Metafizik-strukturoloji esse
Əsəd CAHANGİR
can Sözdür, əgər bilirsə insan,
sözdür ki, deyirlər, özgədir can.
Məhəmməd Füzuli
Ustadım, akademik Nizami Cəfərova və bütün sayğıdəyər müəllimlərimə dərin sayğılarla
Birinci bölüm:
...Sözün başlanğıcı
Birinci hissə
Dünya Sözün bətnindən doğulub, söz isə dünyanın. "İncil" - "Öncə Söz varıydı, Söz Allahdaydı və Söz Allah idi! Yaranan şeylərin hər biri onun vasitəsilə yarandı. Heç bir şey onsuz yaranmadı" (Yəhya. 1:1-18) - deyirdi. Qurani-Kərim isə "Allah göyləri və yeri yoxdan yaradandır. O bir şeyin olmasını istəyən zaman eləcə "ol!" deyər və o da dərhal olar" ("Bəqərə", 117) buyurur. Başlanğıcda Söz Allah qatındadır, azmandır, zəka ilə çulğaşıb, əslində, elə bu zəkanın özüdür və dünyanı qapsayıb. Qeyri-maddi boşluq - vakuum halında olan bu zəka bütün sonrakı maddi çoxluğun ilkin planı, əzəli başlanğıcı, aprior proqramıdır. Maddi çoxluğun bütün elementləri bu qeyri-maddi təkdən şaxələndiyi kimi, söz də Sözdən səs dalğaları halında maddiləşərək ayrılır.
Allah dünyanı yaratmazdan öncə bu haqda düşünüb. Söz bu ilahi düşüncədir. O, yaradıcı potensiya, törəniş imkanı, varlığın gizli, gözəgörünməz canıdır. Məhəmməd Füzuli "Can Sözdür, əgər bilirsə, insan!" deyir. Bunu "Söz candır, əgər bilirsə insan" kimi inversiya da eləmək olar. Bəli, Söz özünlə dialoqdur, daxili monoloq, introspeksiya, içə yönəlmiş səssiz danışıqdır! O, vahiddir, tövhiddir, təkdir, yekdir, hər şeyi özündə birləşdirən bir şeydir. Bir sözlə, Söz bir olar! Sözdən başqa Söz yoxdur!
Söz dediklərimizdən daha çox düşündüklərimizdir! Biz yalan danışa və ya susa bilərik, nəyəsə göz yuma və ya qulaq tıxaya bilərik, amma əsla yalan düşünə bilmərik! Yəni başqasını aldada bilərik, özümüzü isə heç vaxt! Yalan çölümüzdədir, içimizdəki ancaq həqiqətdir! Biz içimizdəki Sözlə baş-başayıq! Biz içimizdəki həqiqətlə iç-içəyik! Yalana yer yoxdur Sözdə! Öz vicdanımızla dialoqdur Söz! Vicdan iradəmizin dışındadır - o bizə deyil, biz ona tabeyik! Biz onu yox, o bizi yönləndirir! O, içimizdəki Allahdır! Mirzə Ələkbər Sabir "Sual-cavab" adlı ünlü şeirində bu barədə gözəl deyib:
Görmə! - Baş üstə, yumaram gözlərim!
Dinmə! - Mütiəm, kəsərəm sözlərim!
Bir söz eşitmə! - Qulağım bağlaram!
Gülmə! - Pəkey şamü səhər ağlaram!
Qanma! - Bacarmam! Məni məzur tut!
Böyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq!
"Qanma! - Bacarmam! Məni məzur tut!" Bura qədərkilər Sabirin sözü, bu misra və bundan sonrakılar onun Sözü idi! Sabir burda Sözün zirvəsindədir! Sabir burda özü-özüylə üz-üzə, özü-özüylə təkbətəkdir! Sabir burda əsl gerçəyin düşüncədə olduğunu, dilə gəlmədiyini deyir!
