Heydər Əliyev şəxsiyyəti Elmira Axundovanın təfsirində - Zemfira MƏHƏRRƏMLİ

 

Çağdaş publisistikamızda və ədəbiyyatımızda Elmira Axundova fenomeni mövcuddur və bu, danılmaz gerçəklikdir. Elmira Axundova deyəndə, ilk növbədə, görkəmli nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas alim, dövlət xadimi, siyasətçi, eyni zamanda Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Xalq yazıçısı, Əməkdar jurnalist fəxri adlarına, həmçinin, "Şöhrət" və "İkinci dərəcəli Vətənə xidmətə görə" ordenlərinə, ölkə Prezidentinin Fəxri Diplomuna layiq görülmüş bir şəxsiyyət göz önünə gəlir. Böyük söz ustası, ünlü yazarımız öz həyatı, zəngin yaradıcılığı ilə əsl ziyalılıq nümunəsidir, mənsub olduğu yurdun həmişə rəğbətlə qarşılanan aydınlarındandır. O, yüksək sənətkarlıqla qələmə aldığı dərin məzmunlu publisistik əsərləri, siyasi detektiv janrda ərsəyə gətirdiyi "Poliqrafçının ölümü", "On ikinin yarısında qətl", "Şüşə sarayı" kimi bestsellerə çevrilmiş romanları ilə sevilir, oxucularını, pərəstişkarlarını sevindirir. Söz sərrafı mükəmməl publisistikası, ovxarlı deyimləri, düşündürən fikirləri ilə ruhumuzu təzələyir, ürəyimizi riqqətə gətirir.

 

Mənalı bir ifadə var: seçilmiş adam. Uzun illər tanıdığımız, yaradıcılığına, amalına bələd olduğumuz Elmira xanım, sözün əsl mənasında, seçilmiş, etimad göstərilmiş şəxsdir. Xalqın böyük etimad bəslədiyi şəxs. O, Milli Məclisin deputatı kimi həmişə öz seçiciləri qarşısında üzüağ olub. Həyatının məqsədini, ürəyinin istəyini, içində çırpınan arzularını insanlığa mərhəmətli, soydaşlarına yardımçı olmaqda görən xalq elçisi tez-tez seçiciləri ilə görüşür, onların müşkülünü asan edir, problemlərini yoluna qoyurdu. Ukraynada ölkəmizin fövqəladə və səlahiyyətli səfiri olanda da bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir, hər iki respublikanın qarşılıqlı əlaqələrinin inkişafına töhfələr verirdi.

Elmira xanım Azərbaycan televiziyasında çalışanda da, sonralar "Literaturnaya qazeta"nın respublikamız üzrə xüsusi müxbiri olanda da, səsi "Azadlıq" radiosundan eşidiləndə də boya-başa çatdığı yurdun sevdalısı olub. Xalqına fayda vermək, bütün səylərini Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, qanlı Qarabağ savaşı ilə üz-üzə qalmış, torpaqları işğal olunmuş məmləkətin haqlı tələblərini müdafiə etmək, bu missiyanı gerçəkləşdirmək üçün hər addımda böyük səylər göstərmək Elmira xanım üçün daim həyati əhəmiyyət daşıyıb. O, sözün əsgəridir. Elmira xanımın kəsərli qələmlə yazılmış, ölkəmizə qarşı məkrli planların iç üzünü açan, respublikamızda düşünülmüş şəkildə yaradılmış mürəkkəb ictimai-siyasi hadisələrin əsl mahiyyətini izah edən məqalələrini hamı oxuyurdu. O, "Literaturnaya qazeta"nın əməkdaşı olarkən həm də Rusiyanın digər mətbuat orqanlarında Azərbaycanda baş verən hadisələr barədə məlumat çatdırırdı. Belə yazarlar barmaqla sayıla bilərdi. Onlardan birincisi elə Elmira Axundova idi və onu, necə deyərlər, daşdan keçən yazıları ilə tanıyırdılar. Silahı qələmi idi. O, qələmi ilə döyüşürdü. Döyüşürdü ki, vay soraqlı şeypurların səsi kəsilsin, düşmənlərimiz, torpaqlarımıza göz dikənlər xar olsun. İstəyirdi ki, bir-birimizin arxası, dayağı, basılmaz qalası olaq.

