Bəzən hər hansısa bir işdən yorulanda, ya nə bilim, bezib tıncıxanda və ya səbəbi bilinməyən kədərdən (səbəbsiz kədərin, səbəbsiz qəmin səbəbi kədərdən yüz qat ağırdır), yaxud da, içimdə xəyalən özümün yaratdığı kimliyi və nəçiliyi bilinməyən tanımadığım müsahibimlə nə barədəsə mübahisə edib axıra qədər çatdırmaq istəyəndə - "Axı, bu niyə belə olur? Axı, niyə belə edirlər? Axı, biz niyə belə haldayıq? Niyə bu günə düşmüşük?" suallarına əks tərəfdən cavab ala bilməyəndə və bütün bu sonu görünməyən ritorik suallarda bir mənasızlıq görəndə hər bir işimi yarımçıq qoyub Fəxri Xiyabana atamın (belə sualların cavabını bilsə-bilsə, yalnız o bilər, o daş heykəl bilər - döz, ay oğul döz, bir az da döz, sözünü eşidib bir az sakitləşirəm) və yaxud özümün də bəzi tanışlarımın qəbrini ziyarət edib bir az yüngülləşirəm.
Hə... Bəzən heç kimə deyə bilmədiklərimi bu daşa dönmüşlərə danışıb, bir az da olsun sakitləşirəm. Belə səbəbi bilinməyən kədərli günlərimdə "bu dünyanın ən sakit şəhərinə" gedib səbəbsiz kədərimi səbəbli kədərə dəyişib, hər şeyə təəssüf edib bir az yüngülləşirəm.
Bir neçə gün bundan əvvəl bu dünyanın o ən sakit şəhər sakinlərinin əbədi mənzillərinin arası ilə gəzə-gəzə, hamıya rəhmət deyə-deyə gəlib İkinci Fəxri Xiyabana çatdım.
Və birdən:
Mən bu qəbri 20-25 il bundan əvvəl də ziyarət etmişdim və bu barədə bir yazı da yazmışdım. Bu məzar mübaliğəsiz demək olar ki, Azərbaycan ədəbiyyatının ən parlaq, ən böyük, ən istedadlı alimlərindən biri olan, barmaq hesabı sayılan (xüsusilə də indiki dövrdə), sözünü həmişə çəkinmədən üzə deyən Məsud Əlioğlunun qəbri idi.
Məsud Əlioğlu həqiqətən də, böyük alim idi. Heyif ondan. Əlbəttə, ölüm haqdır. Heyif oldu, ya olmadı, bir gün gələn bir gün də gedər. Amma, daha bu yaşda yox da... 44 yaşında. Sözsüz ki, o, bu günə qədər yaşamazdı. Əlbəttə, yaşaya bilməzdi. Onun kimi istedadlı bir adam bu günlərə qədər gəlib çatmazdı.
Amma, həqiqətən, heyif ondan, əgər yaşasaydı, bir-birindən sanballı əsərlər qoyub gedərdi.
***
1973-cü il, 23 iyun. Səhər tezdən, saat 7 olardı, dəqiq yadımda deyil. Evimizə zəng oldu, telefonu anam götürdü.
- Bəli.
- Danışan Afaqdır. Atam öldü.
Və kəsik-kəsik siqnallar, vəssalam.
Həmin o günlərdə görkəmli şairimiz Zeynal Xəlil evdə ağır xəstə yatırdı. Böyük qızının da adı Afaq idi. Hər ikimiz eyni blokda yaşayırdıq. Onlar üçüncü, biz isə beşinci mərtəbədə. Hərdən Zeynal Xəlilin həyat yoldaşı ilə anam mərtəbələrarası görüşəndə deyərdi ki: - "Heç bilmirəm necə olacaq? Xəstəliyi sağalmazdı. Heç güman etmirəm ki, əlacı tapıla, ayağa qalxa".
