Sözümün canı (Əvvəli ötən sayımızda) - Əsəd CAHANGİR

Metafizik-strukturoloji esse

Əsəd CAHANGİR

 

can Sözdür, əgər bilirsə insan,

sözdür ki, deyirlər, özgədir can.

Məhəmməd Füzuli

 

 

Ustadım, akademik Nizami Cəfərova və bütün sayğıdəyər müəllimlərimə dərin sayğılarla

 

Birinci bölüm:

...Sözün başlanğıcı

 

İkinci hissə

 

Əlində "İncil" Raskolnikovun dalınca Sibirə gedən zavallı Sonya! O, Sibirə sürülmüş dekabrist ərlərinin ardınca gedən Mariya Volkonskaya, Yekaterina Trubetskaya, Anna Rozen, Proskovya Annenkova kimi əsilzadə xanımların fədakarlığını təkrar eləyir! Nekrasovun "Rusiya qadınları" poemasında birbaşa tərənnüm elədiyi bu dekabristkaları Dostoyevski Sonya obrazında dolayısıyla canlandırırdı! O, Sonyanı özündən uydurmamışdı! Bu obraz Sözün bütün anlamlarında rus həyatının özündən doğmuşdu! Dekabrist üsyanı baş verəndə gələcək yazıçının üç yaşı vardı...

Siz əyyaş atası küçədə kareta altında qalıb ölən, kiçik bacı-qardaşları acından ölməsin deyə hər gecə bədənini satan, amma ruhunun saflığını qoruyub saxlayan  bu yetim, zəif, amma həm də mətanətli cismini satan, amma ruhunun saflığını qoruyub saxlayan acı taleli rus qızının familiyasındakı şirinliyə baxın - Marmeladova! Peterburqun bu zərif, solğun, şəfqətli çiçəyi Sibirin qarlı-şaxtalı çöllərində nə axtarır, axı? Başına hündür silindr qoyan, boğazına kəpənək qalstuk taxan, əyninə qara frak, krujeva yaxalıqlı ağ köynək geyinən, enli bakenbard saxlayan, əlində əsa, ayağında parıldayan çəkmə Peterburq küçələrində boş-bekar veyillənən erkəklər arasında bir kişi yoxuydumu? Varıydı, əlbəttə, varıydı, amma Sonya nəinki girməyə kişi qoltuğu axtaran gələnəksəl qadın tipajı deyil, əksinə, ardınca getdiyi kişini öz ilahi qanadları altına alan bir mələkdir! Bəli, bəli, düz eşitdiniz, sözün gerçək anlamında bir mələk! Bütün qatqılarına baxmayaraq, "İncil" Sözün, bütün çirkabına baxmayaraq Sonya Müqəddəs Sofiyanın simvoludur! Əlindəki qutsal kitabla birlikdə bu qızcığaz ən aşağı və ən yuxarını özündə birləşdirir - o, alfa və omeqadır! "Cinayət və cəza" müəllifinə görə, qutsallıq, hətta güzəran sorunları üzündən bədənini satan zavallı bir qızın sifətində də təcəlla eləyə bilər. Bir şərtlə ki, onun ruhu saf olsun! Əsas bədənin yox, ruhun saflığıdır. Bu da od püskürən, atəş sovuran daha bir fundamental Dostoyevski ideyası! Bu ideya bizim versiyada belə səslənir - bədən söz, ruh isə Sözdür. Bəli, Söz dünyanın çirkabına bulaşa bilər (bu, hətta qaçılmazdır!), əsas odur ki, o yenidən özünün ilkin saflığına qayıtsın. Özünü tapmaq üçün hərdən özünü itirməlisən! Qorxmayın, örkən nə qədər uzun olsa da, axırı doğanaqdan gəlib keçir! Və söz nə qədər uzağa getsə də, axırı gəlib Sözdən keçir!