İrəlidə qeyd etdiyim kimi, Elmira xanım Qarabağ mövzusunda çoxsaylı publisistik yazıların müəllifidir. Qatı millətçi, faşist xislətli Zori Balayana mətbuat vasitəsilə kəsərli cavab vermiş, özünü ermənilərin başbiləni sayan bu fitnəkara layiqli yerini göstərmişdi.

90-cı illərin hadisələri olduqca qəliz, mürəkkəb idi. O dönəmdə çoxlarının maraq dairəsində bir şəxsiyyət vardı - Heydər Əliyev. Elmira xanım bu böyük insanın həyatı və fəaliyyəti barədə mərkəzi mətbuatda dərc olunmuş alovlu yazıları ilə tanınırdı. Onun "Obşaya qazeta", "Delovoy mir" və digər qəzetlərdə dərc edilmiş "Əliyev Bakının küçələrində görünmüşdür", "Heydər sizin üçün Qaydar deyil", "Bütün xalq meydana axışdı" kimi yazıları dahi şəxsiyyətə ithaf olunmuşdu. Elmira xanım sözügedən məqalələri ilə siyasi publisistikanın gözəl nümunələrini yaradırdı. O, müdrik insanın, uzaqgörən rəhbərin xalqına olan sevgisini, yürütdüyü düşünülmüş siyasəti, respublika əhalisinin öz liderinə inamını və ehtiramını çatdırmaq istəyirdi.

Mən bu yazımda istedadlı həmkarımız, güclü qələm sahibi Elmira Axundovanın bədii-publisistik yaradıcılığında geniş yer tutan, ömrünün uzun illərini həsr etdiyi Heydər Əliyev mövzusuna diqqəti yönəltmək istəyirəm. Ulu öndərin şərəfli ömür yolundan bəhs edən yeddicildlik, həqiqətən, müəllifin titanik zəhməti hesabına ərsəyə gəlib və çox qürurvericidir ki, xalqın sevgisi və minnətdarlıq duyğusu ilə qarşılanıb.

Görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin təbirincə desək, "Elmira Axundova Azərbaycan ədəbiyyatı tarixində yeni janr olan sənədli tarixi-bioqrafik roman - tədqiqatın yaradıcısıdır".

Xalq yazıçısı Anarın fikrincə, "Elmira Axundovanın çoxcildliyində Heydər Əliyev şəxsiyyətinin miqyası və tarixi perspektivdə onun potensial imkanları diqqətə çatdırılıb. Həmçinin Ümummilli liderin gələcək Azərbaycanla bağlı strategiyasının dəyərləndirilməsi və şərhi də qırmızı xətlə keçir".

 

Müəllif öz qəhrəmanını bu irihəcmli əsərində dərin rəğbət hissi və ehtiramla tərənnüm edib. Böyük liderin həyatının müxtəlif anları sənədli faktların dili ilə, dəqiq, doğru-düzgün əks etdirilib. Bu çoxcildliklə bağlı az yazılmayıb, tədqiqatçıların şərhləri, təhlilləri dərc edilib, dəyərli fikirlər söylənilib. Həmin roman bir neçə ölkədə çap olunub. Belə bir fakt da qürurvericidir ki, Britaniya parlamentində Ümummilli liderimizdən bəhs edən bu fundamental əsərin yüksək səviyyədə təqdimatı keçirilib.

Müəllif Heydər Əliyevin dahiliyini sübut edən zəngin fəaliyyətini açıqlayır, onu beynəlxalq aləmə daha yaxşı tanıtmaq üçün xarici siyasət sahəsində həyata keçirdiyi trendlərdən söz açır; bəlağətli, bərli-bəzəkli ifadələrə yol vermədən. Elmira xanım müsahibələrindən birində belə bir fikri vurğulayır: "Dövlət başçıları rəmzdir, toxunulmazdır. Prezidentimiz özü də dəfələrlə deyib ki, mənim yersiz tərifə ehtiyacım yoxdur. Hər kəs çalışdığı sahədə vətəndaşlıq borcunu yerinə yetirərsə, bu mənə kömək olar".