Əgər Söz dilə gəlir, səslənir, eşidilir, çölə yönəlir, nitqə çevrilir, birlikdən ikiliyə keçir, başqasına ünvanlanırsa, başqalaşmağa, özgələşməyə, canını itirməyə, quruca səsə, yəni sözə çevrilməyə başlayır. Diqqət edin: bu sonuncu tezis yazı boyu lazım olacaq və biz "çevrilməyə başlayır" dedik, amma "çevrilir" demədik! Tədricilik ilahi qanundur!
Tədricilik qanunu Sözün sözə enişi və sözün Sözə yüksəlişində də gözlənilir. Bu tədrici eniş və yüksəlişlərin nə ibtidası, nə də intəhası var! Bu eniş və yüksəlişlər əzəli və əbədidir! Biz bu eniş və yüksəlişi bədii fikrimizin sadəcə son min ili ərzində izləyəcəyik! Amma bu min ilin özü də az deyil. İnanıram ki, "gözlərindən oyulan, dabanından soyulan, bir məzara qoyulan" (Nigar Rəfibəyli) boynu vurulan, dörd yerə şaqqalanan, divara hörülən, Sibirə sürülən, güllələnən... və neçə-neçə dürlü edamlara məruz qalan şair qardaşlarımızın timsalında Sözün taleyi ilə üzləşəcəyimiz bu minillik yolçuluqda özümə sədaqətli dostlar, etibarlı yoldaşlar tapacam. "Leyli və Məcnun"u yazmağa başlayan Füzuli bu barədə nə gözəl deyib:
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
***
Füzulidən söz düşmüşkən, şairin "sözdür ki, deyirlər özgədir can!" misrasını şeir dilindən nəsr dilinə iki cür çevirmək olar: "kimsə canın Sözdən özgə bir şey olduğunu deyirsə, (inanmayın, boş) bir sözdür - bu, bir; "söz deyilən bir şey ki var, cana özgədir, yaddır, yəni cansızdır" - bu iki!
Əgər Söz anındaca yaratmaq - "ol!" deyən kimi oldurmaq və anındaca dağıtmaq - "öl!" deyən kimi öldürmək gücünü itirir, praktik iş görmürsə, o artıq gerçək deyil, yalandır, diri deyil, ölüdür, yəni sözdür. Özünün canı olmadığından söz nə can verə, nə də can ala bilir. Onun bütün canların qaynağı olan "canan"la, yəni Allahla ilişgisi kəsilib. O, Allahın insana deyil, insanın insana mesajıdır, vertikal deyil, horizontaldır, yəni sadəcə nitqdir.
Dastan yaradıcıları deyir ki, Qorqud Ata "nə dersə, olurdı", "qayibdən dürlü xəbərlər söylərdi" və ardınca da "Haqq Taala onun könlünə ilham edərdi" deyə bunun nədənini də açıqlayırlar. Bir gün Dəli Domrul "Bacım Banuçiçəyə niyə Beyrək üçün elçi gəlmisən?" deyə Atanı qılıncla vurmaq istəyəndə, ozanlar ozanı ismi-əzəm oxuyur və Domrulun qolu havadaca quruyub qalır. Dəli yanlışını boynuna alıb bağışlanmasını diləyəndən sonra Ata yenidən ismi-əzəm oxuyub, onu öncəki durumuna qaytarır. İsmi-əzəmdir Söz - Allahın adıdır! O həm öldürür, həm də dirildir - Allah işi görür!
Antik yunan riyaziyyatçısı Pifaqor bir dəfə onu hirsləndirən tələbəsinin üstünə necə qışqırırsa, yazıq tələbə hamının gözü qabağındaca yerə yıxılıb canını tapşırır. Pifaqor özü də bilmədən tutduğu bu işdən hədsiz peşman olur və sonralar bir də heç kəslə belə davranmır. Amma indi söz konusu etika deyil, söz Sözün enerjisindən, praktik gücündən gedir - həm can alan, həm də can verən gücündən. Necə deyərlər, sözümün canı Sözün canıdır.
