Yılmaz Verdiyevin "Ləhcə farkımız fərqimizdədir" kitabı barədə düşüncələr və onun "Soydaşım" məqaləsi
Azər TURAN
***
2001-ci ildə "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsinin məsul redaktoruydum. Bir gün telefonuma zəng gəldi. Türkiyədən professor Yılmaz Əsədoğlu idi.
- Bir yazı yazmışam. Onu kitab kimi çap etdirmək fikrindəyəm. Həm də sizin ona Ön söz yazmağınızı istəyirəm, - dedi.
- Yılmaz bəy, etimadınıza görə təşəkkür edirəm, amma mən sizin kitabınıza Ön söz yazacaq səviyyədə biri deyiləm, siz çox böyüksünüz, fikirləriniz, düşüncələriniz mənim yaza biləcəklərimdən xeyli yüksəkdədir, bu işi başqasına həvalə etsəydiniz...
- Turan Cavidin təqdimatını müzakirə etmirlər, siz "yox" deməyə tələsməyin. Türkiyədə yalnız Yavuz Bülənt Bakilər oxuyub. E-mail ünvanınızı verin, sizə də göndərim. Oxuyun, sonra danışarıq.
Ruhunda daşıdığı mütəvaze həzinlik, nəciblik, kübarlıq ona - böyük bir insana və dünya miqyasında tanınan dəyərli bir alimə öz kitabına Ön söz yazması üçün sıravi bir oxucuya - mənə müraciət etməyə imkan vermişdi.
Ertəsi gün Yılmaz Verdiyev dediyi yazını - "Ləhcə farkımız fərqimizdədir" yazısını göndərdi. Oxudum. Heyrət etdim. Azərbaycanlı bir fizikin belə bir əsər yazması gözlənilməz və unikal bir hadisəydi. Ortaq türkcənin problemlərini çözürdü və yazısına Əli bəy Hüseynzadənin "Ucundadır dilimin həqiqətin böyüyü / Nə qoydular deyəyim, nə kəsdilər dilimi" misralarını epiqraf vermişdi. Həmin gün ikinci telefon söhbətimiz zamanı "Siz bu gün Azərbaycanda heç kəsin yazmadığını yazmısınız", - dedim. "Mən Mişkinaz xanımın məktəbini bitirmişəm", - dedi. Mişkinaz Cavidi nəzərdə tuturdu. Dediyim kimi, Yılmaz Verdiyev 1937-ci il repressiyasının qurbanlarından Əsəd Verdiyevin oğlu idi (Əsəd Verdiyev İstiqlaliyyət küçəsindəki evdə Hüseyn Cavidin qonşusu olmuşdu. Cavid və Verdiyevlər ailəsi Sovetski məhəlləsində də qonşu olmuşdular).
Həmin gecə Yılmaz Əsədoğlundan məktub aldım: "Azər bəy, "Ləhcə farkımız fərqimizdədir" yazısının bəyənilməsi məni məmnun etdi. Yazıda bulduğunuz xətaları mənə də bildirmənizi rica edirəm. Prof.Dr. Yılmaz Əsəd Verdiyev, Trakya Universiteti, Ədirnə, Türkiyə".
Ölkə ictimaiyyəti Dünya Azərbaycanlılarının I qurultayına hazırlaşırdı. Yılmaz Verdiyevin əsəri barədə qəzetin baş redaktoru Alqış Həsənoğluna danışdım. O da əsərin bütövlükdə "Yeni Azərbaycan" qəzetində dərcinə razılıq verdi. Yazının ilk hissəsini "Dünya Azərbaycanlılarının qurultayına Türkiyədə yaşayan professor Yılmaz Əsəd Verdiyevin, heç şübhəsiz, yeni yüzillikdə çağdaş Azərbaycan türkologiyasının nadir tədqiqatlarından biri kimi etiraf olunacaq "Ləhcə farkımız fərqimizdədir" yazısını ərməğan edirik".
Yılmaz bəyin istəyini nəzərə alıb yazını Türkiyə türkcəsində təqdim etdik.