Anam atamı yuxudan oyatdı ki, - bəs belə-belə. Və biz də elə bildik ki, rəhmətə gedən Zeynal Xəlildir. Atam əynini geyinib, cəld onlara düşdü. Adətən belə məqamlarda qapılar taybatay açıq olur. Amma burada isə qapı bağlı idi. Təəccüb. Handan-hana qapını yoldaşı açdı və dərhal da soruşdu:
- Ay, Bəxtiyar, belə tezdən xeyir ola? Nə olub? Nəsə olub?
Qonşu otaqda Zeynal Xəlil divanda uzanmışdı, yata bilmirdi. Başını uzandığı yerdən yavaş-yavaş qaldırdı. Gözləri dolmuşdu. Yavaş səslə:
- Bəxtiyar, səhv salmısan, növbə hələ mənə çatmayıb. Növbə bu gün qəfildən dostun Məsuda düşdü. Mən növbədəyəm. Məsud rəhmətə gedib.
- Məsud? Ay kişi, ola bilməz. Ona nə oldu ki? O ki, sappasağ idi? Hmm... Sonra atam üzrxahlıq edib: - Bağışla, ay Zeynal, sənəllah, ay Zeynal, bağışla. Məni qızların adları çaşdırdı. Amma o nə sözdü deyirsən? Növbə, filan. Hələ sənin nə yaşın var ki?! Növbənə çox qalıb. Hələ sən nəvə toyu da görəcəksən. Sən hələ cavansan. Sappa sağlamsan.
- Eh. Ay Bəxtiyar, Məsud məndən də cavan idi. Hmm... Nə isə... Həyətdə çadır qursalar, sökməyə tələsməsinlər (o vaxtlar camaatın ciblərini soyan, nə belə bərli-bəzəkli şadlıq saraylarına oxşayan mərasim zalları var idi, nə də ki, başqa soyğunçuluqla məşğul olan digər yerlər. Çünki dünyanın düzgün vaxtı idi), dalıyca mən də gəlirəm.
Elə belə də oldu. Məsud əminin 40 mərasimindən 3-4 gün sonra Zeynal Xəlil də dünyasını dəyişdi. Elə bil gözləyirdi. Allahdan möhlət almışdı ki, həyətdə yas-yasa qarışmasın. Özünün dediyi kimi, növbə ona çatdı.
Allah hər üçünə rəhmət eləsin. Həm Məsud Əlioğluna, həm Zeynal Xəlilə, həm də Zeynal Xəlilin qızı Afaq xanıma.
İndi qəbrinin önündə durub, məzar daşına baxa-baxa, bütün bu olmuş-keçmiş hadisələr bir-bir gözümün önündən gəlib keçir, gözlərim həm dolub-boşalır, həm də Məsud əminin danışdığı, gördüyü, elədiyi baməzə işlər, dediyi sözlər yadıma düşür, özümü gülməkdən güclə saxlayıram.
Ay aman! Bu Məsud əmi nə qəribə, nə qeyri-adi adam imiş, özünə sığmayan, heç bir çərçivə-filan tanımayan bir adam idi. İnsanın içində nə qədər böyük yumor və eyni zamanda hər hansı bir insanın ağır və çıxılmaz vəziyyətə düşdüyünü dərk etmək, halına acımaq hissi olarmış. Hamını başa düşmək hissi olarmış. Adi insanların görə bilmədiyi, başa düşüb dərk etmədiyi vəziyyəti görmək və sonra da öz gördüyünü özünəməxsus bir yumorla tərəf-müqabilinə çatdırmaq... Bu böyük istedad imiş. Üzü həmişə gülərdü. Güləş adamı idi. Amma ilk baxışda. Əslində üzündə istehza qarışıq və bu istehzadan doğmuş ağır bir kədər vardı. Xüsusilə də, gözlərində. Gözlər kədərli, dodaqlar isə acı təbəssümlü. Çiyinlərinin üstündə də Hadi kədərini, Cavid təmkinini, fəlsəfəsini, Sabir gülüşünü, Mirzə Cəlil rişxəndini gəzdirən bir baş idi. Gözəl, yaraşıqdı bir sifət.