Yeri gəlmişkən, "sözümün canı" ifadəsi eləcə metafora deyil. Bu metaforadan belə çıxır ki, Sözün də insan kimi canı var, yəni Söz burda guya insana bənzədilir. Əslində isə, Söz insana bənzəmir, əksinə, insan da, bütün yerdə qalan canlılar da Sözə bənzəyir, nədən ki onlara can verən, onları yaradan Sözdür. Başlanğıcda Sözün doğrudan da, canı olub, o sonradan cansızlaşıb və "sözümün canı" ifadəsi dildə keçmiş gözəl əyyamların qalığı kimi qalıb. Əgər analogiya aparsaq, metafora bir az insan bədənindəki appendisitə bənzəyir - vaxtilə bəlli bir fizioloji görəv daşıyıb, indi isə öz funksionallığını itirərək sadəcə rudimentə çevrilib.
Dildəki istənilən metafora, hər cür məcaz başlanğıcda birbaşa, ilkin, müstəqim anlamda işlənib. Yüzillər, minillər boyu insanın dünyagörüşü dəyişdikcə ilkin anlamlar unudulub, onlar öz ömrünü metafora şəklində sürdürməyə, məcaziləşməyə, bədiiləşməyə, gerçəkdən-yalana, Sözdən-sözə çevrilməyə başlayıb. Donunu soyunub dalğaların qoynuna girən və geri qayıtmayan su pərisi kimidir Söz - özü gedib, paltarı sahildə qalıb. "Sözümün canı" ifadəsi də sahildə atılıb qalmış o paltar sayaq kimisə, nəyisə xatırladır, amma o "nəsə", o "kimsə" bu gün artıq yoxdur! Metafora Sözün soyunduğu paltardır. O, Sözün formasını saxlasa da, ilkin məzmununu saxlamır, çölünü saxlayır, içini yox. Metafora formaca Söz, məzmunca sözdür. O, Sözlə söz arasında körpüdür.
***
Qorqud Atadan fərqli olaraq, Pifaqor öldürdüyünü dirildə bilmir. Nədən ki öldürəndə Qorqud Ata kimi ismi-əzəm oxumamışdı. Kimsə Dostoyevskinin "Cinayət və cəza" romanının qəhrəmanı Rodion Raskolnikov kimi sələmçi qarını da, onun ağıldankəm bacısını da baltalayııb öldürə bilər, amma diriltmək yalnız Allahın adı - ismi-əzəmlə bağlıdır!
Həzrət Musaya Tur dağında endirilən on qanundan biri "Öldürmə!" hökmüdür! İnsanı öldürmək yasaqdır!! İnsana öldürmək yasaqdır! Yaratmaq kimi öldürmək də yalnız Allaha məxsusdur! Nəinki başqasını, hətta özünü öldürməklə də insan ən bağışlanmaz günaha yol verir - Allaha şərik qoşur! Hətta öz canını almaq belə, insanın səlahiyyəti dışındadır! Canı almaq canı verənə - canana məxsusdur. Nədən ki can nə sənindir, nə mənim, nə sizindir, nə bizim, nə də onların. Can yalnız və yalnız Ona məxsusdur! Füzuli bu barədə gözəl deyib:
Canı canan diləmiş, verməmək olmaz, ey dil,
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim!
***
Raskolnikov, qarı və balta söhbəti ilə Dostoyevski deyirdi: "Ey təkəbbürlü insan, sənin, hətta ən "xeyirxah" niyyətlə sələmçi bir qarı və onun infantil bacısını belə öldürməyə haqqın yoxdur!" Və Sibirin qarında-şaxtasında öz günahından arınsın deyə, qatil könüllü surətdə katorqaya gedir!
Raskolnikovun mühakiməsi iki dönəmdən keçir - birincisi, müstəntiq Porfirinin, ikincisi, öz vicdanının apardığı istintaqdan! Qatilin müstəntiqlə özünümüdafiə səciyyəli dialoqları bir sözdür. Ona görə bu söhbətin axırı yalan çıxır - Raskolnikov cinayətini heç cür etiraf eləmək istəmir və müstəntiq qatili azad eləyib, günahsız bir kəndlini günahkar çıxarır. Günahsız müqəssir! Oksimoron! Sözün hökmü də özü kimi yalandır! Ölüdür söz və söz öldürür!
