Hörmətli oxucular! Milli teatrımızın təşəkkülündə və müxtəlif inkişaf mərhələlərində yüzlərlə sənət fədaisinin böyük xidmətləri olub. Çox-çox təəssüflər ki, teatr icmasının gəncləri, eləcə də səhnə sənətində çalışan xeyli ortayaşlı səhnəsevər həmin fədailərin böyük əksəriyyətini tanımırlar. Tanıyanların da çoxu illər uzunu televiziyadan, radiodan adlarını eşitmədikləri, haqlarında mətbuatda oxumadıqları fədailəri unudublar... Fikrimcə, həmin səhnə fədailərimizi az qism tanıyanlara xatırlatmaq, tanımayanlara tanıtmaq teatr tədqiqatçılarımızın müqəddəs mənəvi və peşə borcudur. Mən öz yazılarımda, əsasən, yaradıcılıq faktlarını təqdim edəcəm.
Mirzə Muxtar Məmmədov
(1841-16.01.1929)
Milli səhnəmizin ilk peşəkar aktyorlarından biridir. Realist aktyor məktəbinin inkişafında xüsusi xidmətləri var. Əslində səhnə xidmətlərini əsas peşəsi müəllimlikdən ayırmayıb. Bununla belə, aktyorluğun ilkin nəzəri-estetik, bədii-təcrübi səciyyələrinin təşəkkülünə səbəb olub. Əlli ildən çox sərasər, ömrünün ən parlaq dövrünü xalqın maariflənməsinə sərf edib. Şuşa şəhərində xalq oyun-tamaşalarını təşkil edən, məsxərə və vodevillərə səhnə həyatı verən Qarabağ ziyalıları arasında adı həmişə hörmətlə çəkilib və uca tutulub. Buna görə ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət ediblər.
Mirzə Muxtar Ələskər oğlu Məmmədov (Məhəmmədzadə) 1841-ci ildə Şuşa şəhərində anadan olub. Bəzi mənbələrdə onun təvəllüdü 1859-cu il göstərilir. Muxtar Məmmədov əvvəlcə mədrəsədə, iki il sonra, on bir yaşından türk-rus mütərəqqi məktəbində təhsil alıb. Fars və rus dillərini mükəmməl öyrənib. Yeniyetmə yaşlarından şəhərdə poeziya xiridarı və lirik şeirlər, qəzəllər müəllifi kimi tanınıb. Şuşada fəaliyyət göstərən Xarrat Qulunun muğam məclislərində yaxından iştirak edib. "Segah", "Mahur hindi", "Qacar bayatısı" muğamlarını şövqlə oxuyub.

Mirzə Muxtar iyirmi iki yaşından Şuşada müəllimliklə məşğul olub. 1870-ci ildə Novruz bayramı münasibəti ilə "Qaravəlli" tamaşası hazırlayıb və oyun camaatın çox xoşuna gəlib. Bundan sonra o bütün bayramlara məsxərəli oyunlar hazırlayıb. 1874-cü ildə Şuşada Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyub. Komediya Şuşadakı rus əsgərlərin qışlamasında (kazarmasında) göstərilib. Aktyor bu barədə "Övraqi-nəfisə" jurnalının 1919-cu ildə nəşr olunmuş 2-ci sayında yazır: "O vəqtdə mətbəə-filan olmadığından qələm ilə otuz beş elan yazdım payladım cəmaətə. Axşam tamaşaçılarından bəziləri: "şəriətə zidd bir şey bulsaq, vay halına", deyərək məni hədələyirdilər... Bərəkət versin ki, dinə müxalif bir şey bulmayıb razı getdilər. İştə o zamandan bəri Qafqasiyanın başqa şəhərlərinə səfər edib, tamaşalar göstərmişəm. O cümlədən, İrəvanda, Gəncədə, Tiflisdə, Vladiqafqazda və Dərbənddə..."
Onun aktyorluğunun ilkin mərhələsi (1873-1883) məhz Şuşa dövrünə aiddir. Müəllimlik fəaliyyətinə də burada başlamışdır. 1883-cü ildə Mirzə Muxtar Gəncəyə köçərək burada müəllimlik etmiş və sonra Tiflisə gedərək xüsusi gimnaziyada təhsil almaqla bərabər türk-rus ilkin məktəbində dərs demişdir. Təbii ki, səhnə vurğunu hər iki şəhərdə, xüsusən, Tiflisdə yerli həvəskarlar dəstəsində aktyorluğunu davam etdirmişdir. Mirzə Muxtar 1899-cu ildə Bakıya köçüb. Məktəblərdən birində müəllimlik işinə düzəldikdən sonra şəhərin teatr həvəskarları ilə tanış olub. Xüsusən, Cahangir Zeynalov, Məhəmməd Əlvəndi, Əbülfət Vəli ilə dostluğu, geniş mütaliəsi, aktyorluq peşəsində kifayət qədər təcrübəsi tezliklə onu Bakının teatr mühitində tanıdıb sevdirmişdir. Mirzə Muxtarı Şuşadan çox yaxşı tanıyan, hətta onun yay aylarında buraya istirahətə gələndə oynadığı bir sıra tamaşalara rejissorluq etmiş dramaturq və teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev 1900-cü ilin son günlərində Bakıya gəlib. 1901-ci ildən isə o, Bakıdakı teatr həvəskarlarını bir yerə toplayaraq güclü truppa yaradır. "Müsəlman dram artistləri cəmiyyəti" ("Şirkət" də deyilib) adlanan dəstəyə sözün əsl mənasında baş rejissorluq etmiş Əbdürrəhim bəyin teatr fəaliyyəti Mirzə Muxtarın aktyorluq imkanlarının daha dərindən və şaxəli açılmasına zəmin yaratmışdır.