Şəkildə: Xudu Məmmədov, Məsud Əlioğlu, Bəxtiyar Vahabzadə, İmamverdi İsmayılov
***
Telefon zəng edir:
- Bəxtiyar, o filankəs məndən çoxdandır ki, əl çəkmir. Mənə zəng edib deyir ki, bəs məni Bəxtiyarla, Xudu ilə tanış et. Sizinlə dost olmaq istəyirəm. Belə, sizinlə oturub-durmaq istəyirəm e... Sən canın, bir vaxt tapın, gedək oturaq, görək bu nə istəyir? Bunun istəyi nədir?
- Vallah, ay Məsud, bu saat Xudu ilə oturub söhbət edirik, dərdləşirik. Əgər meylin çəkirsə, sən də gəl. Amma o tanımadığım adamla oturub nə söhbət eləmək? Əşşi, qalsın ayrı bir vaxta.
- Bəxtiyar, ayrı vaxt, ya indi?! Nə mənası var ki... Əl çəkən deyil. Yaxşı ki, ikiniz də bir yerdəsiz. Daha Xudunu axtarası olmayacağıq.
Bir az çək-çevirdən sonra:
- Yaxşı da... 5-10 dəqiqəyə düşürük. Mən sürücüyə zəng edirəm. Sən də düş.
- Mən hazır. Elə qapıdan çıxıram.
Atam məni də özü ilə götürdü. Xudu müəllim, Məsud əmi, atam və mən. Getdik həmin adamın haradasa əvvəlcədən sifariş verdiyi, tədarük görüb hazırladığı restorandakı məclisinə.
- Baaayyy... Nə yaxşı sizi gördüm. Nə yaxşı qonaqlarım var. Nə yaxşı sizinlə tanış oldum. Məni bu şərəfə nail etdiz. Ay Məsud, sən əməlli savab bir iş gördün. Çoxdandır ki, hər ikinizlə tanış olmaq istəyirdim. Görürsüz? Demək, qismət bu günə imiş. Əşşi, belə sizə xidmət etmək istəyirəm. Belə sizin qulluğunuzda durmaq istəyirəm. Belə sizə nökərçilik etmək istəyirəm.
Kişi elə bir ucdan hey üyüdüb-tökürdü. Dil boğaza qoymurdu. Atam dərhal Məsud əmiyə baxdı ki... Yəni, ə... Bu nə danışır? Nə nökərçilik, nə xidmətçilik. Məsud əmi də çiyinlərini çəkdi ki, yəni mən nə bilim?! Əlqərəz, oturduq. İnsafən, kişi əməlli-başlı tədarük görmüşdü. Stolun üstündə quş iliyi, can dərmanı var idi. Bir az söhbətdən sonra məclis yavaş-yavaş qızışır. Kişi qədəhləri doldurub, sağlıq deyir.
- ...Hə... Deyirəm, bunu içək bizim başımızı son illər uca edən əmək bahadırlarının, tarla qəhrəmanlarının sağlığına ki, pambıq planını artıqlaması ilə yerinə yetirirlər. Onların sayəsində axır neçənci dəfədir ki, keçici qırmızı bayraq alırıq. Bayraqsız dünyada biabır olmuşduq ki. Vaxtında yaxşı qurtardıq, bayraqlar almağa başladıq.
Məsud əmi təəccüblə bir atama baxdı, atam da Xudu əmiyə. Birdən Məsud əmi:
- Hə, düz deyirsən, onu yaxşı dedin. Bayraqsız işimiz bitmişdi. Bayraqsız lap batıb gedirdik. Amma sən belə elə. Sən bahadırlardır, qəhrəmanlardır, hm... indi hər kimlərdir, bilmirəm, onların sağlığına iç, mən isə Xudunun sağlığına içirəm. Elə sən bayaq zəng edəndə qədəhimi Xudunun qədəhinə toxundurmaq istəyirdim ki, saxladım, dedim elə gəlib burda içərəm.
