"Az i Ya" - bütün türklərin səsi - Azər TURAN

Azər TURAN

 

1986-cı ilin əvvəllərində Amerikada nəşr olunan "Kommunizm problemləri" dərgisində SSRİ-dəki yenidənqurmaya belə bir şərh verilmişdi ki, "Qorbaçov yenidənqurması sovet cəmiyyətinin şüurundakı yenidənqurmanın nəticəsidir. Sovet cəmiyyətinin zehniyyətindəki yenidənqurmanı isə "Az i Ya" kimi kitablar hazırlamışdır".  O zaman, rus şovinistləri də, ermənilər də SSRİ respublikalarında türk milli şüurun  özünəqayıdış tempindən təşvişə düşüb SSRİ-də, xüsusən, Rusiyada  bunun necə nəticə verəcəyindən əndişələnir, yeganə nicat yolunu "sovetskiy narod", "edinıy splav" gerçəkliyində arayırdılar.

O illərdə, yəni 1970-ci illərin ortalarından etibarən gənc Oljas Süleymenovun səsi yalnız qazaxların deyil, bütün sovet türklərinin səsi kimi yüksəldi, "Az i Ya" Sovet İttifaqında yaşayan türklərin yaddaşını bərpa etdi. Həm də rus alimlərinə izah etdi ki, böyük rus mədəniyyəti müstəqil şəkildə yaranmayıb. Onun təməlində güclü bir türk qatı var. Söhbət "İqor polku haqqında dastan"dan, yəni  rusların ana kitabından getdiyi üçün bu, rus filoloqlarını və tarixçilərini dərindən narahat edirdi. Görkəmli rus alimi Lixaçov yazırdı ki: "Oljas Süleymenovun "İqor polku haqqında dastan"da öz türk etnosunun xüsusiyyətlərini ifadə etmək cəhdi bir rus olaraq, mənə çox toxundu". Əslində rus alimlərinə toxunan nə idi? Oljas itirilmiş tarixi bərpa etmişdi. Yaxud rus mədəniyyətinin ən böyük abidəsinə ilk dəfə türk konteksti ilə nəzər yetirmişdi. Rus tarixşünaslığında hakim olan imperialist təfəkkürün özülünü linqvistik başlanğıca əsaslanaraq sarsıtmışdı. "Böyük qardaş"ın yaratdığı ən böyük və ən qədim abidənin türklərin iştirakı ilə yaradıldığını iddia etmişdi... Dastanın çağdaş rus tədqiqatçıları isə qədim türk dilini bilmirdilər. Əsərdəki gizli, gözəgörünməz türkizmlərdən isə danışmaq belə istəmirdilər. Nəinki onlar, hətta dastanın ilkin tərcüməçiləri də türkizmləri əslindən - mətndən uzaqlaşdırmışdılar. Bu isə, təbii ki, dastanın daha geniş arealda tədqiqində problem yaradırdı. Oljas isə hər iki dili incəliklərinə qədər bilir; həm qədim slavyan, həm də qədim türk dillərini... Və təkcə dili deyil, slavyanların adətlərinə də, etnoqrafiyasına da, hələ üstəlik, Şumerə də, Tenqriçiliyə də təfərrüatına qədər vaqifdir. Elə buna görə də o, "dağları alçaltmadan çölləri yüksəltməyi" bacardı. Elmdə yeni bir mərhələ yaratdı. Və təkcə ədəbiyyat baxımından deyil, həm də tarix baxımından. Oljas bir abidənin yaranmasında iki mədəniyyətin iştirak etdiyini hipotez olaraq deyil, həqiqət kimi irəli sürür və bunu əsaslandırırdı. O, rus elm tarixinin tabulaşdırdığı, normaya çevirdiyi xristian səddini parçalamağa cəsarət etmişdi.

Oljas Süleymenovun fikirləri 1970-1980-ci illərdə rus millətçiləri tərəfindən xoş qarşılanmadı. Qarşılanmasa da, tutaq ki, rus ziyalılığının simvolu hesab edilən akademik Lixaçov kimi alimlər nə qədər çalışsalar da, Oljasın bəyan etdiyi həqiqətləri elmi baxımdan dana bilmədilər. Amma həm də skeptiki qəbullana bilmədilər. Skeptikin baxışları rus alimləri üçün gözlənilməz idi. Gözləmirdilər.  Bu, xüsusən, "İqor polku haqqında dastan"ın böyük bilicisi Lixaçov üçün qəbuledilən deyildi.

