. Rəsmi din təmsilçiləri bunu bidət, sapqınlıq, şirk kimi qarşıladı, Nəimini və onun ardıcıllarını "zındıq" elan elədi. Əslində, "Ənəl-həqq" ortodoksal İslamın ana ideyasının - "la ilahə illəllah"ın inkarı yox, yeni tarixi duruma uyğun davamı, qarşılığı, analoquydu. O mahiyyətcə "İnsandan başqa Allah yoxdur!" deməkdir. Yəni Allah ideyası hürufilərdə ümumən inkar olunmur, onun subyekti, şəxsiyyəti göydən yerə endirilir, adəmiləşdirilir, adamlaşdırılır, şəxsləndirilirdi. Nədən ki, birinci minilliyin qəhrəmanı Allah, ikinci minilliyin qəhrəmanı insan idi. Hər şey, hətta Allahın özü belə insaniləşməliydi. İnsaniləşmə, torpağa eniş, maddiləşmə, konkretləşmə Allahın özünün proqramıydı. Allah min illərlə yerə mələkləri, peyğəmbərləri göndərmişdi, indi isə özü yerə enirdi. Və odur ki:
İslamda Allah gözəgörünməzdir, hürufilərdə görünən!
İslamda Allah eşidilməzdir, hürufilərdə eşidilən!
İslamda Allah toxunulmazdır, hürufilərdə toxunulan!
İslamda Allah mücərrəddir, hürufilərdə konkret!
İslamda Allah noumendir, hürifilərdə fenomen!
İslamda Allah qeyri-şəxsdir, hürufilərdə şəxs!
İslamda Allah yaradandır, hürufilərdə həm də yaradılan!
İslamda Allah kənardadır, hürufilərdə daxildə!
İslamda Allah birdir, hürufilərdə birlik!
İslamda Allah Allahdır, hürifilərdə insan!
Hürufilərin həqiqətinin yerə və insana bağlılığı onların dörd başlanğıc ünsür arasında torpağa özəl status vermələrinə nədən olurdu. Axı, Allah insanı öncə torpaqdan yoğurub yapmış, sonra ona can, nəfəs vermişdi. Hürufilər bütün fikirlərində sistematik, ardıcıl surətdə Quran və ya hədislərə söykənirdilər. "Cavidannamə" başdan sonacan Quran və hədislərdən gətirilən sitatlarla doludur.
Əgər kəlmeyi-şəhadəti deyib müsəlman olurdunsa, "Ənəl-həqq!" deməklə də hürufi olur, Allahın insanda təcəllasına iman gətirirdin. Nəsimi divanından bu hürufi kəlmeyi-şəhadətinə dair yüzlərlə sitat gətirmək olar:
Bulmuşam həqqi, ənəl-həqq söylərəm,
Həq mənəm, həq məndədir, həqq söylərəm!
Təsadüfi deyil ki, hürufilər özlərinə "adəmi" deyirdilər. "Adəmə, onun nəslindən törəyənlərə, insana pərəstiş eləyən şəxs" anlamı verən bu söz batılıların "humanist" anlayışının, adəmilik isə "humanizm"in doğu variantı idi.
Bir az da təhqiramiz çalar daşıyan "hürufi" adını Həimi və onun ardıcıllarına başqaları vermişdilər. Əslində, bu adı onlara verənlər özləri Quranın mahiyyətinə varmır, onun nəhayətsiz dərəcədə dərin, çoxqatlı rümuzatına enmir, onu üzdən, səthi, hərfən anlayır, onun mənası deyil, hərfinə sədaqət göstərirdilər. Dərinə gedəndə Nəimi və onun ardıcılları deyil, onların əleyhdarları özləri "hürufi" idi. Yeni dönəmdən etibarən İslam dünyasının Avropadan geri qalması və bu geriliyin on doqquzuncu yüzildə acınacaqlı bir duruma gəlib çıxmasının ana səbəbi məhz Qurana, Kitaba, şəriətə yanaşmada din xadimlərinin "bukvoyedliyi" və bundan doğan fanatizm, cəhalət oldu:
namazı qolubağlı qılaq, yoxsa qoluaçıq;
dəstəmaz alanda ayağı yuyaq, yoxsa məsh eləyək;
namaz qılanda "əttahiyyati-lillahi..."ni oxuyaq, yoxsa "vəhdəhu la şəriki lə..."ni;
namazın sonunda sağa-sola salam verək, yoxsa verməyək;
gündə beş dəfə namaz qılaq, yoxsa üç dəfə;
orucluq zamanı tüpürcəyi udmaq olar, yoxsa olmaz;
orucluq zamanı təsadüfən ağzına milçək düşsə, oruc pozulur, ya yox;
dəvənin beli iynənin gözündən keçsə, cəhənnəm əhli azad olacaq, ya yox;
Xeybər qalasını Həzrət Ömər almışdı, yoxsa Həzrət Əli;
və sair və sair və sair...