Elmira Axundova Heydər Əliyev haqqında ərsəyə gətirdiyi külliyyatında bu böyük insanın doğma Azərbaycanın tərəqqisi naminə mükəmməl siyasətini, xalqa olan məhəbbətini, insanların rəhbərə olan inamını ən gözəl məziyyət, milli-mənəvi sərvət kimi oxucularına çatdırır. Müəllif qeyd edir ki, "Prezident H.Əliyevlə xarici ölkələrə səfərlər zamanı akkreditasiyadan keçən jurnalistlərin onu daha yaxından müşahidə etmək, xarakterik cəhətlərini sezmək imkanı daha çox olurdu. İnsanlarla ünsiyyətə girmək, qarşısındakı şəxsin nəyə qadir olduğunu dərhal duymaq Ulu Öndərin olduqca qeyri-adi və məqbul keyfiyyətlərindən idi. Heydər Əliyevi onunla dəfələrlə səfərə çıxan biz jurnalistlər yox, həm də xarici reportyorlar da sevir və yüksək dəyərləndirirdi. Jurnalistlər dünyaca şöhrətli şəxsiyyətin xoş aurası, pozitiv təsiri altına düşürdü".

Hərtərəfli dünyagörüşünə malik olan Heydər Əliyevin intellektual səviyyəsinə qibtə, bəzən isə paxıllıq edirdilər. Onu qəbul etmək istəməyən, qısqanclıqla yanaşanlara Elmira xanımın bu külliyyatda verdiyi cavablar olduqca obyektiv və maraq doğurandır. Müəllif əsər boyu ifrat şişirtmələrə, parıltılı bənzətmələrə yol verməməyə çalışıb. Eyni zamanda fundamental əsərinin qəhrəmanına qarşı haqsızlıqlara reaksiya verərkən barışmaz olub, gerçəyi qələmə alıb. Bu yeddicildlik xalqımızın liderinin həyat yolunu və çoxşaxəli fəaliyyətini illər boyu dərindən öyrənmiş yazıçının ərsəyə gətirdiyi mükəmməl əsərdir.

Xalq yazıçımız E.Axundovanın təfsirində ulu öndərin portretinə daha hansı cizgiləri əlavə edə bilərik? Elmira xanım bu suala öz qəhrəmanının şəxsi həyatına dair yazdığı "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" əsəri ilə cavab verib. Şəxsi həyatın uğurlu olması sonra qazanılacaq nailiyyətlərin rəhnidir və bu, bütün başarılar üçün möhkəm zəmin yaradır. Adıçəkilən gözəl əsər haqqında danışarkən müəllifin söylədikləri də maraqlıdır: "Məhəbbət haqqında kitab təkcə Azərbaycanda deyil, həm də dünyada gənc nəsil üçün ibrətamiz örnək missiyası daşımalıdır. Bu, həqiqətdir. Biz uğurlu və çiçəklənən cəmiyyət arzulayırıqsa, ilk növbədə, bu cəmiyyətin kiçik modeli, özəyi olan ailə uğurlu və çiçəklənən olmalıdır".

Zərifə və Heydər dastanını yazmaq barədə fikrini qətiləşdirəndə Elmira xanım bu gənclərin tanışlıq tarixçəsini elə də müfəssəl bilmirdi. Hər iki ləyaqətli gənci yaxından tanıyanların, onlara bələd olanların danışdığı söhbətlər, rəngarəng xatirələr, təbii ki, bu kitabın ərsəyə gəlməsində əhəmiyyət kəsb etmiş, mühüm amil olmuşdur. Siyasi xadimlərin, yurd müdafiəçisi olan sərkərdələrin, dünya şöhrətli sənətkarların sədaqətli, sevimli ömür-gün yoldaşları ilə birgə yaşadığı illər, onların çoxlarına bəlli olmayan həyatı barədə yazılmış kitablar həmişə maraq doğurur. Müəllifin fikrincə, "Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli oğul və qız bəxş edən, müstəsna keyfiyyətlərə malik Qadın barədə yazmasaydı, qəhrəmanının həyat və tale epopeyası oxuculara yarımçıq çatdırılacaqdı".