Əslində, Oljas təkcə Qazaxıstanda və Rusiyada deyil, bütövlükdə SSRİ-də ortaq mədəniyyətə baxışı sağlam təməllər üzərində oturuşdurmaq istəyirdi.

Bu isə Rusiya təməlli SSRİ üçün həm elmi, həm də ideoloji baxımdan əsl məhşər idi. Buna görə də önyarğılı tədqiqatçılar - tarixin Böyük Çöl fəlsəfəsindən qorxanlar Tarixdən əvvəlki Türkləri, Oljasın nişan verdiyi mədəniyyəti yaradan türkləri "vəhşi", "barbar", "mədəniyyətsiz köçəri", "başkəsən" adlandırmaqdan çəkinmirdilər. Bu da təbii idi. Oljasın əsərilə ilk dəfəydi ki, tarixdəki rus mərhələsinin hüdudları daralırdı. "Az i Ya"nı aziyasentrizmdə, türkçülükdə ittiham edirdilər. Sovet dövlətinin yuxarı eşalonunda "Az i Ya"nın müzakirələri səngimək bilmir, SSRİ Xarici İşlər nazirinin müavini Semyonov Sov.İKP MK-nın katibi Zimyaninə Oljas Süleymenovun kitabındakı siyasi səhvlər barədə hesabat verir. Yaxud SSRİ Elmlər Akademiyası, SSRİ Dövlət Nəşriyyat Komitəsi Kommunist Partiyasının rəhbərliyinə əsərin dissident təmayüllərin ideyalarını təbliğ etməsi barədə donos yazırdılar. Bu gün türkoslavistikanın bünövrəsi kimi   dəyərləndirilən "Az i Ya"nı 1970-ci illərin sonlarında mürtəce türkçülərin, rus düşmənlərinin kitabı olaraq şərh edirdilər. Kremlin boz kardinalı Suslovun göstərişi ilə "Az i Ya" qadağan olunur, kitabın kitabxanalardan, kitab mağazalarından yığışdırılmasına başlanılır və qəribədir ki, kitab öncə hərbi hissələrin kitabxanalarından yığışdırılır və bu işlə SSRİ Mədəniyyət Nazirliyindən əvvəl SSRİ Müdafiə Nazirliyi məşğul olur. Sov.İKP-nin üç şöbəsində - Elm və Təhsil, Təbliğat və Təşviqat, bir də Mədəniyyət şöbələrində, SSRİ Elmlər Akademiyasında  "Az i Ya"nın əzici müzakirələri keçirilirdi. Qazaxıstanın o zamankı rəhbəri D.Kunayev "Mənim dövrüm haqqında" kitabında bu barədə ətraflı yazıb.

"Az i Ya" əslində sovet hakimiyyətinin daxilindəki fikir ayrılıqlarını da meydana çıxarmışdı. Suslovun hücum etdiyini Almatıda Kunayev  müdafiə edirdi. Proses Bakıya qədər sirayət etmişdi. 1976-ci ilin  iyulunda Bakıda Heydər Əliyevin iştirak etdiyi bir ziyafətdə Oljas şeirlərindən birini oxuyandan sonra Əliyev gözlənilmədən "Oljas yalnız Qazaxıstana deyil, bütün türklərə məxsusdur", - dedi. Bunu Oljas Süleymenov xatırladır və əlavə edir ki, Əliyevin bu sözləri mənə inam təlqin etdi, elmdəki gələcək yollarıma işıq saldı. "Az i Ya"nın son nəşrinə yazdığı Ön sözdən məlum olur ki, Heydər Əliyevin sözləri "Az i Ya"nın SSRİ miqyasında ilk müdafiəsi olmuş, əsərə qarşı bütün akademik hücumlara dözmək üçün müəllifə stimul vermişdi.  

Ölkə miqyasında ideoloji qalmaqal yaradan "Az i Ya"nı Dinmühəmməd Kunayevin təşviqi ilə nəhayət, Brejnev də oxuyur. Oxuyur və təqdir edir. Beləcə, Oljası qoruyurlar. Hətta o qalmaqalın içində Kunayev Brejnevdən Oljas Süleymenovun Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilməsi barədə razılıq alır. 