Nəiminin təlimi, əksinə, Quranın məhz alt qatlarına, batini anlamlarına iddia eləyən ifrat ezoterik təlim idi. Ənəl-həqq! Bu iki kəlmə İslam aləmində o vaxtacan Mənsur-Həllac tərəfindən deyilmiş və böyük mistikin Bağdadda dara çəkilməsiylə sonuclanmışdı. Bu, görünüb-eşidilməmiş dərəcədə böyük cəsarət idi! Bu, Allahla insan, Sözlə söz arasında bərabərlik işarəsi qoymaq idi! Bu cəsarət Nəimiyə də, onun minlərlə müridinə də baha başa gəldi, onlar da bunun qarşılığını öz həyatları ilə ödədilər. Mürşidi-Kamili atlara qoşaraq dörd yerə şaqqaladılar, müridləri isə başını kəsib, dabanından soymaq, diri-diri yandırmaq, dara çəkmək, boynunu vurmaq kimi orta çağlara məxsus dürlü edamlara məhkum elədilər. Osmanlı sultanı Mehmet Fatihin əmriylə əl-qolu bağlanmış on mindən çox hürufini xüsusi olaraq qazılmış böyük bir çaladakı tonqala atdılar! Rəvayət edirlər ki, yanıq ət qoxusu o ətrafdan aylarla çəkilməyibmiş!
Azərbaycandan başlayan hürufilik Anadolu, İraq, Suriya, Misir, Balkanlara keçdi və tədricən zəifləyərək on səkkizinci yüzilin sonlarınacan davam elədi. Düşüncə inqilabı bir günəş kimi doğudan doğub, batıda batdı! Batdı ki, sabah doğudan yenidən doğsun! Amma bu yeni doğuşu təxminən, iki yüzil gözləmək lazım gəldi!
Əgər Teymur, Sultan Mehmet Fatih kimi cahangirlər hürufi intellektual elitasının başını kəsməsəydilər, dünyanın çağdaş mənzərəsi bu gün tamamilə başqa cür ola bilərdi! Nə yazıq ki, olmadı! Neçə-neçə orduları yenən Teymur fanatizmə məğlub oldu! Xaçpərəstlərin paytaxtı İstanbulu alan Sultan Mehmet Fateh müsəlman üləmasının təzyiqi qarşısında geri çəkildi! Hürufilərin edam fərmanı verildi! Ağlın, zəkanın, mərifətin çırağı söndürüldü!
***
İnsan Allah kimi ölməz, əbədi, cavidandır! Bu ideya orta çağ doğusunda hər gün baş verən adi bir olaydan başlayıb, bütün Yaxın Şərq və Orta doğu, Balkanları qapsayan, yüzillərlə sürən böyük bir düşüncə axınına çevrildi. Bəs, o hansı olay idi?
Türkiyənin görkəmli hürufişünas alimi Fatih Usluer "Hürufilik" adlı qiymətli kitabında yazır ki, o vaxt gənc yaşda olan Nəimi bir gün küçə ilə gedən bir dərvişin Cəlaləddin Rumidən oxuduğu bu beyti eşidir:
Əz morq çe əndişə, çün cani-bəqa dari,
Dər gur koca gənci, çün nuri-xuda dari.
Və Xoca Kəmaləddindən (Allah ona rəhmət eləsin) bu sözlərin nə anlam daşıdığını soruşur. Xoca beytin eşq və cəzblə bağlı olduğunu deyir və onun batini anlamını tələbəsinə açıqlayır. Gənc Nəiminin bütün gələcək həyat və düşüncə yolu radikal surətdə dəyişir! Üstündən onillər keçəndən sonra "Cavidannamə"nin qələmə alınması, hürufiliyin meydana gəlməsi, yüzillər keçəndən sonra Muğannanın "İdeal"ı yazması, sonucda oxumaqda olduğunuz bu kitabın yaranmasına nədən olan o taleyüklü beytin dilimizə tərcüməsi belədir:
Ölümdən nə qorxursan, çünki ölməz ruhun var,
Qəbrə necə sığırsan, çünki Allah nurun var.
İnsanın ölməzliyinə iddia edən hürufiləri qətlə yetirir və sanki "demirsiniz ki, ölməzik, buyurun, bu meydan, bu da siz, di ölməzliyinizi sübut edin, görək necə edəcəksiniz!" deyirdilər.
Ağlasızğmaz dərəcədə dəhşətli ölümlər Ruminin ölməzlik haqqında bu beytindən başladı, amma onunla bitmədi. İnsanın Allah kimi ölməzliyi məsələsində Nəimiyə ilham verən ikinci və daha önəmli qaynaq peyğəmbərin meracı ilə bağlı bir hədis oldu. O öncə Ruminin liseyi, sonra isə peyğəmbər əfəndimizin akademiyasında dərs aldı. Hədisə görə, Rəsulullah meracdan qayıdandan sonra "mən Allahı başında qızıl tac, əynində qızıl libas, əlində qızıl əsa, ayağında qızıl başmaq, qızıldan taxtda əyləşmiş, bığ yerləri yenicə tərləmiş, qıvrıcıq saçları çiyinlərinə tökülən yeniyetmə oğlan qiyafəsində gördüm" demişdi.