Antik yunan təmsilçisi Ezop deyirdi: "Dil gerçəyi demək yox, gizləmək üçündür." Bəli, Raskolnikov da suçunu dil, söz vasitəsilə gizləyə bilir. Amma o bununla ikinci, daha böyük cinayətə yol verir - öz vicdanını baltalayır! O, balta ilə başqasını, vicdanını susdurmaqla özü-özünü öldürür!
Raskolnikovun mühakiməsinin ikinci və ən önəmli hissəsi öz vicdanıyla söhbətidir! Vicdan məhkəməsi artıq bir söz deyil, Sözdür! Sinayəti Porfiridən gizləmək olar, vicdan adlı "müstəntiq"dənsə əsla! Porfiriylə söhbət zahiri, vicdanla söhbət içsəl səciyyə daşıyır. İnsana gerçək yalnız və yalnız öz içi - vicdanı, ruhundan açıla bilər. Vicdanla söhbətin sonunda gerçək üzə çıxır - cani ruhən dirilir, cinayətini boynuna alır və özünə hökm çıxarır - Söz diridir və Söz dirildir!
Fikir vermisinizsə, Raskolnikov qatil olduğunu dünyada hamıdan çox, bəlkə də, yeganə sevdiyi şəxsə - Sonya Marmeladovaya açıq etiraf eləmir. Sonya bunu Rodionun dilindən eşitmir, onun gözlərindən oxuyur, mənəvi qulağıyla duyur, işarədən anlayır! Raskolnikovun Sonyaya etirafı Sözdür - arifə bir işarədir! Hələm-hələm dilə gəlmir, sadəcə qulaqla eşidilmir Söz! O, beş duyğu üzvünün fövqündə, dışındadır və altıncı duyğuyla anlaşılır! Anarın ünlü metaforasıyla desək, o, insan adlı "beşmərtəbəli evin altıncı mərtəbəsi"dir! Sonyanın hüzurunda (bəli, bəli, düz eşitdiniz, məhz hüzurunda!) Raskolnikovun öz cinayətini boynuna alması epizodu bütün dünya ədəbiyyatında Sözün dilə gəlməyən, sözə sığmayan, ən qeyri-adi, ən zərif və ən möhtəşəm ifadələrindən biri, olsun ki, birincisidir.
"Cinayət və cəza"nı ömrümün fərqli dönəmlərində dörd dəfə oxumuşam - orta məktəb illərində, universitetdə oxuyanda, ədəbi-tənqidi yazılar yazmağa başlayanda və nəhayət, dörd-beş il öncə. Dostoyevski öz qəhrəmanının daxili dünyasını o qədər məharətlə açır ki, oxucu fərqinə varmadan özünü qatillə eyniləşdirir, özünü qatilə adekvat dərk eləyir, qətlin ifşa olunmasını istəmir, öldürülənin deyil, öldürənin tərəfində durur! Əsəri ilk dəfə oxuyanda on dörd yaşım vardı və bir yeniyetməyə məxsus sadədilliklə, bəlkə qəhrəmandan da çox üzülür, fikir eləyirdim ki, görəsən, Raskolnikov cinayətini Sonyaya necə deyəcək?! Necə deyəcək ki, Sonya, bağışla, mən adam öldürmüşəm! Bu etiraf ümumən mümkündürmü?! Mümkündürmü, sənə Allah kimi pərəstiş eləyən birinə deyəsən ki, mən Allah deyiləm! Mən puldan ötrü qoca bir qarı və onun ağıldankəm bacısını öldürən, özü də mağara adamına yaraşan vəhşi üsulla - baltalayıb öldürən mənfur bir qatiləm!!
"Dəhşət, ölümdən də qara bir dəhşət!!!"
***
Bəli, "dəhşət, ölümdən də qara bir dəhşət!"