Sevgili oxucu, Mariya Maqdalinanı - Məcdəlli Məryəmi də yada sal! Bədənini satan bu qadın ruhən təmizləndikdən sonra İsanın ən qatı ardıcıllarından biri olub, Tanrı dərgahında bağışlanıb, müqəddəslik statusu qazanıb, qanadsız bir mələyə çevrilmədimi?! Bu sonuc Həzrəti İsa Ruhullahın "Bağışlayın!" çağırışından doğmurdumu? Bəli, məhz İsanın mərhəmət və şəfqəti Məcdəlli Məryəmi fahişədən mələyə çevirir. Türk yazıçısı Suad Dərvişin "Fosforlu Cevriyyə" romanının qəhrəmanı Cevriyyənin və Anarın Təhminəsinin ünlü aforizmi yada düşür: "Kişi mələyi fahişəyə çevirən deyil, fahişəni mələyə çevirəndir."

Özü Londonda bir müddət səfil həyatı yaşayan, aylar-illərlə körpülərin altında gecələyən Suad xanım birbaşa Cevriyyənin mövqeyindən çıxış eləyir. Anar da Təhminəni qınamır, oxucunu öz düşüncə çevrəsini böyütməyə, özüylə hər yerə işıq daşıyan bu sehrkar qadını anlamağa çağırır. Zaur və onun arxasında duran toplum bunu indiyəcən də bacarmır! Bunun nədəni türk-islam mentalitetidir.

Sonyanı isə Raskolnikov da, Dostoyevski də bağışlayır. Buna imkan verən "kimin günahı yoxdursa, günahkara daşı birinci o atsın" düşüncəsi üstündə formalaşan xristian mentalitetidir. Sonya Məcdəlli yox, Peterburqlu Məryəm, Dostoyevski Nazaretli yox, Peterburqlu İsadır. İliklərinə qədər bir İsa divanəsi! Boğazına edam kəndiri keçirilən, ölüb ölümdən qayıdan, ömrünün on ilini Sibirdə katorqada keçirən dahi yazıçı ədəbiyyatda imanın, yazıçıda peyğəmbərin, Fyodor Mixayloviçin sifətində dülgər oğlu İsanın, sözdə Sözün təcəllasıdır. İyirminci yüzil böyük rus mistiki Daniil Andreyev özünün ünlü "Roza mira" kitabında onu sadəcə yazıçı yox, Lermontov və Tütçevlə birlikdə "vestnik" (müjdəçi) adlandırır. Ünlü rus ekzistensialisti Nikolay Berdyayev isə "Dostoyevskinin dünyaduyumu" kitabında ona "ən böyük rus metafiziki", "ruhun böyük inqilabçısı", "peyğəmbəranə sənətkar" kimi baxır. Gəncliyindən epilepsiya xəstəliyinə tutulan yazıçı öz romanlarının qəhrəmanlarına bənzəyir - həm qatil Raskolnikov ("Cinayət və cəza"), həm də məsum Knyaz Mışkinə, ("İdiot") həm intellektual İvan, həm də imanlı Alyoşaya ("Karamazov qardaşları"). O, həm sözə bənzəyir, həm də Sözə. Bəli, bəli, məhz bənzəyir. Nədən ki Söz yalnız Allaha məxsusdur. Amma Sözə bənzəməyin özü də balaca iş deyil.

 

***

Həzrəti Musaya Tur dağında gələn hökmlər arasında "Öldürmə!" hökmü var. Bunu artıq demişdik. İndi də bunu deyək - bəs, görəsən, "Diriltmə!" hökmü niyə yoxdur? Nədən ki bu hökmə ehtiyac olmayıb. Allahın izni olmadan insan onsuz da dirildə bilməz. Həzrəti İsa ölüləri Allah Atanın, həvarilər isə Həzrəti İsanın adıyla dirildirdi. Allahın adıdır Söz! O, teorem deyil, aksiomdur! Onun heç bir sübuta-dəlilə ehtiyacı yoxdur! O Odur!

