"Kral Lirin faciəsi" haqqında qeydlər
Bu günlərdə Azərbaycan Akademik Milli Dram Teatrında sözün əsl mənasında fırtına yaşandı. Tamaşaçılar bir neçə saatlıq Şekspir dühası ilə üz-üzə qaldılar, Kral Lirin iztirablarına şahid oldular. Həyatın həmişə var olan həssas tarazlığının pozulması fonunda baş verən hadisələr seyrçiyə tam mənada bir katarsis yaşatdı.
Gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Şekspirin "Kral Lirin faciəsi" əsəri yeni interpretasiyada təqdim olundu və bu ikihissəli post-apokaliptik faciədə hökmranlığın zirvəsindən enmiş insanı həyatla təkbətək qalan vəziyyətdə gördük. Sözsüz, bu yeni təqdimatda əsərin tərcüməçisi və yeni səhnə variantının müəllifi, yazıçı Kamran Nəzirlinin də xüsusi əməyi var. Tamaşanın eskplikasiyası üzərində işləyən rejissor və yeni səhnə variantının müəllifi dramın janr xüsusiyyətlərinə yenilərini əlavə edir. Birinci hissədə dram əsəri öz bünövrəsini qoyur, konflikt emosional toxumunu səpir və bununla da düyünün bağlanma prosesi aktiv fəaliyyətə başlayır.
Görkəmli aktyor, xalq artisti Nurəddin Mehdixanlının anadan olmasının 70 illiyinə həsr edilmiş benefis-tamaşa Akademik Teatrın tarixində və ümumən, teatr mədəniyyətimizdə bir hadisədir desəm, mübaliğəyə yol vermiş olmaram.

Nurəddin Mehdixanlı Kral Lirin insani faciəsini bütün çalarlarıyla, müxtəlif ştrixlərlə canlandırır. Yerlə, Göylə əlləşən Kral Lirin içində qopan fırtınalar aktyorun möhtəşəm ifasında uğurlu səhnə təcəssümü tapır. Aktyor iztirablar içində qıvrılan, intiqam hissiylə alovlanan bədbəxt qocanın faciəsini o qədər təbiiliklə canlandırır ki, biz səhnədə əsl Kral Liri görürük. Onun oyununun strukturunda biz bir neçə Kral Lir görürük. Şəxsiyyət ikiləşməsinin müxtəlif təzahürləri ilə üzləşirik. Öz faciəsi ilə barışmayan, üsyankar Kral! Zəhmli fakturaya malik nəhəng adam! İlahi sükutla üz-üzə qalmış çarəsiz fateh... Mətnin energetikası və plastikası ilə iç-içə olan aktyor Kral Lirə çevrilib. Növbəti bir sənət möcüzəsi!
Bu çaparaq yazıda ağlıma gələn ilk fikirlər bunlardır. Mən sənətin ecazı haqqında bundan dəqiq ifadələr tapmaqda acizəm.
O, öz krallığını qızları Qonerilya və Reqana arasında bölür, Kordeliya isə bu varidatdan imtina edir və onun həqiqəti qızı mirasdan məhrum edir. Kral Lir onu varislikdən məhrum edir. Beləcə, Kordeliya varislikdən məhrum edilir. Qonerilya və Reqana isə atalarını qocalmış, gücdən düşmüş zənn edirlər. Qızları tərəfindən biganəliklə qarşılaşan Kral Lirin bədbəxt qocaya çevrilməsi prosesi səhnədə o qədər dinamik surətdə təqdim olunur ki, nəfəs çəkməyə belə, ehtiyat edirsən. Əməkdar artist Münəvvər Əliyevanın Qonerilyası obrazın stixiyasını mükəmməlcəsinə mənimsəyib, biz səhnədə nankor bir qadın görürük. Münəvvər xanım peşəkar aktrisalarımızdandır və bu mürəkkəb rolun da öhdəsindən uğurla gəlir. Onun Qonerilyası yaddaşda dərin iz buraxır.
İstedadlı aktrisa İlahə Həsənovanın Reqanası da var-dövlət əsiri olan naxələf övlad kimi son dərəcə inandırıcıdır. Onun səhnədəki hərəkətləri xarakterin açılmasına xidmət edir.
Kordeliya ən həssas obrazdır. O, atası tərəfindən atılmış qızdır. Onun hiss və həyəcanlarını gənc aktrisa Rəbbilə Ələkbərzadə bacarıqla canlandırır. Aktrisanın təbii oyun tərzi tamaşaçıda məmnunluq doğurur.
Görkəmli aktyorumuz, xalq artisti Sabir Məmmədovun ifasında Qraf Qloster Şekspir estetikasını tam mənada özündə əks etdirir. Qraf Qloster həqiqəti üzə çıxardığı üçün amansızcasına cəzalandırılır, gözləri çıxarılır. Amma Kral Lirin sözlərilə desək, dünyadakı həqiqətləri görmək üçün insana təkcə göz gərək deyil. Fikir təxminən, bu cür yadımda qaldı. Sabir Məmmədov Qraf Qlosterin xarakterini açmaq üçün ona xüsusi yeriş tapıb və obraz aktyor tapıntıları ilə ətə-qana dolub. Aktyorun "əlvida!" deyərək, səhnədən zala tullanması baş verənlərə protestosu kimi yadda qalır və tamaşaçı tərəfindən alqışlarla qarşılanır.
Elnar Qarayev geniş potensiala malik aktyordur. Onun Akademik Milli Dram Teatrında bir neçə roluna baxmışam. Edqar isə Elnarın səhnə yaradıcılığında xüsusi yer tutur və onun yaradıcı imkanlarının genişliyindən xəbər verir. Edqarın daxilində baş verən təlatümlər onun səhnə plastikasında uğurla öz həllini tapır. Və deyim ki, tamaşaçıya da əlahiddə zövq yaşadır.
Əməkdar artist Elşən Rüstəmov Qraf Kent obrazını özünəməxsus çalarda təqdim edir. Bu obrazda da Şekspir manerasının izləri özünü göstərir. Təbii ki, aktyor obraz üzərində çalışarkən onun xarakterik cizgilərini açmaq üçün uyğun plastikalardan istifadə edib ki, bu da tamaşanın ümumi ahəngi ilə çox gözəl formada uzlaşır.
Əməkdar artist Anar Heybətovun Hersoq Kornuolu da heybətlidir, qorxuncdur, vahiməlidir.
Tamaşada aktyorlardan: Tural İbrahimov (Edmund), Elsevər Kərimov (Təlxək), Elçin Nurəliyev (Hersoq albanı), Əliulla Vəliyev (Fransa kralı), Rəvan Səmədov (Burqundiya hersoqu), Vüsal Mustafayev (Osvald) və digərləri iştirak edirlər. Balaca Kordeliyanı Aylin Həşimova canlandırır. Bu qızcığazın vur-tut, 10-12 yaşı ancaq olar, səhnədə sözü yoxdur, amma onun atası ilə qucaqlaşması dərin təəssürat oyadır.
Görkəmli gürcü rejissoru David Sakvarelidzenin əsərə yanaşma tərzi tamamilə yenidir və bu fərqlilik hər epizodda görünür. Tamaşanın ikinci rejissoru Anar Babalı, quruluşçu rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rəfael Vaqifoğlu, səhnə döyüşü və plastik həll üzrə rejissoru Bəhruz Vaqifoğludur.
"Kral Lir" bizə - tamaşaçılara inanılmaz dərəcədə yüksək estetik zövq yaşatdı və ruhumuzu silkələdi. Bu, Azərbaycan teatrının növbəti qələbəsi idi!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