Kişi Məsud əminin yumorunu qətiyyən başa düşmədi. Başa düşmədi ki, Məsud onu dolayır. Artıq bu adamın hansı səviyyənin sahibi olması məlum oldu. Ona görə də ona əhəmiyyət verməyib öz aralarında söhbət edirdilər. O, isə heç nə başa düşməyərək, elə yerli-yersiz başını tərpədib, onların üzünə baxıb küt-küt gülümsəyir və bilmir ki, onların dediklərini təsdiqləsin, ya da inkar etsin. Çox küt və gülümsər bir sifəti var idi.
Söhbətdən geri qalmamaq üçün, yəni "mən də varam, mən də nəsə bilirəm" heç mətləbə dəxli olmadan, birdən dedi ki:
- Bax, fikir verirsiz, Amerika neçə yüz ildir ki, yaranıb, biz hələ heç 50 il yoxdur ki, yaranmışıq, amma bizim sputniklərin sayı onlarınkından çoxdur. Birdən atam:
- Əə... O sputniklərin sayından sənə nə?
- Baaayyyy, Bəxtiyar müəllim. Bəs bütün bunlar bizim Vətənimizin - SSRİ-in nailiyyəti...
Məsud əmi heç qoymadı ki, kişi sözünü tamamlasın.
- Əə... sən nə qanmaz adamsan?
Kişi əvvəlcə duruxdu. Bir Məsud əmiyə baxdı, sonra baxışlarını atama tərəf yönəltmək istəyirdi ki, yəni bu niyə mən təhqir edir?
Atam:
- Düz deyir də, nə qanmaz adamsan.
Xudu müəllim özünəməxsus bir yumorla:
- Həə... Deyirəm, daha gecdir, gedək (heç iki qədəh içməmişdilər).
Əl qərəz, məclis dağıldı, pərtlik düşdü. Maşında evə qayıdırıq.
Atam:
- Ay Məsud, bu qanmazı hardan tapmısan? Elə bunun üçün bizimlə tanış etmək istəyirdin?
- Ay Bəxtiyar, mən hardan bilim ki, bu belə qanmaz adamdır?!
Xudu müəllim:
- Yox, ay Məsud, sən elə əvvəldən bilirdin ki, bu belə adamdır. Əəə... üzündən-gözündən görmürdün ki, bu nəyə oxşayır. Sən bununla bir neçə dəfə oturmusan da... Bəs, onda bilmirdin ki, bu belə adamdır?
Məsud:
- Əə... nə mənim üstümə düşmüsüz? Mənimlə oturanda eşşəkliyini gizlədirdi. Mən nə bilim ki, bu belədir? Düzdür, çox eşşəklər görmüşəm. Amma belə bir eşşəyə hələ ki, rast gəlməmişəm. Mənimlə oturanda eşşəkliyini gizlədirdi.
Xudu müəllim:
- Bəs bizimlə oturanda niyə eşşəkliyini gizlətmədi?
Məsud əmi birdən sürücüyə:
- Qayıt, geri qayıt, bayaqkı oturduğumuz restorana. Mən bunu ondan hökmən soruşmalıyam ki, niyə mənimlə oturanda eşşəkliyini gizlədirdin, amma bunlarla oturanda eşşəkliyini tam açıb göstərdin. Sonra üzünü mənə tutub:
- Bala, sən hələ ki, bütün bunları yığ və gör ki, biz hansı eşşəklərlə bir dövrdə yaşayırıq. Bütün bu gördüklərin gələcəkdə sənə lazım olacaq. O zaman kimin kim olmasını bilərsən.