Qəhrəmanlarını ürəkdən sevən və dəyərləndirən yazıçı bu əsərdə onların hər ikisinin dolğun obrazını və sevgi hekayəsini səmimiyyət və böyük ustalıqla qələmə alıb. Bu qeyri-adi kitabı oxuduqca təməli saf məhəbbət üzərində qurulmuş köklü ailədə yaşananlar, valideynlərin övladlarına olan istəyi, onların mükəmməl təhsil almasına, dünyanın aparıcı dillərini öyrənməsinə göstərdikləri qayğı, milli-mənəvi dəyərlərə ehtiram və ən başlıcası vətənpərvərlik tərbiyəsi, sözün həqiqi mənasında, heyranlıq doğurur. Bütün bunlar ailədəki sevginin gücüylə hasilə gəlirmiş.

28 yaşlı gənc Heydərin yaşıdı olan Zərifə xanımla isti münasibəti, bir-birlərinə dərin məhəbbəti, sən demə, çətinliklərdən keçibmiş. Məhək daşı möhkəm olan bu sevgi barədə düşünəndə "Yel qayadan nə aparar" zərb-məsəli yada düşür. Təlatümlü dəryada duruş gətirən dağa bənzəyən bu eşq illərin sınağından üzüağ çıxmışdı. Uca boylu, ala gözlü, yapışıqlı gənc Azərbaycanda çoxlarının tanıyıb ehtiram bəslədiyi akademik Əziz Əliyevin mənzili qarşısında görünəndən sonra qısa müddətdə özünü bütün ailə üzvlərinə sevdirə bilmişdi; yüksək intellekti, çevrəsindəkiləri ahənrübatək özünə cəlb etməsi ilə.

Əsərdə oxuyuruq: "Heydərlə Zərifənin məhəbbət tarixçəsində Stalin epoxasının dramatik gerçəklikləri qəribə şəkildə çulğalaşmışdı". Gənc zabit Heydər Əliyevin işlədiyi qurumun - DTK-nın həmin sərt illərdə reputasiyası yaxşı deyildi. Əziz müəllim özü də bu amansız qurumun uydurma donoslarından təngə gəlmişdi. Belə bir qarmaqarışıq vaxtda gənclərin ailə qurmaq istəyi dilemma qarşısında idi. Əziz müəllimin qızı, gənc həkim Zərifə xanımla evlənsəydi, təhlükəsizlik orqanlarından uzaqlaşdırılacaqdı. Gənc Heydər xidməti karyerasından keçə bilərdi, sevgisindən yox. Nə yaxşı ki, Zərifə və Heydərin məhəbbət romanı xoşbəxt sonluqla nəticələndi. Yurd aydınlarının qənimi olan, bütün fitnələrin səbəbkarı Mircəfər Bağırov "Böyük rəhbər" Stalinin ölümündən sonra artıq öz başının hayında idi. Gənclər az sonra sadə, dəbdəbəsiz toy məclisi qurub, xoşbəxtlik cığırına yön almışdı.

Böyük dövlət xadimi Heydər Əliyevin həyatda yeganə məhəbbəti olan sevimli Zərifəsinə ürəkdən bağlanması, həqiqətən, qibtə hissi doğurur. Munis, saf məhəbbətlə əsası qoyulan bu ailə əsl örnək, nümunətək daim xatırlanır, təqdir olunur, yüksək dəyərləndirilir. Elmira xanım bütün bu detallara dönə-dönə diqqət yetirib. Sevə-sevə qələmə aldığı "Əbədiyaşar məhəbbət" dastanında çoxlarına bəlli olmayan gerçəklikləri söyləməklə bu eşq hekayəsinə bəzək vurub, yeni çalarlar, naxışlar əlavə edib. Bir-birinə təmiz sevgisi, sədaqəti ilə fərqlənən bu cütlüyün həyatı, övladlarına dərin məhəbbəti, onların təlim-tərbiyəsinə, intellektual və mədəni səviyyəsinin yüksəlməsinə göstərdiyi səylər təkrarsız, qeyri-adi faktların dili ilə nəql olunur.

