Robert Sturua və Esxil: "Zəncirlənmiş Prometey"də səhnə harmoniyası - İFTİXAR

 

2026-cı il 28 aprel tarixində Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının səhnəsində böyük gürcü rejissoru Robert Sturuanın "Zəncirlənmiş Prometey" əsərinə quruluş verdiyi tamaşa nümayiş olundu. Tamaşa ilk andan etibarən klassik mətnin müasir səhnə düşüncəsi ilə necə yenidən oxuna bildiyini göstərdi.

İlk diqqəti cəlb edən məqam Sturuanın sənətə yanaşmasında müşahidə olunan dəqiqlik və intizam idi. O, Esxil mətnini sadəcə səhnəyə köçürmür, onu daxili qatlara ayıraraq yenidən qurur və nəticədə klassik tragediyanı müasir estetik sistemə çevirir. Bu yanaşma nəticəsində səhnə sadəcə hadisə məkanı deyil, mənaların hərəkət etdiyi canlı bir struktur kimi formalaşır. Tamaşa boyu hadisələr müxtəlif ifadə vasitələri ilə inkişaf edir və tamaşaçını passiv izləyici mövqeyindən çıxararaq onu interpretasiya prosesinə daxil edir. Bununla yanaşı, tamaşada oyun və seyr münasibətlərinin quruluşu, ifaçıların geniş performativ imkanları, milli koloritin səhnə dilində üstünlük qazanması, geyimlərin arxaik və kosmopolit elementləri birləşdirən həlli, eləcə də tərtibatın mexaniki hərəkətlilik üzərində qurulan dinamikası xüsusi qeyd olunmalıdır. Bu elementlər ayrı-ayrı deyil, vahid səhnə düşüncəsinin tərkib hissələri kimi işləyir.

Sturuanın konseptual teatr modelində Esxil poetikası yeni vizual və fəlsəfi müstəviyə yüksəlir. Zaman və məkan sərhədləri elastikləşir, klassik mətn müasir performativ enerji ilə yenidən canlanır. Bu yanaşma "Qeyri-səlis teatrı" adlandırdığımız estetik düşüncə modelinə yaxın bir sahə yaradır.

"Qeyri-səlis teatrı" çərçivəsində məna sabit deyil, dəyişkən və çoxqatlı bir idrak hadisəsi kimi qəbul edilir. Burada tamaşaçı yalnız qəbul edən deyil, həm də mənanın formalaşmasında iştirak edən subyektə çevrilir. Teatr artıq hazır məna təqdim etmir, o, mənanın yaranma prosesinə çevrilir. Bu baxımdan Sturua modelində məna daha çox istiqamətlənmiş semantik xətt üzrə inkişaf etdiyi halda, "Qeyri-səlis teatrı"nda o, eyni anda müxtəlif ehtimal sahələrində mövcud olur və tamaşaçı ilə birlikdə formalaşır.

Bu nəzəri istiqamətin praktik davamı kimi hazırda Elçinin "Stalin" əsəri əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrında quruluş verdiyim "Stalin - İzm" tamaşasında "Qeyri-səlis teatrı" sisteminin səhnə ifadə forması yeni estetik müstəviyə keçid mərhələsindədir və tam proqon çərçivəsində məşqləri davam edir. Bu isə göstərir ki, həmin konsepsiya artıq nəzəri çərçivədən çıxaraq canlı teatr praktikası kimi formalaşma yolundadır.

"Zəncirlənmiş Prometey" tamaşasında "Okean qızları"nın xor funksiyası süjetin ritmini qoruyan əsas elementlərdən biri kimi çıxış edir. "Döyüşçülər" dramatik xətti daha dinamik və obrazlı müstəviyə keçirir. İşıq və musiqi isə artıq sadəcə texniki vasitə deyil, səhnənin müstəqil ifadə dili kimi fəaliyyət göstərir.

Diqqətçəkən məqamlardan biri də baş rolla epizodik rollar arasında sərhədin minimuma enməsidir. Hər bir ifaçı eyni estetik yükün daşıyıcısı kimi çıxış edir və bu prinsip texniki heyətə qədər genişlənir. Beləliklə, tamaşa fərdi ifalar toplusu deyil, kollektiv yaradıcılıq sistemi kimi formalaşır.

Goqa Barbakadzenin Hefest, Levan Kurtsianın Prometey və David Uplisaşvilinin fəlsəfi interpretasiyası bu çoxsəsli səhnə sisteminin fərqli qatlarını tamamlayır.

Bu məqamda orijinal düşüncə tərzi ilə seçilən istedadlı Azərbaycan rejissoru Elvin Mirzəyevin İrəvan teatrında V.Şekspirin "Kral Lir" əsəri üzərində apardığı məşqləri xatırlamaq yerinə düşür. Xüsusilə, ikinci hissənin başlanğıcında personajların əcinnələrə transformasiya olunduğu performans, bu tamaşadakı "Okean qızları"nın yaratdığı səhnəvi estetikanın əks qütbü kimi çıxış edir. Lakin bu qarşıdurma sadəcə formal və ya vizual fərq deyil; tamamilə fərqli funksional yük daşıyaraq yeni fəlsəfi paradiqma daxilində müasir interpretasiya modelini formalaşdırır.

Nəticə etibarilə, Robert Sturuanın "Zəncirlənmiş Prometey" tamaşası həm müstəqil estetik hadisə, həm də müasir teatr düşüncəsinin inkişafı üçün mühüm təcrübə kimi dəyərləndirilə bilər.

Bakıda belə teatr hadisələrinin davamlılığı müasir tamaşaçı düşüncəsinin formalaşmasına və intellektual teatr təsəvvürünün inkişafına şərait yaradan mühüm mədəni proses kimi qiymətləndirilməlidir. Bu baxımdan Mədəniyyət Nazirliyinin bu istiqamətdəki dəstəyi teatrın institusional və nəzəri inkişafına töhfə verən vacib faktor kimi qeyd oluna bilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!