Mirzə Muxtar Məmmədov "Leyli və Məcnun" operasının hazırlanmasında yaxından iştirak edib və Məcnunun atası Əbül Qeys rolunu ifa edib. Muğam dəstgahlarını və muğam ifaçılığını dərindən bilən sənətkar ayrı-ayrı ifaçılarla xüsusi məşğələlər keçib. Bakı dövrü Mirzə Muxtar Məmmədovun yaradıcılığının üçüncü, əsas və daha əhatəli mərhələsi kimi formalaşıb. Aktyor burada, həmçinin "İkinci müsəlman dram cəmiyyəti", "Həmiyyət", "Nicat", "Səfa", Hüseynqulu Sarabskinin "Opera artistləri dəstəsi", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti" ("Müdiriyyət"), Abbasmirzə Şərifzadənin yaratdığı "Müsəlman artistləri ittifaqı" teatr truppalarında aktyorluq edib. Üzeyir bəy Hacıbəylinin "Şah Abbas və Xurşidbanu" (Vəzir), "Leyli və Məcnun" (Əbül Qeys), "Rüstəm və Söhrab" (Səməngən şahı), "Əsli və Kərəm" (İsfahan şahı, Şeyx Nurani və Keşiş), "Arşın mal alan" (Həsənqulu bəy), Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib" (Hacı və Vasiq) operalarında oynayıb. Fədakar aktyor türkdilli aktrisa çatışmazlığı ucbatından "Arşın mal alan"da Cahan xala, "Məşədi İbad"da Gülnaz, "Ər və arvad"da Yetər, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Yetər, "Müsibəti Fəxrəddin" faciəsində Hürü, Nəriman Nərimanovun "Dilin bəlası"nda Pərizad, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar" vodevilində Gülcamal rollarını oynayıb.
Mirzə Muxtar Məmmədovun peşəkar aktyor kimi Bakıda dram əsərlərində oynadığı rolların yığcam siyahısı belədir: Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Zabit, Şiruyə və Baş möbid ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Keşiş ("Qaçaqlar", Fridrix Şiller), Şeyx Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Qoşunəli və Mirzə Bayram ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Molla Sübhan ("Ədirnə fəthi", Cəfər Cabbarlı), Cəfər xan ("Şamdan bəy" və "Nadar şah Əfşar", Nəriman Nərimanov), Müəllim ("Xan-xan", Haşım bəy Vəzirov), Möbid ("Ənuşirəvan-i Adil", Əbdürrəsul Şərifzadə), Əhməd Rza ("Sultan Əbdülhəmidin xəli", Mehdi bəy Hacınski), Zabit ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Könüllü əsgər Əkbər şah Hindu ("Vətən" və "Qara bəla", Namiq Kamal), Kaysarov ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", Baxmetov), İbrahim ("Qəzavat", S.Lanskoy).
Milli teatr tariximizdə Kərbəlayı Cahangir Zeynalovdan sonra (30 noyabr 1910) təntənəli yubileyi keçirilən aktyor Mirzə Muxtar Məmmədov olub. Aktyorun səhnə fəaliyyətinin 40 illiyinə həsr olunmuş yubileyi "Nicat" cəmiyyəti təşkil edib. 9 may 1913-cü ildə Tağıyev teatrının binasında keçirilən bayram şənliyində Mirzə Muxtar Məmmədovun iştirakı ilə "Leyli və Məcnun", "Rüstəm və Söhrab" operalarından və "Pulsuzluq" (İvan Turgenev. Təbdil edən Ceyhun Hacıbəyli) məzhəkəsindən parçalar oynanılmışdır.
Erməni daşnakları 1918-ci ilin martında Bakıda kütləvi qırğınlar törədəndə, vəhşiliklə şəhəri oda qalayanda 59 yaşlı ağsaqqal teatr xadiminin olan-qalan varidatı əlindən çıxır, evi yanır və o, zəlil gününə düşür. Kimsəsiz ağsaqqal doğma şəhəri Şuşaya da gedə bilmir. 1918-ci ilin mart qırğınlarında İrana gedən Üzeyir bəy oktyabrın sonlarında Bakıya qayıdaraq qardaşı Zülfüqar bəylə "Müdiriyyət" teatr truppasını bərpa edir. Mirzə Muxtar Məmmədovun ağır həyat şəraitindən xəbər tutan Üzeyir bəy "Müdiriyyət"in hesabına ağsaqqal teatr xadiminə hər ay beş yüz rubl təqaüd kəsmişdir.
Mirzə Muxtar Məmmədov təxminən, 1929-cu il yanvar ayının 16-da Bakıda vəfat edib. Bəzi mənbələr onu 1930-cu ildə, bir qismi isə 1928-ci ildə dünyasını dəyişdiyini bildirir. Lakin onun ölümü haqqında çıxan qəzet məlumatlarında sənətkarın 1929-cu ildə vəfat etdiyi məlum olur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