Əliyevlərin ailəvi dostlarının, tanınmış sənət adamlarının söylədikləri əhvalatlar, unudulmaz xatirələr əsəri daha oxunaqlı və maraqlı edib. Müəllif öz qəhrəmanlarının Bakıdakı və Moskvadakı həyatını, gündəlik qayğılarını, birinci katibin, sonralar isə Siyasi Büro üzvünün xanımının ömür-gün yoldaşına həssas münasibətini olduqca inandırıcı detallarla əks etdirib.

Qeyd etmək yerinə düşər ki, rus və Azərbaycan dillərində nəşr olunan bu möhtəşəm əsər tanınmış türk yazarı və tərcüməçisi İmdat Avşar tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Gənc qələm dostumuz, şair Əli Çağla isə bu əsəri Təbrizdə ərəb qrafikası ilə nəşrə hazırlayıb. Müəllifin "Əbədiyaşar məhəbbət" kitabı Ukrayna dilinə çevrilərək həmin qardaş ölkədə, həmçinin Bosniya-Hersoqovinada çap edilib. Bu əsər, eyni zamanda qazax və özbək dillərində, ümumilikdə altı dildə işıq üzü görüb.

 

Elmira Axundova həmişə olduğu kimi, böyük yaradıcılıq əzmi, şövqü ilə çalışır. O, iki mühüm layihə üzərində işi başa çatdırıb. Respublika Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Sizin aranızda ən böyük dissident mən idim" adlı ikicildlik çap edilib. Bu ikicildliyin "Heydər Əliyev və yaradıcı ziyalılar" adlı birinci cildində müəllif ulu öndərin mənalı ömrünün müxtəlif dönəmlərində mədəniyyətimizə tükənməz qayğısından bəhs edir. İkinci cilddə isə 30-dək tanınmış mədəniyyət və incəsənət xadimi ilə unikal müsahibələr, söhbətlər yer alıb. "525-ci qəzet" və Kulis.az saytı bu layihələri vaxtaşırı işıqlandıraraq geniş oxucu kütləsində maraq doğurub.

Bu il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xətti ilə müəllifin daha bir kitabı rus dilində nəşr edilib. Olduqca aktual mövzuya həsr olunmuş yeni kitab "Heydər Əliyev Azərbaycanda multikulturalizm modelinin banisidir" adlanır. Tezliklə həmin əsər Azərbaycan dilinə tərcümə ediləcək. Hazırda Elmira xanım "Heydər Əliyevin həyatından 11 maraqlı epizod" adlı yeni sənədli film üzərində çalışır. Həmin ekran əsərində ulu öndərin zəngin ömürnaməsinə dair ən maraqlı xatirələr müəllifin öz səsi ilə canlandırılır.

Elmira xanım daim tükənməz enerji, yaradıcılıq şövqü və coşqu ilə yazıb-yaradır. Oxucuların sevə-sevə mütaliə etdiyi sənədli tarixi-bioqrafik romanları, siyasi detektiv janrda yazılmış əsərləri yazıçının çatdırmaq istədiyi missiyanın, düşüncə və diləklərin tərcümanıdır. Həmkarımızın əlindəki qələm həmişə sahibinin vicdanının səsi və hökmü ilə yazır. Mükəmməl əsərlər ərsəyə gətirən xalq yazıçısı Elmira Axundovanın mayın 26-sı doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir, böyük söz və fikir adamına, Vətən, yurd sevdalı xanıma möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır, "Var olun!" deyirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!