Sonra Yılmaz Verdiyev mənə başqa yazılarını da göndərdi - Xəzər türkləri barədə "Soydaşım" məqaləsi. Sonra Eynşteyn haqqında bir yazı. "Azər, oğul, sizə göndərdiyim "Eynşteynin şəxsiyyəti və elmi" məqaləm diqqətinizi çəkmiş olsa, yayınlanmasına qərar vermiş olsanız, gərəkən çevirilər, örnəyin: relative - nisbilik, ışık ışını - işıq şüası, eylem - təsir, dalga frekansı - dalğa tezliyi, tayf - spektr, birleşik alanlar teorisi - vahid sahələr nəzəriyyəsi və s. yapılmalıdır. Cevabınızı beklerim. Saygılarımla, Yılmaz müəllim".
***
1937-ci ildə Bakıda "xalq düşməni" Əsəd Verdiyevin ailəsində dünyaya gəlmiş Yılmaz bəy 1962-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmiş, elə Moskvada da fizika elmlər doktoru alimlik dərəcəsini müdafiə etmişdi. Sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda Kvant Sahə Nəzəriyyəsi laboratoriyasının müdiri, 1992-ci ildən 2003-cü ilə - ömrünün sonuna kimi isə Türkiyədə Trakya Universitetinin professoru olmuşdu. Kvant Sahə Nəzəriyyəsinin dünyada seçkin isimlərindən biri olan Yılmaz Verdiyev həm də dilçilərimizin bu günə qədər xəbərsiz qaldığı "Ləhcə farkımız fərqimizdədir" adlı unikal bir araşdırmanın müəllifidir.
2003-cü ilin 15 sentyabrında Yılmaz Əsədoğlu Türkiyədə dünyasını dəyişdi. Və bu qəfil itkiyə dünyada məncə, hamıdan çox Turan Cavid vaysındı. O, sadəcə uşaqlıq və tənhalıq dostunu deyil, kədərli xatirələrinin sonuncu qəhrəmanını və ən əzizini - Yılmazını itirmişdi.
Əfsus ki, o günlərin heç bir qəzetində bu barədə ən adi bir məlumat belə yoxdur.
Sonra Yılmaz Əsədoğlunun "Ləhcə farkımız fərqimizdədir" kitabını çapa hazırladım. Bu kədərli, elmli və milli kitaba "Yılmaz bəy" adlı Ön söz yazıb nəşr etdirdim. Böyük bir elm adamının, elmdəki milli şəxsiyyətlərimizdən birinin - fizika professoru Yılmaz Verdiyevin ortaq türkcəmizin bərpası (!) naminə yazdığı bu kitab təkcə üslubuna görə deyil, içərisindəki dərd ağırlığına, kədər və düşüncə zənginliyinə, sözün həqiqi mənasında XX yüzilin Yazısını səhifələrinə sindirdiyinə görə çətin və ağrılı kitabdır... Ümumtürk dil fəlsəfəsinə tamamilə yeni baxışın ifadəsidir. Ortaq türkcənin mümkünlüyünü iddia edən bir əsərdir. Fizika ilə bədii fəhmin mistik kodlarını daşıyan bir kitabdır. Bu kitab mənə, az qala, ciddi bir roman təsiri bağışlayır. Bu kitabda 1937-ci ilin siyasi zəlzələsinin izlərini canında və taleyində yaşadan bir elm adamının ortaq türkcəmizin bərpası, yaxud yenidən hasilə gətirilməsi ilə bağlı vətənpərvər həyəcanları, insanlığın qurtuluşunu fizikanın tərəqqisində görən, "çağımız fizika və riyaziyyat çağıdır, çağımızda güclü riyaziyyatçıları və fizikləri olmayan millət güclü ola bilməz" qənaətində israrlı olan romantik üslublu bir düşüncə adamının millətə və dünyaya baxışları öz əksini tapıb.