Nizami "İsgəndərnamə"də yazır ki, İsgəndər Zülqərneynin hüzurunda keçirilən yarışda Aristotel tütək çalmaqla sınaq üçün seçilmiş adamı yalnız öldürə bilir, Platon isə eyni tütəklə onu dirildir və bu üzdən qalib gəlir. Aristotelin tütəyi ölüm, Platonunku dirim havası çalır. Aristotelin tütəyi can alır, Platonunku can verir. Can almaq da, can vermək də Allahın adlarıdır. Can almaq da, can vermək də Sözdür. Canla bağlı nə varsa, Sözdür! Nədən ki can Sözdür!

Pifaqor və Aristotel Tanrının can alan, öldürən, Platon, Həzrəti İsa və Qorqud Ata isə həm də can verən, dirildən adını bilirdilər. Tanrının adları iş görür, praktik gücə malikdir. Tanrının adları sadəcə təsbeh çevirə-çevirə zikr eləmək, quru səs, yəni söz deyil. Tanrının adları Sözdür. Hacı Seyid Əzim Şirvani deyirdi:

 

Öldürür, gahi dirildir aşiqi qəmzən oxu,

Türfə sahirdir ki, həm canbəxş, həm cəlladıdır!

 

Naz, işvə, qəmzə! Bu üç söz divan şeirində olduqca çox işlənsə də, hətta klassik ədəbiyyat biliciləri də onların məna təyinatları, semantik sərhədlərini bəzən qarışdırırlar və mən indi bu divanşünaslıq haşiyəsini elə-belə, boşuna çıxmıram. Amacım diqqəti Seyid Əzimin sitat çəkdiyim beytindəki qəmzə anlayışına yönəltməkdir:

naz - bədən və hərəkətdə;

işvə - səs və danışıqda;

qəmzə - göz və baxışda olur.

Seyid Əzim, görəsən, niyə naz, yaxud işvənin deyil, məhz qəmzənin aşiqi gah öldürüb, gah da diriltməsindən danışır?! Qəmzə qaş-gözlə bağlı olduğu, qaşla göz ox-yay assosiasiyası doğurduğu, ox-yay ölüm gətirdiyi üçünmü? Əlbəttə, bu da var, amma bu, axtardığımız cavabın fiziki yönü, üzdə olan tərəfi, yəni sadəcə cildidir. Bizi isə məsələnin alt qatı, batini yönü, fiziki yox, metafiziki çözümü, yəni aysberqin görünməyən tərəfi maraqlandırır. Bu üzdən ox-yay söhbəti ilə kifayətlənmək bəsit bir şey olardı. Üstəlik də, burda öldürməklə yanaşı diriltməkdən də söz gedir, ox-yay isə dirildə bilməz. Deməli, ox-yay bənzətməsi məsələni nəinki dərininə, heç eninə çözməyə də yetərli deyil.

Məsələ budur ki, bədənlə bağlı naz və səslə bağlı işvədən fərqli, qəmzədə daha çox qeyri-cismanilik (görünməzlik və eşidilməzlik) var. Divan şeirində qəmzə metafizik anlam daşıyır, Allahın (məşuqun) insana (aşiqə) nəzərini, baxışını işarələyir. Öldürüb-diriltmək yalnız Allaha məxsusdur. Bu üzdən aşiqi məhz qəmzə öldürüb-dirildir. Naz və işvə daha çox söz, qəmzə daha çox Sözlə bağlıdır. Aşiqi söz deyil, Söz həm öldürüb, həm də dirildə bilər. İşvə və naz isə daha çox öldürür. Buna görə Aşıq Ələsgər "Dolanır" rədifli qoşmasında deyirdi:

 

Gördüm gözəlliyin bizə bildirir,

Qaş oynadır, xəstə könlüm güldürür.

İşvəyü nazıyla adam öldürür,

Qəmzəsində nahaq qanlar dolanır.

