Böyük amal və əməl sahibi - Adil CƏMİL

 

Qazax türklərinin məşhur şairi, görkəmli alim və ictimai xadim Oljas Süleymenovun imzası türk dünyasına çoxdan bəlli olan, sevilən və əzizlənən bir imzadır. Hələ sovet dönəmində öz şeirləri, türkologiya sahəsindəki fundamental tədqiqatları, milli qürur və iftixar yaradan publisistikası ilə milyonların ürəyini fəth edən bu böyük şəxsiyyət Azərbaycan türkləri üçün də ulu və şərəfli keçmişə yeni bir pəncərə açdı.

VII əsr Orxon-Yenisey abidələrindəki dil və din faktından qardaş ümumtürk leksikonuna kimi elmi qənaətlərin milyonların türk kökənli auditoriyasına cəsarətlə təqdim edən O.Süleymenov əslində sovet sisteminin ideoloji basqısına məruz qalmış qurama bir tarixin ifşasına nail oldu. Təbii ki, bu uğurlar ona heç də ucuz başa gəlmədi. Ədibin məqalələrinə qadağa, kitablarına yasaq qoyuldu. Nəşrinə qadağa qoyulmuş "Az-Ya" kitabının "qaranquşları" primitiv poliqrafiya icrasında (rotobrit çapı) işıq üzü görməyinə baxmayaraq çox qısa müddətdə əldən-ələ keçib bütün sovet məkanını dolaşmağa başladı. Müəyyən vaxtdan sonra Qazaxıstanda bu kitabın nəşrinə rəsmi icazə verildi.

1856-cı ildə "Manas" eposunu ilk dəfə yazıya alıb elmi-ədəbi ictimaiyyətin diqqətinə çatdıran görkəmli Qazax ziyalısı Çokan Valixanovdan sonra Oljas Süleymenov ikinci böyük şəxsiyyətdir ki, türk xalqlarının müştərək mədəniyyətinə, tarixi qohumluq köklərinə, adət-ənənəsinə, inanclar sisteminə, mifik dünyaduyumuna, folklor dəyərlərinə, dil sərvətinə ümummilli müstəvidə, həm də özünəməxsus şəkildə yanaşmağı bacardı. O, türk tarixinin qatı dumana bürünmüş səhifələrinə bir aydınlıq gətirdi. Qıpçaq, karluk, peçenek, oğuz, uyğur, torkin və s. türk tayfalarıyla bağlı yeni fikirlər - əslində fakt və dəlillər elm aləmini silkələdi.

Türkün inanclar sistemində Tenqri dininin özünəməxsus yerinə və həmin dindən qalmış, bu gün də yaşamaqda olan ayin və ritulların mahiyyətinə çağdaş prizmadan yanaşma, onların dürüst təhlili O.Süleymenovun iti nəzərlərindən yayınmadı. Tenqri dininə tapınan türklərin VII-XII əsrlərdə Şərqi Avropanın taleyində oynadığı rolu tutarlı faktlarla tarixçilərin qarşısına qoyan müəllif sanki tarixşünaslığın özünü yuxudan oyatdı.

Bundan başqa, Şumer dilinin türk dilləri ailəsinə mənsubluğunu isbat edən paralellər də O.Süleymenovun şumerşünaslığa yeni töhfəsi oldu. O, şumer və türk leksikasının yığcam müqayisə cədvəlini qurmaqla elmə ilk dəfə məlum olan fonetik və morfoloji təhlillərdəki şumer-türk doğmalığına aydınlıq gətirdi. Mən yığcam bir yazıda O.Süleymenovun şair, alim, publisist, ictimai xadim kimi portretini cızmaq imkanına malik deyiləm. Bir neçə ştrixlə bu böyük insanın türk dünyası və dünya türkləri üçün kim olduğunu xatırlatmaq istədim. Harada bir türk insanının haqqı yeyilərsə Oljas onun yanında görünər - döyüşkən misraları, millətçi mülahizələri, türkçü əqidəsi ilə. 1990-cı ilin 20 yanvar faciəsi günlərində O.Süleymenovun Bakıya gələrək Azərbaycan türklərinin dərdinə şərik olması isə unudulmayan ümumtürk həmrəyliyinin bir örnəyidir.

Zəmanəmizin böyük amal və əməl sahibi, soysevər soydaşımız, türk qövmünün iftixarı Oljas Süleymenovu Tanrı qorusun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!