2004-cü ildə Yılmaz Verdiyevin həmin əsəri təkrar və bu dəfə nəfis şəkildə nəşr olundu. Yılmaz Əsədoğlu kitabın girişində mənə də təşəkkür etməyi unutmayıbmış: "Sıra geldi kitabın ortaya çıkmasında emeği geçenlere teşekkür kısmına... "Lehçe farkımız fergimizdedir"i ilk okunuştan beğenen, yüksek değerlendiren ve Dünya Azerbaycanlılarının kurultayına yetiştirmek için alelacele olarak yedi parça şeklinde "Yeni Azerbaycan" gazetesinde yayınlayan Azer Turana... şükranlarımı sunarım".
***
Yılmaz Əsədoğlunun "Ləhcə farkımız fərqimizdədir" əsərini bütün dilçilərimizin, türkoloqlarımızın oxumasını çox istərdim.
Bu gün onun "Soydaşım" məqaləsini təqdim edirəm. Yaşadığımız günlərin intellektual təfsirini verən bu yazı türklər və yəhudilər, islam və iudaizm problemi barədə Yılmaz Əsədoğlunun nəzər nöqtəsini əks etdirir.
P.S. Şəxsi arxivimdə qoruduğum və indi gördüyünüz şəklini mənə Turan Cavid vermişdi. Şəkildə Yılmaz Verdiyevin 22 yaşı var...

Yılmaz ƏSƏDOĞLU
Soydaşım
Gəncliyimdə oxuduğum "Xəzərlər" kitabından çox təsirlənmişdim. İdil və Tuna çayları arasında böyük bir ərazidə yerləşmiş, IX əsrə qədər var olmuş Xəzərlər İmperatorluğunda türklərin bir qısminin yəhudi dinini qəbul etməsi məni həmişə düşündürürdü. Ayrıca bir zamanlar SSRİ Elmlər Akademiyasının prezidenti olmuş, kosmos proqramının rəhbəri, Qaqarini kosmosa yola salan ünlü riyaziyyatçı akademik M.Keldışın əski əlifba ilə yazaraq soyadının xaricdən gəlmiş anlamını daşıyan Gel-dış olduğunu, kökəninin türklərdən gəldiyini riyaziyyatçımız Zahid Xəlilova etiraf etməsi də yaddaşımdan silinmirdi.
Bir dəfə Moskva Dövlət Universitetində tələbə yoldaşım, yəhudi soylu dostuma yarızarafat, yarıciddi olaraq: - "Sənin soyun Xəzərlərdən, yəni türk soylarından gəlmirmi?" deyə sordum. Dostum çəkik gözləri ilə gülərək: - "Demək istəyirsən ki, eyni soydanız?" - deyib sualıma sualla cavab verdi. Mən də: - "Bəli, hər ikimizin bənzərliyinə işarə edirəm", - dedim. Dostum: - "Bu mənim də ağlımdan keçən bir fikir. Əcəba, bizim o biri tələbə yoldaşlarımızdan fərqli, isti münasibətimizin arxasında anadangəlmə bənzərliklərmi dayanır? Ailə yapımızın da bənzərlikləri məni heyran edir", - dedi. Və sonra ilginc bir etirafda bulundu: - "Sənin bu təsbitin mənim üçün yeni deyil. Məni təəccübləndirəcəyinimi düşündün? Onsuz da həyat yoldaşım mənim çəkik gözlərimin Xəzərləri xatırlatdığını deyib, mənimlə zarafat edir. Hətta tərs damarım tutanda - "Bax, yenə Xəzərli xasiyyətin ortaya çıxdı", - deyir".
Biri müsəlman, digəri yəhudi kimlikli türkün iki övladının təbii səmimiliyinin keçmişə bağlı olmasını fərq etmək qəribə bir duyğudur.
Mən dostlarıma, - "Ənəlhəq, haq mənəm, haq məndədir", deyən sufi dərvişin:
Din bir olsaydı yür üzündə əgər,
Daha məsud olurdı cinsi-bəşər
- fikrini tərcümə edib ona söylədim. Və əlavə etdim: "Nə mən müsəlman kimi müsəlmanam, nə də sən yəhudi kimi yəhudisən. Hər ikimiz də saxta sovet adamıyıq - dinsiz, imansız".