(Sonralar mən bu adamı 88-90-cı illərdə Meydan hadisələrində gördüm. Tribunaya çıxıb Sovet İmperiyasına ölüm şüarı ilə bəlağətli çıxışlar edirdi. Mən də istəyirdim ona yaxınlaşım, soruşum ki, o dediyin sputniklərin sayı çoxaldı, yoxsa azaldı? Amma mümkün olmadı, adam çox idi).
Xudu müəllim:
- Uşaq daha nəyə fikir verməlidir ki?! Elə gözünü açandan məni görüb, səni görüb, atasından eşidib, Əzizə qulaq asıb (Əziz Mirəhmədov), Məmmədcəfərdən eşidib (Məmmədcəfər Cəfərov), nə eşidibsə, Həsənağadan eşidib (Həsənağa Salayev), Şirməmməddən eşidib (Şirməmməd Hüseynov). Biz özümüz də bilmədən gələcəyin ən böyük antisovetini yetişdiririk.
Birdən Məsud əmi qəh-qəhə çəkib güldü:
- Əə... sənin bizdən eşitdiklərinin heç birini mən öz dədəmdən eşitməmişəm. Sənə dediklərimizin əksini mən öz dədəmdən eşitmişəm.
Məsud Əlioğlunun atası xalq yazıçısı Əli Vəliyev isə sovet sisteminə, sovet quruluşuna çox inanırdı. Bu onun qüsuru deyildi. Qətiyyən yox. Bu onun son dərəcə paklığı və təmizliyi idi ki, sovet quruluşuna inanırdı. Atam deyərdi ki, Əli Vəliyev kimi pak və təmiz adama tək-tük rast gəlmişəm. Məsud Əlioğlu isə təpədən-dırnağa qədər dissident alim idi. Atam deyərdi ki, ata-oğul arasında tez-tez mübahisələr düşürdü. Buna baxmayaraq, Məsud Əlioğlu Əli Vəliyevin ən böyük iftixarı və eyni zamanda ən böyük opponenti idi...
***
Kiçik haşiyə:
Atam Məsuda zəng edir:
- Ay Məsud, sənəllah, daha dədən bilməsin, o gün zəng etmişəm Əli müəllimə. Vallah, bilmirəm, nə məsələdirsə, mənimlə çox soyuq danışdı. Heç danışmaq belə istəmirdi. Bir öyrənərdin, gör nə olub? Bəlkə bilmədən nəsə demişəm? Nədənsə inciyib?
- Nə vaxt zəng etmişdin ki?
- Əə... nə bilim. 3-4 gün olar da, necə ki?
Məsud əmi güldü: - Onda elə işləri korlamısan. Sən gərək 10 gün bundan əvvəl, noyabrın 7-də zəng edərdin. Deyərdin ki, Əli müəllim, sizi Böyük Oktyabr Sosialist İnqilabı bayramı günü münasibəti ilə ürəkdən təbrik edirəm. Proletariatın dahi rəhbəri hm... hm.. ə.. daha bir söz tapıb deyərdin də. Deməmisən, o da inciyib.
- Ə... mən nə bilim?!
- Bəxtiyar, qulaq as, gör nə deyirəm. Məndən də bərk inciyib. O günkü yazımda, birbaşa olmasa da, dolayısı yolla onu da tənqid eləmişəm. Gəl, axşam gedək dədəmgilə. Mən səni barışdırım, sən də məni. Necədi?
***
Gecə saat 3-dür, telefon zəng çalır. Atam telefonu götürür:
- Bəxtiyar, mənəm, Məsuddur.
- Hə, ay Məsud, nə var, nə yox?
İndi fikir verin, atam soruşmur ki, ay Məsud, xeyir ola, gecənin bu vaxtı? Çünki belə adamlar üçün gecənin, vaxtın, saatın heç bir əhəmiyyəti yox idi.