Bu misra "Hamlet" tragediyasında öz qardaşını öldürüb onun taxt-tacı və zövcəsinə yiyələnən Klavdinin etirafındandır. Bütün dünya ədəbiyyatında etirafın ən şahanə örnəklərindən biri! Krala məxsus əzəmət və insana layiq səmimiyyətlə aşılanmış bu etirafı Şekspirin bizdəki ən yaxşı tərcüməçisi Tələt Əyyubov (Allah ona rəhmət eləsin) çevirib. Bilirəm ki, sitat bir az uzun olacaq, amma nə qədər eləsəm də, bu gözəl etirafdan bircə misra da ixtisar eləməyə əlim gəlmir və yaddaşıma güvənərək, bütün dua-monoloqu sizə olduğu kimi təqdim edirəm:
Mənim əməlimin, qəddarlığımın
çirkin üfunəti çox boğucudur!
Mənim vicdanımda qardaş qatili
kimi çox amansız bir ləkə vardır!
Mən bütün qəlbimlə dua eyləmək
istəyirəm! Lakin, yox, bacarmıram!
Bağışlana bilməz belə bir günah!
Mən onu öldürüb ələ aldığım
bu yurd, bu tacü-təxt, bu kraliça
hələ əlimdədir, hələ əlimə
keçən heç bir şeyi qaytarmamışam!
Belə bir qətli bağışlayan bir şəxs
heç tapılarmı?
Belə də olur ki, bəzən canilər
ələ keçirdiyi qızıl üzüyü
taxıb barmağına, başqalarını
əsla utanmadan hədələyirlər!
Amma yuxarıda elə deyil, yox,
orda - yuxarıda əməllərimiz
boyasız və rəngsiz, çıl-çılpaq durur!
Orda tutduğumuz əməllərə biz
cavab verməliyik! İndi neyləyim?
Tövbəmi eyləyim? Tövbə yaxşıdır!
Lakin tövbəni də bacarmıram, ah!
Dəhşət! Ölümdən də qara bir dəhşət!
Mənim qara ruhum bu bataqlığa
bərk batıb, çıxmayır, çox dərin gedir!
Aman ey mələklər, köməyə gəlin!
Əyilin, dizlərim, əyilin daha!
Sən ey daş ürəyim, sən bir körpənin
qığırdağı qədər yumşaq ol, yumşaq.
Bəlkə də, hər bir iş düzələcəkdir...
Yaşım Tələt müəllimi görməyə mənə imkan verməsə də (təəssüf!), müxtəlif fotolardan onun bəstəboy biri olduğunu bilirəm. Bir balaca boyu, dam dolusu toyu olan bu kişi Şekspiri Azərbaycan türkcəsinə çevirmək kimi böyük bir işin öhdəsindən elə ustalıqla gəlib ki, sanki ingilis dahisi öz tragediyalarının ən gözəli və dünya dram sənətinin ən nadir örnəyini bizim dildə yazıb. Abbasmirzə Şərifzadə bu çevirmədə səhnəyə çıxmayıb, lakin bu çevirmə böyük aktyorun 20-30-cu illərdə oynadığı Hamlet qədər gözəl və əlçatmazdır! Şübhəsiz ki, rəhmətlik Tələt müəllim sovet gələnəyi üzrə çevirməni ruscadan eləyib və orijinala məxsus bəzi incəliklər bu ikiqat çevirmədə (ingilisdən rusa, rusdan azərbaycancaya) itib-batıb. Amma nə olsun, əvəzində bu çevirmədə ən önəmli şey - şekspiranə ruh var! Elə bir ruh ki, nə ruscadan edilmiş öncəki, nə də orijinaldan edilmiş sonrakı çevirmələrin heç birində bu yoxdur. Hərə dünyaya bir missiya ilə gəlir, Tələt Əyyubov bu dünyaya "Hamlet"i və Şekspirin ünlü 66-cı sonetini Azərbaycan türkcəsinə çevirmək üçün gəlmişdi və bu heç də balaca missiya deyil!