Dostum: - "Bu yaxşıdırmı?" - deyə soruşdu. Mən də: - "Yaxşı, ya pis, amma gerçəkdir", - deyə cavab verdim. Buna qarşılıq olaraq, dostum öyünərək əski yəhudi dilini - İbranicəni öyrənməyə, Tövratı oxumağa başladığını söylədi. Mənim isə öyünəcək bir şeyim yox idi. Uşaqlığımdan bizə məscidin cin-şeytan yuvası olduğu fikri aşılandığından, qorxumuzdan məsciddən iki küçə aralı keçərdik. Məscidə ilk dəfə ayaq basmağım tanınmış fizik L.V.Okunun sayəsində oldu. Bakıda Elmlər Akademiyasının qonağı olan Prof.Dr. Okun tarixi yerlərdə, o cümlədən, məsciddə olmaq istəyəndə, mən də izn alaraq onunla birlikdə ilk dəfə içimdə uşaqlıq çağlarından qalan bir qorxu ilə məscidin qapısından içəri girdim. L.V.Okunun məsciddə İslam tarixinə dair verdiyi ayaqüstü dərsi bu gün də xatırlayanda məni utanc təri basır.
Dostum yəhudi dininin ən əksi din, Tövratın ilk kitab olduğunu, xristianlığın və islamın yəhudi dininə söykəndiyini iddia edəndə məni anlaşılmaz bir qısqanclıq duyğusu bürüdü. Mən bu iddianı bir yəhudi təkəbbürü kimi anladım. Cavab vermək üçün yenə böyük H.Cavidimizə sığındım - onun dərin fəlsəfi məna daşıyan, çox sevilən "Şeyx Sənan" adlı dram əsərindən bir səhnəni ona danışmağa çalışdım.
İslam dinini yaymaq üçün Qafqaza gələn Şeyx Sənan (Şeyx Sənan tarixi şəxs olub, məzarı Tiflisdədir) gözəl xristian gürcü qızı Xumara aşiq olur. "Gözəllik Tanrının sifətlərindən biridir. Gözəlliyi idrak etmək, Tanrını idrak etmək deməkdir", fikrinə söykənən, romantik üslubda yazılmış "Şeyx Sənan" əsərində dinin əsl anlamını açıqlayan və dini xurafata qarşı deyilmiş dəyərli fikirlər vardır.
Şeyx Sənan Mədinədə ikən röyasında gördüyü Xumarla həyatda rastlaşanda haqqa yaxınlaşdığına inanır və ülvi bir inancla haqqa çatmağa, bu yolda bütün əngəlləri aşmağa, hər əzaba qatlanmağa qərar verir.
Şeyx Sənanı Xumar sevdasından vaz keçirməyə qərar verən papaz ona xaç taxmaqda israr edir.
Şeyx Sənan "Aman, Şeyxim, dur", - deyən müridlərinə xaçın bir gümüş parçası olduğunu, xaç asmağın üzük taxmaqla heç bir fərqi olmadığını anladır.
Xaçı asmış Şeyx Sənan:
Bumu İsanın ərşə meracı?
Bən nəyim şimdi? Canlı darağacı.
Papaz:
Sus, çəkilməz bu türlü istehza.
Şeyx Sənan:
Hayır, onsuz da Həzrəti İsa
Bizcə, ən möhtərəm, büyük sima.
Papaz:
Məqsədin anlaşıldı pək rəna,
Şimdi Quranı al da yak...
Şeyx Sənan:
Əcəba!
Onu yakmakda varmı bir məna?
Bir də beyhudə etdiyin israr
Onda İsa və Məryəmin adı var.