- Bəxtiyar, həyətdəyəm, nəsə, ürəyim elə bil ki, partlayır, özümə yer tapa bilmirəm. Çıxdım ki, bir az hava udum. Elə bayaqdan həyətdə, qarşı küçədə, bütün bizim binanın (Yazıçılar binasının) mənzillərini müşahidə edirəm. Hamının iş otağı torşer işığında, yəni yarı qaranlıq yanır. Çünki hamı işləyir, yazır-pozur. Bax, o bir nəfərdən başqa. İkinci mərtəbədə yaşayan o KQB agentinin evindən başqa. Onun evinin bütün otaqlarının işığı yanır, özü də gur lüstr işığında yanır. Çünki kimdənsə donos yazırlar, bütün ailəliklə birlikdə. Kiminsə işığını keçirmək üçün bütün ailə öz otaqlarına çəkilib, kimdənsə nəsə yazırlar. Bax, onlar üçün vaxtın, saatın fərqi yoxdur. Təki, ev yıxmaq üçün mövzu olsun. Əşşi, heç mövzu olmasa da olar. Onsuz da bir şey tapıb böhtan atacaqlar. O nə şair deyil, nə yazıçı deyil, nə də fərli-başlı ədəbiyyatçı. Xalis rusla İran şpionudur. Bu bəlanı gətirib atıblar bizim binaya ki, bizə göz qoysun, bizi güdsün (bu işıq məsələsi bəlkə də, heç kimin ağlına belə gəlməzdi, daha doğrusu, heç kim buna əhəmiyyət verməzdi. Amma Məsud Əlioğluda müşahidə qabiliyyəti çox güclü idi. Hər xırda detallara belə, fikir verib alışıb-yanırdı, təsirlənirdi. Mən o ikinci mərtəbədə yaşayan adamın adını qəsdən çəkmirəm. Çünki hamı onu tanıyırdı, hamı ondan qaçırdı, çünki hamı bilirdi o ailə hansı hava ilə nəfəs alır, hansı yuvanın quşudurlar).
Yeri gəlmişkən: müşahidədən söz düşmüşkən. Məsud əmi ilə atam bulvarda gəzişirlər. Axşam gəzintisinə çıxıblar. Mən də atamla bərabərəm. Birdən bulvarda bir nəfər zəncini (neqr) görürlər. Zənci də bulvarda bir rus qızı ilə arın-arxayın gəzir. Məsud əmi diqqətlə onlara baxıb birdən:
- Ay Bəxtiyar, bunlara bax e... Əə, zənci də azad bir xalqın nümayəndəsidir, mən isə yox. Ə... zənci də azaddır, mən isə yox. Mənim torpağımda zənci də rus dilində danışır, mən də. Ə... belə dərd olar?! Belə müşahidələrin sayı çoxdur, saymaqla qurtarmaz.
Həə... Mətləbdən uzaq düşdüm deyəsən. Bəxtiyar, ürəyim sıxılır, heç özümə yer tapa bilmirəm. Yaxşı, sən indi nə yazırsan?
- Əlimdəki o yarımçıq pyesi işləmək istəyirdim. Amma işləyə bilmədim, yorulmuşam, yatmağa hazırlaşırdım. Necə bəyəm?
- Əə... vallah, hamımız yatacağıq. Yüz il yatacağıq, min il yatacağıq, milyon il də yatacağıq, heç yada da düşməyəcəyik.
- Ay Məsud, elə bu saat mən də sənin günündəyəm. Ürəyim yaman sıxılır. Bilmirəm, nə olub? Elə Bakıdan qaçmaq istəyirəm. Bayaq Xudu ilə də danışırdım, eyni sözü o da deyirdi. Deyirdi, ürəyim yaman sıxılır. Bilmirəm, nə məsələdir.
Məsud əmi birdən güldü:
- Ay Bəxtiyar, doğrudan, bilmirsən ki, ürəyin niyə sıxılır? Sabah yox, birisi gün bizim işğal günümüzdür - aprelin 28-dir. Elə ona görə də özümüzə yer tapa bilmirik.