 

Bizdə özünə "aşıq" deyib əlinə saz alan, tərki-vətən olub diyar-diyar gəzən, ağır-yüngül məclislər aparan, söz düzüb-qoşan yüzlərlə sənətkarın heç biri, hətta Aşıq Ələsgərin özü də bugünəcən "Dolanır" qoşmasından gözəl heç nə deməyib. Qurbani özünün Salatını və bənövşəsi, Abbas Tufarqanlı Gülgəzi, Sarı Aşıq bir-birindən gözəl cinas bayatıları, Xəstə Qasım müdrik ustadnamələri, Aşıq Alı "Nə qaldı"sı ilə "Dolanır"ın həndəvərinə də dolana bilmir, onun müəllifinə uduzurlar. Siz hələ bir ifadənin gözəlliyinə baxın - "Qəmzəsində nahaq qanlar dolanır!" Buna bərabər nəsə ola bilər, amma bundan gözəlini təsəvvür eləmək çətindir. Qəmzə ilə bağlı ömrümdə yalnız bir dəfə anamdan (Allah ona rəhmət eləsin) eşitdiyim, sonra bir daha nə şifahi, nə də yazılı şəkildə heç yerdə rast gəlmədiyim daha bir gözəl ifadə var - "Qəmzəsindən qan damır!" Eyni dərəcədə, bəlkə, bir az da gözəldir və hər ikisi canlı xalq danışıq dili ifadəsidir. Anam bir dəfə o sözü işlətdi ki, az qala, unudulmuş bu ifadəni mən ədəbi registrasiyadan keçirim və indi - üstündən 37 il keçəndən sonra öz görəvimi axır ki, yerinə yetirirəm. Daha bu Sözə ölüm yoxdur - o yaşayacaq! Ümumən Sözə ölüm yoxdur, o sadəcə, öldürüb-diriltmir, özü də ölüb- dirilir. Metatarix Sözün ölüb-dirilmə prosesidir! O ölüb sözə çevrilir, dirilib özünə qayıdır! Bu proses dənizlərin qabarıb-çəkilməsi, günəşin batıb-çıxması, insanın nəfəs alıb-verməsi... və sair və ilaxır kimi min illərdir ki, davam eləyir və ta qiyamətəcən sürüb gedəcək. Son min ildə biz Sözün ölüm prosesini yaşayırdıq, indi isə onun yeni dirimi başlayır. Biz Sözün dirim dönəminin adamlarıyıq! "Sözümün canı" Sözün perspektiv canlanmasının Müjdəsidir!

İyirminci yüzil fransız metafiziki Rene Genon "Müqəddəs elmlərin simvolikası" kitabında yazır ki, folklor ilahi bilginin saxlanc yeridir. Aşıq Ələsgər, özəlliklə də, anam qəmzə ilə bağlı ifadəni işlədəndə onun bu ilahi-metafizik anlamına, əlbəttə ki, varmırdı. Lakin onların intellekt səviyyəsindən asılı olmayaraq, dil özü neçə yüzillərdən, bəlkə də, daha öncədən keçib gələn, nəsillərdən-nəsillərə ötürülən bu gizli bilgini yaşadır. İrihəcmli dastanlardan tutmuş, bir neçə sözdən ibarət frazeoloji-idiomatik vahidlərə qədər, folklorun funksiyası budur.

Qəmzə Allahın öz yaratdığına daxili nəzəridir.

İşvə Allahın yaradılış haqqında hökmüdür.

Naz yaradılışın nəzər(iyyə)dən praktikaya keçməsidir.

Sevgi prosesi metafizik akt - Allah işidir.

Allah dünyanı öz sevgisindən yaradıb!

Sevmək yaratmaqdır, yaratmaq sevmək!