Nəimi bu hədisdən çoxpilləli bir sonuca vardı:
hər kəs merac edir, sadəcə, hər kəsin meracı onun layiq olduğu dərəcədə olur, yəni "Allah istədiyi kəsləri dərəcələrlə yüksəldir" (Qurani-Kərim, "Yusif" surəsi, 76-cı ayə), yaxud "kim nə miqdar olsa, əhlini eylər ol miqdar Söz" (Füzuli);
hər kəsin meracı onun özü-özüylə, yəni özünün daha yüksək dərəcəli, ali, ülvi, xalis, təmiz, dünyanın çirkabına bulaşmamış, əbədi gənc, ölümsüz forması ilə görüşüdür;
hər kəsin cismani forması onun surəti, kopyası, meracda gördüyü isə özü(lü), əsli, zatı, orijinalıdır;
Rəsulullah merac gecəsi qızıl taxtda əyləşmiş yeniyetməni görməklə özünün bir neçə il sonra Məkkədə dövlət quracağı və hökmdar olacağını görmüşdü; Rəsulullah adi, sıravi bir adam olmadığı, bütün insanlığın meyarı olduğu üçün meracda təkcə özünü deyil, bütün insanlığın əslini, mahiyyətini, zatını, orijinalını, yəni təkcə özünün Məkkədə şah olacağını deyil, həm də ümumən insanın kainat taxtının şahı olduğunu görmüşdü;
varlığın şahı Allahdır və odur ki, Rəsulullah insanı kainat taxtında əyləşmiş yeniyetmə qiyafəsində görməklə, Allahı insan sifətində görmüşdü;
əgər Allah insanın sifətində təcəlla eləyirsə, deməli, insan da Allah kimi əbədi, ölməz, cavidandır!
Hürufilərə görə, onlar ölməzliyin gizli sirrini (sirri-nihanı) tapmışdılar. O sirr nədən ibarət idi? Bütün sualların, eləcə də ölməzliklə bağlı sualın cavabı, bütün sirlərin çözümü insan özüdür! İnsan özünü dərk etsə, bütün varlığı dərk edər! İnsan gizli xəzinədir, nə yazıq ki, bundan xəbərsizdir! Allahın zatı, mahiyyəti ilə bağlı hamıdan gizli saxlanılan adı İnsandır! Nəsimi "Sığmazam" rədifli proqram səciyyəli qəzəlində yazırdı:
Gənci-nihan mənəm, mən uş,
eyni-əyan mənəm, mən uş,
Gövhəri kan mənəm, mən uş,
bəhrəvü kanə sığmazam.
Nəimi özünün bütün həyatı və fəaliyyəti ilə yeriyən, danışan, şeir qoşan, risalə yazan, kitab oxuyan, namaz qılan, oruc tutan, papaqçılıq eləyən canlı Söz idi. Cahillər bunu eşidib insanın bu ali mərtəbəsindən dəhşətə gəldilər, gözləri qaraldı! Vərdiş olunmamış ucalıq insanı qorxudur! Əmir Teymurun böyük oğlu, Xorasan, Azərbaycan, İran və İraqın hakimi, atdan yıxıldığından beyni silkələnən və dəlisov qərarlar verən Miranşahın əmriylə Nəimini təqib eləyib tutdular və Əlincədə edam elədilər. Astrabadda cismən, Bakıda ruhən doğulan Söz Naxçıvanda torpağa tapşırıldı.
Nəiminin öz müridləri üzərindəki təsiri o qədər güclüydü ki, onlar Mürşidi-Kamilin Allahın yer üzündəki təcəllası olduğuna şəksiz iman gətirmişdilər. Bu, doğrudan da, heyrətamiz bir hiss, təkrarsız duyğudur - təsəvvür edin ki, səsini eşitdiyiniz, üzünü gördüyünüz bir şəxsin simasında Allah hər gün sizinlə birbaşa danışır! Hətta bunu sadəcə yazmaqla belə, mən indi həyəcan duyuram! Bəs, onda Mürşidi-kamili hər gün görən müridlər nələr duymalıydılar? Özünü tanıyandan bircə tikə də zəhmətsiz çörək yeməyən Halalxor dahinin ən istedadlı ardıcıllarından biri olan Nəsiminin çılğın çağırışları da Allahla canlı bağlantı kimi heyrətamiz duyğunun yaratdığı sonsuz həyəcandan doğurdu:
Fəzli-həqdir vaqifi-əsrarımız!
Fəzli-həqdəndir qamu ənvarımız!
Fəzli-həq göstərmiş idi karımız!
Fəzli-həqdir, fəzli-həq memarımız!
Nəsimini insanlığa bağışlayan Nəimi idi. Bu iki hürufinin təxəllüsləri arasında bircə hərf fərqi vardı: Nəimi - Nə(s)imi! Nəsiminin şeirləri Nəimidən ilham alırdı! Bu şeirlər Nəim cənnətlərindən əsən bir nəsim idi. Allah onların hər ikisini "Nəim cənnətlərinin varislərindən eləsin" (Quran, "Şairlər", 85). Bu nəim, nemət, ənam, ruzi, mükafat Sözdür! Allahın Sözü onların üstündə olsun! Amin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