(Hər gələcək mayis için, nisan ağlar, bən ağlarım. Əhməd Cavad)
- Ə... tüpürüm bunların 28 Aprel bayramına da, 1 May bayramına da. Əlində elə bir vacib işin-zadın yoxdursa, sabah gedək Şəkiyə. Xuduya da deyim, gedək Şəkiyə.
Haqlı olaraq mənə deyə bilərsiniz ki, bu iki nəfərin telefon danışığını mən hardan bilə bilərəm? Telefonun içinə girməmişəm ki. Haqlı sualdır. Amma mənim bir adətim var idi. Atamın ən yaxın dostları ona zəng edəndə, hansı mövzuda söhbət edəcəklərini əvvəlcədən bilirdim və dərhal o biri telefonu götürüb, onlara qulaq asıb nəsə öyrənmək istəyirdim. Təki nəsə bilim, nəsə öyrənim. Təki gedən bu hadisələri başa düşüm. Onsuz da bütün bu danışıqları atam mənə deyərdi, başa salardı. Elə ona görə də, vaxtından çox-çox əvvəl antirus, antisovet bir uşaq kimi böyüyürdüm. Tək mən yox, elə bütün bizim Yazıçılar binasının yeniyetmələri.
***
Şəkiyə gedirik. Xudu əmi, Məsud əmi, atam və mən. Atamın bir adəti var idi. Bu adət elə hamımıza keçmişdi. Həm Şəkiyə gedəndə, həm Şəkidən qayıdanda Şamaxı yolunun üstündəki naməlum türk əsgərinin qəbrini ziyarət edib, rəhmət oxuyub gedirik. Bu dəfə də elə. Yadımdadır, yağış yağırdı. Yaxşı yadımdadır. Amma, yağışa baxmayaraq maşından düşüb, qəbri ziyarət edib yolumuza davam edirik.
Hamı Məsud əmini deyən-gülən bir adam kimi tanıyırdı. Heç kim Məsud əminin qəhərli, qəhərdən boğulmuş, dolmuş gözlərini görməmişdi. Heç elə bil bu adamın dərdi yox imiş. Bilmirəm, hardan oxumuşam "adətən deyib-gülən adamların dərdi daha böyük olur".
(Gülmək istəyirəm ki, ürəyimdəki hönkürtü səsini batırmaq üçün).
Məsud əmi deyirdi, gülürdü, güldürürdü. Maşında Məsud əmi elə şeylər danışırdı ki, hamımız gülməkdən uğunub gedirdik. Sürücümüz də elə gülürdü ki, az qala sükan əlindən qaçırdı.
"Filan ailənin evdə qəzet buraxması. Filankəs görüşəndə elə salam verir ki, elə bil ki, deyir "bütün ölkələrin proletarları birləşin". Filankəslər ailəliklə stol arxasında oturanda, elə bil ki, qurultayda iştirak edirlər".
Birdən sürücü əyləci basdı. Şlaqbaum yolu kəsdi. Qarşı tərəfdən qatar keçirdi. Neft çəni ilə dolu qatar. Məsud əmi maşının pəncərəsini açıb başını çölə çıxartdı. Qatar keçib qurtarandan sonra Məsud əmi başını içəri salanda gördük ki, qəhərlənib, gözləri dolub. Elə bil ki, bayaq deyib-gülən adam deyildi. Gözləri dolmuşdu. Bircə kəlmə:
- Yenə ötür-ötür, apar-apardı. Bəxtiyar, sərvətimizi daşıyırlar. Qanımızı sovururlar.
Əvvəlki əhval-ruhiyyədən əsər-əlamət qalmamışdı. Birdən Məsud əmi sürücüyə:
- Ə... Qaytar maşını, qaytar geri. Neftçalaya gedirik. İmamverdigilə (İmamverdi Əbilov). (İmamverdi Əbilov nəinki Neftçalada, ümumiyyətlə Azərbaycanda tanınan tək-tük ziyalılardan idi. Sözün əsl mənasında ziyalı idi. Tək-tük adam tapılar ki, onu tanımasın).