Bu çevirməylə ilk dəfə on altı yaşımda tanış olmuş, sonra müxtəlif vaxtlarda onu dönə-dönə oxumuş, Hamlet, Klavdi, Poloninin monoloqlarını, müxtəlif dialoqları özüm də fərqinə varmadan, eləcə oxuya-oxuya əzbərləmişdim. Bu tərcümə illər boyu mənə elə doğmalaşmışdı ki, sonralar nə qədər istəsəm də, "Hamlet"in dilimizə başqa çevirmələrini oxuya bilmədim. Amma Tələt müəllimin çevirməsinin bütün gözəlliyinə baxmayaraq, Klavdiylə Raskolnikovun etirafları arasında ikincinin xeyrinə olan fərqlər var:
Klavdi cinayətini özü-özünə etiraf eləyir, Raskolnikov isə başqasına!
Klavdi cinayəti "sevdiyi" qadın - Gertruda ilə birlikdə törədib, Raskolnikovun ən çox qorxduğu isə sevdiyi qadının - Sonyanın onun cinayətindən xəbər tutmasıdır!
Klavdi öz qorxunc sirrini dua zamanı Tanrıya açır, Raskolnikov isə ona Tanrı kimi baxan bir qadına!
Klavdi öz cinayətini pıçıltıyla olsa da, dilə gətirir, Raskolnikovun etirafı isə dilə gəlmir - o bunu həm deyir, həm də demir!
Burda ən başlıcası üçüncü punkt üzrə qarşılaşdırmadır! Görəsən, hansı daha çətindir - Klavdinin, yoxsa Raskolnikovun durumu?! Əlbəttə, ikincinin! Bundan öncə, yaxud sonra, görəsən, belə üzücü, əzabverici etiraf olubmu? Biz dünyada hamıdan, hətta ən yaxınlarımız, əzizlərimizdən də gizlədiyimiz günahımızı Allaha açırıq! Bəs, səni Allah sayan birinə günahını necə açasan? Raskolnikov cinayətini Sonyaya açmaqla Allahdan insana enir! Raskolnikov cinayətini Sonyaya açmaqla qatildən insana yüksəlir! Raskolnikov cinayətini Sonyaya açmaqla vəhşidən adama çevrilir!
Raskolnikovun öz cinayətini Sonyaya etiraf səhnəsi təkcə Dostoyevski dühası deyil, ümumən bədii düşüncənin zirvəsi, sözün bitdiyi və Sözün başladığı an, Sözlə sözün heyrətamiz birliyidir! "İncil" qədər sehrli gözəlliyə malik bu epizodda cənab Dostoyevski Həzrət İsa kimi möcüzə göstərir - ölü sözlərə can verərək onları dirildir və Söz zirvəsinə qaldırır! Ona görə bu epizodun insan ruhunun ən dərin qatlarına işləyən qeyri-adi təsir gücü var! Yadımdadır, bu epizodu ilk dəfə oxuduqca ruhumun içəridən necə işıqlandığını həyəcan və ağrıqarışıq bir sevinclə hiss eləyirdim. Mənə elə gəlirdi ki, səhifələrin üstünə hardansa işıq seli axır, bu işıqdan gözlərim tutulur, hərfləri bir-birinə qarışdırırdım! Axı, qəhrəmanla birlikdə axır ki, mən də ağır bir yükü ruhumdan atır və azad olurdum!
Dostoyevski bir ruh mühəndisi kimi burda təkdir, yekdir, təkrarsızdır, əvəzolunmazdır! Gör, bu epileptikdə, bu keçmiş katorqaçıda nələr varmış! Heç bir Skott, Bayron, Dikkens, Tekkerey, heç bir Şiller, Heyne, heç bir Stendal, Hüqo, Jorj Sand, Balzak, Flober, Zolya, Mopassan, heç bir Puşkin, Lermontov, Qoqol, Qonçarov, Nekrasov, Turgenev, Tütçev, Şedrin, Çexov... hətta sirli Şekspirlə müdrik Höte və hətta(ların həttası) böyük Tolstoyun özü belə, bu məqamda Dostoyevskinin şimşək kimi çaxan, ildırım kimi yaxan sarsıdıcı dühası qarşısında duruş gətirə bilməzlər!