Problemin ideoloji uzantısı səksəninci illərin sonlarına qədər davam etdi. Sonrakı mərhələdə Asiyamərkəzçiliyin, başqa sözlə, turançılığın, türkçülük dalğasının qarşısını almaq üçün oxşar rakursda Mixail Qorbaçovun əmri ilə Kunayev Qazaxıstan rəhbərliyindən uzaqlaşdırıldı. Onu rus Kolbin əvəz etdi. Kunayevin uzaqlaşdırılmasına və yerinə Kolbinin gətirilməsinə Siyasi Büroda etiraz səsini qaldıran yalnız Heydər Əliyev olmuşdu. 1986-cı ilin 17 dekabrında Qazaxıstanda Jeltoksan hadisəsi baş verdi. Ardıyca Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Ardıyca 1990-cı ildə Azərbaycanda Yanvar hadisələri baş verdi. Qırğının ertəsi günü Bəxtiyar Vahabzadənin çağırışı ilə Oljas Bakıya gəldi. Bu boyda dünyada kədərimizə təkcə Oljas şərik oldu... Birinci Qarabağ savaşı günlərində də, yəni 1992-ci ilin 1 iyununda - Uşaqların Beynəlxalq Müdafiəsi günündə Nüvə silahı əleyhinə Nevada-Semipalatinsk Beynəlxalq hərəkatının prezidenti Oljas Süleymenov yenidən Azərbaycana gəldi. "Uşaqları xilas edək!" proqramı çərçivəsində müharibə şəraitində olan Azərbaycanın yanında olmaq, ona qardaşlıq yardımı göstərmək üçün... Özü ilə müharibədən əziyyət çəkən Azərbaycan uşaqlarına 40 ton humanitar yardım gətirdi. O günlərdə Oljasın yaradıb rəhbərlik etdiyi hərəkat Semipalatinskdəki nüvə sınaqlarına 50 ildən sonra son qoyduğuna görə bütün dünyanın diqqət mərkəzindəydi. "Nüvə silahı əleyhinə Beynəlxalq hərəkat"ın lideri Oljas Süleymenov ilk beynəlxalq tədbirini Azərbaycandan başlamaqla, həm də hər yerdən təcrid olunmuş, informasiya blokadasına salınmış Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirirdi.

***

Ötən il Oljas Süleymenovun "Az i Ya" kitabının 50 illiyi münasibəti ilə YUNESKO-ya bağlı Beynəlxalq Mədəniyyətlərin yaxınlaşması Mərkəzinin Almatıda keçirilən VII Beynəlxalq Konfransında - "Türkoslavistikanın doğuluşu" konfransındakı çıxışıma "yaxşı ki, bu kitabın yubileyi İkinci Qarabağ savaşındakı zəfərimizdən sonraya təsadüf etdi" - demişdim.  Axı Oljasın bu kitabı uzun illər təkcə sovet ideoloqlarının deyil, erməni millətçilərinin də hədəfində olub. Balayanın yazdığı "Ocaq" kitabı da Oljasın kitabının yaratdığı bu qəzəb dalğasında hasilə gəlib...

 

***

Oljasın əsərlərindəki dinamika humanitar elmin bütün sahələrini hərəkətə gətirir. "Az i Ya...", "Şumernamə", "Yazının dili", "Türklər tarixdən əvvəl", "Gil kitab" əsərlərinin müəllifi linqvist kimi də, tarixçi kimi də, ədəbiyyatşünas kimi də, şair kimi də, etnoqraf kimi də bənzərsizdir. O, hipotezlər irəli sürmür, həqiqəti söyləyir. Humanitar elmlərin tarixi missiyasını aydınlaşdırır.

 

***

Əslən türk olan yazıçı Vsevolod İvanov ölüm yatağındaykən Oljas Süleymenovun "Günəşli gecələr" kitabını oxumuşdu. Oljas yazırdı ki, "Qazax xatunun nəvəsi, canına, sözünə Böyük Çölün səsləri, rəngləri hopmuş yazar... sonralar nəhəng daş şəhərə köçür və ömrünün son dəmlərində bir qazax dəliqanlısının şeirləriylə Böyük Çölə qayıdır. O öz məşhur kitabxanasındakı minlərcə cild kitabdan biriciyini - bu... sarı kitabçanı seçib oxuyur. Və əbədiyyətə köçmüş çocuqluq xatirələrinin işığıyla onu irəlidə gözləyən əbədi zülmət bir-birinə qovuşur. Dairə qapanır".

Böyük türk milləti üçün isə dairə qapanmır. Bu gün doxsan yaşını qeyd etdiyimiz Oljas Süleymenov təlqinləri ilə bizi inandırdı ki, türklər həm ən qədim sivilizasiyanın, həm də ən yeni mədəniyyətin yaradıcılarıdır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!