Təzədən bir xeyli geriyə dönüb o biri yola keçdik. Neftçalaya gedirik. Bu "ötür-ötür, apar-apar"dan sonra nə Xudu əmi, nə atam, nə də Məsud əmi özlərinə yer tapa bilmirdilər. Bir xeyli yol gedəndən sonra Neftçalaya çatdıq.
Həyətə girəndə İmamverdi müəllim həyətdə oturmuşdu. Bizi gördü, heç təəccüblənmədi də. Çünki bilirdi ki, onun evi qonaq-qaralıdı. İstənilən vaxt qəfil qonaq onun evinə gələ bilər. Bircə kəlmə:
- Ay sizi xoş gəlmisiniz. Keçin içəri. Elə sizi arzulayırdım.
10-15 dəqiqədən sonra süfrə açıldı.
İmamverdi müəllim əsl Allah adamı idi. Yeriyəndə də elə gedirdi ki, ayağının altında qarışqa da qalmasın. İçən adam deyildi. Amma qəfil qonaqlar üçün evində həmişə içki saxlayırdı. Söhbət əsnasında Xudu müəllim deyir ki, ay İmamverdi, bizim ürəyimiz dolanda sənin yanına qaçırıq. Öz dərdimizi sənlə bölüşürük. Bəs sən?
- Yox, elə mən də sizin kimi, siz öz dərdlərinizi mənə danışdıqca, mən də yüngülləşirəm. Çünki eyni dərdin daşıyıcısıyıq. Mən də eyni dərdləri çəkirəm.
Bu ötür-ötür, apar-apar məsələsini Xudu müəllim elə ürək yanğısı ilə danışdı ki, İmamverdi müəllimin gözləri doldu.
Məsud əmi diqqətlə ona baxırdı:
- Ay İmamverdi, səhərdən fikirləşirəm ki, bu boyda dərdləri görüb, bəs sən niyə içmirsən?
- Bir dərd ki, bir qədəhlə unudulur, yüngülləşir, o dərd deyil ki. Dərdi gərək müalicə edəsən. O da bizim qüvvəmizdə əmələ gəlmir. Bəlkə gələcək nəsillərin qüvvəsində əmələ gəlsin.
Atam deyirdi:
- Millətin bir dərdi olar, iki dərdi olar, biz başdan-ayağa dərd içindəyik.
Məsud əmi:
- Doğrudan da, bu boyda zırıltını görüb heç olmasa, bir qədər unutmaq lazımdı.
***
İllər ötdü. Bu illər ərzində Xudu müəllimi, Məsud Əlioğlunu itirdik.
Atamla Neftçalaya gedirik. Nə Xudu müəllim var, nə də Məsud Əlioğlu. Hər ikisi dünyalarını dəyişiblər. Atam İmamverdi müəllimə deyirdi ki:
- Onlar hər ikisi bu çətin, bu ağır yolu keçib qurtarıblar. İndi növbə kimindi, bilmirəm. İmamverdi, birdən məni tək qoyarsan a? Elə şey eləmə. Məni ötür, sonra.
İmamverdi müəllim çox kövrək adam idi. Gözləri dolmuşdu.
- Bəxtiyar, bunu Allah bilər. Nə Məsuddan artığıq, nə də Xududan.
***
İndi bu dünyada nə İmamverdi müəllim, nə Xudu müəllim, nə Məsud əmi, nə atam var. Dünyalarını dəyişiblər. Onlar haqq dünyasındadırlar. Allah hər dördünə də rəhmət eləsin.
Amma onların heç biri bilmirdilər ki, bu şeirin ardı da gəlir. Bu şeirin dalıysa... Nə isə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