Yaradılış prosesi Allahdan insana, metafizikidən fizikiyə, Sözdən sözə doğru gedir. Tarix bu gizli mahiyyəti, yəni noumeni güzgü kimi əks etdirir, yəni fenomenoloji akta çevirir. Fəlsəfi terminlərlə desək, qəmzə noumen, naz fenomen, işvə bu ikisi arasında keçiddir! Qəmzə Söz, işvə səs, naz rəngdir!

 

***

Akademik N.Cəfərov yazır ki, birinci minilliyin əsas qəhrəmanı Allah, ikincininki insandır. Mənim bir əlavəm olacaq - üçüncününkü Allah-İnsandır. Birinci minillik Söz, ikinci söz minilliyi idi, üçüncüsündə bunların sintezi gedəcək! Tarix bu prosesin, ədəbiyyat isə tarixin güzgüsüdür.  

söz insanidir, Söz ilahi!

söz fanidir, Söz əbədi!

söz kəsrətdir, Söz vəhdət!

söz təzahürdür, Söz mahiyyət!

söz cismanidir, Söz ruhani!

söz ikilik və ya çoxluqdur, Söz birlik!

Amma nə olur-olsun, necə olur-olsun, Sözün sözə çevrilməsi qaçılmazdır. Nədən ki Söz sözdə əyaniləşir, cismaniləşir, görümlüləşir, maddiləşir. O özü-özünü eşitsin deyə səslənməli, özü-özünü görsün deyə yazılmalıdır. Allah Özünü insanda gördüyü kimi, Söz də özünü sözdə eşidir. Gərək Söz Dostoyevskinin Rodionu və Sonyası kimi qətl və föhşdən, cinayət və qəbahətdən keçsin, sözə ensin ki, yenidən özünə yüksələ bilsin. O da Rodion və Sonya kimi ölməli və yenidən dirilməlidir! O da günahkar insan kimi ikinci dəfə yenidən doğulmalıdır! İnsan yalnız şərdən keçəndən sonra xeyirə çevrilə bilər! Söz yalnız sözdən keçəndən sonra yenidən özünə dönə bilər! Onun dünyaya enişinin gizli, batini metafizik anlamı budur:

Çirkabdan keçib təmizlənmək;

cismanidən keçib ruhaniləşmək;

günahdan keçib məsumlaşmaq;

ölümdən keçib ölümsüzləşmək!

şərdən keçib xeyirləşmək.

Hegel terminləri ilə desək, Söz sözün "məntiq", söz isə Sözün təbiət dönəmidir. Bu üzdən təbiətin bütün gəlişməsi Sözün sözə çevrilməsiylə yanaşı gedir. Bu çevrilmədə Söz öncə özünün "ol" deyəndə olduran, "öl" deyəndə öldürən praktik yaradıcı gücünü itirməyə başlayır. Düşüncənin kosmik-astronomik ölçüləri isə hələ qorunub saxlanılır. Bu, artıq sözün və ya sözçülüyün başlanğıcıdır. Azman və yalan mif bu iki başlıca amillə bağlıdır.

Mif Sözdən sözə keçidin başlanğıcıdır. O yarı Söz, yarı sözdür - Sözlə sözün simbiozudur. O istər azman forması, istərsə də praktik, gerçək gücə iddiası ilə Sözə yaxındır. Bu, zamanca qonşuluqdan irəli gəlir. Mif hələ dünənəcən yaşayan və bütün dünyanı qapsayan Sözü qan yaddaşıyla duyur:

 

Sözün sevdası hələ mifin başındadır,

Sözün qoxusu hələ mifin burnundadır,

Sözün dadı hələ mifin damağındadır,

Sözün hökmü hələ mifin qulağındadır.

 

Sayın oxucu, sənə bir sualım var: görəsən, mif Sözü niyə duyur, amma qavramırdı? Amma bir xahişim də var: yazının bu yerini özəl diqqətlə oxu, nəsə bir şeylər dumanlı qalsa, tez-tələsik üstündən keçmə. Nədən ki bura yazının strukturoloji nüvəsidir. Burda yazdıqlarımız aydın olsa, deməli, ümumən nə dediyimiz anlaşılacaq. Yox, əgər aydın olmasa, deməli, zəhmətimiz boşunadır. Sualı bir daha təkrar edirəm: görəsən, mif Sözü niyə duyur, amma qavramırdı?