Bu səhnəni danışar-danışmaz, dostum özünə hakim ola bilmədi: - "İslam dininin ən bəşəri din olduğunumu israr edirsən?", - deyə soruşdu. "Əstəğfürullah, inancları qarşılaşdırmaq ağılsızlıqdır, abdallıqdır", - dedim. Sadəcə bir gerçəyi xatırlatmaq istədim: - "Biz sizin peyğəmbərinizi sayğı ilə anırıq, siz isə..."
Dostumun boğazı qurumuşdu, təkəbbüründən əsər-əlamət qalmamışdı. Mən uşaq kimi etdiyimiz bu mübahisəyə son qoymaq üçün H.Cavidin şeirindən:
Bənim Tanrım gözəllikdir, sevgidir,
- misrasını tərcümə edib ona söylədim. Və hər ikimiz bir fikirdə - "Sevgi Tanrının insanlığa verdiyi ən ülvi nemətdir", - fikrində birləşdik.
Mən bu neməti ana südü ilə qazandım. Sevginin əsl anlamını anamın məşəqqətli həyatı, böyüklüyü ilə idrak etdim. Anamı torpağa gömmədim, ürəyimin başında, saçımın bəyazında yaşatdım, yüksəldim, həp yüksəldim - başım göylərə dəyənə qədər. Hardasan? Soydaşım, səni orada aradım, görə bilmədim.
Uzun illərin ayrılığından sonra İsraildən gəlmiş köhnə dostum, tanınmış Prof.Dr. M.S.Marinovla Ədirnədə Beynəlxalq bir toplantıda görüşdüm. Onun adı mənim tövsiyəmlə toplantıya gələcək dəvətlilərin siyahısına salınmışdı. Köhnə dostum qarşısında məni görəndə təəccübləndi. Türkiyəyə sığındığımdan xəbəri yox idi. Hər ikimiz çox dəyişmişdik - həm görünüşdən, həm də daxili dünyamızdan... Mənim bəmbəyaz olmuş saçlarımı seyr edərək əlini keçəl olmuş başına çəkib: - "Çox nurlu olmusan, az qala tanımayacaqdım", - dedi. Dərdli, qayğılı olmağımız üzümüzdən oxunurdu. Hər ikimizin bu halı yağmurdan qaçıb doluya yaxalanmış kimi idi. Qarşımda xoş görüntülü, sevgi dolu köhnə dostumun yerinə savaşın məhsulu olan, qatı dindar, nifrət dolu, gələcəyə ümidsiz baxan bir professor durmuşdu. Çox məyus oldum. Savaş ortamında ruhsal dəngəsini pozmadan yaşamağın hər kəsə nəsib olmadığını bir daha anladım. Özüm Türkiyəyə sığınmadan öncə savaş ortamında başsız qalmış millətimin çırpıntılarını, iztirablarını, dindaşlarından, soydaşlarından bihudə mədət ummasını yaşamışdım.
"Nifrət insanı içdən yeyən güvədir", - deyilir bir xalq deyimində. Fəqət savaş ortamında bu güvədən qurtulmaq, xilas olmaq çox çətindir", - dedim öz-özümə.
İnsanoğlunun zəkası, insan təbiətində yatan vəhşi hissləri basdırmaq amacı ilə zaman-zaman din, sənət, ədəbiyyat və son olaraq elm yaratdı. Amma istənən nəticənin hələ alınmadığı bu gün ortadadır. Nədir səbəbi? - öz-özümə soruşdum. Cavabım bu oldu: - Günümüzə qədər din, sənət, ədəbiyyat və elm hər zaman ayrı-ayrı var oldular. Səadət sevdasının bu ülvu məhsullarını birləşdirmək zamanı artıq gəlmişdir, - düşüncəsindəyəm.
İnsanlığın tək mənəviyyatla, tək elmlə deyil, həm mənəviyyatla, həm də elmlə, yəni bu iki qanadla yüksələcəyinə, insan qüruruna, onuruna yaraşan, fərəhli bir gələcəyin olacağına inandım. Elə bu inancımı da türk gəncləri ilə paylaşmaq, həp paylaşmaq istədim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