Romanın sonunda Raskolnikov əlində yaşıl cildli "İncil" tutmuş Sonyanın himayəsi (bəli, bəli, məhz himayəsi!) altında Sibirə gedir. Tanrının tövbə və mərhəmət qapıları həmişə açıqdır - suçunu anlayıb boynuna alan bağışlanır! İndi Allahın nəzəri keçmiş qatilin üstündədir! İndi o qatil qanadsız bir mələkdir! O başqasını öldürsə də, özünü dirildə bilib - onun vicdanı artıq oyaqdır! Dostoyevskiyə görə, günahını anlayıb vicdan əzabı çəkən insanın iztirabları ən böyük ehtirama layiqdir! O bu iztirablar qarşısında dünyada, bəlkə də yalnız ruslara məxsus bir çılğınlıq, ehtiras, maksimalizmlə diz çökür və baş əyir!!!
Fikir verirsinizmi, mən Raskolnikov Sibirə "göndərilir" demədim, məhz "gedir" dedim. Nədən ki istəsə, getməzdi - bu cəzanı o özü seçir. Və seçən kimi də bağışlanır, azad olur. Yalnız şərdən keçəndən sonra xeyrə çatmaq olar - əsl təmizlənmənin yolu günahlardan keçir. Şərdən keçməyən məsum xeyri qarşıda hər an şərə yenilmək ehtimalı gözləyir. Xeyrin ən etibarlı qarantı şərin sınağından keçməkdir. Başqasını qətlə yetirən Raskolnikov və öz bədənini satan Sonya obrazlarıyla Dostoyevski bunu deyir. Bu fundamental Dostoyevski ideyası bizim versiyada belə səslənir - Sözə çatmaq üçün sözdən keçməlisən. Dünyanın yüzlərlə, minlərlə romanı arasında məhz Dostoyevskinin "Cinayət və cəza"sına özəl yer ayırmağımız boşuna deyil. Rus dahisinin günahkar qəhrəmanları fikrimizin əyani ifadəsi üçün canlı illüstrasiyadır:
Raskolnikov! Yox, ona qatil bir tələbə demə, özünün böyüklük iddiası və bu iddia ilə bağlı məqaləsindən tutmuş törətdiyi qətlə qədər bir söz de!
Sonya! Yox, ona cismini satan yetim bir qız demə, qanadları qırılıb dünyanın çirkablarına atılmış Söz de!
Raskolnikov - şərdən keçərək təmizlənən insan!
Sonya - bu təmizlənmə yolunda ona bələdçilik eləyən səma elçisi!
Sevgililərin Sibirdə "görüşü" - sözün Sözə qovuşması!
Sevgililərin Sibirdə görüşü - insanın Allaha qovuşması!
Sevgililərin Sibirdə görüşü - sevgililərin cəhənnəmdə vüsalı!
Cəhənnəm!!! Dantenin "İlahi komediya"sı və Füzulinin "Leyli və Məcnun"unda olduğu kimi, "Cinayət və cəza"da da Allahın hüzuruna gedən kişiyə qadın bələdçilik eləyir. Danteyə Beatriçe, Məcnuna Leyli, Raskolnikova Sonya! Sən bir işə bax - abid Dante və aşiq Məcnun hara, qatil Raskolnikov hara?! Ülvi Beatriçe və məsum Leyli hara, günahkar Sonya hara?! Onlar arasındakı fərq beş-altı yüz il ərzində insanlığın hardan-hara yuvarlanmasını işarələyir (yenə də şekspiranə bir nida gəlir - "Dəhşət, ölümdən də qara bir dəhşət!"). Biz də bu yazıda min il ərzində sözün şərindən keçib günahlara batan və yenidən özünə qayıdıb ülviləşən Sözdən danışırıq - Sözümüz Sözdür!
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