İndi isə cavaba, özəlliklə də qalın şriftlə verdiyimiz üçüncü bəndə diqqət elə:

bunun nədəni gəlişmənin Marks deyən kimi düz xətt deyil, Platon deyən kimi çevrə boyunca getməsiylə bağlıdır;

bu çevrənin birinci yarısı involyusiya, tənəzzül, eniş, ikinci yarısı evolyusiya, tərəqqi, yüksəlişdir;

öz əksinə dönən çevrənin səciyyəsinə uyğun olaraq, eniş prosesindəki olaylar yüksəliş prosesində əks ardıcıllıqla təkrar olur;

üstündən neçə min il keçəcək, Söz insanın düşüncə çevrəsinin öncə duyğu, sonra qavrayış qatına yenidən yazılacaqdı, hələlik isə proses əksinə gedir, Söz öncə qavrayış, sonra duyğu qatından pozulurdu;

bu üzdən Söz mifin duyğu qatında daha çox qalmışdı;

bu üzdən ağılsız mif Sözü anlaya bilməz, məhz duya bilərdi.

Dövran döndükcə, zaman keçdikcə, düşüncə yuxarıdan aşağı endikcə Söz öz gerçək, praktik gücünü sonacan itirir, daha "ol" deyirsən, olmur, "öl" deyirsən, ölmür! Yəni sözə keçid başa çatır! Yəni Söz öz ilahiliyini itirərək insaniləşir! İlahi Sözdən fərqli olaraq insani söz duyğusal və konkretdir, dar intervalda düşünür, əzəli başlanğıc və əbədi son bir qayda olaraq bu intervala sığmır.

***

Mif kimi şeir də Sözə iddialıdır. Məcnunla İbn Səlam kimi, onların da doğmalığı bu ortaq iddiadadır - hər ikisinin Leylası birdir. Məcnun şeir, İbn Səlam mifdir. Mif bir az şairanə, şeir bir az mifikdir. Bütün şairlər bir az mifoloq, bütün mifoloqlar bir az şairdir. Dünyanı qavramağın mifik tipi şeirlə iç-içədir. Bu üzdən mifin harda qurtarıb, şeirin harda başladığını dəqiq bilmirsən. Mifin də, şeirin də özülündə eyni şey - "yalan" dayanır. Füzulinin "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" fikri bu dediyimizin sadəcə birinci, ən üzdəki qatıdır.

Dini düşüncə isə şeirə sığmır, şeir dinə sığmadığı kimi. Onları ayıran sınırlar aydın görünür. Nədən ki şeirin özülündə "yalan", dinin özülündə gerçək dayanır. Şeirin mifə calanması kəmiyyət dəyişməsi, dinə calanması keyfiyyət çevrilməsinə nədən olur. Bu üzdən şairlər bəzən dinə-imana gələndən sonra şeirdə geriləyir. Cahiliyyə dönəminin ünlü ərəb şairi, Həzrət Məhəmmədə yazdığı təhqiramiz həcvləriylə müşriklərin ürəyindən tikan çıxaran, müsəlmanlar Məkkəni alandan sonra isə Peyğəmbərin ətəyindən öpüb, bağışlanmasını diləyən və İslamı qəbul eləyən Həssan İbn Sabit bu fakta belə aydınlıq gətirib: "Gerçəyi tapandan sonra yalan yaza bilmirəm". Buna görə ərəb ədəbiyyatı özünün altun dönəmini cahiliyyə vaxtı yaşamışdı. O dönəm ərəblərdə söz sənəti olduqca yüksək qiymətləndirilirdi:

ərəblərə göndərilən Peyğəmbərin ən böyük möcüzənin məhz Sözdən - Qurani-Kərimdən ibarət olması bu üzdəndi;

Quranın səcli, yəni şeiri xatırladan qafiyəli nəsr üslubunda göndərilməsi bu üzdəndi;

peyğəmbərliyinin ilkin dönəmlərində Rəsulullahın cahil, bütpərəst müşriklər tərəfindən "şair" adlandırılması bu üzdəndi;

Quranda şeir və şair haqqında ayrıca bir surənin ("Şairlər") endirilməsi bu üzdəndi;

nəhayət, Peyğəmbərin şair olmaması ilə bağlı "Biz ona şeir öyrətmədik. Bu heç ona yaraşmazdı da" ayəsinin (Qurani-Kərim, "Yasin", 69) endirilməsi də məhz bu üzdəndi.

Bütün İslam tarixi, özəlliklə də onun ilk yüzilləri mahiyyətcə Söz uğrunda mübarizə, mücadilə, müharibə, mükalimə, mükaşifə tarixi idi. Quran Allahın son Sözüdür və necə olur-olsun, lazım gəlsə, hətta qılınc gücünə belə, qəbul edilməliydi! Bu, Allahın qəhri idi! Bu, Allahın Qəhhar, yəni qəhr edən üzüydü! Bu, Allahın Qəhhar Sözüydü!

Qəhhar Allahın yüz bir adından biridir!

"Qəhhar" qəhr edən, məğlubedilməz deməkdir!

Allahın qəhharlığı onun qəffarlığının avand üzüdür!

Allahın qəhharlığı fenomen, qəffarlığı noumendir!

Allahın qəhharlığı təzahür, qəffarlığı mahiyyətdir!

Allahın qəhharlığı onun qəffarlığının görünən tərəfidir!

Allahın qəhharlığı da, qəffarlığı da onun insana sevgisidir!

Allah mahiyyətcə sevgidir!

Allahın qəffarlığı onun qəhharlığının tərs üzüdür!

"Qəffar" bağışlayan deməkdir!

Qəffar Allahın yüz bir adından biridir!

Əgər dünyanın yaranışından ta qiyamətə qədərki müddəti ilahi bir gün kimi götürsək, Həzrət Məhəmməd axşamüstünün peyğəmbəri idi. "Mən ikindi çağının peyğəmbəriyəm." Bu sözlər Pəsulullahın birbaşa özünə aiddir. İslam zühur edəndə ilahi gün artıq batmaq üzrəydi. Allahın insana güzəştə getməsinə daha vaxt yoxuydu. Odur ki, son dinin qılınc gücünə qəbulu özəlliklə də başlanğıcda qaçılmaz idi. Nəyin bahasına olursa-olsun, Söz qəbul edilməliydi və edildi! Olmalıydı və oldu! Yoxsa ki, dəvə dırnağını qanda qızardıb yeyən bədəvi ərəblərdə o güc hardaydı ki, qısa müddətə İspaniyadan İndoneziyaya qədər, bütün ekvator boyu əraziləri öz hökmləri altına alsınlar?! Bu, Sözün hökmü, Sözün gücüydü! Bu, Allahın iradəsiydi!

Ta ki qiyamətə qədər bir daha Söz nazil olmayacaq! (O doğula bilər, amma indi söhbət nazil olmaqdan - göydən endirilməkdən gedir) Baxın, Rəsul əleyhissəlam zamanından bugünəcən nə qədər yalançı peyğəmbərlər peyda olub və bu gün də ara-sıra, adda-budda orda-burda olmaqdadır. Bunların arasında, hətta qadınlar da olub və son dönəmlər daha çox olur! Amma kişili-qadınlı bütün yalançı peyğəmbərlərin saxta iddiaları fişəng ömrü yaşayır - ani olaraq parlayıb, tez də sönürlər. Quran isə insanın sonuncu şansı kimi qalır və qiyamətəcən qalacaq. İnsanın xilası Qurandadır! Quran Sözdür! Ruhun xilası Sözdədir! Təəssüf ki, bunu belə qətiyyətlə deməyimin nədənini sizə açıqlaya bilmirəm! Bu açıqlamaya səlahiyyətim çatmır!

Həzrət Yusifin möcüzəsinin yuxugörmə və ya yuxuyozma, Həzrət Musanın möcüzəsinin sehrkarlıq, Həzrət İsanın möcüzəsinin şəfakarlıqla bağlı olması da müvafiq peşələrin uyğun dönəmlərdə İsrail oğulları arasında çox populyar olmasıyla bağlıydı. Allah-təala vəhyin qəbulunu qolaylaşdırmaq üçün hər qövmün peyğəmbərinə o qövmün ağlı, ürəyi, istəyi, zövqü, bir sözlə, maraq dairəsinə uyğun möcüzə qüdrəti verirdi. Həqiqətən də, Allah mərhəmətlidir!

Xristianlığın ilk min ili ərzində şeirin-sənətin zəifləməsi, bu aşırı dərəcədə asketik, tərki-dünya dindən uzaqlaşmağa başlayandan sonra yenidən dirçəlməsi də (yəni İntibah) gerçəyi itirməyə başlayandan sonra yalan yazmaq məntiqiylə bağlıydı. Gerçək olan yerdə yalan, yalan olan yerdə gerçək olmur. Odur ki, İntibah mədəniyyətinə birmənalı olaraq gəlişmə kimi baxan gələnəksəl elmi-kulturoloji baxış birtərəflidir. İrəliyə hərəkət, əlbəttə ki, qaçılmazdır, amma birmənalı olaraq "yaxşı" deyil və ola da bilməz.

 

Ey insan, hara qaçırsan? Bir dayan! Sənin başına pandemiya oyununu bilirsənmi, niyə açdılar? Bilirsənmi, niyə səni məcbur elədilər ki, dərsləri, konfransları... hətta toyları da "onlayn" eləyəsən? Nədən ki bütün bu qaçhaqaçdan bir azca dayanıb nəfəsini dərəsən, düşünəsən, özünlə baş-başa qalasan, ruhunla həmsöhbət olasan. Düzdür, qanun məcəlləsinə məhəl qoymayan (bəzi!) çevik polislər və Hippokrat andını unudan (bəzi!) kəmfürsət həkimlər bundan sui-istifadə eləyib anındaca bazar açdılar - pandemiyanı ürəkbulandıran bir möhtəkirlik alətinə, varlanmaq vasitəsinə çevirdilər! Amma bunun məsələnin metafizikasına dəxli yoxdur. Bütün metafizik gerçəklər dünyada onsuz da dərhal bayağı rəng alır, deformasiyaya uğrayır, aşağılanır. Nədən ki dünya "aşağı aləm" deməkdir - alçaqdır, onun mahiyyəti, missiyası, funksiyası budur - hər şeyi aşağılamaq! Odur ki, bəzi polislərə və bəzi həkimlərə həm də yazığım gəlir - dünya bir kukla teatrı, onlar isə dünyanın alçaqlıq qanununun saplarıyla idarə olunan cansız kuklalardır! Cahil həm də yazıqdır!

Ey insan, bir düşün! İrəlidə yel əsib, qoz tökülübmü? Əvvələn, irəli atdığın hər addım səni qiyamətə yaxınlaşdırır! Və bir də tarix daimi bir dövretmə çevrəsidirsə, bu çevrə boyunca irəli vaxtaşırı olaraq geriyə, geri isə irəliyə çevrilirsə, irəli və geri deyilən bir şey varmı? Çevrənin irəlisi, gerisi olurmu? Nəhayət, əksliklərin birliyi və qarşıdurması üstündə qurulan dünyamız ikilidir və burda birmənalı heç nə yoxdur.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!